Həyati proseslərin axarında
Çoxcəhətli fəaliyyətə
malik olan Xeyrəddin Qocanın keçdiyi yol maarifçilikdən
publisistikaya, ictimai fəaliyyətdən rəsmi diplomatik
işə, qəzetçilikdən satirik nəşrə qədər
geniş bir dairəni özündə cəmləşdirir.
Keçilən yolun təhlili göstərir ki,
maarifçilik onun çoxcəhətli fəaliyyətinin
möhkəm bünövrəsini təşkil edir.
Yazıçı üçün zəruri olan cəmiyyət
həyatının, ictimai gedişatın, insanlararası
münasibətlərin dərindən dərk olunub ələkdən
keçirilməsi maarifçi düşüncənin səviyyəsi
ilə müəyyən olunur. Müəllim ailəsində
böyüyüb boya-başa çatması, Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda ali təhsil alması Xeyrəddin
Qocanın maarifçi dünyagörüşünün
formalaşmasında mühüm əhəmiyyətə
malikdir.
Həyatını
bütövlükdə maarifçiliyin təməl prinsiplərindən
biri olan mətbuata bağlaması da onun maarifçi
baxışlarının yetkinləşməsində və zənginləşməsində
rol oynamışdır. Xeyrəddin Qocanın maarifçi
dünyagörüşü, müəllim ailəsi, məktəb,
mətbuat, ədəbiyyat və teatr mühitində mərhələ-mərhələ
inkişaf edərək müəyyən baxış
bucağının yaranması ilə nəticələnmişdir.
Fikrimizcə, onun yaradıcılığında əsas yer
tutan bütün həqiqət axtarıcılığı
amili də milli maarifçiliyin zəminində ərsəyə
gəlmişdir.
Mətbuat sahəsində keçdiyi yol Xeyrəddin Qoca üçün ilk növbədə həyatı və insanları daha yaxından tanımaq, habelə qələm vərdişləri qazanmaq baxımından böyük məktəbə çevrilmişdir. “Politexnik” qəzetinin müxbirindən, ayrı-ayrı qəzet redaksiyalarında daşıdığı baş redaktor müavini vəzifələrindən “Dan ulduzu” və “Yeni Azərbaycan” qəzetlərinin baş redaktorluğunadək keçilən çətin və məsuliyyətli yolun təcrübəsi onun üçün təkcə qəzet materiallarını geniş oxucu kütləsinə çatdırmaqdan ötrü yox, həm də həyat materialını dərindən öyrənmək baxımından ciddi zəmin hazırlamışdır. Beləliklə, maarifçi dünyagörüş və zəngin həyat təcrübəsi Xeyrəddin Qocanı yaradıcılığa və ictimai fəaliyyətə gətirən başlıca amil olmuşdur.
XX əsrin sonlarında Xeyrəddin Qoca artıq mətbuatda və həyatın burulğanlarında bişib möhkəmlənmiş yetkin qələm və əqidə sahibi idi. Cəmiyyət həyatında baş verən mürəkkəb ictimai-siyasi proseslərin alt qatlarını, dərinliklərini görə bilmək, əsas inkişaf meyllərini düzgün dəyərləndirmək bacarığı sayəsində o, xalqımızın nicatı yolları barədə düşünərkən görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevə üz tutmağın zərurətini hamıdan tez hiss edənlərdən, qəbul edənlərlən biri kimi yeni Azərbaycan uğrunda fəal mübarizəyə qoşulanlardan olmuşdu. Xeyrəddin Qoca yeni azərbaycançılıq hərəkatına ürəklə bağlı olan, bu hərəkatın gələcəyinə dərindən inanan vətənpərvər Azərbaycan ziyalısıdır. Yeni Azərbaycan Partiyasında və eyniadlı qəzetdəki səmərəli fəaliyyəti onun həyatının əhəmiyyətli səhifələridir: “Yeni Azərbaycan” qəzetindəki məqalələri geniş mənada yeni azərbaycançılığa xidmətin yaddaqalan publisist notlarıdır. Milli Məclisin deputatı kimi də Xeyrəddin Qoca yeni azərbaycançı mövqeyinin daşıyıcısı və müdafiəçisi kimi fəaliyyət göstərmişdir. Nəhayət, Türkiyə Cümhuriyyətinin İstambul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində çalışan Xeyrəddin Qoca müstəqil dövlətimizin maraqlarının ölkəmizdən kənarlarda da qorunub möhkəmləndirilməsi yollarında mühüm xidmətlər göstərmişdir.
