Azərbaycanın Avropa
Şurasına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizdə
həyata keçirilən demokratik islahatların məntiqi nəticəsidir
Tarixi yolların
qovuşuğunda yerləşən ölkəmizin Avropa
Şurasına qəbul olunması həm Azərbaycan
üçün, həm də bu təşkilat
üçün çox mühüm hadisədir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Son iyirmi ildə yaranmış müstəqil dövlətlərin
ekspertləri müxtəlif analitik materiallarda “Avropa ailəsi”
sözünü çox işlədirlər. Maraqlıdır
ki, bu ifadə “Avropa ailəsinə üzv olan ölkələrdə
bir o qədər də tez-tez yada düşmür. Səbəb
isə odur ki, yeni yaranmış müstəqil dövlətlər
böyük müstəqillik və demokratiya təcrübəsi
olan ölkələrin keçdiyi yoldan bəhrələnməyə
çalışırlar. Avropa ailəsində isə bu
yol artıq çoxdan keçilmişdir.
Bu ictimai-siyasi prosesdə
daha çox nəzərə çarpan bir məqam isə
bilavasitə Azərbaycanla bağlıdır. Belə ki, digər
gənc müstəqil dövlətlər Avropa Şurasına
və Avropa Birliyinə qovuşmağı mühüm bir
dövlət məqsədi kimi qarşıya qoyurdularsa, ulu
öndər Heydər Əliyevin siyasi kursu ilə inkişaf edən
Azərbaycanda bu məsələyə münasibət xeyli dərəcədə
fərqli idi. Heydər Əliyevin fikrincə, Azərbaycanın
Avropa Şurasına qəbul edilməsi bizim üçün
həyati məsələ deyil, sivil, dünyəvi və
demokratik dövlət quruculuğu kursu götürmüş
bir respublikanın beynəlxalq aləmə
inteqrasiyasının tərkib hissəsi kimi əhəmiyyətli
idi.
Əslində, həqiqət
bir qədər də başqa cür idi. Azərbaycan öz
dövlət müstəqilliyinə qovuşandan sonrakı ilk
illərdə ölkəyə rəhbərlik edən Ayaz
Mütəllibov və AXC-Müsavat iqtidarı dövründə
respublikamızın nəinki Avropa ailəsinə və ya beynəlxalq
təşkilatlara inteqrasiyası gündəlikdə deyildi, hətta,
xarici siyasətin istiqamətləri də müəyyən
edilməmişdi. Ayaz Mütəllibov xarici siyasət dedikdə
Moskvanın dediyi ilə durub-oturmağı nəzərdə
tuturdusa, AXC-Müsavat iqtidarı “türkün türkdən
başqa dostu yoxdur” — tezisi ilə bütün dünyanı
müstəqil Azərbaycanın düşməninə
çevirirdi. Həmin diletant siyasətçilər dar
düşüncənin nəticəsi olan bu tezisi tez-tez dilə
gətirəndə yada sala bilmirdilər ki, uzun illər Avropa
Şurasına üzv olan Türkiyə dövləti Avropa
Biprliyinə üzv olmaq üçün israrla mübarizə
aparır. Əgər türkün türkdən başqa dostu
yoxdursa, Türkiyə nə üçün Avropa ailəsində
yüksək səviyyədə təmsil olunur? Çox təəssüf
ki, AXC-Müsavat iqtidarında bu məsələlər yetərincə
götür-qoy edilə bilmir, ölkəmiz beynəlxalq aləmdə
təklənirdi. Ulu öndər Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışından sonra isə ölkəmiz
nəinki Avropa ailəsinə, hətta, bütün beynəlxalq
təşkilatlara inteqrasiya olunmaq üçün mükəmməl
bir şans qazandı. Diqqət çəkən xüsusi məqamlardan
biri də o idi ki, ulu öndər Heydər Əliyevin
qurduğu dövlətin siyasi istiqaməti, cəmiyyətin həyatındakı
demokratikləşmə prosesi, xüsusən, vətəndaş
cəmiyyəti yaradılması istiqamətində həyata
keçirilən mükəmməl tədbirlər məsələni
köklü surətdə dəyişmişdi. Belə ki,
1993-cü ilin yayından sonra Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyası məsələsi tez-tez gündəliyə gətirilirdisə,
1998-ci ildən sonra beynəlxalq təşkilatların və
aparıcı dövlətlərin Azərbaycanla əməkdaşlığa
böyük önəm verməsi günün
reallığına çevrilmişdi. Çünki Heydər
Əliyev özünün birinci prezidentlik dövründə
(1993-1998-ci illər) artıq daxili sabitliyi, müstəqil
xarici siyasəti, gündən-günə inkişaf edən
iqtisadiyyatı olan bir dövlət qurmuşdu.
