Prezident İlham ƏLİYEV: Sosial məsələlərin həlli bizim üçün həmişə prioritet məsələlər olmuşdur

 

Azərbaycanın rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən xalqın sosial rifah halının yaxşılaşdırılması, insanlara diqqət və qayğı Prezident İlham Əliyevin ali məqsədi olmuşdur. Biz bu diqqət və qayğını həmişə hiss edirik. Son altı ildə ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi siyasət yüksək nailiyyətlərlə müşahidə olunur. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin hər ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclaslarında söylənilənlər dediklərimizə əyani sübutdur. Bu mənada 2009-cu ilin yekunlarına həsr olunan növbəti yığıncaq xüsusi əhəmiyyət kəsb edirdi. Ona görə ki, ötən il bütün dünyada maliyyə böhranı hökm sürüb. Belə şəraitdə iqtisadi qüdrəti artırmaq, sosial layihələrin icrasını davam etdirmək hər ölkəyə nəsib olmayıb.

 

Keçən il Azərbaycanda ümumi daxili məhsul istehsalının 9,3 faiz artması bir daha göstərdi ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi siyasət hərtərəfli düşünülüb nizamlanan düzgün siyasətdir. Məhz bu siyasətin ardıcıllıqla həyata keçirilməsi böhranlı ildə də Azərbaycana çox böyük uğurlar gətirdi. Ölkə başçısının qeyd etdiyi kimi, 2009-cu ildə Azərbaycanda bir neçə nəhəng layihənin təməli qoyuldu, yaxud da ki, o layihələrin müəyyən hissəsi icra edildi. Xarici investorlar tərəfindən maliyyələşdirilən yeni böyük sement zavodunun, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək yeni məişət tullantıları emalı zavodunun təməli qoyuldu. Hər iki obyektə ayrı-ayrılıqda qoyulacaq investisiyalar təxminən 400 milyon dollar səviyyəsindədir. “Sumqayıt texnopark”ın müəyyən hissəsi artıq istifadəyə verildi və orada nəhəng tikinti-quraşdırma işləri aparılır. Sumqayıtın həqiqətən müasir sənaye şəhərinə çevrilməsi üçün bu texnoparkın çox böyük əhəmiyyəti vardır. Oraya, ümumiyyətlə qoyulacaq investisiyaların həcmini indi hesablamaq çətindir. Amma nəzərə alsaq ki, orada ən azı 10 nəhəng zavod qurulacaq, yəqin investisiyaların həcmi 100 milyon dollarla ölçüləcəkdir.

Biz təkcə 3 layihəni qeyd etdik. Bu layihələrin hər biri ölkə üçün çox böyük əhəmiyyətə malikdir. Bu onu göstərir ki, həm dövlət, həm xarici, həm yerli sahibkarların xətti ilə Azərbaycana qoyulan sərmayələrin həcmi artır. Gələcəkdə də bu siyasət davam etdiriləcək və Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün bunun çox böyük və əhəmiyyətli nəticələri olacaqdır.

2009-cu ildə ölkənin valyuta ehtiyatları artıb. Demək olar ki, bu da çox gözəl göstəricidir. Çünki ağır maliyyə böhranı ilində valyuta ehtiyatlarının artırılması hər bir yerdə müşahidə olunmur. Bizim indi valyuta ehtiyatlarımız 20,4 milyard dollar təşkil edir. Bu, böyük məbləğdir. Bu bizə imkan verir ki, gələcəkdə də özümüzü çox rahat hiss edək. Bizim heç kimin yardımına ehtiyacımız yoxdur, öz hesabımıza yaşayırıq. Nəzərə alsaq ki, həyata keçirilən tədbirlər nəticəsində bu il böyük işlər aparılacaq və bunun sayəsində valyuta ehtiyatlarımızın həcmi daha da artacaqdır.

Keçən il Azərbaycanda 840 meqavatlıq yeni enerji güclər yaradılmışdır. “Sumqayıt”, “Şahdağ” elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. Bununla yanaşı, əvvəlki illərdə tikilmiş stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə güclərin yaradılmışdır. Beləliklə, biz özümüzün enerji tələbatını tam şəkildə təmin edirik. Bu, artıq uzun müddətdir ki, belədir və ixrac üçün də gözəl imkanlar vardır. Biz bu imkanlardan istifadə edirik. Xarici ölkələrə Azərbaycanın elektrik enerjisinin ixracı artır. Gələcək illərdə görüləcək tədbirlər nəticəsində biz bu işləri daha da böyük həcmdə görəcəyik. Biz cari ildə görüləcək işlər nəticəsində ən azı 400 meqavat elektrik enerjisinin istifadəyə verilməsinə nail olacağıq. Beləliklə, Azərbaycan nəinki neft-qaz ixracı ilə öz imkanlarını genişləndirəcək, eyni zamanda, elektrik enerjisini xaricə daha böyük həcmdə satacaqdır.

