İlə yekun vurulur
Keşlə qəsəbəsində
hesabat yığıncağı keçirilmişdir
Yola saldığımız 2009-cu ildə
dünyanı bürümüş maliyyə böhranına
baxmayaraq, Azərbaycanın dinamik inkişafı davam etmiş,
ölkəmizdə bir sıra infrastruktur layihələri
reallaşdırılmış, mühüm sosial-iqtisadi
inkişaf proqramları həyata keçirilmişdir. Yanvarın
18-də Nazirlər Kabinetinin 2009-cu ildə sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev
Azərbaycanın son illər qazandığı
uğurları yüksək qiymətləndirmiş, dinamik
inkişafın daha da sürətləndirilməsi
üçün qarşıya yeni vəzifələr
qoymuşdur. Hazırda ölkənin hər yerində 2009-cu ilə
yekun vurulur, dövlət başçısının məlum
iclasda verdiyi tövsiyə və tapşırıqlar əsl fəaliyyət
proqramı kimi qəbul edilərək 2010-cu ildə
görüləcək işlərin konkret istiqamətləri
müəyyənləşdirilir.
Dünən paytaxtın
Nizami rayonunun Keşlə qəsəbəsində 2009-cu ilin
yekunlarına dair keçirilmiş hesabat
yığıncağında da bu barədə geniş
danışıldı, görülmüş işlərə
qiymət verildi, qarşıda duran vəzifələr
müzakirə olundu. Tədbiri giriş sözü ilə
açan Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov bildirdi ki, Nazirlər
Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının
yekunları ilə bağlı geniş iclasında Prezident
İlham Əliyev giriş nitqində ölkəmizdə
ötən il ərzində qazanılmış
uğurları geniş təhlil etdi. Qeyd olundu ki, dövlət
başçısının Azərbaycanda keçid
dövrünün artıq başa çatması və
ölkəmizin yeni inkişaf mərhələsinə qədəm
qoyması ilə bağlı fikirləri bütün icra
strukturlarından işlərini bu dövrün şərtlərinə
uyğun qurmalarını tələb edir.
Nizami Rayon İcra
Hakimiyyəti başçısının Keşlə qəsəbəsi
üzrə nümayəndəsi Qara Qarakişiyev 2009-cu ildə
görülmüş işlər barədə geniş
hesabat məruzəsi ilə çıxış etdi. Natiq bildirdi
ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən sosial-iqtisadi islahatların uğurlu
nəticələri abadlıq-quruculuq işlərinin geniş
vüsət almasına səbəb olmuşdur. Qeyd olundu ki,
dövlət başçısının
imzaladığı mühüm fərman və sərəncamlardan
irəli gələn vəzifələrin həlli istiqamətində
həyata keçirilən tədbirlər ölkəmizin
sosial-iqtisadi inkişafının xeyli sürətlənməsinə,
əhalinin güzəranının əhəmiyyətli dərəcədə
yaxşılaşması ilə nəticələnmişdir. Xüsusilə
də Yeni il ərəfəsində “Əhalinin təbii qazdan
istifadəsi üzrə yaranmış borcların silinməsi
tədbirləri barədə” ölkə Prezidentinin məlum
fərmanı sakinlər tərəfindən dərin
razılıqla qarşılanmışdır.
Ötən il ölkədə
keçirilən ictimai-siyasi tədbirlərdə Keşlə
sakinlərinin də fəal iştirak etdiyini diqqətə
çatdıran Q.Qarakişiyev 23 dekabr bələdiyyə
seçkilərinin qəsəbədə geniş seçici
fəallığı şəraitində keçdiyini və
yeni bələdiyyə üzvlərinin artıq öz səlahiyyətlərinin
icrasına başladıqlarını bildirdi.
