MASALLI: Ərazi nümayəndəlikləri hesabat verir

 

Son illərdə Masallıda “yazılan” abadlıq və quruculuq salnaməsinin ana səhifəsi rayon mərkəzinə aiddir. Qəsəbə və kəndləri əhatə edən digər səhifələr də maraqla “oxunur”. İndilər təqvimdə qış fəsli olduğundan gözəlliklərin bir qismi gözdən qaçsa da, rayonda diqqət çəkən mənzərələr yenə də yetərincədir. Ayrı-ayrı ərazi nümayəndəliklərinin 2009-cu ilin yekunlarına dair hesabatları bu qənaəti daha da gücləndirir.

 

Hesabatlarda xüsusi vurğulanıb ki, ötən il dünyada müşahidə olunan iqtisadi böhran inkişaf etmiş ölkələrdə aşkar çətinliklər yaratsa da, bu, Azərbaycanda o qədər də hiss edilməyib. Nəinki respublikanın iri şəhərlərində, hətta ən ucqar yaşayış məntəqələrində belə sosial-iqtisadi inkişaf üzrə ikinci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər uğurla icra edilib, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin iştirak etdiyi Təzəkənd ərazi nümayəndəliyinin hesabat yığıncağında məruzəçi bildirdi ki, son illər ərzində Masallının siması xeyli dəyişmişdir. Heydər Əliyev prospekti, muzey və park müasir üslubda qurulmuş, Zərifə Əliyeva adına göz xəstəxanası fəaliyyətə başlamış, Xətai adına park salınmış, “Qala” və tikinti materialları bazarı tikilib istifadəyə verilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binaları inşa edilmişdir. Rayon mərkəzinə içməli su, təbii qaz xətləri çəkilmişdir. Küçə və səkilər bərpa edilərək asfaltlaşdırılmış, Təzə Alvadı–Masallı, Seybətin–Musaküçə, Ərkivan–Qəriblər yolları və şəhərdaxili yollar işıqlandırılmış, Ərkivan–Qızılağac–Həsənli–Xırmandalı içməli su xətti bərpa olunmuşdur. Şəhərdə zəruri infrastruktur yaradılmış, rayonon turizm potensialı hərəkətə gətirilmiş, mədəni həyat canlandırılmışdır. Rayon mərkəzindən 17 kilometr aralıda yerləşən Təzəkənddə 678 təsərrüfat var, əhalinin sayı üç minədəkdir. Son üç ildə ərazidə on kilometr uzunluğunda suaparıcı kanallar təmizlənərək mal-qaranın və əkin sahələrinin suvarılmasına imkan yaradılıb. Ötən il kəndin mərkəzi yolunun 1500 metrlik məsafəsinə çınqıl tökülüb,digər yollar hamarlandırılıb. İl ərzində kənddə səkkiz ev tikilib və on iki avtomobil alınıb. Ərazidə olan qaz xəttinin 8 kilometrlik hissəsi əsaslı təmir edilib. Kəndin rabitə, səhiyyə və təhsil müəssisələrinin fəaliyyəti qənaətbəxşdir, yalnız ATS-in avadanlığının təzələnməsinə tələbat duyulur. İnişil kənddə “Azercell”-in stansiyası tikilərək istifadəyə verilib, yaxın vaxtlarda müasir tipli elektron ATS-in də inşasına başlanması nəzərdə tutulub. Yığıncaqda qeyd edildi ki, Təzəkənd əhalisinin işıq sarıdan problemi olmayıb. İstifadə edilən elektrik enerjisinin haqqı tam ödənilib. Lakin bəzi dirəklərin qəza vəziyyətində olması narahatlıq yaradır.

Rayonun Türkoba ərazi nümayəndəliyinin hesabat yığıncağında qeyd edildi ki, ötən il sahibkarlığın inkişafı məqsədilə kəndin 72 sakininə 85 min ABŞ dolları həcmində kredit verilməsi fərəhli haldır. Camaat payıbəlli torpaqlardan səmərəli istifadə edir. Ərazidə iribuynuzlu mal-qaranın baş sayı 4680-ə, xırdabuynuzluların baş sayı isə 2071-ə çatıb. Quşların sayı 22423-dür. Əhali ət və südlə özünü tam təmin edir, əlavə olaraq “Palmali” şirkətinə min tondan artıq süd satılıb.