Heç şübhəsiz ki, Xeyrəddin Qoca, hər şeydən əvvəl, tanınmış qəzetçi-publisistdir. Fəal vətəndaşlıq mövqeyi, cəmiyyət hadisələrinə aydın və cəsarətli münasibət, habelə qələm vərdişlərinin yetkinliyi onun publisistikasının səciyyəvi xüsusiyyətləridir. Azərbaycan mətbuatının mübariz ənənələri üstündə köklənmiş Xeyrəddin Qoca ölkəmizdə yeni tarixi mərhələnin publisistikasının əsas yaradıcılarından biridir. Ümumiyyətlə, o, müstəqillik dövrü yeni azərbaycançı publisistikasının tanınmış nümayəndəsidir. Publisistikadakı ictimai kəsər, vətəndaşlıq mövqeyi, cəsarətli münasibət onun yazıçı kimi daha da inkişaf edib yetkinləşməsinə müsbət təsir göstərmişdir.
Azərbaycan oxucusu Xeyrəddin Qocanı daha çox satirik yazıçı kimi tanıyır. Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan satirik nəsrinin görkəmli təmsilçisidir. O, hələ tələbəlik illərində satirik nəsr sahəsində ilk addımlarını atmış, sonralar həyatının bütün mərhələlərində satiraya sadiq qalaraq, bu istiqamətdə fəaliyyətini uğurla davam etdirmişdir. Vaxtilə “Kirpi” jurnalında çap edilən satirik hekayələri və felyetonları ilə o, geniş oxucu auditoriyasının və ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Bütün bunlarla bərabər, Xeyrəddin Qoca əsas satirik yazıçı kimi müstəqillik dövründə parlamış, böyük nüfuz qazanmışdır. O, satirada qüdrətli yazıçı və vətəndaş publisist Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır. Özünün etiraf etdiyi kimi, onun satira yaradıcılığına ardıcıl münasibətlərin mahiyyətində “mollanəsrəddinçilik işini davam etdirənlərdən biri olmaq arzusu” əsas yer tutur. Hazırda Xeyrəddin Qoca yeni dövr Azərbaycan ədəbiyyatında satirik nəsr və publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən ən aparıcı yazıçı-publisistdir. Xüsusən, satirik şeir yazmaq istiqamətində müəyyən canlanma müşahidə olunsa da, ədəbi mühitdə satirik nəsr və publisistika üzrə böyük bir boşluq nəzərə çarpır. Xeyrəddin Qoca hazırkı mərhələdə satirik nəsrin və vətəndaşlıq publisistikasının fədakar yaradıcısıdır. Məhz onun yorulmaz satirik kimi ardıcıl yaradıcı fəaliyyəti ilə ədəbiyyatımızda həmin boşluq hiss olunur.
Yazıçı Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan ədəbiyyatında miniatür satirik nəsrin əsas yaradıcısı kimi tanınır. Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq Xeyrəddin Qocanın satirik nəsrinin ana xətləridir. “Hərə öz payını götürsün”, “Bu dünyadan məktublar...”, “Filankəslər”, “Marallar”, “Gərək yazam...” kitablarında toplanan hekayələr onun kiçik janrın ciddi yaradıcılarından biri olduğunu nümayiş etdirir. Vaxtilə “Molla Nəsrəddin” dərgisində dərc olunmuş, “Nəsihəti-hekayə”yə nəzirə kimi yazılmış “Səbr et”, “Mənə də qalmadı”, “Yalan-palan”, “Gərək adamın olsun”, “Toy nə üçündür”, “Qəmiş qoyma”, “Kirayənişin”, “Bu ilin ulduz falı”, “Usta Qəmbər” və sair hekayələrində Xeyrəddin Qoca cəmiyyətin inkişafına mane olan meylləri ciddi yazıçı sərrastlığı ilə seçib ayırmış, görüb göstərmişdir. O, Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın “marallar”ının bədii obrazını yaratmağa müvəffəq olmuşdur. Xeyrəddin Qocanın “maralları” Molla Nəsrəddin marallarının davamçıları, xələfləridir. O, tənqid hədəfi, obyekt kimi seçdiyi mövzunu və ya obrazı konkret həyat hadisələrinin axarında göstərməklə nəticə olaraq “hərə öz payını götürsün” prinsipinə əməl edir. Xeyrəddin Qocanın satirasında nəsihətçilik yoxdur. Bu hekayələrdən nəticəni oxucu özü çıxarmalı olduğu üçün Xeyrəddin Qocanın satirası düşündürücü gülüşün bədii ifadəsinə çevrilir.