Beynəlxalq təşkilatlar
Azərbaycanın neft strategiyasını, bu strategiyanın nəticəsi
olaraq imzalanmış “Əsrin müqaviləsi”ni, qəbul
edilmiş yeni Konstitusiyanı, prezident və parlament
seçkilərində qazanılmış təcrübəni,
söz və mətbuat azadlığına verilən önəmi,
insan hüquqlarının yüksək səviyyədə
qorunmasını, xüsusən, ölüm
hökmünün icrasının ləğv edilməsini və
bir çox başqa inkişaf meyllərini görür və
yüksək qiymətləndirirdilər. Məhz bu amil Azərbaycanla
əməkdaşlıq etməyə maraq göstərən
beynəlxalq təşkilatların sayını
çoxaldırdı. Həmin təşkilatlardan biri də
Avropa Şurası idi. Bəri başdan qeyd edək ki, Azərbaycanın
Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edilməsi,
xüsusən bu qərarın yeni əsrin ilk ilinin ilk
ayına təsadüf etməsi ölkəmizin böyük
siyasi uğuru idi. Çünki biz Avropa xalqları ailəsinə
inteqrasiya məsələsini reallığa
çevirmişdik. Bu faktın özü sübut edirdi ki, Azərbaycanda
hüquqi, demokratik, sivil və dünyəvi dövlət
quruculuğu kursu götürülməsi barədə həqiqət
Avropada yüksək səviyyədə qəbul edilmişdir.
İndi isə
Avropanın istəyinə cavab olaraq Azərbaycanın bu
istiqamətdə həyata keçirdiyi tədbirlərdən
bir neçəsini yada salaq. Belə ki, ölkəmiz hələ
1996-cı ilin iyun ayından etibarən Avropa Şurasında
xüsusi dəvət olunmuş qonaq statusu ilə iştirak
edirdi. Bu isə bizim qanunvericiliyimizin Avropa standartları səviyyəsinə
yüksəldilməsi üçün mühüm zəmin
yaradırdı. Bu zəmini yüksək qiymətləndirən
ulu öndər Heydər Əliyev 1996-cı il iyul
ayının 8-də “Avropa Şurası və Azərbaycan
Respublikası arasında əməkdaşlıq
proqramının həyata keçirilməsi tədbirləri
haqqında” sərəncam imzaladı. Həmin sənədin
ortaya qoyduğu vəzifələrin həyata keçirilməsi
öz müsbət nəticələrini verəndən sonra
digər, daha mühüm sərəncamlar imzalandı. 1998-ci
il yanvarın 20-də “Avropa Şurası və Azərbaycan
Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi
sahəsində tədbirlər haqqında”, 1999-cu il may
ayının 14-də “Azərbaycan Respublikası ilə Avropa
Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi
və Azərbaycan Respublikasının Avropada mənafelərinin
müdafiə edilməsi sahəsində tədbirlər
haqqında” sərəncamlar imzalandı. Bu sərəncamların
hər biri mükəmməl bir siyasi-diplomatik fəaliyyət
məcmuyu formalaşdırmışdı. Xüsusən, Azərbaycan
Respublikası Milli Məclisinin qəbul etdiyi qanunvericilik
aktları ölkəmizin demokratik dəyərlərə istinadən
inkişafı, cəmiyyət və dövlət həyatının
bütün sahələrində Avropa prinsiplərinin bərqərar
edilməsi üçün bütün təminatları
yaradırdı. Məhz bu siyasi-diplomatik addımların məntiqi
nəticəsi olaraq 2001-ci il yanvarın 17-də Avropa
Şurasının Nazirlər Komitəsi Azərbaycanın bu
təşkilatın tamhüquqlu üzvlüyünə qəbul
olunması barədə qərar qəbul etdi.
