Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən Azərbaycanda ən qədim kitab,
əlyazma və kitab abidələri müəyyən edilir
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel
tarixli “Daşınar əmlakın rəsmi reyestrləri,
onların tərtib edilməsi və aparılması qaydaları”nın
təsdiq edilməsi barədə Fərmanı imzalandıqdan
sonra Mədəniyyət və Turizm Nazirliyində respublikada
mövcud olan unikal və nadir nüsxəli kitabların,
xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların
və s. aşkar edilməsi işinə
başlanılmışdır. Bu barədə nazirliyin mətbuat
xidməti xəbər yaymışdır.
Bununla əlaqədar Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən Azərbaycan
Respublikasında milli-mədəni irsin mühafizəsi və
gələcək nəsillərə
çatdırılması sahəsində dövlət siyasətinin
müəyyən etdiyi qanunvericilik aktları və digər
qanun və sərəncamlara müvafiq olaraq “Kitab abidələri
haqqında” əsasnamə hazırlanmışdır.
Bugünədək olan
məlumata əsasən Nazirlik tərəfindən 3566 adda
müxtəlif formada kitab abidəsi dövlət reyestrinə
daxil edilmişdir. Onlardan 1320 adda kitab abidəsi Mədəniyyət
və Turizm Nazirliyinin sistemində, 2002 adda kitab abidəsi digər
nazirlik, idarə və təşkilatların kitabxanalarında
və muzeylərində, 244 adda kitab abidəsi isə şəxsi
kolleksiyalarda olan nüsxələrdir.
Nazirliyə təqdim olunmuş məlumatlara əsasən, Prezident Kitabxanasında 1088 adda, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 577 adda, BDU-nun Elmi Kitabxanasında 287 adda, Milli Arxiv İdarəsində 69 adda, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 143 adda, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 14 adda, Azərbaycan Texniki Universitetinin kitabxanasında 48 adda, Azərbaycan Pedaqoji Universiteti 190 adda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında 36 adda, Azərbaycan Dillər Universitetinin kitabxanasında 8 adda, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Elmi Tibb Kitabxanasında 39 adda, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Respublika Elmi Texniki Kitabxanasında 30 adda, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Respublika Elmi Kənd Təsərrüfatı kitabxanasında 50 adda, C.Cabbarlı adına Dövlət Teatr Muzeyində 79 adda, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində 39 adda, Musiqi Mədəniyyəti Dövlət Muzeyində 4 adda, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan kitabxanalarda 14 adda kitab abidələri müəyyən edilmiş və qeydə alınmışdır.
Azərbaycan Respublikasında ən qədim kitab abidələri Prezident Kitabxanasında 1591-ci ildə italyan dilində çap olunmuş Appresso Erasmo, Viotto Parma “Historia di Parma”, M.F.Axundov adına Milli Kitabxananın Nadir kitablar fondunda saxlanılan 1595-ci ildə Almaniyanın Yena şəhərində alman dilində çap olunan “Türklər haqqında on nəsihət” kitabları qeydə alınmışdır.
Reyestrin tərtibi zamanı şəhər (rayon) kitabxanalarında və tarix-diyarşünaslıq muzeylərində çoxlu sayda kitab abidələri aşkar edilmişdir.
Azərbaycan Respublikasında şəxsi kolleksiyalarda saxlanılan kitab abidələrini aşkar etmək üçün yerli qəzet, radio və televiziya vasitəsi ilə əhaliyə müraciət edilməsi barədə şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) rəhbərlərinə tapşırıqlar verilmişdir. Bugünkü məlumatlara əsasən reyestrdə şəxsi kolleksiyalarda saxlanılan 244 kitab abidəsi aşkar edilmişdir.
Azərbaycan xalqının milli-mədəni sərvətləri, milli-mədəni dəyərləri min illərlə kitab yaddaşında qorunub saxlanılmış və gələcək nəsillərə çatdırılmışdır. Nadir nüsxələrə çevrilmiş əlyazmalar, kitab, qəzet və jurnalların çoxu bugünkü nəsillərə əmanət qalıb və tariximizin, iqtisadiyyatımızın, mədəniyyətimizin müxtəlif mərhələlərdə inkişafı barədə məlumat verən yeganə mənbələrdir.
Respublikanın bütün şəhər və rayonlarında məhz onlara xas olan təkrarolunmaz və bənzərsiz materiallar (yerli qəzetlər və nəşrlər) saxlanılır ki, onlar əbədi mühafizə edilərək konservasiya olunması və gələcək nəsillərə çatdırılması zəruridir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 24 yanvar.- S. 6.