Bütün Azərbaycanı
basılmaz qalaya çevirməliyik
“Qala” filmi haqqında bəzi
ştrixlər
Bu günlərdə “Lider” televiziyasında kinorejissor
Şamil Nəcəfzadənin Ramiz Rövşənlə birgə
yazdığı ssenari əsasında çəkdiyi “Qala” bədii
filminə böyük maraqla baxdım və təəssüratlarımı
oxucularla bölüşmək qərarına gəldim. Bəli,
deyəsən biz Qarabağ haqqında bədii kinonun dili ilə
həqiqətləri danışmağa başlayırıq. Bu
vaxta kimi çəkilmiş müharibə mövzusunda olan
filmlərdə elə bil həqiqəti söyləməyə,
hətta bədii kinonun dili ilə də, ehtiyat edirdik. Kamil Nəcəfzadə
isə birbaşa reallığın bədii ifadə
formasını tapa bildi. Biz bu müharibənin sonunda
döyüşsüz uduzduq. Qəhrəman
oğullarımızın, şəhidlərimizin ruhuna xəyanət
etdik.
Filmin adının “Qala” qoyulması mahiyyətin zahiri forması olsa da, “Qala” əslində elə öz semantik mənasında filmin məzmununu tamamlayan addır. Biz film boyu onun hansı tarixi qala olduğunu bilmirik və əslində heç lazım da deyil. Bu, Azərbaycanımızın söykəndiyi, güc, qüvvət aldığı və igid babalarımızdan bizə ərmağan edilən abidələrimizdir. Onları bizə yalnız film çəkmək üçün ucaltmayıblar, qəhrəmanlıq nişanəsi kimi yadigar qoyublar. Elə Şuşamız da belə qalalarımızdan deyildimi? Fəxrlə “Qalalıyam”, deyənlər nə qədər məhrumiyyətlərə məruz qaldılar. Amma Qacar kimi tiran bu qalada məğlubiyyətə uğramışdı.
Sözüm onda deyil.
Söhbət “Qala” filmindən gedir. Qarabağın çox mənzərəli
guşələrindən birindəki qalanın
yaxınlığında yerləşən bir kənddə
baş verən əhvalatları əks etdirən bu filmin
ekspozisiyasında Cahangir Zülfüqarovun həzin, lakin
yanıqlı musiqisi bizə filmin məzmununa yol almaq
üçün bələdçilik edir. Bu kənd sakit bir
guşədə yerləşir və hər kəs öz
işi ilə məşğuldur. Soltan kişi öz
oğlundan və qızlarından nigarandır. Ailəsini
itirmiş müəllim bacısının oğlundan təskinlik
alır, Əsli arvad isə itmiş oğlunun yolunu gözləyir.
Və bir də bu kəndə qaçqın gəlmiş
yaşlı rus və onun qızı Qala. Bu qəhrəmanların
hər biri filmin ümumi süjetinin açılmasına xidmət
edən personajlardır.
Kəndə isə
kinoçəkənlər gəlirlər. Bu qalanın dekorasiyasını
hazırlayıb yaxın vaxtlarda burada kino çəkməlidirlər.
Əsərin qəhrəmanlarından biri məktəbli
Xanbala valideynlərini itirmiş, amma diribaş uşaqdır. Yaxşı
səsi var. Rus qızı Qalaya da eşq elan edir. Qalanın
bir bacısı da kəndin ağsaqqalı Soltan kişinin
oğlunda ərdədir. Beləcə, bu kənddə hamı
bir-birini tanıyır, bir yerdə şənlənir, toy edir,
yas mərasimlərində iştirak edirlər.
Kinoçəkənlər
işlərini yarımçıq qoyub gedirlər. Çünki
qəhrəman atdan yıxılıb xəsarət alır. Dekorasiyalara
bir nəfəri qarovulçu qoyurlar.
Filmin bir qəhrəmanı
da pərdəarxası gizlədilmiş müharibədir. Əslində
filmdə müharibə yoxdur. Ancaq bütün hadisələrin
mənbəyində müdhiş müharibənin ab-havası
dayanır. Filmdəki qala da vaxtilə müharibələrdən
qorunmaq üçün tikilmiş istehkamdır. Çəkilişinə
hazırlıq görülən film də müharibə
haqqındadır.
