Vəli Qədimovun xatirəsi yad edildi
Bu günlərdə Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi və bilavasitə təşəbbüsü
ilə respublikanın xalq artisti, ömrünün 40 ildən
çoxunu Azərbaycan xalq musiqisinin təbliğinə həsr
etmiş mahir klarnet ifaçısı Vəli Qədimovun anadan
olmasının 70 illiyinə həsr olunmuş anım mərasimi
keçirildi.
Muğam Teatrında
düzənlənən bu tədbirə dəvət olunan
qonaqların əksəriyyəti də məhz Vəli Qədimovu
yaxından tanıyan dost – tanışları, Vəli sənətinin
pərəstişkarları və təbii ki, onunla çiyin-çiyinə
çalışan sənət dostları idi. Anım
günündə respublikanın ən ünlü sənətçiləri
sırasında xalq artistləri Arif Babayev, Canəli Əkbərov,
Aftandil İsrafilov, Sadıq Zərbəliyev, Ağasəlim
Abdullayev, Teymur Mustafayev, əməkdar artist Kəmalə Rəhimli
və onlarca digər sənətçi var idi.
Tədbir Vəli Qədimovun
ifasında kövrək “Vağzalı ”ilə başladı,
daha sonra məclisi giriş sözüylə açan
Muğam Teatrının direktoru Arif Qazıyev öncə Vəli
Qədimovun zəngin yaradıcı ömür yolundan, bu yolda
qazandığı uğurlardan söz açdı. Yaradıcılığının
35 ildən çoxunu Zeynəb Xanlarovanın rəhbərlik
etdiyi ansanblın üzvü kimi dünyanı gəzən Vəli
Qədimovun bir çox oyun havalarının müəllifi
kimi də tanındığını açıqladı.
Ötən əsrin
70-ci illərindən başlayaraq Vəli Qədimov, Aftandil
İsrafilov və gitaraçı Ramiz Həsənov
üçlüyündən söz açdı. Bu
üçlüyün ifasında lentə alınmış
“Qazağı”, “Tərəkəmə”, eləcə də Vəlinin
özünün bəstələdiyi “Famili”, “Fuadı”,
“Dalğalar” və onlarca digər oyun havalarının xalq tərəfindən
bu gün də həvəslə dinlənildiyini qeyd etdi.
Daha sonra Vəli Qədimov
sənətinə dərin hörmət bəsləyən
xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Aftandil
İsrafilov xatirələrini dilə gətirməklə
yanaşı öz ifalarıyla da məclisi bəzədilər.
Tədbir Vəli Qədimovun ifasında kövrək
“Vağzalı” ilə başlasa da, sonda bu kövrək
melodiyanı Əli Mirəliyev, Nüşabə Ələskərova,
Kəmalə Rəhimli, Ruhəngiz Allahverdiyeva, Əfqan Quliyev
və bir çox digər sənətçilərin şux
mahnıları əvəz etdi.
Tədbirin sonunda Vəli
Qədimovun həyat yoldaşı Xatirə Qədimova ailələri
adından Mədəniyyət və Turizm Nazirliyinə,
Muğam Teatrının rəhbəri Arif Qazıyevə və
tədbir iştirakçılarına öz dərin təşəkkürünü
bildirdi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2010.- 27 yanvar.- S. 7.