Türkobada tikinti və abadlıq işləri icra nümayəndəliyinin diqqət mərkəzindədir. Boradigah–Lənkəran şosse yolu boyunca salınan ticarət mərkəzləri və digər xidmət obyektləri, hər cür ərzaq-sənaye və tikinti materiallarının topdan satışı təşkil edilib. Bu, kənd əhalisinin yaxşı yaşamasına şərait yaradır. Burada iki aptek, bir mebel mağazası da işləyir, iki şadlıq sarayı fəaliyyət göstərir. Ötən il şosse yolunun kənarında yeni maşın təmiri sexi və avtoyuyucu da işə salınıb. Alüminium və plastik qapı-pəncərə sexinin istifadəyə verilməsi ilə daha 10 nəfər üçün iş yeri yaradılıb. Məscidlər təmir edilib, kəndarası yolun 850 metrinə asfalt örtük salınıb. Ərazidə ağacəkmə kampaniyası davam etdirilir. İl ərzində 700 ağac əkilib, 2000-ə qədər gül kolu basdırılıb. Məktəblərin qızdırılması probleminin həllinə kömək məqsədilə icra nümayəndəliyi pul vəsaiti ayırıb və odun tədarükünə köməklik göstərib. Türkoba və Qəzvinoba kənd kitabxanalarında iş tələblər səviyyəsində qurulub. Poçt-rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə abonentlər Boradigah qəsəbəsindəki elektron ATS-ə birləşdirilib. Ərazinin hər üç kəndində sayğaclaşdırma başa çatdırılıb və əhali fasiləsiz elektrik enerjisi ilə təmin edilib. RİH başçısının köməkliyi ilə ərazinin köhnə qaz xətləri təmir olunub. İndiyə kimi 900 abonent üçün qaz sayğacı quraşdırılıb, ərazinin hər üç kəndinə təbii qaz verilir. Ötən il sentyabrın sonunda baş vermiş təbii fəlakət beş evi dağıtmış, 300-ə yaxın təsərrüfat sel sularından ziyan çəkmişdi. Uçulmuş evlərin yerinə yenilərinin tikintisinə başlanıb, ərazinin suaparıcı kanalları təmizlənib və genişləndirilib.

Rayonun Banbaşı ərazi nümayəndəliyində də hesabat yüksək səviyyədə keçdi. Məruzəçi bildirdi ki, bu nümayəndəlik dörd yaşayış məntəqəsini əhatə edir. Ərazidə 6771 nəfər əhali yaşayır. Sahibkarlıq inkişaf edib. Burada istehsal, emal və xidmətlə məşğul olan neçə-neçə sex, kiçik müəssisə və şirkət fəaliyyət göstərir. Özəl sex, yanacaqdoldurma və maye qaz məntəqəsi, mebel sexləri, mağazalar və digər obyektlərdə yüzlərlə işçi çalışır. Hazırda bir şadlıq sarayı və avtoservis tikilməkdədir. Ötən il Banbaşı kəndində 480 yerlik yeni məktəb binası tkikilərək istifadəyə verilib. Bu, rayon rəhbərliyinin kənd yerlərində təhsilin inkişafına diqqətinin nəticəsidir. Ərazidə tibb xidmətinin səviyyəsi də yaxşılaşır. Ambulatoriya və feldşer-mama məntəqələrində 6 həkim və 10 orta tibb işçisi çalışır. Uşaqlar arasında ölüm halları yoxdur, yoluxucu xəstəliklərə təsadüf olunmayıb.

