Cəlil Məmmədquluzadə –
milli istiqlal ədəbiyyatının sərkərdəsi
Görkəmli yazıçı, böyük ictimai
xadim Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycan ədəbiyyatında
kiçik hekyənin böyük ustadı, tənqidi-realist nəsrin
dahi yaradıcısı kimi geniş şöhrət
qazanmışdır. Məhz onun
yaradıcılığı sayəsində kiçik adam
böyük ədəbiyyatın əsas qəhrəmanına
çevrilmişdir.
Mirzə Cəlil Azərbaycan
dramaturgiyası tarixində tragikomediya mərhələsini
yaratmışdır. Onun komediyaları xarakterinə görə
faciəyə yaxındır. Cəlil Məmmədquluzadə
Azərbaycan tragikomediyasının banisidir. Məşhur
“Ölülər” əsəri Azərbaycan
tragikomediyasının zirvəsini təşkil edir. Azərbaycanda
mənzum faciələrin banisi olan Hüseyn Cavidin
“Ölülər”in hər təbəssümündə
acı bir fəryad qopar” — sözlərində dahiyanə
şəkildə yazılmış bu əsərin tragikomik
xarakteri böyük məharətlə ifadə olunmuşdur. Orijinal
bədii nəsri, dramaturgiyası və publisistikası ilə
Cəlil Məmmədquluzadə Azərbaycan tənqidi reaalizm
cərəyanının əsasını qoymuşdur. Tipik
şəraitdə tipik xarakterlərin canlandırılmasını
tələb edən, fanatizm və cəhalətə
ağır zərbələr vuran, cəmiyyətin dəyişilməsi
zərurətini meydana qoyan tənqidi realizm ədəbiyyatı
ölkəmizdə milli şüurun oyanışına və
dirçəlişinə bir ordudan çox xidmət göstərmişdir.
Cəlil Məmmədquluzadənin
redaktorluğu ilə nəşr edilən məşhur “Molla Nəsrəddin”
jurnalı Azərbaycan tənqidi realizm ədəbiyyatının
ideya-sənət cəbbəxanasıdır. Mübariz
ideyalarına və qətiyyətli mövqeyinə görə
“Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının
istiqlal kitabına çevrilmişdir. Öz ətrafında
Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Əbdürrəhimbəy
Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli
Möcüz Şəbüstəri... kimi görkəmli sənətkarları
birləşdirən “Molla Nəsrəddin” jurnalı Azərbaycan
mollanəsrəddinçilərinin baş qərargahı
funksiyasını yerinə yetirmişdir. Cəlil Məmmədquluzadənin
formalaşdırdığı mollanəsrəddinçilik təlimi
“Molla Nəsrəddin” jurnalının və onun ətrafında
birləşən ədiblərin strategiya və
taktikasını özündə cəmləşdirir.
“Molla Nəsrəddin”
jurnalı mollanəsrəddinçi yazıçı və şairlərin
əsərlərinin çoxcildlik külliyyatıdır. Cəlil
Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin
banisidir. “Molla Nəsrəddin”, eyni zamanda, satirik publisistika məktəbidir.
Böyük ədib Azərbaycan mollanəsrəddinçilərinin
ağsaqqalıdır. Hələ 1924-cü ildə Cəlil Məmmədquluzadənin
dediyi aşağıdakı sözlər bu günün də
etirafı kimi səslənir: “Molla Nəsrəddin” tək bir
nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin”
bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin
əsərinin məcmuəsidir ki, mən də onların
ancaq ağsaqqal yoldaşıyam”.
Cəlil Məmmədquluzadə XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı, mətbuatı və ictimai fikrinin ağsaqqalıdır. Fikrimizcə, böyük müasirlik və millilik imkanlarına malik olan zəngin yaradıcılığı ilə Cəlil Məmmədquluzadə bu gün də, müstəqillik dövründə də Azərbaycan ədəbiyyatı və mətbuatına ağsaqqallıq edir. Həyatını milli oyanış və dirçəlişə, Azərbaycan xalqının azadlığına və müstəqilliyinə həsr etmiş Cəlil Məmmədquluzadə milli istiqlal ədəbiyyatının sərkərdəsidir. O, XX əsrin əvvəllərində yaşayıb-yaratmış yeganə ədəbi şəxsiyyətdir ki, ölkəmizin ərazi bütövlüyü və milli istiqlal davasında döyüşçü kimi də iştirak etmişdir. Ədibin 14 sentyabr 1987-ci ildə Qarabağdan — Ağdamdan Həmidə xanım Məmmədquluzadəyə göndərdiyi məktub döyüş bölgəsindən yazılmışdır: “Yaxın günlərdə türk qoşunlarının Əsgərana hücumu gözlənilir. Onlara kömək üçün bu gün atlıların siyahısı tutulur. Mən də gəlmişəm əlimdən gələn köməyi göstərim və qoşunlarla birgə döyüşdə iştirak edim”.
