Oftalmologiyada mühüm elmi yeniliklərə imza atmış böyük alim

 

Akademik Zərifə Əliyeva SSRİ səhiyyəsində Averbax mükafatını alan ilk xanım idi

 

Tanınmış ingilis şairi Tomas Strenz Edisonun etirafına görə, uğur qazanmağın bir faizi istedadla, doxsan doqquz faizi isə zəhmət və ağılla bağlıdır. Məhz istedad, zəhmət və ağılla qazanılan bir uğurun illər keçdikdə öz-özünə zənginləşib qüdrətli bir sərmayəyə çevrilən, dünya mədəniyyətinin qiymətli abidələri qədər dəyərli olan bir xatirədən və xatirələrdən bəhs etmək istəyirəm.

“Bakı” qəzetinin tarixə dönmüş 1982-ci il 27 yanvar tarixli nömrəsini oxuyuram. Əsrlər boyu yetişdirdiyi böyük elm xadimləri ilə qürur duyan xalqımıza və respublikamızın ictimaiyyətinə “Azərbaycan aliminə mükafat” başlığı altında xoş bir xəbər yayılıb. Həmin xəbərdən sətirlər: “SSRİ Tibb Elmləri Akademiyası Rəyasət Heyətinin iclası olmuşdur. Akademiyanın rəyasət heyəti 1981-ci ildə ölkəmizin alimlərindən böyük bir qrupuna adlı mükafatlar və diplomlar vermişdir. Mükafat alanlar arasında Azərbaycandan professor Z.Ə.Əliyeva da vardır.

Professor Z.Ə.Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatını almışdır..."

Daha sonra Moskva İkinci Tibb İnstitutu göz xəstəlikləri kafedrasının müdiri, SSRİ Dövlət mükafatı laureatı, RSFSR əməkdar elm xadimi, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor A.Nesterovun “Elm və həyat” jurnalının 1982-ci il tarixli 5-ci nömrəsində dərc olunan “Akademiyanın mükafatı Azərbaycan aliminə verilmişdir” məqaləsində qeyd edilir ki, SSRİ Tibb Elmləri Akademiyası tərəfindən görkəmli sovet alimi, akademik Mixail İosifoviç Averbaxın şərəfinə təsis edilmiş mükafat dörd ildə bir dəfə oftalmologiya sahəsində ən yaxşı elmi tədqiqatlara görə verilir. Mükafata layiq görülmüş əsərlər silsiləsinə “Şin sənayesində gözlərin peşə patologiyası” kitabı, “Rezin sənayesi fəhlələrində gözlərin zədələnməsinin profilaktikası” və “Yod sənayesi fəhlələrində gözlərin zədələnməsinin profilaktikası” adlı metodiki göstərişlər, habelə mərkəzi oftalmoloji jurnallarda və elmi konfransların əsərlərində dərc olunmuş bir sıra elmi məqalə və məruzələr daxildir. Z.Ə.Əliyevanın tədqiqatlarında müəllifin öyrənilən problemə dərin və hərtərəfli münasibəti diqqəti cəlb edir. Eksperimental və laboratoriya tədqiqatları uzun illər aparılmış klinik müşahidələrlə sıx birləşir.

Z.Ə.Əliyeva şin və yod sənayesi fəhlələrində gözlərin peşə xəstəliklərini tədqiq etməyə xüsusi diqqət yetirmişdir. Qeyd etmək lazımdır ki, şin istehsalı ölkəmizin kimya sənayesində getdikcə daha böyük yer tutsa da, Z.Ə.Əliyevanın tədqiqatlarına qədər nə ölkəmizin, nə də xarici ölkələrin tibb ədəbiyyatında şin istehsalının insan orqanizminə və görmə orqanlarına zərərli kimyəvi təsirinə dair müfəssəl əsərlər yox idi. Yodla uzunmüddətli iş prosesində gözlərin zədələnməsinin xüsusiyyətləri də kifayət qədər öyrənilməmişdi...

Sovet mətbuatı onu da yazırdı ki, Zərifə Əziz qızı Əliyeva SSRİ-nin bu ali mükafatına layiq görülən ilk qadın alimdir.

Professor Zərifə xanım Əliyeva məqalələrində bildirirdi ki, Azərbaycanda kimya sənayesi sürətlə inkişaf etdiyi üçün peşə xəstəliklərinə qarşı mübarizə ən vacib tibbi-bioloji problemlərdən biri idi. Geniş miqyasda aparılan profilaktik və müalicə tədbirləri nəticəsində indi kimya sənayesində görmə orqanının peşə xəstəliyinə tutulması hallarına az-az rast gəlinir və özünü intoksikasiyanın yüngül, subklinik forması şəklində büruzə verir.