Banbaşı ərazisində 1650 nəfər pensiyaçı, iki BVM iştirakçısı, yeddi şəhid ailəsi, üç nəfər Qarabağ əlili, xidməti qulluq zamanı həlak olmuş iki əsgərin ailəsi və beş qaçqın ailəsi yaşayır. İcra hakimiyyətinin başçısı tərəfindən bu ailələrə bütün bayramlarda sovqatlar verilib. Nəcib təşəbbüsə qoşulan ərazi nümayəndəliyi və bələdiyyə də imkansız ailələrə qayğı göstərir. Ərazidə 1300 işıq və 900 qaz abonenti var. Elektrik enerjisi ilə təchizatda problem yoxdur. Banbaşı kəndinin qaz xətləri daxili imkanlar hesabına dəyişdirilib, Böyük Xocavar kəndinə 500 metrdən artıq təzə qaz borusu çəkilib. Prezident İlham Əliyevin 29 dekabr 2009-cu il tarixli sərəncamı ilə təbii qaza görə əhalinin borclarının silinməsi ərazidə dərin minnətdarlıqla qarşılanıb. Dövlətin qayğısı sayəsində əhalinin kənd təsərrüfatına marağı daha da artıb. Ərazidə 400 hektar sahəyə şum vurulub,170 hektarda buğda əkilib, əkinçilərə verilən yardımlar vaxtında çatdırılıb. Payızda baş vermiş təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün əraziyə zəruri texnika verilib və suaparıcı kanallar təmizlənib. Məruzəçi dedi ki, bu işdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin yaxından köməkliyi böyük rol oynayıb.

İl ərzində Banbaşı kəndinin bütün məhəllə yollarına, Böyük Xocavarda isə üç kilometrdən artıq yola çınqıl döşənib. Bu il faşizm üzərində qələbənin 65 illiyi münasibətilə BVM xatirə kompleksi təmir olunacaq və digər tədbirlər keçiriləcək. Abadlıq işləri davamlı səciyyə daşıyacaq.

Bədəlan inzibati ərazi vahidi dörd yaşayış məntəqəsini əhatə edir. Burada səkkiz minədək əhali yaşayır, 1974 təsərrüfat var, əmək qabiliyyətli əhali 3580 nəfərdir. Əsas məşğuliyyət heyvandarıq və tərəvəzçilikdir. Əhalinin xüsusi mülkiyyətində 1796 baş iribuynuzlu mal-qara, 1690 baş davar və 23000 baş ev quşu var. Bu, əvvəlki ildəkindən xeyli çoxdur.

Hesabat yığıncağında məlumat verildi ki, ərazidə əlliyədək özəl xidmət və istehsal obyekti fəaliyyət göstərir, burada150 nəfər sahibkarlıqla məşğuldur. Ötən il daha iki sahibkarlıq obyekti açılıb.

Ərazidəki məktəblərdə və sağlamlıq mərkəzində ötən il 5400 manatlıq təmir işi görülüb. Poçt məntəqəsinin fəaliyyəti normaldır. Aztəminatlı ailələrə diqqət artırılıb. İki şəhid ailəsinə rayon mərkəzində tikilmiş yeni yaşayış evində mənzillər verilib. Ötən Qurban bayramında daxili imkanlar hesabına 200 ailəyə qurban payları verilib. İlboyu 10 imkansız ailəyə ayda 40 manat həcmində ərzaq yardımı göstərilib.

Ərazinin qayğılarının həllində iş adamları da fəallıq göstərirlər. Onların köməkliyi ilə 2,5 kilometrlik kəndarası yola çınqıl döşənib. Aşurlu kəndində 1 kilometr yola asfalt çəkilib. Bədəlan-Xanalion və Dəmirçi kəndarası yollarında müasir işıq dirəkləri qurulub və işıqlandırma təmin edilib. Sentyabrda baş vermiş təbii fəlakət nəticəsində doqquz ev tamamilə yararsız hala düşmüşdü. Hazırda ziyan çəkmiş ailələr üçün yeni evlər tikilir. Ərazidə beş kilometrdən artıq kanal qazılıb və bu işlər cari ildə də davam etdiriləcək.

Nəhayət, onu da deyək ki, Masallının bütün ərazi icra nümayəndəliklərində hesabat yığıncaqları işgüzar şəraitdə keçib, rayon icra hakimiyyəti nümayəndələrinin hesabatlarda iştirakı təmin edilib. Yığıncaqlarda bu il həyata keçiriləcək tədbirlər də müəyyənləşdirilib və sosial-iqtisadi problemlərin həllinə diqqətin daha da artırılması əzmi ifadə olunub.

 

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 27 yanvar.- S. 5.