Göründüyü kimi, Cəlil Məmmədquluzadə Əsgəran döyüşünün əsgəri idi. Bəlkə də, az sonra mövzusunu Qarabağ hadisələrindən aldığı “Kamança” pyesindəki “atlı dəstəsi sərkərdəsi Qəhrəman yüzbaşını” da iştirakçısı olduğu həmin döyüşlərdə görüb müşahidə etmişdi. “Kamança” pyesi Azərbaycan ədəbiyyatında Qarabağ savaşına həsr olunmuş birinci dram əsəri kimi mühüm əhəmiyyət kəsb edir. Bütün bu real hadisələr onun içində milli istiqlal düşüncəsini dərinləşdirmişdir. Cəlil Məmmədquluzadə Qarabağ savaşının əsgəri olmaqdan çox, ədəbiyyatda Azərbaycan davasının baş komandanı səviyyəsinə çatmışdır.
Azərbaycan ədəbiyyatı və ictimai fikrinin tarixində Cəlil Məmmədquluzadə həm də böyük demokrat kimi şöhrət qazanmışdır. Hələ 1917-ci ildə meydana çıxmış “Cumhuriyyət” məqaləsi milli-demokratik dövlət quruculuğunun nizamnaməsidir. İlk dəfə həmin il Tiflisdə Müsəlman Milli Komitəsinin yığıncağında səsləndirilmiş “Cümhuriyyət” məqaləsi böyük Mirzə Cəlilin cəmiyyətşünaslıq baxışlarının yekunu və zirvəsidir. Bu əsər “Cümhuriyyətin vacib əsasları”ndan yoğrulmuş proqramdır: “Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni millət vəkilləridir. Məmləkətin rəisinə prezident deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir.
Cümhuriyyət idarəsinin seçkisinin dörd vacib şərti var... Bu şərtlərdən əvvəlincisi ümumilikdir. Yəni məmləkətdə yaşayan nüfuzun cəmisi seçkidə iştirak etməlidir... Şərtlərin ikincisi seçkinin müsavi olmasıdır, yəni səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir. Üçüncü şərt seçkinin düzbədüzlüyüdür... dördüncü şərt seçkinin gizli qalmasıdır”.
Vaxtilə Cəlil Məmmədquluzadə “Cümhuriyyət” tipli əsərləri ilə mənsub olduğu xalqı yaxınlaşmaqda olan müstəqil, milli-demokratik dövlət quruculuğuna hazırlamaq vəzifəsini həyata keçirmişdir. Bununla belə, 93 il əvvəl yazılmış “Cümhuriyyət” məqaləsi hazırda da ölkəmizdə müstəqil, demokratik dövlət quruculuğunun daha da möhkəmləndirilməsinə uğurla xidmət edir.
Böyük ədib Cəlil Məmmədquluzadənin bütün həyatı və yaradıcılığı azərbaycançılıq idealının həyata keçirilməsinə həsr olunmuşdur. Yaşadığı dövrdə, XX əsrin əvvəllərindəki ədəbi-ictimai mühitdə turançılığın, islamçılığın və Rusiyameylliliyin çox aktual olduğu şəraitdə o, bu istiqamətlərdən heç birini qəbul etməmişdi. İctimai düşüncə və mübarizə forması kimi azərbaycançılıq Cəlil Məmmədquluzadənin seçimi və kəşfi idi. O, ədəbiyyatda azərbaycançılıq ideyasının dahi yaradıcısıdır. Mirzə Cəlil həyatını böyük risk və təhlükə qarşısında qoymaqdan çəkinməyərək, Səttarxançıları müdafiə edərək 1909-cu ildə “Bu gün Kərbəla meydanı — Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, Vətən hissi varsa, oranın qeydinə qalmalıdır” demişdi.