Zərifə Əliyevanın apardığı fundamental tədqiqatların yeni olduğu məlum idi. Sonralar həmin tədqiqatlar müəllifin 1980-ci ildə Bakıda çap olunan orijinal “Şin istehsalında gözün peşə patologiyası” monoqrafiyasının əsasını təşkil etdi.

Zərifə xanımın tədqiqatlarının miqyası geniş idi. Yaşından və iş stajından asılı olmayaraq, şin istehsalında çalışan 1281 işçinin üzərində klinik müşahidə aparılmışdı. Üstəlik bu araşdırmalar uzun illər ərzində müəyyən istehsal şəraitində kimyəvi intoksikasiyaya məruz qalan heyvanlar üzərindəki eksperimentlərlə elmi şəkildə uzlaşdırılmışdı. Göz xəstəliyinin morfoloji və histokimyəvi tədqiqatları bu xəstələrin patogenetik mahiyyətini aşkara çıxarmağa kömək etdi və göstərdi ki, gözün qabaq hissəsində əmələ gələn dəyişikliklər şin zavodunda istehsal amillərinin birbaşa təsiri ilə, gözün daxili hissəsinin zədələnməsi isə bütövlükdə həmin amillərin ümumtoksik təsiri ilə əlaqədardır.

Zərifə xanımın iş günü kabinetdən yox, zəhmətkeş fəhlə əllərinin çalışdığı istehsalatdan başlanırdı. Bakı yod zavodunda istehsal prosesinin, sanitar-gigiyenik xüsusiyyətlərinin, fəhlələrin iş şəraitinin, müxtəlif təcrübə və iş stajına malik peşə sahiblərinin sağlamlığının hərtərəfli vəziyyətini ciddi şəkildə araşdırmaq lazım gəlirdi. Eksperimental tədqiqatlar nəticəsində Zərifə xanım müəyyən etdi ki, yod istehsalında kimyəvi maddələrin buxarının toksik təsirindən görmə orqanı daha çox zərər çəkir. Klinik-eksperimental tədqiqatların nəticələri görmə orqanına toksik maddələrin təsirini daha düzgün qiymətləndirməyə və rasional müalicə üsulları işləyib hazırlamağa imkan yaratdı. Zərifə xanım Əliyevanın “Xronik yod intoksiyasında oftalmopatologiya” mövzusunda yazdığı ikinci monoqrafiya 1981-ci ildə çap olundu. Həmin monoqrafiya orijinal elmi tədqiqat əsəri kimi oftalmologiya elminin inkişafında əhəmiyyətli rol oynadı.

Tibb elmləri doktoru, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu göz xəstəlikləri kafedrasının professoru Z.Ə.Əliyeva “Kommunist” qəzetinin 1982-ci il, 13 iyun tarixli nömrəsində dərc olunmuş “Fəlakətin qarşısını almaq olar!” məqaləsində gözün bəzi irsi xəstəlikləri haqqında məlumat verərək kataraktadan bəhs edib yazırdı: “Gözün anadangəlmə dəyişiklikləri arasında ən tez-tez təsadüf edilən xəstəlik büllurun tutqunlaşması, yəni katarakta xəstəliyidir. Katarakta gözün anadangəlmə dəyişikliklərinin 60 faizini təşkil edir. Valideynlər uşağın bəbəklərinin rənginə fikir verməlidirlər. Bəbək adi halda qara görünür, kataraktada isə boz olur. Katarakta görmə qabiliyyətinin xeyli azalmasına, bəzən isə tamamilə itirilməsinə gətirib çıxarır ki, bu da ətraf aləmin predmetlərini qavramaq qabiliyyətindən məhrum olan uşağın ümumi hərəki və əqli inkişafına mənfi təsir göstərir. Buna görə də valideynlər öz oğlunu və ya qızını cərrahi müdaxilə yolu ilə kataraktadan xilas etmək üçün mütəxəssisə tez müraciət etməlidirlər. Qlaukoması olan uşaqlar müalicə edilmədikdə, onların 55 faizə qədəri adətən məktəb yaşına çatanadək görmə qabiliyyətini tamamilə itirib kor olur. Ömrün ilk aylarında uşaqda qlaukoma olduğunu onun işıqdan qorxmasından, gözlərinin yaşarmasından, iştahı olmamasından və narahat yatmasından bilmək olar. Bu hallar göz almasının böyüməsi ilə müşayiət edilə bilər.