Qazlaşdırma prosesi uğurla davam edir. Bu sahədə hələ böyük işlər görüləcəkdir. Məlumdur ki, bu yaxınlarda əhalinin qazdan istifadəyə görə yaranan bütün borcları silindi, bağışlandı və beləliklə, insanlar böyük əziyyətdən xilas olundular. Çünki o borcların yığılması prosesi artıq uzun illər idi ki, davam edirdi. Bəzi hallarda bu, təbii narazılığa səbəb olurdu. Bəzi hallarda insanların maliyyə imkanları o borcu ödəməyə imkan vermirdi. Bunları başa düşmək lazımdır. Azərbaycan xalqı ildən-ilə yaxşı yaşayır. Ancaq buna baxmayaraq hələ çətin vəziyyətdə yaşayanlar vardır. Onlara daim qayğı göstərilməlidir, problemlər həll edilməlidir. Bu məqsədlə ünvanlı sosial yardım proqramı icra edilir və digər başqa yardımlar edilir.

Sosial məsələlərin həlli həmişə ölkə rəhbərliyi üçün prioritet məsələlər olmuşdur. Təxminən 400 milyon dollar həcmində - 330 milyon manat məbləğində vəsait silindi. Yəqin ki, bundan sonra əhali qaz pulunu və ümumiyyətlə, bütün kommunal xərcləri vaxtında ödəyəcəkdir. Borclar yaranmamalıdır. Çünki yığılan vəsait büdcənin təmininə yönəldilir. Nə qədər çox vəsait yığılsa, bizim imkanlarımız o qədər də çox artacaq, pensiyalar, maaşlar o qədər də çox artırılacaq və bütün başqa işlər də görüləcəkdir.

Yığıncaqda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ötən illərdə aparılan məqsədyönlü tədbirlər hesabına respublikamızda beynəlxalq standartlara uyğun sosial müdafiə modelinin təşəkkül tapdığını və sosial proqramların davamlı icrasının təmin edildiyini bildirdi:

— Bu modelin mühüm tərkib hissəsi olan sığorta-pensiya sistemində maliyyə dayanıqlığının qorunmasını və islahatların davam etdirilməsini Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqət mərkəzində saxlaması böhranlı ildə də pensiya proqramlarının vaxtında və tam icra edilməsinin başlıca təminatçısı olmuşdur.

İlkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2009-cu ildə gəlirləri 1 milyard 600 milyon manat olmuş və 2008-ci ilə nisbətən 205 milyon manat və ya 14,7 faiz artmışdır.

Sosial sığorta haqları üzrə daxilolmalar 8,3 faiz artaraq 1 milyard 37 milyon manata çatmışdır ki, bunun da 56 faizi qeyri-büdcə təşkilatlarının payına düşür.

2009-cu ildə fondun xərcləri 1 milyard 675 milyon manat təşkil etmişdir. Bu vəsaitin 96,6 faizi və ya 1 milyard 618 milyon manatı əhaliyə ödənişlərə yönəldilmişdir ki, bu da 2008-ci ilə nisbətən 20,8 faiz və ya 278 milyon manat çoxdur. Bütün xərclərin 94 faizini pensiya ödəmələri təşkil etmişdir. Bundan əlavə, 2009-cu ildə əhaliyə 46,4 milyon manat və ya əvvəlki ilə nisbətən 24,6 faiz çox müavinət verilmişdir.

Xərclərin bu artımları inflyasiyanın yalnız 1,5 faiz olduğu şəraitdə baş vermiş və əhalinin bilavasitə real gəlirlərini artırmışdır. Əgər 2008-ci ildə əhalinin pul gəlirlərində fondun ödəmələri 6,7 faiz olmuşdursa, 2009-cu ildə bu göstərici 7,2 faizədək yüksəlmişdir. Başqa sözlə, pensiya ödənişlərinin artım sürəti əhalinin pul gəlirlərinin ümumi artımını 9,1 bənd üstələmişdir. Bu isə ölkəmizin əhalisinin aztəminatlı təbəqəsinin gəlirlərinin dövlət tərəfindən xüsusi dəstəklənməsinin birbaşa təsdiqidir.

Mühüm aspektlərdən biri kimi, pensiya xərclərinin tərkibində sığorta hissəsinin xüsusi çəkisinin ilbəil artmasını qeyd etmək istərdim. Belə ki, bu göstərici yeni sistemə keçildiyi 2006-cı ildəki 20,8 faizdən 2009-cu ildə 28,7 faizədək yüksəlmişdir, 2010-cu ildə isə onun 30,3 faizədək artacağı nəzərdə tutulur.

