Azərbaycan həqiqətlərini
təsdiqləyən tarixi
xəritələr aşkarlanmışdır
Hazırda ərazi
bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan xalqımızın haqq səsini bütün dünyaya çatdırmaq, yalan üzərində qurulan erməni təbliğatını
ifşa etmək üçün Azərbaycan
barəsində həqiqətləri
hər kəsə bəyan
etmək çox vacibdir.
Azərbaycan Milli
Elmlər Akademiyası akademik Ziya Bünyadov adına
Şərqşünaslıq İnstitutundan bildirmişlər
ki, tarixi sənədlər məhz Azərbaycan xalqının
əzmkar mübarizəsində haqlı olduğunu
açıq-aşkar göstərir. Sadəcə,
ermənilərin dünya
ictimaiyyətininin gözü
önünə çəkdiyi
qalın yalan pərdəsini yarmaq üçün hər birimiz həqiqətləri
üzə çıxarmaq
işində əlimizdən
gələni əsirgəməməliyik.
Bu sahədə Şərqşünaslıq İnstitutunun
direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyevanın ötən
ay Misirin Dar-ül-Kütub kitabxanasından
əldə edərək
gətirdiyi xəritələr
böyük əhəmiyyətə
malikdir. Həmin kitabxananın kartoqrafiya şöbəsində 15 mindən
artıq müxtəlif
tarixi xəritə saxlanılır. Misirə
qısa səfəri dövründə Gövhər
Baxşəliyeva bu xəritələrin yalnız
bir qismi ilə tanış olmaq imkanı əldə etmişdir. Lakin elə bu xəritələr arasından o, Azərbaycan üçün
çox dəyərli
olan 5 xəritəni üzə çıxararaq
surətini götürmüşdür.
Avropa və Asiya ölkələrində
ötən əsrlərdə
nəşr edilmiş
və tarixin müxtəlif dövrlərini
əhatə edən bu xəritələrlə
tanış olarkən
Azərbaycanın ərazi
bütövlüyünün, Ermənistanın isə indiki ərazisindən çox-çox uzaqlarda, cənubda olmasının Qərb alimlərinə, xəritəşünaslarına
açıq-aydın bəlli
olduğu təsdiqlənir.
Bütün bunlar mənfur qonşularımızın
son dövrlərdəki
yalançı təbliğatının
ifşa edilməsinə
yeni bir əsas verir.
Gövhər Baxşəliyeva
həmin xəritələrin
surətini Bakıya gətirmiş və onları dərindən araşdırmışdır. Alimin
bu araşdırmalarının
nəticəsi ilk növbədə Azərbaycan
oxucusuna, daha sonra isə bütün dünya ictimaiyyətinə çatdırılacaqdır.
Bu xəritələrdən
birincisi (şəkil
1a, şəkil 1b) ötən
əsrin əvvəllərində
Parisin Sent Denis Bulvarı 18-20 ünvanında A.Tarid tərəfindən nəşr
edilmişdir. Dəmir
yolları və naviqasiya xətlərini göstərmək üçün
tərtib olunan bu xəritə Avropa və Asiya ölkələrini əhatə edir. Bu xəritədə Xəzər
dənizinin qərb sahillərində təsvir
edilən və Azərbaycan kimi təqdim edilən dövlətin ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin (1918- 1920-ci illər) ərazisi ilə uyğun, hətta nisbətən geniş verilmişdir.
Azərbaycan Milli Ensiklopediyasında təqdim
edilən müvafiq xəritədə (səh.
