Sumqayıt gənclərinin uğurları ilbəil artır

 

Ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyi yerlərdən biri Sumqayıt şəhəridir. Ötən il 60 yaşını qeyd etsə də, ruhu daim cavan qalan bu şəhərin gəncləri həyatın bütün sahələrində fəallıqları ilə seçilir, Sumqayıtın ab-havasına dinamika, qaynarlıq və coşğu qatırlar.

 

Bu ay Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin yaradılmasının 15 ili tamam olur. İlk gündən Musa Həsənovun rəhbərlik etdiyi baş idarə ötən müddətdə özünü Azərbaycan gənclərinin ən mütəşəkkil və qabaqcıl dəstələrindən biri kimi tanıda bilib. Sumqayıt gəncliyi 2009-cu ili daha böyük nailiyyətlərlə başa çatdırıb. İlin yekunlarına həsr olunmuş toplantıda bu barədə ətraflı danışılıb və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Tədbirdə baş idarənin sektor müdirləri Rüstəm Sadıqzadə və Vahid Abdullayevin ötən il görülmüş işlər haqqında hesabatları dinlənilib.

Hesabatlarda il ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələri üzrə 412 tədbirin keçirildiyi, bu tədbirlərə ümumilikdə 65922 nəfərin, o cümlədən 30327 iştirakçının və 35595 tamaşaçının cəlb edildiyi qeyd olunub.

Baş idarə ötən il şəhər təhsil şöbəsi və Yazıçılar Birliyinin Sumqayıt şəhər şöbəsi ilə birlikdə ibtidai təhsil üçün “Sinifdənxaric oxu” kitabını və “Qanadlandıq uçmağa” bədii almanaxının 10-cu buraxılışını nəşr etdirib. Almanaxın təqdimat mərasimi Bakıda Yazıçılar Birliyinin “Natəvan” klubunda xalq yazıçısı Anarın və xalq şairi Fikrət Qocanın iştirakı ilə keçirilib.

Müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin geniş ictimaiyyətə tanıdılması məqsədilə baş idarənin www.sumqayıt.gen.az ünvanlı internet saytı yenidən qurularaq Azərbaycan, rus və ingilis dillərində fəaliyyətə başlayıb, həmçinin idarədaxili şəbəkə yaradılıb. Sumqayıtın 60 illik yubileyinə həsr olunmuş “Gənc informatiklər-2009" müsabiqəsinə baş idarə təşkilati dəstək göstərib və müxtəlif nominasiyalar üzrə 50 iştirakçını fəxri fərmanlarla, hədiyyələrlə təltif edib.

Təhsil şöbəsi ilə birlikdə ilk dəfə olaraq iyul ayında yay istirahət düşərgələrinə cəlb edilmiş şagirdlərin (2300 nəfər) və müəllimlərin (230 nəfər) Quba rayonuna ekskursiyaları təşkil olunub.Onlar muzeyləri gəzib, soyqırım məzarlığını ziyarət edib, istirahət zonasında dincəliblər.Yeri gəlmişkən, milli təhsilin inkişafında xidmətlərinə görə “Sumqayıt Debat Klubu”nun sədri Esmira Musayevə və 3 saylı məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Mübariz Muradov “Tərəqqi” medalı ilə təltif ediliblər. “Cəsurlar” hərbi-idman və turizm oyununun Xızıda keçirilmiş zona birinciliyində sumqayıtlılar qalib gəliblər. “Şahin” hərbi-idman oyununun Ucarda keçirilmiş zona yarışlarında isə komanda 3-cü yeri tutub.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Bakıda, R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirilmiş “Hünər” IV Vətənpərvərlik Mahnıları Festivalında Sumqayıtı təmsil edən “Damla” qrupu 2-ci yerə layiq görülüb. Nazirliyin “Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə ictimai birliyi” ilə birgə Qaxda təşkil olunmuş hərbi-vətənpərvərlik düşərgəsindəki yarışlarda baş idarənin “Hünər” klubunun üzvləri qalib gəliblər.

