Sevostopolda Azərbaycan dilində yayılan “Qobustan” radiosunun 150-ci verilişi

 

Krım vilayətinin Sevostopol şəhərində Azərbaycan dilində “Qobustan “radiosu on iki ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində milli adət-ənənələrimiz, tanınmış ziyalılarımız, mədəniyyətimiz, incəsənətimiz, həmçinin erməni terror təşkilatlarının Azərbaycanda törətdikləri vandal aktları barədə yerli əhaliyə ətraflı məlumatlar verilir, klassik musiqilərimiz səsləndirilir. “Qobustan” radiosu getdikcə öz proqramlarını zənginləşdirmiş və rəngarəng verlişləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. Bu günlərdə radionun 150-ci verilişi dinləyicilərə təqdim olunmuşdur.

 

“Qobustan” radiosunun redaktoru, bu radionun yaradılmasında və yerli əhali arasında böyük nüfuz qazanmasında xüsusi əməyi olmuş Həbib Əliyev, milli musiqimiz, ziyalılarımız, ölkəmizin inkişafı və digər məsələlər barəsində yeni materiallar toplamaq üçün Azərbaycana gəlmiş və redaksiyamızın qonağı olmuşdur. H.Əliyev qarşıda duran vəzifələrdən danışmışdır. O demişdir:

– Qabaqcadan diqqətinizə çatdırmaq istədim ki, Sevostopolda Azərbaycan dilində radio yaratmaq, xalqımızın milli adət - ənənəsini təbliğ etmək, Azərbaycan haqqında həqiqətləri olduğu kimi çatdırmaq ümummilli lider Heydər Əliyevin uzaqgörənliyinin, dərin siyası baxışlarının bəhrəsidir. Ulu öndər dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən diasporların gücləndirilməsi üçün mühüm əhəmiyyətli tədbirlər həyata keçirirdi. Diasporlar fəaliyyət göstərdikləri ərazilərdə yerli əhali ilə daha sıx əlaqədə olurdular. Azərbaycan həqiqətlərinin olduğu kimi çatdırılmasında diasporların üzərinə böyük vəzifə düşürdü. Azərbaycan dilində “Qobustan” radiosunun yaradılması bu baxımdan çox əhəmiyyətli idi. Radio fəaliyyətə başlayan ilk gündən qarşımıza əsas vəsifə kimi qoyduğumuz məsələ Azərbaycanın tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, mədəniyyətini, incəsənətini təbliğ etmək, ölkəmiz haqqında reallıqları olduğu kimi yerli əhaliyə çatdırmaqdan ibarət idi.

Mən Krım vilayətindəki diasporla əlaqə yaradıb onlarla birgə fəaliyyət göstərdim. İlk növbədə ölkəmizin başına gətirilmiş müsibətlərdən, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçılıq siyasəti yeritməsindən, torpaqlarımızın 20 faizini işğal etməsindən, bunun nəticəsində də bir milyondan artıq soydaşımızın öz ata-baba torpaqlarından didərgin salınmasından verlişlər hazırlayıb efirdə səsləndirdim. Verilişlər yerli əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Məlum olduğu kimi, Krım vilayətində Sevostopol ermənilərin ən çox yaşadıqları şəhərdir. Təbii ki, Azərbaycan dilində səsləndirilən radio verlişləri onlara ciddi təsir etməli idi. Elə də oldu. Ermənilər efir vaxtımızın ləğv edilməsi üçün ciddi səy göstərsələrdə, buna nail ola bilmədilər. Verlişlərimiz getdikcə daha rəngarəng oldu. Mən verlişləri efirə hazırlayanda ilk növbədə Koroğlu operasının üverturasını səsləndirirəm. Bu, sanki xalqı mübarizəyə, düşmənlərdən intiqam almağa çağıran haraydır, üsyan səsidir. Milli adət-ənənələrimiz ziyalılarımız haqqında məlumatlar səsləndirdikcə yerli əhali daha ermənilərin yalanlarına inanmır, bizimlə sıx əməkdaşlıq edirdilər. Ermənilər yerli əhalidə belə rəy formalaşdırmışdılar ki, guya Azərbaycanda qeyri millətlərin nümayəndələri sıxışdırılır, onlarla kobud rəftar olunur, hüquqları pozulur. Verilişlərin birində diqqətə çatdırdım ki, bu gün Ermənistanda ermənilərdən başqa ayrı millət yaşamır. Onlar azərbaycanlıları son nəfərinə qədər öz doğma torpaqlarından, ev-eşiklərindən didərgin salıblar. Hazırda Azərbaybanda digər xalqların nümayəndələri tam sərbəst yaşıyır, öz milli adət-ənənələrinə uyğun hərəkət edirlər. Mən Bakıda olarkən müxtəlif xalqların nümayəndələri ilə görüşüb onlarla söhbət aparmışdım. Onlar Aərbaycanda yaşamalarından qürur hissi keçirdiklərini və çox rahat şəraitdə yaşadıqlarını bildirmişdilər. Onların dediklərini öz səsləri ilə efirdə səsləndirdim və bundan sonra ermənilərin iç üzləri bir daha bəyan oldu.