Oftalmoloq belə uşaqlarda xeyli yüksək olan gözdaxili təzyiqi ölçmək yolu ilə diaqnoz qoyur. Vaxtında aparılan dərman müalicəsi və ya cərrahiyyə əməliyyatı anadangəlmə qlaukoması olan uşağın görmə qabiliyyətini hifz edə bilər."

Zərifə Əziz qızı Əliyevanın namizədlik dissertasiyası o dövrdə oftalmologiya üçün sosial baxımdan aktual sayılan traxoma xəstəliyi ilə mübarizəyə həsr edilmişdi. Traxoma korluq hallarının ən geniş yayılan səbəblərindən biri kimi dəhşətli ictimai bəlaya çevrilmişdi. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada 400 milyon nəfər traxoma xəstəliyinə tutulmuş, 80 milyon nəfər bu səbəbdən kor olmuşdu. O, həmin namizədlik işi üzərində işləyərkən, yüzlərlə, minlərlə xəstəyə şəfa vermiş, uşaq evlərində yaşayan, ata-anasız neçə-neçə uşağı bəlalardan xilas edərək, onların gözlərinə nur, talelərinə həyat işığı bəxş etmişdi.

Zərifə xanımın atası Əziz Məmmədkərim oğlu Əliyev böyük alim, tibb elmləri doktoru, professor olmaqla bərabər, tanınmış dövlət xadimi idi. O, Azərbaycanda səhiyyənin və tibb elminin inkişafındakı xidmətləri ilə xalq arasında nüfuz və ehtiram qazanmışdı. Çoxsaylı elmi əsərləri ilə səhiyyəmizə böyük nailiyyətlər bəxş edən Əziz Əliyev öz şərəfli yolunu övladlarına da aşılamışdı. Zərifə xanım atasının yolunu davam etdirməklə fəxr edirdi. “Mən bununla atamın ruhunu yaşadıram” deyən Zərifə Əziz qızının elm aləmini heyrətə salan, bir-birinin ardınca yüzlərlə məqaləsi, ixtira və səmərələşdirici təklifləri, neçə-neçə monoqrafiyası işıq üzü görməklə milli təbabətimizin üstünə işıq saldı. O, bu əsərlərinə “Atamın ömrü” deyirdi. Öz həyatını bu yolla atasına həsr edirdi.

Həyat yoldaşı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin böyük zəhmətlə tikdirib ərsəyə gətirdiyi Bakı Məişət Kondisionerləri Zavodunun elmi laboratoriyasındakı fəaliyyəti Zərifə xanımın həyatında, əlbəttə ki, əvəzolunmaz izlər qoydu. Həmin illərdə zavodun istehsalat üzrə direktor müavini vəzifəsində çalışmış Məhərrəm Baxşəliyevin dediklərindən:

– Zavodun direktoru Sənan Axundov Moskvada səfərdə idi. Azərbaycan Respublikası Mərkəzi Komitəsindən Həsən Seyidov mənə zəng edib bildirdi ki, Zərifə xanım Əliyevanın göz xəstəliklərinin müvafiq sahələri ilə bağlı müdafiə etdiyi doktorluq işi SSRİ miqyasında böyük rezonans doğurub və o, aparıcı sənaye müəssisəsi kimi kondisioner zavodunda elmi laboratoriya açmaqla, istehsalatın zəhmətkeşlərinin görmə orqanına təsirinə dair tədqiqatları davam etdirmək fikrindədir.

Ertəsi gün səhər saat 8.45-də Zərifə xanım zavodun qarşısında maşından düşdü. Gəlib mənə çatanda mülayim səslə: “Siz yoldaş Baxşəliyevsiniz?” - deyə soruşdu.

- Bəli, Zərifə xanım, - deyə cavab verdim.

- Laboratoriya üçün hansı mərtəbədə otaqlar seçə bilərik?

Üçüncü mərtəbəyədək zavodun idarəsi yerləşdiyini bildirib dördüncü, beşinci və altıncı mərtəbələrə baxdıq. Hər mərtəbəyə diqqət yetirəndən sonra altıncı mərtəbəni bəyəndi. 3-4 otaq seçərək təkliflərini bildirib dedi ki, sabah gəlib sizə deyəcəklər hansı otaq hansı rəngdə boyanacaq. Ancaq sizdən xahiş edirəm, dəm-dəstgahlı təmir olmasın. Artıq xərc çəkməyə ehtiyac yoxdur.