Ədibin əsərləri canlı xalq dilinin, Azərbaycan danışıq üslubunun təbii hadisəsidir. “Anamın kitabı” dramı azərbaycançılığın ədəbi manifestidir. Bu dahiyanə əsər Azərbaycanın tale kitabıdır. 1917-ci ildə yazılmış “Azərbaycan” məqaləsində Mirzə Cəlil vaxtilə Şah İsmayıl Xətainin qılıncı ilə çəkdiyi Azərbaycan xəritəsini böyük məharətlə qələmi ilə cızmışdır. “Azərbaycan” məqaləsi Cəlil Məmmədquluzadənin azərbaycançılıq konsepsiyasının bəyannaməsidir: “Bəzi vaxt otururam və papağımı qarşıma qoyub fikrə gedirəm, ... özümdən soruşuram ki:
- Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
- Dilim nə dilidir?
- Azərbaycan dilidir.
- Yəni Vətənim
haradır?
- Azərbaycan vilayətidir.
- Haradır Azərbaycan?
- Azərbaycanın çox
hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz
şəhərindən. Qalan hissəsi də
Gilandan tutub, Qədim Rusiya hökuməti ilə Osmanlı
hökuməti daxilindədir”.
Cəlil Məmmədquluzadə
Azərbaycan xalqı üçün vətən, millət və
ana dilindən başqa nicat yolu olmadığını var
gücü ilə car çəkmişdir. Vətən,
millət və dil məsələləri Cəlil Məmmədquluzadə
yaradıcılığının əsas
sütunlarıdır. Ədib bu fikirdə idi ki:
“dünya və aləm dəyişdi, mənalar özgə təbir
əxz elədi. Yəni bizim dilcə söyləsək, o
şeylər ki, əsl mənalarını itirmişdi,
qayıdıb əslini tapdı, ... hamı buna qail oldu ki, Vətən,
vətən, vətən, dil, dil, dil, millət, millət, millət!
Dəxi bu dairədən kənar bəni-noi-bəşər
üçün özgə nicat yolu yoxdur”.
Azərbaycan
xalqının milli istiqlalı yolunda Cəlil Məmmədquluzadə
böyük şərəflə xidmət göstərmişdir. Böyük ədib
bədii yaradıcılığa avamdan, cəhalətdən
giley etməklə başlamışdı. “Danabaş kəndinin
əhvalatları”nda Qəzetçi Xəlilin dilindən deyilən
aşağıdakı sözlər cavan
yazıçının məramını başa
düşməyə imkan verir: “Qoy avam hər nə deyir
desin. Əksər ovqat avam yaxşıya deyir
pis, pisə deyir yaxşı. Hələ, bəlkə,
bir az gərək fəxr edək ki, avam
bizim üstümüzə gülür. Dünyada
hədsiz şəxslər avamdan gileyli qalıblar. Biz də dağarcığımızı çəkirik
çuvalların cərgəsinə”. Cəmiyyətdə
gedən ictimai hadisələrin təsiri ilə Cəlil Məmmədquluzadənin
yaradıcılığında, tədricən avamdan gileyli
qalmaqdan ictimai tənqidə, satiraya keçid baş
vermişdir. Bu əslində maarifçi
realizmdən tənqidi realizmə keçidi də şərtləndirir.
1903-cü ildə
yazılmış məşhur “Poçt qutusu” hekayəsində
artıq münaqişə indiyədək
yazıldığı kimi Vəli xanla Novruzəli, azərbaycanlı
ilə azərbaycanlı müstəvisində yox, “qulluq
adamı” olan rus poçt məmuru ilə azərbaycanlı
Novruzəli arasında cərəyan edir. İctimai
quruluşun şərtləndirdiyi tipik Azərbaycan kəndlisi
olan Novruzəli lqulluqçunu bihörmət etmək”
üstündə cəzaya məhkum edilir. Sədaqətli, mənəvi cəhətdən saf,
halal, zəhmətkeş Novruzəlinin silist zamanı
“günahını boynuna almaması” divanxanadan poçtxanaya
qədər keçilən yolun ən mühüm nəticəsidir.
Bu kiçik detal ölkədə milli, mənəvi
özünüdərkin, milli oyanışın
başlanmasından xəbər verir. Bu mənada
“Poçt qutusu” hekayəsi Azərbaycan ədəbiyyatında
milli oyanışın ilk paroludur.
