Azərbaycan dövləti
insanların rifah halının
yaxşılaşdırılmasını prioritet istiqamət
hesab edir
Dünya
iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə
2009-cu ildə çox düzgün və vaxtında
atılmış addımlarla iqtisadi maraqlarımızı
qoruya bildik, insanların rifah halının pisləşməsinə
yol vermədik, əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin
sosial vəziyyəti daha da yaxşılaşdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasındakı nitqindən
Ulu öndər Heydər Əliyev
həm mənəvi, həm də demokratik dəyər kimi
qiymətləndirilən xalqa hesabat verilməsi məsələsini
daim üstün tutmuş, özü bu tendensiyanın
çox mükəmməl nümunəsini
yaratmışdır. Ümummilli liderimizin hələ ölkəmizə
birinci dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə
nazirlik və komitələrin, şəhər və rayon rəhbərlərinin
dövri olaraq öz fəaliyyətləri barədə
açıq hesabatla çıxış etmək ənənəsi
çox müsbət qarşılanırdı.
Sonrakı dövrdə
isə ulu öndərin xalq qarşısında hesabat verməyin
möhtəşəm nümunəsini
yaratdığının şahidi olduq. Birincisi, dövlətimizin
Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün həyata
keçirdiyi tədbirlər və danışıqların vəziyyəti
barədə ulu öndərin 1998-ci ildə Milli Məclis
qarşısında verdiyi hesabat idi. Həmin hesabat elə əhatəli
və incəliklə hazırlanmışdı ki, əcnəbi
siyasətçi və politoloqlar da həmin hesabatdan yüksək
səviyyədə bəhrələnmişdilər. Münaqişənin
kökləri, problemin aradan qaldırılmasına mane olan
amillər, tərəflərin mövqeyi, beynəlxalq ictimaiyyətin
ikili standartlardan əl çəkə bilməməsi və
bir çox amillər hətta, konfliktoloq mütəxəssislər
üçün də maraqlı ola biləcək səviyyədə
səsləndirilmişdi.
Ulu öndərin daha
böyük və analitik məzmunlu hesabatı isə 2000-ci
ilin son günlərində “Yeni il, yeni əsr və
üçüncü minilliyin başlanması münasibətilə
Azərbaycan xalqına müraciəti” idi. Rəsmi adı
müraciət olan həmin sənəd əslində
xalqımızın mövcud olduğu bütün
dövrü, dövlətçilik tariximizi, müstəqil Azərbaycanın
keçdiyi yolu və konkret olaraq 2000-ci ili əhatə edən
mükəmməl hesabat idi. Ulu öndər Şərq
müdriklərinin “Geriyə baxmayan qabağı görməz”
ifadəsinin fəlsəfi aspektlərini daim üstün
tuturdu. Bir də ki, xalq qarşısında hesabat verməyi
xalq qarşısında xidməti olanlar bacararlar. Təmsil
etdiyim siyasi partiyanın hakimiyyətdə olduğu
bütün dövrdə — bu dövr Azərbaycanın
möhtəşəm inkişafı və çiçəklənməsi
ilə yadda qalmışdır — dövlət və dövlət
başçısı daim xalqa açıq hesabat vermiş,
öz fəaliyyətinin müsbət və mənfi tərəflərini
qətiyyətlə söyləmişdir. Prezident İlham Əliyev
də bu ənənəni yüksək səviyyədə,
dövri olaraq davam etdirir. Yuxarıda qeyd etdiyimiz ifadədə
təsdiq olunduğu kimi, bugünkü Azərbaycan dövlətinin
xalqımız qarşısında hesabat verərkən
söyləməyə çoxlu faktları vardır. Aşağıda
onlardan bəzilərini qeyd edəcəyik. Elə Nazirlər
Kabinetinin Prezidentin sədrliyi ilə keçən 18 yanvar
2010-cu il tarixli geniş iclasında da həmin faktların bəziləri
səsləndirilmişdi. Ancaq biz əvvəlki illəri əhatə
edən bəzi məqamları da yada salmaq istəyirik.