Professor Zəhra Quliyeva məhəbbətlə yazırdı ki, biz Zərifə xanımın Averbax adına ali mükafata layiq görülməsi xəbərini eşidəndə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin iclasında qərara aldıq ki, əlamətdar hadisəni təntənəli şəkildə qeyd edək. Zərifə xanıma soraq çatanda o, bərk həyəcanlanaraq sıxıla-sıxıla həmkarlarını bu fikirdən çəkindirməyə çalışdı. Cəmiyyətin nümayəndəsi kimi mən min bir əzab-əziyyətdən sonra onu, nəhayət, inandıra bildim ki, bu fakt bütün Azərbaycan oftalmologiyasının şərəf və qüruru deməkdir. Buna görə də Zərifə xanımın öz həmkarlarını bu əlamətdar hadisəni qeyd etmək imkanından məhrum etməsi düzgün deyildir. Təbii təvazökarlığı, yüksək mədəniyyəti, öz uğurlarını çox da nəzərə çarpdırmamaq, təntənə və dəbdəbədən uzaq qaçmaq kimi xüsusiyyətləri Zərifə xanımı bizə daha da sevdirir və doğmalaşdırırdı. Cəmiyyətin dediyim iclası çox xahişlərdən sonra baş tutanda, o, heyranlıq dolu təriflərə imkan vermədən apardığı işdən söz açdı. Biz sidq-ürəkdən təbriklər hazırlamışdıq ki, onun könlü xoş olsun. Zərifə xanım isə təbriklərimizi təqdim etməyə imkan vermirdi. Bu epizod onun böyüklüyünü və sadəliyini təcəssüm etdirirdi.

Biz onu sevir, onunla fəxr edirdik. Zərifə xanım Azərbaycan xalqının, Azərbaycan elminin, Azərbaycan oftalmologiyasının iftixarı idi. Bununla bərabər, Zərifə xanım qeyri-adi dərəcədə təvazökar və ciddi insan idi. Bütün ömrü boyu meşşanlığa, mənəviyyatsızlığa, əxlaqi ideyaların itirilməsinə qarşı barışmaz mübarizə aparmışdı. Kristal dərəcədə təmiz, doğruçu və təmənnasız bir insan kimi o, yüksək keyfiyyətlərin carçısı idi.

Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun direktoru, Dövlət mükafatı laureatı M.M.Krasnov Zərifə xanımdan bəhs edərkən qeyd edir ki, o, böyük zəhmət və gərgin axtarışlar hesabına tibb aləminə yeni bir töhfə - “İridodiaqnostika” kimi nəhəng elmi monoqrafiya bəxş etdi ki, həmin dəyərli kitab mağazaların rəflərində görünən kimi dərhal “yoxa çıxırdı”. Zərifə xanımın elmi cəsarəti ilə elmi təvazökarlığı çox təbii və səmimi idi. Hər iki insani keyfiyyət bir-birilə təzadlı olsa da, bunlar Zərifə xanımın xarakterində vəhdət təşkil edirdi. Elmi nailiyyətlərinə görə o, SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüləndə bütün səmimiyyəti ilə təəccüblənmişdi: “Nə üçün məhz mənə?..”

Zərifə xanım tək elm aləmində deyil, həyatda da insanlığa şərəf gətirən sadə və təvazökar duyğulara malik idi. Yenə dahilərin sözləri yada düşür: Güclü adamlar həmişə sadə olur. Xarakterdə, davranışda və ümumiyyətlə, hər bir işdə ən gözəl şey sadəlikdir. Sadəlik həm də nəcabət əlamətidir. Sadəlik mənəvi gözəlliyin başlıca şərtidir. Ən dəyərli insanlar təvazökar insanlardır. İnsanı gözəlləşdirən, ona zinət verən ən mühüm cəhətlərdən biri də onun təvazökar və sadə olmasıdır.

Əlli ildən artıq Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda həkim, şöbə müdiri işləmiş Suğra xanım Babayeva Zərifə xanımı yad etdiyi zaman həm kövrəlir, həm də gözlərində işıq dolu sevinc parlayırdı. Söhbət edirdi ki, Zərifə xanım sanki hər an insanlara kömək, yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Biz o zaman təcrübəsiz idik, xəstəlik tarixini yazanda çətinlik çəkirdik. Xüsusi ilə rus dilində qeydlər etdikdə Zərifə xanım bizə kömək edir, cümlələrimizdəki ifadələrin, sözlərdəki şəkilçilərin düzgün işlənməsinə diqqət yetirir, redaktələr edirdi. İşə gələndə hamı ilə səmimi salamlaşıb görüşürdü.