Yazıçının
əsərlərində tədricən istiqlal
düşüncəsi genişlənmiş və dərinləşmişdir. 1906-cı ildə
yazılmış “İranda hürriyyət” hekayəsi ilə
ədəbiyyatda hürriyyət mövzusunda söhbətlər
başlanmışdır. Kiçik bir hekayədə Cəlil
Məmmədquluzadə XX əsrin başlanğıc illərində
vilayətin şuluq vaxtında Azərbaycanın hər iki
tayında hürriyyət düşüncəsinin əks-sədasını
bütün təbiiliyi ilə canlandırmışdır:
“Axı kim eşidibdi ki, o taydan bura
hürriyyət gəlsin. O taydan bu üzə həna gələr,
səbzə, badam içi gələr, tütün, çay,
tiryək... belə zadlar gələr. Yoxsa
vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm
ki, hürriyyət gələ. Heç bu
tərəflərdə hürriyyət alış-verişi
eliyəni də mən eşitməmişəm”.
Cəlbedici
hadisələrin fonunda ədib artıq “hürriyyət
alış-verişi” etməyin zamanının gəlib
çatdığından söz açmışdır. Yazıçının
gəldiyi qənaət bundan ibarət idi ki, hər kəs
lhürriyyət payını öz vətənində
almalıdır”. Yəni azadlıq ixrac
yolu ilə qonşu ölkələrdən hazır gələ
bilməz. Artıq 1911-ci ildə qələmə
alınmış “Nigarançılıq” hekayəsində Cəlil
Məmmədquluzadə millətin ziyalılarının
“politika və milli söhbətlər” üstündə
köklənməsinin vacibliyini xüsusi olaraq
vurğulamışdır. Cəlil Məmmədquluzadənin
əsərlərində nəzərə
çarpdırılan lrus böyüyü”, “ruhani
boyunduruğu”, “dəyənək zorakılığı” kimi
ifadələr ölkədə milli istiqlal mübarizəsinin
konturlarının müəyyən olunmasına xidmət
edirdi. Fikrimizcə, “Anamın kitabı” dramı
ilə Cəlil Məmmədquluzadənin milli istiqlal idealı
ideyası kamala çatır. “Anamın
kitabı” əsəri Azərbaycana aid olmayan fərqli
düşüncələrə malik üç
qardaşın komediyası, Ananın faciəsi,
Gülbaharın dramıdır. “Anamın
kitabı” əsəri Azərbaycan milli istiqlalının
dramatik üverturasıdır.
Əsərdə senzorun fərqli
məsləklərə xidmət edən üç
qardaşa irəli sürdüyü ittihamnamə, əslində,
Cəlil Məmmədquluzadənin arzularının ifadəsi
idi: “Hökumət nəzərində Sizi belə qələmə
veriblər ki, siz üç qardaş söz bir və həmfikir
olmusunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə
dövlətinə tərəf çəkib,
ittihadi-müslimin cəmiyyətində iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ
gələn Hübbi-Vətən və Ədəmi-mərkəziyyət
firqəsinin amalı yolunda çalışmaqdasınız
ki, bir tərəfdən Qafqaz Azərbaycanını...
bir-birinə ilhaq edib, müstəqil Azərbaycan hökuməti
əmələ gətirəsiniz. Və
salisən, bu fikirdən də uzaq deyilsiniz ki, müsavat və
hürriyyət əsaslarını kəndli və əhli-kəsəbə
içində müntəşir edəsiniz ki, min il yuxuda olan
camaat hökumətin əsarət zəncirini qırıb,
özləri üçün bir nicat yolu tapsınlar”.
Cəlil Məmmədquluzadə
bu fikirdə idi ki, “yer, göy, aylar və ulduzlar... gündən
qopub ayrılmış parçalar” olduğu kimi, ölkədəki
müxtəlif yönlü siyasi düşüncələr də
vahid Ananın – Azərbaycanın ətrafında birləşməlidirlər. Bu mənada əgər Kefli
İskəndərin “tarixlərimizin kitabında...qan ilə
yazılmış bir səhifəyə” çevrilmiş
monoloqu milli-mənəvi özünüdərkin ittihamnaməsidirsə,
Gülbaharın bir kitaba sığmayan monoloqu milli-siyasi
birliyin təsdiqnaməsidir: “Yer, göy, aylar və ulduzlar
göylərdə seyr edib gəzə-gəzə yenə əvvəl-axır
günün başına dolanırlar. Çünki
bunlar hamısı qədim əzəldə gündən qopub
ayrılmış parçalardır. Mən
etiqad edirəm ki, mənim də balalarım dünyada hər
yanı gəzib dolansalar, genə əvvəl-axır
anaları Zəhranın ətrafında gərək
dolanırlar. Çünki ay və ulduz
şəmsin parçaları olan kimi, bunlar da
analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin
qanununu pozmaq istəyə. Onun insafı və
vicdanı ona müdamül həyat əziyyət edəcək,
nə qədər canında nəfəs var peşiman olacaq”.