Azərbaycan dövlətinin
xalqa hesabat verərkən söyləməli olduğu faktlar
yüzlərlədir. 2003-cü ilin oktyabrından sonra ölkədə
750 mindən çox yeni iş yerinin yaradılması, əhalinin
yoxsulluq həddinin 49 faizdən 12 faizə endirilməsi,
adambaşına düşən ümumi daxili məhsul
istehsalının artım tempinə görə ölkəmizin
ardıcıl olaraq bir neçə il dünyada liderlik etməsi,
təxminən 2 minə yaxın yeni məktəb
binasının tikilməsi, təhsil sisteminin günün tələbləri
səviyyəsində inkişafını təmin etmək
üçün 14 dövlət proqramının təsdiq və
icra edilməsi, bütün regionlarda Olimpiya İdman Kompleksi,
Müalicə-Diaqnostika Mərkəzi və digər yeni
qurğuların, çoxsaylı körpü, yol
qovşağı və min kilometrlərlə müasir
yolların ərsəyə gəlməsi
günümüzün reallıqlarıdır. Bakıdan sonra
Naxçıvan, Gəncə, Lənkəran və Zaqatalada
beynəlxalq hava limanlarının tikilib-istifadəyə verilməsi
ölkə iqtisadiyyatının və turizmin
inkişafına, eləcə də respublikamızın beynəlxalq
aləmə inteqrasiyasının genişlənməsinə
çox böyük stimul verir. Uzağa getməyək. Son bir
ildə Balakəndə o qədər möhtəşəm
işlər görülüb ki, saymaqla qurtaran deyil. Bu gün
balakənlilər Azəbaycan vətəndaşı
olmaları ilə fəxr edirlər.
Bəli, bu, həqiqətdir.
Balakən hər gün dəyişir, gözəlləşir.
Yeni-yeni obyektlər istifadəyə verilir, iş yerləri
açılır. Bir faktı xüsusi qeyd etmək istəyirəm
ki, Azərbaycan Prezidenti İlham Əliyev rayonumuza təkcə
son səfəri zamanı 8 obyektin
açılışında bilavasitə iştirak etdi. Hələlik
respublikada yeganə olan kanat vasitəsilə Heydər Əliyev
parkının ən uca zirvəsinə qalxdı. Belə
faktları çox sadalamaq olar. Bütün bunlar Prezident
İlham Əliyevin 2004-cü ilin fevral ayında
imzaladığı fərmanla təsdiq edilmiş “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramının (2004-2008-ci illər)” icrası
zamanı mümkün olmuşdur. Dövlət
başçımızın özünün də söylədiyi
kimi, Azərbaycanda cəmiyyət həyatının elə
bir sahəsi yoxdur ki, orada elmi şəkildə əsaslandırılmış
dövlət proqramları icra edilməsin: “Biz dəqiq bilirik
ki, hansı proqram hansı nəticələrlə başa
çatacaq, nə vaxt başa çatacaq və sonrakı mərhələlərdə
biz hansı işləri görəcəyik”.
Yeri gəlmişkən,
2004-2008-ci illərdə Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafını təmin
etmiş Dövlət Proqramının 2008-2013-cü illəri
əhatə edən növbəti mərhələsi də
uğurla icra edilir. Ölkəmizin sosial-iqtisadi inkişafı
barədə söz açarkən bir məsələni
xüsusilə vurğulamaq zərurəti yaranır. Belə
ki, respublikamızda həyata keçirilən bütün
sosial-iqtisadi tədbirlər beynəlxalq təşkilatlar və
dünya dövlətləri tərəfindən maraqla izlənilir
və yüksək qiymətləndirilir. Hətta bir neçə
beynəlxalq təşkilatın illik hesabatında belə ifadələr
özünə yer tapırdı ki, Azərbaycandakı
sosial-iqtisadi inkişaf modeli region ölkələrinin
hamısına nümunə göstərilə bilər. Bu məsələyə
münasibət bildirən Prezident İlham Əliyevin fikirləri
isə bir qədər fərqli idi: “Biz heç bir məsələdə
heç bir dövlətə nümunə göstərmək
istəmirik. Biz sadəcə öz dövlətimizi qüdrətləndirmək,
öz xalqımızın sosial-rifah halının
yaxşılaşdırılmasını təmin etmək məqsədilə
müvafiq dövlət proqramları icra edir, qarşıya
qoyduğumuz məqsədlərə nail oluruq”.