Sevostopolda müxtəlif xalqların çoxlu sayda cəmiyyətləri fəaliyyət göstərir. Mən Bakıdan apardığım video materialları, həmçinin digər əyani vəsaitləri həmin cəmiyyətlərə paylamaqla Azərbaycan həqiqətlərini olduğu kimi çatdırdım. Azərbaycana və azərbaycanlılara olan münasibət kökündən dəyişdi. Azərbaycan Dövlət Slavyan Universitetindən hazırladığım reportaj daha böyük maraqla qarşılandı. Çünki burada müxtəlif ölkələrin dillərini öyrədən fakültələr fəaliyyət göstərir. Həmin fakültələrdə təhsil alan tələbələr dilini öyrəndikləri xalqın adət ənənələrini, milli mətbəxini, ədəbiyyatını, tarixini, mədəniyyətini də öyrənir. Azərbaycanda belə bir şəraitin yaradılması ölkəmizin sülhsevər olmasını təsdqləyən ciddi faktdır.

Azərbaycanın tanınmış ziyalıları, alimləri, mədəniyyət və incəsənət xadimləri haqqında səsləndirdiyim verilişlər milli musiqimizə olan marağı daha da artırıb. Yerli əhali ilə görüşən zaman onlarda Azərbaycan musiqisinə böyük maraq yarandığı açıq hiss olunur . Artıq Sevostopolda əhali Azərbaycanın sürətlə inkişaf etməsindən də xəbərdardır. Hər dəfə efirə çıxanda Azərbaycanda aparılan tikinti-quruculuq işləri barəsində, bu ölkənin dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasından faktlar gətirirəm. Azərbaycanın iqtisadi cəhətdən inkişafı nəticəsində güclü milli ordu formalaşdırılması barədə haırladığım verliş böyük maraq doğurdu.

Azərbaycanda ordu quruculuğu sahəsində aparılan yenidənqurma işləri, ordunun möhkəmləndirilməsinə diqqət və qayğının artırılması, bu sahəyə Ermənistanın büdcəsinə bərabər səviyyədə vəsait ayrılması, Azərbaycanı qüdrətli dövlət kimi tanıdıb. Artıq Sevostopolda ermənilər bizimlə çox ehtiyatlı, bəzən yaltaqlanmaqla davranırlar. Sözsüz ki, bütün bulara Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin , diasporların fəaliyyətinin gücləndirilməsinə göstərdiyi diqqət və qayğının sayəsində nail olmuşuq.

Bu yaxınlarda Azərbaycan dilində yayılan “Qobustan” radiosunun 150-ci verilişini təqdim etdik. Bu veriliş bütünlüklə ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasına, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması sahəsində Azərbaycanın böyük üstünlük qazanmasına həsr olunmuşdu. Verilişdə bildirdik ki, artıq dünyanın inkişaf etmiş ölkələrinin, həmçinin nüfuzlu beynəlxalq qurumların nümayəndələri də münaqişənin nizamlanmasında Azərğbaycan Prezidentinin mövqeyini dəstəkləyirlər.

Azərbacanın güclü, qüdrətli dövlətə çevrilməsini təsdiqləyən faktlara istinad edərək verlişlərimizi daha da zənginləşdirmək, ölkəmiz haqqında ətraflı məlumatlar yazmaq üçün bütün imkanlardan istifadə edəcəyik.

 

 

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 27 yanvar.- S. 6.