Gülbaharın
əlindəki kitabın “açıq səhifəsi”ndə
ifadə olunan mətləblər Azərbaycanın yeni
taleyinin açıq üfüqlərinə işıq
salırdı.
Azərbaycanda sovet hökumətinin yaranması ərəfəsində
Cəlil Məmmədquluzadənin siyasi baxışları
bunlardan ibarət idi. Təkcə ölkədə
yaranan qarışıqlığa görə deyil, arzu etdiklərini
bolşeviklərin məramnaməsində tapa bilmədiyi
üçün Cəlil Məmmədquluzadə Vətəni
tərk etməyə məcbur olmuşdu. Böyük
vətənpərvər ədibin siyasi qənaətləri
Arazın o tayında Azadistan dövləti qurmuş Şeyx Məhəmməd
Xiyabaninin istiqlal mübarizəsi ilə üst-üstə
düşürdü. Cəlil Məmmədquluzadə
Azərbaycan ədəbiyyatının Səttarxanıdır.
Sərdari-milli Səttarxanın milli-siyasi hərəkatda
həyata keçirdiyi mübarizəni Cəlil Məmmədquluzadə
ədəbiyyatda və mətbuatda aparmışdır. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə
“Molla Nəsrəddin” jurnalının Təbrizdə nəşr
olunan sayları Cənubi Azərbaycanda həm milli azadlıq
düşüncəsinin dərinləşməsinə, həm
də realist-satirik ədəbiyyatın imkanlarının
genişlənməsinə güclü təkan vermişdir.
Məşhur
“Ölülər” əsərinin Təbriz səhnəsində
tamaşaya qoyulması (1 may 1921) Azərbaycanın o tayında
da fanatizm və cəhalət uğrunda mübarizəyə hərəkət
vermişdir. Bununla belə, Xiyabani hərəkatının faciəli
süqutu və başlanğıc mərhələdə
bolşeviklərin zəhmətkeş xalq haqqındakı
işartılı vədləri yazıçını yenidən
Vətənə dönüb Sovet Azərbaycanında xidmət
etməyə ruhlandırmışdır. Cəlil
Məmmədquluzadə “O şey ki, qoca Molla Nəsrəddinin
qəlbinə və məcazına hər babətdən
müvafiqdir, onun adı Şuradır” deyərək
özünün fəhlə-kəndli hökuməti elan edən
Şura Azərbaycanına xidmətə həsr edəcəyini
bəyan etmişdi. Çünki
kiçik adamın böyük müdafiəçisi olan Cəlil
Məmmədquluzadə fəhlə-kəndli hökuməti
vasitəsilə zəhmətkeş xalqın, sadə,
sıravi insanların azadlıq əldə edəcəyinə
ümid bəsləyirdi. Lakin ümid və
inam dövrü o qədər də çox çəkmədi.
Az sonra Cəlil Məmmədquluzadə
sovet gerçəkliyinin daxili
çürüklüyünü hiss etdiyi üçün həyatını
sosialist idealına deyil, millətə və Vətənə
xidmətə həsr etmişdir.
Böyük ədib
bu fikirdə idi ki, “özümüzü... quru tərif və
alqışlarla yox, məhz acı həqiqəti meydana
qoymaqla biz maarif evini abad edə bilərik”. Buna görədir
ki, yazıçının sovet dövrü əsərlərində
yeni cəmiyyətin yaratdığı
çaşqınlıq və xaos, siyasi-mənəvi
puçluq, hərc-mərclik öz əksini
tapmışdır. Artıq Cəlil Məmmədquluzadə
keçən əsrin iyirminci illərinin ikinci
yarısından başlayaraq, mövcud cəmiyyətdəki
proseslərlə barışmaz mövqedə
dayandığını büruzə verirdi. Mirzə Cəlil aşkar şəkildə görürdü
ki, yeni qurulan sovet cəmiyyəti “hələ rəndələnməyib...
düyünü-müyünü də alınmayıb”.
Artıq 1922-ci ildə yazmışdı ki,
lzülmət çox dərindir, qaranlıq nəhayət
qalındır”. Buna görə də Cəlil
Məmmədquluzadə “riçədən
başlamağın” lazım gəldiyini dərk etmiş, “əgər
riçəni baltalayıb, ona zərər yetirə biləcək,
qol-qanad onsuz da öz-özünə quruyub məhv olacaq” qənaətində
olmuşdu.