Bununla yanaşı,
ölkə rəhbəri beynəlxalq təşkilatların və
əcnəbi ekspertlərin ölkəmizdə həyata
keçirilən tədbirlər barədə fikirlərinə
dərin hörmətlə yanaşır, öz
çıxış və nitqlərində həmin faktlara
istinad etməyi vacib sayır. Dövlət
başçımız Nazirlər Kabinetinin son
iclasındakı yekun nitqində də həmin ənənəyə
sadiq qaldı: “Ölkəmiz, iqtisadiyyatımız
böhranlı ildə də uğurla inkişaf etməyə
davam etdi. İndi hər şey müqayisə ilə ölçülür.
Mən indi başqa ölkələrlə Azərbaycanı
müqayisə etmək istəmirəm, ancaq statistika
vardır, göstəricilər vardır. MDB məkanında ən
sürətlə inkişaf edən ölkə Azərbaycandır.
Bütün bölgədə iqtisadi tənəzzül, sənaye
istehsalının tənəzzülü hökm sürür,
Azərbaycanda isə artım vardır. Dünya İqtisadi
Forumu — dünyanın mötəbər beynəlxalq təşkilatı
Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə
51-ci yerə layiq gördü və bu, MDB məkanında
birinci yerdir. Yəni iqtisadiyyatımız bütün MDB məkanında
ən rəqabət qabiliyyətlidir, ən çoxşaxəlidir,
ən müasirdir, ən güclüdür. Bu,
reallıqdır. Biz bu reallıqla haqlı olaraq fəxr
edirik... 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir
nömrəli islahatçı ölkə kimi tanıdı və
təqdim etdi. Yəni, budur uğurlarımızın təməlində
duran məsələlər — güclü siyasət, siyasi iradə,
siyasi və iqtisadi islahatlar, düşünülmüş
strategiya və taktika”.
Ulu öndər Heydər
Əliyev qeyd edirdi ki, xalq qarşısında verilən
hesabatın əhəmiyyəti bir də ondadır ki, bu zaman
təkcə görülmüş işlər barədə
statistik məlumatları, faktları sadalamaqla kifayətlənmirsən,
qarşıda duran vəzifələr, həyata keçiriləcək
tədbirlər, plan, proqramlar barədə də insanları məlumatlandırırsan.
Bunun isə ölkədəki ümumi inkişaf tempinin
artırılması üçün çox böyük əhəmiyyəti
vardır. Ulu öndərin siyasi kursunu bütün incəliklərinə
qədər uğurla davam etdirən Prezident İlham Əliyev
yanvarın 18-də hökumətin hesabatını dinlədikdən
sonra söylədiyi yekun nitqində həmin ənəni də
davam etdirdi: “Əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməməliyik.
Bu gün əldə olunmuş nailiyyət sabah daha da
böyük addımın atılması üçün əsas
olmalıdır. Xüsusilə, dünyada sürətlə
inkişaf edən informasiya texnologiyaları sahəsində biz
hər zaman bir addım öndə olmalıyıq, rəqibləri
də, zamanı da qabaqlamalıyıq. Məhz bu yanaşma bizə
imkan verdi ki, biz qısa müddət ərzində Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları sahəsində demək
olar ki, inqilab yarada bildik”.
