Baş Dövlət Yol Polisi
İdarəsində 2009-cu ilin yekunlarına həsr olunmuş
geniş əməliyyat müşavirəsi
keçirilmişdir
Yanvarın 25-də respublikanın daxili işlər
naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Baş
Dövlət Yol Polisi İdarəsində 2009-cu ildə yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi və ictimai
asayişin mühafizəsi sahəsində görülən
işlərin yekunlarına həsr olunmuş geniş əməliyyat
müşavirəsi keçirilmişdir.
Əməliyyat
müşavirəsini giriş sözü ilə açan
nazir R.Usubov 2009-cu ilin ölkəmizin müasir tarixində
yaddaqalan, önəmli hadisələrlə zəngin və əlamətdar
olduğunu, ümummilli lider Heydər Əliyevin
xalqımıza bəxş etdiyi müstəqil, demokratik
dövlətimizi tərəqqiyə, gələcək
uğurlara aparan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin həyata
keçirdiyi möhtəşəm tədbirlərin məntiqi
nəticəsi olaraq ölkəmizin beynəlxalq mövqelərinin
daha da möhkəmləndiyini, müdafiə
potensialının gücləndiyini, iqtisadi sahədə
böyük nailiyyətlər əldə edildiyini
vurğulamışdır.
General-polkovnik Ramil Usubov
Azərbaycanda demokratik prinsiplərə, hüququn aliliyinə
söykənən cəmiyyətin
formalaşdığını, onun regionda lider dövlətə
çevrildiyini bildirmiş və möhtərəm dövlət
başçımızın dəfələrlə qeyd etdiyi
fikri bir daha diqqətə çatdırmışdır ki,
bütün bu uğurların qazanılmasında
başlıca amillərdən biri də davamlı sabitlik, əmin-amanlıq,
əlverişli kriminogen durumdur. Bu işdə daxili işlər
orqanlarının danılmaz xidmətləri vardır.
İctimai asayişin təmin edilməsində ən mühüm istiqamətlərdən biri olan yol hərəkəti təhlükəsizliyi kimi məsul vəzifə məhz Dövlət Yol Polisi əməkdaşlarının üzərinə düşür. Ona görə də əməliyyat müşavirəsinin müzakirəsinə çıxarılan məsələ günün tələbləri baxımından olduqca aktualdır.
Daha sonra Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov 2009-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində DYP əməkdaşlarının fəaliyyətinin nəticələrinə dair hesabat məruzəsi ilə çıxış etmişdir. O demişdir ki, avtomobil parkının sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, insanların həyatının və sağlamlığının avtomobillərin zərərli təsirlərindən müdafiəsi Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur.
Qeyd edilmişdir ki, təkcə 2009-cu ildə fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizə 75 min avtomobil gətirilmişdir ki, bununla da respublikada nəqliyyat vasitələrinin ümumi sayı 937 mini keçmişdir. Belə bir şəraitdə Dövlət Yol Polisi əməkdaşları da işlərini müasir tələblər səviyyəsində qurmaq, hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bir sıra praktiki tədbirlər həyata keçirmişlər. Hesabat ilində 884 mindən çox yol hərəkəti qaydasının pozulması faktı, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 20 min, sürət həddinin aşılması üzrə 138 min, ötmə qaydalarının pozulması üzrə isə 13 min fakt aşkar edilmişdir. Aşkar olunan qayda pozuntuları üzrə 105 mindən çox sürücü cərimə edilmişdir. 3062 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş belə tədbirlər nəticəsində yol-nəqliyyat hadisələrinin sayının və onların ağırlıq dərəcəsinin azalmasına nail olunmuşdur. Belə ki, respublika ərazisində 2792 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Bu qəzalarda 930 nəfər ölmüş, 3044 nəfər yaralanmışdır. 2008-ci illə müqayisədə hadisələrin sayı 178 fakt, həlak olanların sayı 122, yaralananların sayı 188 nəfər azalmışdır. Qeydə alınmış yol-nəqliyyat hadisələrinin 43,5 faizi nəqliyyatın yüksək sürətlə idarə olunması, 24,3 faizi ötmə qaydalarına düzgün riayət edilməməsi səbəbindən baş vermişdir.
Hesabat dövründə DYP əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 20 nəfər yaxalanmış, qanunsuz saxlanılan 37 odlu silah, o cümlədən 20 avtomat, 8 tapança, 8 tüfəng, 1 pulemyot və digər döyüş sursatı yığılmışdır. Narkotiklərlə mübarizə məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində 33 fakt müəyyən edilmişdir ki, bunun sayəsində dövriyyədən 84 kiloqram narkotik vasitə çıxarılmışdır.
Məruzə ətrafında çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin bir sıra xidmət və ərazi orqanlarının rəisləri görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmış, nöqsanları qısa müddətdə aradan qaldıracaqlarını bildirmişlər.
Əməliyyat müşavirəsinə yekun vuran nazir Ramil Usubov Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətini ümumən müsbət qiymətləndirmiş, eyni zamanda, hələ də bəzi çatışmazlıqların mövcud olduğunu qeyd etmiş, onların aradan qaldırılması yollarını göstərmiş, tapşırıq və tövsiyələrini vermişdir. Nazir demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına yüksək tələbkarlığı, diqqət və qayğısı xidməti vəzifələrin yerinə yetirilməsində məsuliyyətimizi daha da artırır. Gündəlik fəaliyyətində ictimaiyyətlə sıx təmasda olan Yol Patrul Xidmətinin əməkdaşları yol hərəkəti qaydalarını pozanlara, eləcə də cinayətkarlığa qarşı daha qətiyyətli və barışmaz mübarizə aparmalı, eyni zamanda, ədalətli və yüksək nizam-intizamlı olmalıdırlar.
Daxili işlər
naziri Ramil Usubov Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki,
daxili işlər orqanları, o cümlədən Dövlət
Yol Polisi əməkdaşları cinayətkarlığa qarşı
mübarizə, yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi istiqamətindəki fəaliyyətini
bundan sonra da qətiyyətlə davam etdirəcək, dövlətimizin
başçısının sabitliyin, əmin-
amanlığın, ictimai asayişin nümunəvi təmin
edilməsi istiqamətində qarşıya qoyduğu
bütün vəzifələri əzmlə yerinə yetirəcəklər.
Xalq qəzeti.- 2010.- 26 yanvar.- S. 3.