Mən Azərbaycanın uğurları ilə fəxr edirəm

 

M.F.Axundov adına Respublika Milli Kitabxanasında tanınmış jurnalist, Rusiya Federasiyasının ədəbiyyat və incəsənət sahəsində Dövlət mükafatı laureatı, İTAR-TASS informasiya Agentliyi baş direktorunun birinci müavini, “Hakimiyyət formulu” (“Formula vlasti”) televiziya verilişinin müəllifi və aparıcısı Mixail Qusmanın eyniadlı kitabının təqdimatı olmuşdur.

 

Milli Kitabxananın məsləhət şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev bütün həyatı Bakı ilə bağlı olan Mixail Qusmanın yaradıcılığı haqqında qısa məlumat vermiş, onu anadan olmasının 60 illiyi və Azərbaycanın yüksək dövlət təltifinə – “Dostluq” ordeninə layiq görülməsi münasibətilə təbrik etmişdir.

Milli Məclisin deputatı Elmira Axundova müxtəlif dövlətlərin 60 rəhbəri ilə müsahibələr və onlara şərhlər daxil edilmiş kitabı ibrətamiz nəşr kimi səciyyələndirirək bildirmişdir ki, sayca ikinci olan bu adda kitab (birinci kitab 2005-ci ildə çapdan çıxmışdır) lider olmağa kömək edən əsl dərslikdir. Kitabın əsas uğuru təkcə onun qəhrəmanlarının krallar, baş nazirlər və digər dövlət başçıları olması deyil, həm də müəllifin aşkar istedadı ilə bağlıdır.

Müsahibə janrı ciddi tədqiqat işi tələb edir. M.Qusmanın müsahibələri bir növ psixoloji portretdir. Onun müsahibinə verdiyi suallar təkrarlanmır, şablondan uzaqdır. Ən başlıcası, müəllif həmişə öz müsahibini “dilləndirməyi” və məhz həmin şəxs üçün hakimiyyətin nə demək olduğunu öyrənməyi bacarır. E.Axundova demişdir: “Bu kitab gözəl dərs vəsaitidir, müəllifinin müsahibə janrında iş təcrübəsini öyrənmək lazımdır”.

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qeyd etmişdir ki, M.Qusmanın “Hakimiyyət formulu” kitabının təqdimatı yenicə başa çatmış Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun yekun mərhələsi olmuşdur. Müəllifin “Dostluq” ordeni ilə təltif edilməsi onun geniş əhatəli və yorulmaz fəaliyyətinə Azərbaycan hökumətinin verdiyi qiymətdir.

Təqdimat mərasimində çıxış edən professor Həsən Quliyev, yazıçı Natiq Rəsulzadə kitabın həm də diplomatlar üçün dərslik ola biləcəyini qeyd etmiş, Bakıda yaxşı tanınan Qusmanlar ailəsi haqqında xatirələrini bölüşmüşlər. Bildirilmişdir ki, “Hakimiyyət formulu” kitabının əsas məziyyəti müəllifin qəhrəmanlarının uzun müddət oxucunun yaddaşında qalmasıdır. Qeyd edilmişdir ki, Mixail Qusmanın Rusiyada gördüyü işlər Azərbaycanı daha yaxşı başa düşməyə kömək edir.

Mərasimdə çıxış edən Mixail Qusman onun fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə ürəkdən minnətdarlığını bildirmişdir. M.Qusman demişdir: “Mənim üçün 60-cı ad günümü Vətənim Azərbaycanda qeyd etməkdən böyük xoşbəxtlik yoxdur. Bu tarix Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu ilə eyni vaxta düşmüşdür. Bakı Şərq və Avropa mədəniyyətinin mərkəzidir. Burada müsəlman ənənələri ilə Avropa, rus mədəniyyətinin tarixi qonşuluğu heyrətamiz bir simbioz, bənzərsiz ab-hava yaratmışdır. Buna görə də həmin forumun ”Bakı Forumu" adlandırılması və onun hər il keçirilməsi təklifi çox məqsədəuyğun oldu".

O, öz kitabının qəhrəmanlarından söz açaraq qeyd etmişdir ki, hər bir müsahibədə liderin portretini onun ölkəsinin fonunda göstərməyə çalışmışdır. Mixail Solomonoviç daha sonra demişdir: “Hakimiyyətin zirvəsinə yalnız görkəmli şəxsiyyətlər ucalır. Onların hər biri ilə dialoq qurmağı bacarmaq lazımdır. Mən ümummilli lider Heydər Əliyevlə bir saatdan çox, Prezident İlham Əliyevlə bir neçə saat söhbət etmişəm - mənim onlara deməyə sözüm vardı”.

Televiziya proqramı sayəsində milyonlarla tamaşaçısı 160-dan çox liderin hakimiyyət formulu ilə tanış olmuşdur. Onların hər biri müxtəlif ölkələri və xalqları təmsil edir. Lakin M.Qusmanın fikrincə, bu şəxslərin hamısını birləşdirən cəhət ondan ibarətdir ki, yeni əsrin çağırışlarına məhz onlar cavab verməli olacaqlar və təkcə buna görə onların adı haqlı olaraq dünya tarixinə düşmüşdür.

M.Qusmanın necə işləməsi barədə suala o belə cavab vermişdir: “Jurnalistlər müxtəlif cür olur. Bəzi jurnalistləri cərraha, bəzilərini başqa peşə sahiblərinə bənzətmək olar. Bu mənada məni jurnalist-terapevt adlandırmaq olar: atam terapevtdir, mən də onun oğlu kimi, onun üsulu ilə işləyirəm, yəni insanların qəlbini dinləyirəm”.

Həmyerlimiz Mixail Qusman vidalaşarkən dedi: “Mən buraya, doğma Bakıya gələndə özümü xoşbəxt hiss edirəm. Mənim nəzərimdə Bakı küçələri dünyanın ən gözəl yeridir. Ömrümün çox hissəsini burada yaşamışam, ömür-gün yoldaşımı da burada tapmışam. Azərbaycanın uğurlarına görə fəxr edirəm”.

 

 

Xalq qəzeti.- 2010.- 26 yanvar.- S. 6.