Prezident İlham Əliyevin
ölkəmizdə kosmik sənayenin yaradılması və
telekommunikasiya peyklərinin orbitə
çıxarılması barədə müvafiq sərəncamı
və “Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı”na uyğun olaraq ötən il respublikamızda ilk
peykin orbitə çıxarılması üçün
müvafiq tenderlər həyata keçirilmişdir. Bu məsələləri
dövlət başçımız, sadəcə, inqilab
adlandırır. Ancaq bu elmi-texniki inqilabın qədr-qiymətini
biz Azərbaycan rabitə peykinin kosmosda inkişaf etmiş
dünya ölkələrinin anoloji qurğuları ilə
yanaşı fəaliyyət göstərməsi zamanı biləcəyik.
Bir məqamı da
xüsusilə qeyd edək ki, Prezident İlham Əliyev
qeyri-neft sektorunun inkişaf etdirilməsi, xüsusən, neft
sektorundan əldə edilmiş kapitalın insan
kapitalına—intellektual kapitala çevrilməsi məsələsinə
çox böyük önəm verir. Bu sahədə məhz
azərbaycanlı alimlərin elmi ixtiraları nəticəsində
yeni inqilab yaradılması məsələsi əsas vəzifə
kimi qarşıya qoyulmuşdur. Ölkədə ümumi və
ali təhsil sisteminin təkmilləşdirilməsi, xaricdə
təhsil alan tələbələrin xərclərinin
dövlət hesabına ödənilməsi, xüsusi istedada
və qabiliyyətə malik gənclərin
yaradıcılığının dəstəklənməsi
və bir çox başqa məsələlər məhz bu mərama
xidmət edir.
2009-cu il artıq
keçdiyimiz tarix kimi geridə qaldı. 2010-cu il isə
öz uğurlu addımlarını atmağa başlayıb. Yeni
ilin ilk günlərində region və dünya siyasətçilərinin
verdiyi bəyanatlardan belə bir nəticə
çıxır ki, bu il Ermənistan—Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün mühüm, əlverişli şərait
yaranacaqdır. Bu faktı Prezident İlham Əliyev də
öz nitqində təsdiq etdi. Deməli, Azərbaycan dövlətinin
bu istiqamətdəki siyasi-diplomatik fəaliyyəti öz nəticələrini
verməkdədir. Məlumdur ki, ölkəmiz Dağlıq
Qarabağ problemi istisna olmaqla bütün problemləri
özü həll etmişdir. Bu düyünün
açılmasından sonra isə Azərbaycanın
inkişafının sürəti qat-qat artacaqdır. ABŞ,
Avropa və ümumiyyətlə, dünya
politoloqlarının fikrincə, Ermənistan—Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi
nəinki təkcə Azərbaycanın, hətta, Ermənistan
da daxil olmaqla regionun bütün ölkələrinin
güclü inkişafına təkan verəcəkdir. Həmin
inkişafı isə öz xalqının sosial-rifah
halının yaxşılaşdırılmasına xidmət
edən siyasətçilər arzulayır və
reallaşdırırlar.
Fakt ondan ibarətdir ki,
Azərbaycan dövləti bütün hallarda ölkə əhalisinin
rifah halının yaxşılaşdırılmasına xidmət
edir. Bu fakt özünü dünya ölkələrinin
iqtisadi böhrandan çıxmağa
çalışdığı 2009-cu ildə daha əhatəli
şəkildə göstərdi. Prezident İlham Əliyevin səyləri
nəticəsində Azərbaycan əhalisinin sosial-rifah
halı böhran ilində də yaxşılaşmaqda davam
etdi. Deməli, ölkədə Heydər Əliyev siyasi kursu
uğurla davam etdirilir.
Akif ULUXANOV,
Yeni Azərbaycan Partiyası
Balakən rayon təşkilatının sədri
Xalq qəzeti.- 2010.- 26 yanvar.- S. 4.