Baş idarənin nəzdində fəaliyyət göstərən “Sumqayıt İntellekt Mərkəzi” Klubunun “Eldorado”, “Renessans” və “Sim-sim” komandaları nazirliyin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin Qubada keçirdikləri “Xəmsə” milli-intellektual oyunu üzrə 2-ci Azərbaycan çempionatının zona seçim turunda ilk üç yerə layiq görülüblər. Uşaq və yeniyetmələr arasında həmin oyun üzrə təşkil olunmuş zona seçim turunda fərqlənən Sumqayıtın “Pənci gənc” və “Türküstan” komandaları final mərhələsində də qələbə sevinci yaşayıblar. Bundan başqa, nazirliyin keçirdiyi “Mənim ailəm” festivalında Sumqayıt təmsilçiləri iki nominasiyada qalib gəliblər. “Eldorado” isə “Xəmsə”milli-intellektual oyununun respublika finalında 4-cü yerə çıxıb.

Bir sıra ölkə miqyaslı tədbirlərdə də Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi təşkilati dəstəyi və iştirakı ilə nümunə göstərib. Sumqayıtda gənclərlə iş aparan qurumlar tərəfindən 85 müxtəlif tədbir keçirilib. İdarə rəisinin yanında yaradılmış şurada gənclərlə iş sahəsi üzrə bir sıra məsələlər müzakirə edilib. Gənclərin beynəlxalq əlaqələrinin inkişafı, maraqlar üzrə klubların fəaliyyəti, istedadlı və yaradıcı gənclərə qayğı, qeyri-hökumət gənclər təşkilatları ilə birgə işlər nəzərdən keçirilib.

Ötən il baş idarənin bədən tərbiyəsi və idman sahəsi üzrə də sanballı nailiyyətləri olub. Sumqayıtda 27 idman növü üzrə 316 yarış və təlim-məşq toplanışı keçirilib ki, bu tədbirlərdə 18400-ə yaxın idmançı iştirak edib.Tədbirləri 281mindən artıq tamaşaçı izləyib.

Şəhərdə fəaliyyət göstərən idman təşkilatları — “Təhsil” Respublika İdman Mərkəzinin filialı, “Zenit” cəmiyyətinin şəhər şurası, “Kimyaçı” cəmiyyəti, uşaq-gənclər idman məktəbləri və müstəqil idman klubları tərəfindən 17 növ üzrə 68 açıq birincilik, çempionat və turnir keçirilib.Təhsil şöbəsi ilə birgə 6 kütləvi yarışa 1500-ə yaxın məktəbli cəlb edilib. M.Hüseynzadə adına və “İnşaatçı” stadionlarında futbol və mini-futbol üzrə keçırılmiş 117 oyunda 7200 idmançı qüvvəsini sınayıb.

Avqustda M.Hüseynzadə adına şəhər stadionunda UEFA, Kopenhagendə kəsişən Mədəniyyətlər Assosiasiyası Layihəsi, habelə Danimarka və Norveç Futbol Federasiyalarının birgə layihəsi çərçivəsində “Həvəskarlar Uşaq Açıq Əyləncə Futbol Məktəbləri”nin fəaliyyətini genişləndirmək məqsədilə həmin təşkilatın “Uşaq Əyləncə Futbol Məktəbi” təsis edilib ki, bu tədbirə 216 idmançı və məşqçi qatılıb. Hesabat dövründə Sumqayıtda “Şən startlar”, kikboksinq, kəndirdartma, akrobatika, kross, taekvondo, karate-do, ayki-do və sair idman növləri üzrə tamaşa və yarış xarakterli kütləvi tədbirlərdə 650 idmançı iştirak edib. Baş idarə Sumqayıt bələdiyyəsi ilə birgə may ayında ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş şahmat və dama yarışları keçirib. Sumqayıt bələdiyyəsinin kuboku uğrunda məhəllə komitələrinin yeniyetmələr arasında futbol yarışında 20 komanda mübarizə aparıb.

Gənclər və idman, habelə təhsil nazirliyinin xətti ilə “Uşaq ili”nə həsr olunmuş ümumtəhsil məktəbləri və peşə liseyləri şagirdlərinin V spartakiadasında iştirak edən Sumqayıt komandası ümumi hesabda 2-ci yeri tutub.