Zərifə xanım iş yoldaşlarının xeyrindən – şərindən qalmırdı. Slutski soyadlı bir işçimiz var idi, yeni mənzil almışdı. Hamımız yığışıb onu təbrik etməyə getdik. Slutskinin arvadı musiqi müəlliməsi idi, pianodan dərs deyirdi, odur ki, evdəki piano diqqətini cəlb etdi. Zərifə xanım piano arxasına keçdi. Gözəl musiqi nömrələri, milli operettalarımızdan, musiqili komediyalarımızdan nümunələr ifa etdi. Həkimlərimiz şən əhval - ruhiyyədə qol götürüb rəqs etdilər.

Nəhayət, qədim yunan filosofu Platonun müdrik kəlamlarını xatırlamaq zənnimcə son fikirlərimi söyləməyə bir körpü yaradar: “Həkimlərin etdikləri ən böyük xəta ruhu düşünmədən yalnız bədəni müalicə etməyə təşəbbüs göstərmələridir.” Bu kəlmələr akademik Zərifə xanım Əliyevanın 2003-cü ildə “Azərbaycan” nəşriyyatında çap olunmuş “Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı” kitabındakı yüksək təfəkkürlü düşüncəsi və tövsiyələri ilə necə də üst-üstə düşür: “Xəstəyə düzgün münasibət həkim sənətinin əsas mahiyyətlərindəndir. Bəzən həkim xəstəyə yardım göstərərkən xəstəliyin xüsusiyyətlərindən asılı olaraq, həkim xəstənin və onun qohumlarının yersiz məzəmmətlərini, acı sözlərini, hətta hədələrini dinləməyə məcbur olur. Başqa sənət sahibi olanlar bundan inciyərək onu təhqir edəndən imtina edərdi, üstünə qışqırıb onu qovardı. Lakin həkim belə hərəkəti özünə rəva bilmir, özünün təhqir olunmuş hissiyyatını və həyəcanını büruzə verməyə ixtiyarı yoxdur... Həkim xəstənin mənafeyini hər şeydən üstün tutmalıdır, öz iş gününün qurtarmasına baxmayaraq, o, xəstəxanada qalaraq xəstəsinə yardım edir, hətta onun çarpayısı yanında bir neçə sutka qalır, bunun cavabı isə xəstənin təşəkkürlü gülümsəmələri olur...

Həkim xeyirxah olmalıdır... Həkimlik fəaliyyətinin xüsusiyyəti xəstə ilə həkim arasında həqiqi hörmət, həkimin xəstənin əziyyətini yüngülləşdirmək üzərində qurulmalıdır... İnsan xəstələnib yorğan-döşəyə düşəndə həkim ona gəlir mənbəyi kimi baxmamalıdır. Bundan biabırçı halı ağla gətirmək olmaz. Biz bununla barışa bilmərik... Ancaq həqiqi həkim odur ki, o, xəstənin əzabını öz şəxsi əzabı kimi qəbul etsin; sağalmış, dirilmiş insanın gülər üzü, şadlığı həkim üçün ən böyük mükafat, şərəfdir... Həkimin ehtiyatsız söylədiyi söz xəstəliyə gətirib çıxara bilər... Ən təhlükəlisi və dəhşətlisi odur ki, əyninə ağ xalat geymiş həkim laqeyd olsun. Həkim insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd olmamalıdır."

Bunlar Zərifə xanımın tövsiyələri idi... Tibb aləmində zəngin bir həyat, təcrübə keçmiş akademikin son dərəcə qiymətli tövsiyələri. Nəzakətli, alicənab insan, mehriban həyat yoldaşı, qəlbi övlad, nəvə sevgisi ilə döyünən qayğıkeş ana, vətənpərvər və fədakar bir azəri qızı olan Zərifə xanım dünyadan tez köçsə də, əsl həqiqətdə onun ünvanı milyonlarla insanın məhəbbət dolu ürəyi, əbədiyaşar, müqəddəs bir məkan oldu.

 

 

Reyhan MİRZƏZADƏ,

publisist-politoloq

 

Xalq qəzeti.- 2010.- 26 yanvar.- S. 5.