Sənaye zonasında
yerləşən və 35,8 hektar ərazini əhatə edən
Keşlə qəsəbəsində 2009-cu ildə
görülmüş işlərdən, nəzərdə
tutulan planlardan və həlli vacib məsələlərdən
geniş bəhs edən natiq bildirdi ki, ötən il əhaliyə
göstərilən rabitə xidmətlərinin səviyyəsinin
yaxşılaşdırılması üçün 4600
nömrə tutumu olan ATS, yeni poçt binası tikilib istifadəyə
verilmiş, 32 saylı birləşmiş Şəhər Xəstəxanası
əsaslı təmir edilərək lazımi avadanlıqlarla
təchiz olunmuş, bu səhiyyə ocağının nəzdindəki
uşaq poliklinikası bərpa olunaraq sakinlərin ixtyarına
verilmişdir. Bundan əlavə, qəsəbədə 550
yerlik xeyir-şər evi inşa edilmişdir. Qəsəbənin
mədəni-tarixi abidələrindən sayılan XVIII əsrə
aid Şah Abbas məscidi təmir olunmuşdur. Bütün bu
işlərin dövlət tərəfindən göstərilən
qayğı və diqqətin təcəssümü
olduğunu bildirən qəsəbə nümayəndəsi
sakinlər adından Prezident İlham Əliyevə minnətdarlığını
bildirdi.
Məruzəçi
2009-cu ildə kommunal sahədə həyata keçirilən
işlərdən də geniş bəhs etdi. Qeyd olundu ki, qəsəbənin
qaz təchizatını daha da yaxşılaşdırmaq
üçün il ərzində yeni kəmərlər
çəkilmiş, bir sıra ərazilərdə qaztənzimləyici
siyirtmələr quraşdırılmış, lazımi əsaslı
təmir-bərpa işləri aparılmışdır. Bununla
yanaşı, sakinlərin elektrik enerjisi ilə təminatını
yaxşılaşdırmaq, eləcə də qəsəbədə
yerləşən təhsil və səhiyyə müəssisələrini
istiliklə normal şəkildə təchiz etmək
üçün lazımi işlər
görülmüşdür. Qəsəbənin içməli
su ilə təchizatını
yaxşılaşdırılması üçün isə
cari ildə bir sıra zəruri tədbirlərin həyata
keçiriləcəyini diqqətə çatdıran
Q.Qarakişiyev kanalizasiya şəbəkəsinin yenidən
qurulması ilə bağlı ötən il mühüm
işlərin görüldüyünü dedi. İl ərzində
qəsəbədə həyata keçirilmiş
abadlıq-quruculuq işlərindən bəhs edən natiq
sakinlərin üzləşdikləri problemlərin aradan
qaldırılması üçün zəruri tədbirlərin
görüldüyünü də diqqətə
çatdırdı. Qəsəbə sakinlərini narahat edən
məsələləri sadaladı, onların rayon icra hakimiyyəti
rəhbərliyinin köməyi ilə qısa müddətdə
aradan qaldırılacağına əminliyini ifadə etdi.
Məruzə ətrafında
çıxış edən ayrı-ayrı xidmət sahələrinin
rəhbərləri ötən il həyata keçirilən tədbirlər
barədə hesabat verdilər, 2010-cu ildə qəsəbənin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə bağlı bütün imkanlardan lazımınca
istifadə edəcəklərini bildirdilər. Çıxış
edən digər natiqlər son illər Keşlə qəsəbəsinin
simasının xeyli gözəlləşdiyini
vurğuladılar, bütün bunlara görə dövlət
başçısına dərin minnətdarlıqlarını
bildirdilər.
Yığıncağa
yekun vuran Nizami rayon icra hakimiyyətinin başçısı
Tahir Budaqov ötən il ərzində qəsəbədə
kommunal sahədə görülmüş işlərə
münasibətini bildirdi, çıxışlarda səsləndirilən
həlli vacib məsələlərə xüsusi
qayğı ilə yanaşacağını diqqətə
çatdırdı. Natiq həmçinin Keşlə bələdiyyəsinə
yeni seçilmiş üzvləri təbrik etdi, onlara işlərində
uğurlar arzuladı. Xüsusilə qeyd olundu ki, rayonun
bütün xidmət sahələri, bələdiyyə, eləcə
də sakinlər qəsəbənin simasının daha da
gözəlləşdirilməsi, mövcud problemlərin
aradan qaldırılması üçün birgə səylərini
gücləndirməlidirlər.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 27 yanvar.- S. 5.