İdmanın 25 növü üzrə respublika miqyaslı 116 və beynəlxalq səviyyəli neçə-neçə yarışa, məşq toplanışına, seçmə-turnirə və seminara Sumqayıtdan 1737 nümayəndə göndərilib. İl ərzində şəhər idmançıları həmin yarışlardan 737 medalla qayıdıblar. Bu mükafatlardan 235-i qızıl, 218-i gümüş, 284-ü bürünc medaldır. Qazanılan mükafatların ümumi sayı əvvəlki ildəkindən 61 medal çox olub. Dünya və Avropa çempionatlarında, kubok yarışlarında sumqayıtlılar 16 qızıl, 10 gümüş və10 bürünc medal əldə ediblər. Həmin mükafatlardan əksəriyyəti olimpiya idman növlərində qazanılıb.

Sumqayıtın və ölkəmizin idman şöhrətini artıran cüdoçular Tərlan Kərimov və Elxan Rəcəbli Dünya Kuboku uğrunda yarışda, Cəlil Cəlilov yeniyetmələrin Avropa Olimpiya Festivalında, boksçu Elvin Məmişzadə gənclər arasında Avropa birinciliyində və beynəlxalq turnirdə, cüdoçular- ikiqat paralimpiya oyunları çempionu İlham Zəkiyev, Rövşən Səfərov və Kərim Sərdarov gözdən qüsurlular arasında Avropa çempionatında, Fərhad Rəcəbli veteranların dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sərbəst güləşçilər Kənan Quliyev və Etimad Qurbanov, Yunan-roma güləşi üzrə Elçin Əliyev, stolüstü tennisçilər Billurə Eminova və Rüstəm Əliyev, motosikletçi Vaqif Əhmədov, ağır atlet Ağakərim Kərimov, cüdoçular Vüqar Şirinli, Fəqan Eminoğlu və Cümşüd Qasımlı mötəbər beynəlxalq turnirlərin qalibi olublar.

Hesabat dövründə idmanın inkişafında xidmətlərinə görə məşqçi Faiq Babayev,habelə Mübariz Bəşirov və Yaşar Şamilov “Tərəqqi” medalı ilə təltif olunublar. Qeyri-olimpiya növü sayılan karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev Milli Olimpiya Komitəsinin xüsusi fəxri-fərmanına layiq görülüb. Ələkbər İmaməliyev və Şəhriyar Məmmədyarova mənzil verilib. Beş nəfər fəxri bədən tərbiyəsi və idman işçisi, bir nəfər əməkdar məşqçi, bir nəfər əməkdar idman ustası, üç nəfər beynəlxalq dərəcəli hakim, bir nəfər isə ilin ən yaxşı məşqçisi adını qazanıb. Bir nəfər beynəlxalq usta, dörd nəfər idman ustası, 26 nəfər isə ustalığa namizəd normasını yerinə yetirib.

Baş idarə nazirlik xətti ilə idman qurğularının maddi-texniki bazasının yaxşılaşdırılmasına yaxından köməklik göstərib. “Term” idman kompleksi tikilərək istifadəyə verilib.1 saylı uşaq-gənclər idman məktəbi və 3 saylı uşaq-gənclər şahmat-dama məktəbi əsaslı təmir edilib. Sumqayıtın 17-ci mikrorayonu ərazisində inşa olunan Olimplya İdman Kompleksində işlər davam etdirilir.

İşgüzar ruhda keçən yığıncaqda AFFA-nın Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov, əməkdar məşqçilər Firdovsi Ömərov, İsa Qasımov və başqaları əldə edilmiş uğurlardan və problemlərdən danışıblar. Onlar göstərilən diqqət və qayğıya görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevə minnətdarlıqlarını bildiriblər. Cari ilin ilk yarısı üçün tədbirlər planı təsdiqlənib. Baş idarənin rəisi Musa Həsənov ötən il şəhərdə fəaliyyət göstərən gənclər və idman qurumlarının fəaliyyəti barədə fikirlərini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə digər sahələrdə olduğu kimi, gənclərlə iş və idman sahəsində də dövlət siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Sumqayıt şəhəri rəhbərliyinin dəstəyi sayəsində uğurların daha da artdığını vurğulayıb.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 26 yanvar.- S. 7.