Miniatür satirik nəsr sahəsində uğurlar qazanan Xeyrəddin Qocanın 2007-ci ildə “Çinar-çap” nəşriyyatında nəşr edilmiş miniatür kitabı bu janrda oxuculara təqdim edilən kiçik həcmli ilk topludur. Müəllifin satirik etüdləri xatırladan hekayələri həcm etibarilə miniatür kitabın bir səhifəsində, yarı vərəqində yerləşir. Bununla belə, həcm baxımından çox yığcam olan hekayəciklərdə təsirli və düşündürücü mətləblər öz əksini tapmışdır. Çox yığcam hekayə mətnində böyük mətləbləri əks etdirmək Xeyrəddin Qocanın yaradıcılıq özünəməxsusluğu hesab oluna bilər. Hətta cəmi bir cümlədən ibarət olan “atalar sözləri” formatındakı satirik etüdləri vasitəsilə də Xeyrəddin Qoca hər hansı bir hekayənin ifadə edə biləcəyi mətləbi canlandırmağı bacarır: “Bir vəzifəyə sahib olur-olmaz özünə qoruma tut ki, önəmli kişidir desinlər; Yalandan gülümsə ki, qəlbindəki bəlli olmasın” qəbilindən olan yazıçı təxəyyülü vasitəsilə yaradılmış atalar sözlərinin bətnində ciddi bir hekayənin mətni yaşayır. Yazıçının cəmi iki-üç sətirdən ibarət olan satirik tövsiyələri də miniatür satirik nəşrin yaddaqalan örnəkləri kimi diqqəti cəlb edir: “Müdirin yanına getmək istədiyiniz zaman öncə katibədən “bu gün onun əhvalı necədir” deyə soruşun; Yardım etdiyiniz kişini minnət altında qoyun. Yoxsa işin öz-özünə başa gəldiyini zənn edər, hörmətsiz olarsınız; Azərbaycan musiqisini çox dinləməyin, yoxsa geri qalmışdır deyərlər; Səhnədə kim çox bağırırsa onu alqışlayın. Bu, o deməkdir ki, o, çox yaxşı oxuyur”.
Xeyrəddin Qocanın satirik nəsrində publisistika əlamətləri güclüdür. Bu, bir tərəfdən müəllifin qəzetçiliklə daha çox məşğul olmasından, digər cəhətdən isə seçilmiş mövzuların xarakterindən irəli gəlir. Publisistik meyl yazıçının miniatür hekayələrinin aktuallığını, müasirliyini və kəsərini daha da artırır. Xeyrəddin Qocanın miniatür satirik nəsr nümunəsi olan bir çox kiçik hekayələri həyatda baş verən hadisələr təəssüratı oyadır. Bir çox hallarda isə o, özünün iştirakı ilə olmuş əhvalatları, yaxud şəxsən müşahidə etdiyi həyati məqamları qələmə almaqla miniatür satirik hekayələr yaratmağa müvəffəq olur.
Satirik nəsrlə yanaşı, komediya janrında da Xeyrəddin Qoca özünəməxsus uğurlar qazana bilmişdir. Hekayələri kimi onun komediyaları da yığcam və düşündürücüdür. Bu pyesləri janrına görə şərti olaraq komediyalar adlandırmaq olar. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyevin ictimai idealları ilə müasir həyatın əlaqələndirilməsi əsasında yazılmış “Hərənin öz payı...” komediyası Akademik Milli Dram Teatrının səhnəsində uzun müddət uğurla nümayiş etdirilmişdir. Müasir cəmiyyətin problemlərini əks etdirən “Qonşulaşma, qohumlaşma, kirvələşmə” komediyası Azərbaycan Dövlət Televiziyası ilə tamaşaçılara çatdırılmış və rəğbətlə qarşılanmışdır. “Bu, bizim zəmanədir”, “Düzü-düz, əyrini-əyri”, “Toy olacaq...” komediyalarında cəmiyyətdə gedən yeniləşmə proseslərinin işığında, həyati meyllərin axarında mənəvi-əxlaqi dəyərlərin qorunmasının əhəmiyyəti məsələsi gündəmə gətirilmişdir. Bütövlükdə, Xeyrəddin Qocanın çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanmışdır.
Azərbaycan ədəbi tənqidinin və tanınmış Türkiyə ziyalılarının Xeyrəddin Qocanın yaradıcılığına verdikləri yüksək qiymət həm də yeni dövr Azərbaycan ədəbiyyatında satiranın dəyərləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Həyatının altmışıncı ilini Xeyrəddin Qoca gülüşlə, təbəssümlə qarşılayır. Xeyrəddin Qocanın yazıçı gülüşü xeyirə, yaxşılığa, halallığa, nikbinliyə yol açır.
İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət
Universitetinin
rektoru, akademik
Xalq qəzeti.- 2010.- 24 yanvar.- S. 6.