Ölkəmizin Avropa
Şurasına qəbul edilməsi bizim üçün siyasi
uğur idisə, həmin il yanvarın 25-də Strasburqda —
Avropa Şurasının binası önündə müstəqil
Azərbaycanın üçrəngli bayrağının
qaldırılması həm siyasi, həm də mənəvi
cəhətdən çox böyük nailiyyət idi. Əvvəla,
ona görə ki, müstəqil Azərbaycanın
bayrağı Avropa bayraqları arasında
dalğalanırdı. İkinci, bayrağımızı
Avropa Şurasının binası önündə müstəqil
Azərbaycanı bəlalardan, məhrumiyyətlərdən, hətta,
məhv olmaqdan xilas etmiş, qüdrətli dövlət
yaratmış dahi siyasətçi Heydər Əliyev
qaldırırdı. Üçüncü, ulu öndər
2001-ci il yanvarın 25-də Fransada — Avropa Şurasının
Strasburqdakı binasının önündə elə bir
tarixi çıxış etdi ki, həmin
çıxışın hər sətiri bir qürur mənbəyi
kimi milli tariximizə yazılmış oldu. Çıxışdan
bəzi cümlələrə diqqət yetirək: “Biz
Ümumavropa dəyərləri xəzinəsinə öz
töhfələrimizi gətirməyə hazırıq”. Yaxud
“Avropa Şurasına Azərbaycan nə qədər
lazımdırsa, Azərbaycana da Avropa Şurası bir o qədər
lazımdır” və sairə.
Yeri gəlmişkən,
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul
edilməsi Dağlıq Qarabağ münaqişəsi kimi
problemi olan rəsmi Bakıdan ötrü çox böyük
tribuna yaranması idi. Bu məqamı layiqincə qiymətləndirən
ulu öndər Heydər Əliyev ölkəmizin Avropa
Şurası Parlament Assambleyasındakı daimi nümayəndə
heyətini formalaşdırarkən bir sıra mühüm məqamları
nəzərə almışdı. Xüsusən, nümayəndə
heyətinə Milli Məclisin deputatı, Yeni Azərbaycan
Partiyası sədrinin birinci müavini İlham Əliyevin rəhbərlik
etməsi nümayəndə heyətimizin fəaliyyətini
daha səmərəli etmişdi. Məhz deputat İlham Əliyevin
prinsipiallığı, təşəbbüskarlığı
və bir neçə Avropa dilində mükəmməl debat
aparmaq imkanları AŞPA tribunasından Azərbaycan həqiqətlərinin
səsləndirilməsinə, nəticədə Avropada ilk dəfə
bu qurumun Ermənistanı işğalçı dövlət
kimi tanıyan qərar qəbul etməsinə zəmin
yaratmışdı. 2001-ci ilin payız sessiyasında deputat
İlham Əliyev AŞPA tribunasından çıxış
edərək “ASALA” erməni terror təşkilatının
Ermənistan hökuməti ilə sıx əlaqədə fəaliyyət
göstərdiyini söyləmişdi. Ciddi faktlara əsaslanan
həmin çıxış Avropa ölkələrini təmsil
edən deputatların heyrəti, bizim region ölkələrinin
təmsilçilərinin isə çoxsaylı
alqışları ilə qarşılanmışdı. Fransa
kimi erməni lobbisinin güclü olduğu bir ölkədə,
Avropa deputatları qarşısında “ASALA” terrorçu təşkilatını
və Ermənistan rəhbərliyini ifşa etməyi İlham
Əliyevdən başqa heç bir deputat bacarmazdı.
O zaman bəzi ermənipərəst
və antiazərbaycan dairələr fikir
formalaşdırmağa çalışırdılar ki, guya
həmin çıxışına görə azərbaycanlı
deputat AŞPA rəhbərliyinin təzyiqləri ilə
üzləşəcək. Ancaq çox keçmədən
deputat İlham Əliyev AŞPA sədrinin müavini və
qurumun büro üzvü seçildi. Nümayəndə heyətimizin
rəhbərinin bu etimada layiq görülməsi Avropada Azərbaycan
həqiqətlərinin daha geniş şəkildə səsləndirilməsinə
zəmin yaratdı. Bu isə ulu öndər Heydər Əliyevin
qarşıya qoyduğu ən mühüm vəzifələrdən
biri idi.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 24 yanvar.- S. 4.