290) mübahisəli ərazi
kimi qeyd edilən yerlər də A.Taridin xəritəsində Azərbaycan
ərazisi kimi verilmişdir. Dağlıq Qarabağın, o
cümlədən Şuşanın
tarixi Azərbaycan ərazisi olduğunu təsdiqləyən bu xəritədə ölkəmizin
ərazisinə indiki dövlətimizin ərazisindən
əlavə şimaldan
Dərbənd, Qasımkənd
və daha yuxarı olan yerlər verilir. Qərbdən sərhəd
Göyçə gölündən
keçir. Müasir Ermənistanın Mehri, Qafan, Gorus, Sisyan,
Vardenis, Krasnoselsk rayonları, Berd rayonunun yarıdan çoxu və s. Azərbaycan ərazisi kimi göstərilir. Bu xəritənin Azərbaycanın
ərazi bütövlüyünü
təsdiqləyən tarixi
coğrafiyasının öyrənilməsində
mühüm əhəmiyyəti
vardır.
Digər bir xəritədə Gülüstan,
Türkmənçay müqavilələrindən
sonrakı İran ərazisi əks olunmuşdur. Fars dilində tərtib olunan bu xəritədə
Azərbaycan toponimi Araz çayının sahillərindən ta İraqın sərhədlərinə
kimi uzanan ərazi üzərində
yazılmışdır. Burada
Azərbaycan ərazisində
Əhər, Mərənd,
Savalan dağı, Urmiya gölü, Marağa, Mahabad, Maku, Xoy, Ərdəbil,
Miyanə, Təbriz və digər şəhərlər göstərilir.
Xəritələrdən üçüncüsü
(şəkil 3a, şəkil
3b, şəkil 3c) 1785-ci ildə
İtaliyanın Venesiya
şəhərində tərtib
olunmuşdur. Böyük
Makedoniyalı İsgəndərin
imperiyası adlanan bu xəritə Avropa, Afrika və Asiyanı əhatə edir. Xəritə Antonio Zatta və onun
oğlanları tərəfindən
italyan dilində tərtib edilmişdir. Burada Xəzər dənizinin qərb sahilində Albaniya ərazisi göstərilir.
Ərazinin cənubunda
Araz çayı qeyd edilir. Xəritəyə
diqqət yetirdikdə
dövlət deyil, sadəcə coğrafi ərazi kimi böyük və kiçik Ermənistanın
Araz çayından xeyli cənubda Assuriya və Mesopatamiya ilə qonşuluqda verildiyini görmək olar.
Növbəti iki xəritə Niderlandın
Amsterdam şəhərində
tərtib olunmuşdur
və Osmanlı imperiyasını əhatə
edir. Rəssam Yudukus Hundius tərəfindən tərtib
edilən bir xəritə Sultan III Məhmətin dövrünə
(1595-1603) aiddir. Digər
xəritə isə
1775-ci ildə rəssam
Fridrix dö Vid tərəfindən tərtib edilərək çap olunmuşdur. Bu xəritələrdə
də erməni ərazilərinin indikindən
xeyli cənubda olaraq, müasir Ermənistan dövlətinin
ərazisinə heç
bir aidiyyətinin olmaması aşkar görünür. Fridrix dö Vidin xəritəsində
Azərbaycan ərazisində
Şirvan toponimi qeyd edilir.
Göründüyü kimi, bütün
bu xəritələr
Azərbaycanın ərazi
bütövlüyünü təsdiqləməklə, erməni
uydurmalarını ifşa
etməklə yanaşı,
bunun Qərbdə və Şərqdə ötən əsrlərdə
xəritəşünas alimlər
tərəfindən şəksiz
qəbul edildiyini tam olaraq sübuta yetirir, tarixi Ermənistan ərazilərininin isə
nəinki Dağlıq
Qarabağa, heç indiki Ermənistan dövlətinin özünə
də aidiyyəti olmadığını göstərir.
İstər Dar-ül-Kütubda,
istərsə də dünyanın digər mötəbər mənbələrində
bu həqiqətləri
bir daha təsdiqləyə biləcək
daha onlarla sənədlər əldə
etmək mümkündür.
Bütün bunları
aşkarlamaq Azərbaycan
elminin, dünya ictimaiyyətinə çatdırmaq
isə hər bir azərbaycanlının
borcudur.
Xalq qəzeti.- 2010.- 26 yanvar.- S. 5.