İnsanların əhval-ruhiyyəsində
də bunu aydın görmək olur. Əslində Şamil
müəllim müharibəsiz müharibə haqqında film
yaradıb.
Biz öz torpaqlarından didərgin
salınan insanların karvanını qıraqdan
görürük, amma, doğrudan da, təsirli səhnədir.
Soltan kişinin rus qızı ilə evlənmiş oğlu da
qaçqındır. Onun qaçqın həyatında
rastlaşdığı müsibətlər sonda
ölümü ilə nəticələnir. Və nəhayət
Soltan kişinin yaşadığı kənd də
köçürülür. Amma necə? Bunlar olmuş hadisələr
deyilmi? Bir vaxtlar Qubadlını, Zəngilanı
özümüzünkülər yük maşınları
göndərib köçürmək istəmirdilərmi? Elə
filmdə də bu kəndi özümüzünkülər
köçürürlər. Özü də
“yuxarıların qərarıdır”, deyirlər. Soltan
kişi, müəllim, Əsli arvad və bir də rus kişi
öz qızı ilə kəndi tərk etmirlər. Doğma
kəndə qarovul çəkmək üçün Qalaya
sığınıb, qalırlar.
Kənd
köçürülür, torpaqlar da düşmən tərəfindən
işğal olunur.
Bəs, bu müsibətlərdən qurtarmaq üçün çıxış yolu varmı? Filmdə bu yol göstərilir. Vətən uğrunda ölmək üçün onu alınmaz qalaya çevirmək lazımdır. Bu qalalar Vətənimizi qorumaqda babalarımız üçün əsil sipərə çevrilib. Onlar burada Vətən uğrunda şəhid olsalar belə torpağı qoruyublar, Vətənin müdafiəsindən bir an belə geri çəkilməyiblər. Bəli, bu gün qalalarımızın üstündə qarğalar fırlanır. Nə üçün? Çünki qarğalar uzunömürlü olur. Onlar uzun illər burada düşmən cəsədlərinin iyinə toplaşıblar. İndi də onlara düşmən cəsədi lazımdır. Onu isə qəhrəman xalqımız onlara yem etməlidir. Özü də Azərbaycan adlı basılmaz qalaya sığınaraq.
Aktrisa Sona Mikayılovanın oğlunu itirmiş qəhrəmanı Əsli arvadın dediyi bu sözlərə diqqət yetirin: “Biz qaçdıqca, bizi qovacaqlar”. Necə də yerində deyilmiş ifadədir.
Filmdə bir “ağ at” obrazı da var. Kinoçəkənlər onu özləri ilə buraya gətirmişlər və elə ilk çəkilişdə bu at qəhrəmanı yerə vurur. Bununla da çəkiliş dayanır. Onlar şəhərə qayıdır, ağ at isə qalada qalır. Bizə “ağ atlar” döyüş üçün lazımdır. Kino çəkmək üçün yox. Bəli, biz döyüşçü ağ atlı oğlanı gözləyirik. O, bizim içimizdən çıxmalı və bu xalqı öz ardınca döyüşə aparmalıdır.
Bir sözlə, film təsirli
kino əsəridir. Söz yox ki, biz burada qüsur axtarmaq
fikrindən uzağıq. Bizə belə gəlir ki, film
qusurlardan da xali deyil. Ancaq bizi sevindirən odur ki, bu xalqın
müsibətlərini və ondan çıxış yolunu
göstərən maraqlı bir film yaranıb.
Filmdə Rasim Balayev, Məbud
Məhərrəmov, Vidadi Həsənov, Firəngiz Mütəllimova,
Qorxmaz Əlili, Sona Mikayılova kimi məşhur aktyorlarla
yanaşı, gənclər də çəkiliblər.
Amma operator işinə
söz ola bilməz. Bir daha Kənan Məmmədovu belə
güclü panoram çəkilişlərinin müəllifi
kimi gördüm.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 24 yanvar.- S. 8.