Cəlil Məmmədquluzadə
arzu edirdi ki, kaş “firqəyə daxil olanların bir para
yaramazları firqədə olmayaydılar”. Ona görədir ki, zahirən
gənc sovet dövlətinin müdafiəsinə həsr
olunmuş kimi görünən “Bəlkə də
qaytardılar” hekayəsində Mirzə Cəlil özünəməxsus
üsullarla “Moskvanın özündə də çox
böyük və pünhan daxili
qarışıqlıqların olduğunu”, Azneftin müdiri
Serebrovskinin Bakı neft mədənlərini xarici ölkələrinin
milyonçularına satmaq istədiyini ictimaiyyətin diqqət
mərkəzinə çəkirdi. Hekayədə həmçinin
keçmiş Bakı milyonçularına münasibət də
tənqid olunmuşdu: “İnsaf və mürüvvətdən
kənardır ki, Ağa bəyin, ya Cahangir xanın on min
desyatindən özünə barı min desyatin də verməyələr.
Ya Musa Nağıyevin iki yüz otuz yeddi tikilisini əlindən
alasan və onun varisinə barı 5-10 ev qaytarıb verməyəsən
ki, ... o biçarə... camaat içində
xəcalət çəkməsin”.
Cəlil Məmmədquluzadənin
sovet dövrü hekayələrində, o cümlədən
“Taxıl həkimi”, “Hamballar”, “Oğru inək” kimi bədii
nümunələrdə cəmiyyətin əyintiləri və
eybəcərlikləri nəzərə
çarpdırılmışdır. “Dəli
yığıncağı” isə bir başa sovet cəmiyyətinin
obrazı idi. Əsərdə həm də
ölkənin, xalqın dilini bilməyən, özgə millətlərin
nümayəndələri olan Həzrəti Əşrəf
kimi hakimlər, Lalbyuz kimi həkimlər tərəfindən
idarə edilməsinə etiraz notları vardır. “Dəli
yığıncağı”nın yazıldığı illərdə
Azərbaycana bolşevik Sergey Mironoviç Kirovun rəhbərlik
etdiyini nəzərə alsaq, Cəlil Məmmədquluzadənin
bu əsəri yazmaqla nə qədər böyük vətəndaşlıq
və cəsarət nümunəsi göstərdiyini təsəvvür
etmiş olarıq. Bunun ardınca qələmə
alınmış “Ər” pyesində isə azad cəmiyyətdə
xalqın öz içindən çıxmış ər,
başçı, rəhbər seçmək hüququnun zəruriliyi
diqqət mərkəzinə çəkilmişdir: “Azad bir əsrdə,
azad millət arasında hər bir şəxsin zənn edirəm
ixtiyarı gərək olsun ki, özü üçün evlənməyə
qərar verdiyi surətdə öz xoşladığı
qadını evlənməyə dəvət etsin. Baş doktor kimi azad və mədəni bir vücud zəmani
ki evlənmək istədi, ta qədim kişilər kimi bəyəndiyi
qızın yanına xala nisbəti, ya da bibisini elçi
göndərməyəcək”.
Beləliklə,
ailə müstəvisində təqdim edilən hadisələr
və ideyalar vasitəsilə cəmiyyətə aid siyasi məsələlər
gündəmə gətirilmişdir. Asanlıqla görmək
mümkündür ki, əsərin cövhərini təşkil
edən “ər axtarışı” motivi, əslində, ailə
başçısından çox, dövlət
başçısı mənasını ifadə edir. Cəlil Məmmədquluzadə “Ər” pyesində
deyildiyi kimi, “bu sözdən qan qoxusu” gəldiyini yaxşı
bildiyi üçün hadisələri ailə-məişət
mühitində baş verən “vəlvələ” şəklində
təqdim etmişdir. 1929-1930-cu illərdə
yazılmasına baxmayaraq, ədibin sağlığında
çap olunmaması da əsərdə ciddi ictimai-siyasi mətləblərin
ifadə olunması ilə əlaqədar idi.
Cəlil Məmmədquluzadənin
milli istiqlal arzuları Azərbaycan dövlət müstəqilliyi
qazandıqdan sonra gerçəkləşmişdir. Böyük
demokrat ədibin əsərləri və ideyaları müstəqil
dövlətimizin daha da möhkəmləndirilməsinə
uğurla xidmət edir və xalqımızın gələcək
inkişaf yoluna işıq salır.
İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət Universitetinin rektoru,
Milli Məclisin deputatı, akademik
Xalq qəzeti.- 2010.- 27 yanvar.- S. 7.