Sığorta-pensiya sisteminin mühüm göstəricilərindən olan əmək pensiyaçılarının sayı il ərzində ilkin məlumatlara görə 27 min nəfər artaraq ilin sonuna 1 milyon 302 min nəfər təşkil etmişdir. Bu artımın 59 faizi yaşa görə, 35 faizi əlilliyə görə, 6 faizi isə ailə başçısını itirməyə görə pensiyaya çıxanların payına düşür.

Azərbaycan Respublikası Prezidentinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamına əsasən pensiyaçıların 60 faizinin, yəni 765 min nəfərin pensiyasının sığorta hissəsinə 20,8 faizlik artım tətbiq olunmuşdur.

Digər bir mühüm göstəricinin - əvəzetmə əmsalının, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətinin də 2009-cu ildə sabit saxlanması təmin olunmuşdur. İlin sonuna ölkə üzrə orta aylıq pensiyanın məbləği 100,4 manat olmuş və əvəzetmə əmsalı 34 faiz təşkil etmişdir. 2009-cu ildə pensiyaçılara ödənişlərin ÜDM-ə nisbəti müstəqillik dövründə ən yüksək səviyyəyə - 5,3 faizə çatmışdır. Bu da beynəlxalq aləmdə nəzərdə tutulan 5 faizlik həddin keçilməsi deməkdir.

Bütün bunlar Azərbaycanda qurulmuş müasir sığorta-pensiya sisteminin dinamik inkişafını bir daha təsdiqləyir.

2006-2008-ci illərdə yeni sosial müdafiə sistemi ilə bağlı həyata keçirilən işləri diqqətə çatdıran Səlim Müslümov sığorta olunanların fərdi uçotu sisteminin qurulması istiqamətində davam etdirilən tədbirlərdən danışdı:

— Fondun Vergilər Nazirliyi ilə əlaqəli fəaliyyəti, inzibati tədbirlər, təbliğat və maarifləndirmə işləri nəticəsində hesabat dövründə fərdi uçota alınanların sayı 154 min nəfər artaraq 1 milyon 640 min nəfərə çatmışdır. Hazırda fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 milyon 302 min nəfər pensiyaçı və 1 milyon 640 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır.

Lakin bununla belə, özəl sektorda çalışanların tam qeydiyyatı və əməkhaqlarının leqallaşdırılması bu prosesə birbaşa təsir edən əsas vəzifələr kimi qalmaqda davam edir. 2010-cu ildə bu vəzifələrin yerinə yetirilməsi xüsusi diqqət mərkəzində saxlanacaqdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasdakı yekun nitqində demişdir:

— 2010-cu ildə bütün sosial proqramlar icra olunmalıdır, həm məktəb, xəstəxana, idman komplekslərinin, həm də mədəniyyət obyektlərinin tikintisi nəzərdə tutulmalıdır. Bunu etmək üçün tezliklə Dövlət İnvestisiya Proqramı qəbul edilməlidir. Biz burada yubanmaya yol verməməliyik ki, tezliklə maliyyə vəsaiti ayrılsın və biz vaxt itirməyək. Bütün digər sosial proqramlar — əhalini və aztəminatlı təbəqəni müdafiə etmək üçün proqramlar da icra olunmalıdır.

Azərbaycanda demoqrafik vəziyyət də çox yaxşıdır, çox gözəldir. Bu yaxınlarda ölkəmiz üçün çox vacib və tarixi hadisə baş vermişdir - doqquz milyonuncu vətəndaş dünyaya gəlmişdir. Bu, böyük nailiyyətdir, böyük göstəricidir. Ümumiyyətlə, keçən il Azərbaycanda 152 min uşaq dünyaya gəlmişdir. Əvvəlki illərlə müqayisədə bu, böyük artımdır. Biz dinamikadan görürük ki, ildən-ilə Azərbaycanda doğulan uşaqların sayı artır. Bu, əlbəttə ki, ölkə əhalisinin sayını artırır, bizi gücləndirir və eyni zamanda, Azərbaycanda görülən işlərin nəticəsidir. Vəziyyət yaxşılaşır, insanlar daha da yaxşı yaşamağa başlayırlar. Beləliklə, demoqrafik artım bunun bilavasitə göstəricisidir. Mən çox şadam ki, Azərbaycanda demoqrafiya məsələləri ilə bağlı heç bir problem yoxdur.

Nazirlər Kabinetinin iclası bir daha göstərdi ki, Azərbaycan düzgün yoldadır. Ölkədə əldə edilən nailiyyətlər adamlarımızı daha yaxşı işləməyə ruhlandırır. Heç şübhəsiz ki, hər il olduğu kimi, cari ildə də qarşıya qoyulan sosial-iqtisadi vəzifələrin hamısı layiqincə yerinə yetiriləcəkdir.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2010.- 24 yanvar.- S. 4.