Əmlak Məsələləri
Dövlət Komitəsində 2009-cu ilin yekunlarına dair
geniş kollegiya iclası keçirilmişdir
Əmlak Məsələləri Dövlət Komitəsində
2009-cu il ərzində dövlət əmlakının idarə
edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə
investisiyaların cəlb olunması, daşınmaz əmlaka
dair hüquqların dövlət qeydiyyatına
alınması, daşınmaz əmlakın dövlət
reyestrinin və vahid kadastrının aparılması sahələrində
görülmüş işlərə dair geniş
müşavirə keçirilmişdir.
İclasda
çıxış edən komitə sədri Kərəm Həsənov
qeyd etmişdir ki, qarşıya qoyulmuş vəzifələrin
yerinə yetirilməsi istiqamətində, o cümlədən,
dövlət əmlakının səmərəli idarə
edilməsi, onun qorunub saxlanılması və mühafizəsi,
özəlləşdirmənin sürətləndirilməsi,
bu sahəyə investisiyaların cəlb edilməsi,
regionların inkişafının təmin olunması
üçün istehsal və emal müəssisələrinin
fəaliyyətinin bərpası, inkişafı, yeni iş
yerlərinin açılması, özəlləşdirilən
müəssisələrdə investisiya qoyuluşlarına nəzarət
edilməsi sahələrində zəruri işlər
görülmüşdür. Komitə sədri həmçinin
bildirmişdir ki, fəaliyyət prosesində şəffaflığın
və səmərəliliyin daha da artırılması,
operativliyin təmin edilməsi və digər bu kimi vəzifələr
əsas prioritetlər təşkil etmişdir.
Natiq göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli müvafiq sərəncamına əsasən, dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahələrində dövlət idarəetməsinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi sahəsində tədbirlər həyata keçirilmişdir.
2009-cu ildə dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 20-yə yaxın normativ hüquqi (normativ) xarakterli sənəd layihələri hazırlanmışdır.
İclasda komitə tərəfindən görülən işlərin statistik göstəriciləri də qeyd edilmişdir. Bildirilmişdir ki, dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 2009-cu ildə ümumilikdə respublika üzrə 700-ə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilmişdir. 2009-cu il ərzində 450-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir. Həmçinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən hesabat dövründə 80,5 milyon manat məbləğində investisiya qoyulmuşdur.
Əvvəlki dövrlərdə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 7 dövlət müəssisəsi üzrə mülkiyyət hüquqi alıcılara keçirilmişdir. Ümumilikdə hesabat dövründə keçirilmiş investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş 80 dövlət müəssisəsinə 480,5 milyon manat həcmində investisiya qoyulmuş, bu müəssisələrdə təqribən 13 minə yaxın iş yeri yaradılmış, investisiya şərtləri ilə yanaşı, dövlət büdcəsinə 32,5 milyon manat vəsait köçürülmüşdür.
“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilmiş özəlləşdirmə nəticəsində 2009-cu ildə dövlət büdcəsinə ümumilikdə 59 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunmuşdur.
Tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq dövlət müəssisələrində, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə əmlakın mövcud vəziyyətinin və ondan istifadənin səmərəliliyinin araşdırılması istiqamətində monitorinq və araşdırmalar davam etdirilmişdir. Bunun nəticəsi olaraq ötən il 300-ə yaxın müəssisə və obyektdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanması, ödənilməsi vəziyyəti araşdırılmışdır. Nizamnamə kapitalında dövlətin payı olan 356 səhmdar cəmiyyətindən və idarəetmədə olan 202 dövlət müəssisəsindən balans hesabatları qəbul edilmişdir.
Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin tam istismara verilməsi başa çatdırılmışdır. Eyni zamanda, qanunvericilikdə və hüquqi normativ aktlarda edilmiş dəyişikliklər nəzərə alınmaqla “Daşınamaz Əmlakın Milli Qeydiyyat Sistemi” təkmilləşdirilmiş, yeni modullar yaradılmış, əhaliyə xidmət göstərən ərazi idarələrinin maddi-texniki təminatı gücləndirilmiş, sistemin yeni variantı hazırlanmışdır.
2009-cu ildə respublika üzrə 89 milyon artıq daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bunlardan 30 minə yaxını ilkin, 59 minə yaxını isə təkrar qeydiyyat olmuşdur. Üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 19 minə yaxını fərdi yaşayış və bağ evi, 34 minə yaxını mənzil, 31 mini torpaq sahəsi, 5 minə yaxını qeyri-yaşayış sahəsi, 440-a yaxını əmlak kompleksi, 8-i çoxmərtəbəli yaşayış binası, 570-ə yaxını çoxillik əkmə təşkil etmişdir. Bununla yanaşı, hesabat müddətində 15,5 minə yaxın ipoteka müqaviləsi, 650-yə yaxın yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınmışdır.
Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı üzrə səlahiyyətli qurumlar ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi sahəsində də tədbirlər həyata keçirilmişdir. Belə ki, bir sıra ölkələrlə, o cümlədən Türkiyə Cümhuriyyətinin, Belarus Respublikasının, Rusiya Federasiyasının, Litva Respublikasının və Pakistan İslam Respublikasının müvafiq qurumları ilə qarşılıqlı əlaqələr qurulmuşdur.
Müşavirədə fəaliyyət istiqamətləri ilə bağlı müvafiq tapşırıqlar da verilmişdir. Belə ki, komitənin sərəncamında olan dövlət müəssisələrinin, habelə özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərin əmlakının qorunub saxlanılması və mühafizəsi, müəssisə və təşkilatlarda əmlakın səmərəsiz istifadəsi, dövlət əmlakının zəbt olunması hallarının aşkarlanması və bu kimi hallarla bağlı müvafiq tədbirlərin görülməsinin zəruriliyi göstərilmişdir.
İclasda daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı sisteminin inkişaf etdirilməsi, bu sahədə şəffaflığın və səmərəliliyin artırılması, habelə vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı da müvafiq tapşırıqlar verilmişdir.
Komitədə vahid informasiya işinin təkmilləşdirilməsi, Dünya Bankının layihəsi üzrə ardıcıl tədbirlərin görülməsi, vətəndaşlardan daxil olan müraciətlərə vaxtında və mahiyyəti üzrə baxılmasının vacibliyi vurğulanmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 26 yanvar.- S. 4.