Misir Ərəb Respublikasında
Azərbaycan Mədəniyyəti Günləri
Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb
Respublikasının Hökuməti arasında mədəniyyət
sahəsində əməkdaşlığa dair sazişə
uyğun olaraq 24-28 yanvar 2010-cu il tarixində Misir Ərəb
Respublikasında Azərbaycan Mədəniyyəti Günləri
keçirilir. Bu barədə Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Mədəniyyət
Günləri çərçivəsində Misirin Qahirə
və İsgəndəriyyə şəhərlərində
Azərbaycan incəsənət xadimlərinin iştirakı
ilə konsertlər, rəsm əsərləri və xalq tətbiqi-dekorativ
sənət nümunələrindən ibarət sərgilər
nümayiş etdirilir.
Mədəniyyət
Günlərinin yüksək səviyyədə keçirilməsini
təmin etmək məqsədilə yanvarın 24-də
böyük nümayəndə heyəti Qahirə şəhərinə
gəlmişdir. Rəsmi nümayəndə heyətinin tərkibinə
Bakı Şəhər Mədəniyyət və Turizm idarəsinin
rəisi Əlikram Əliyev, M.F.Axundov adına Milli
Kitabxananın direktoru Kərim Tahirov daxildir. Mədəniyyət
günlərinin konsert proqramına Ü. Hacıbəyovun,
Q.Qarayevin, F.Əmirovun, S.Ələskərovun, T.Quliyevin əsərləri,
folklor musiqisi daxil edilmişdir. Dövlət Rəqs
Ansamblının bir qrup üzvü zərif milli rəqslərimizi
ifa edəcək.
Solistlərdən xalq artisti, vokalçı Azər Zeynalov, xalq artisti, xanəndə Nəzakət Teymurova, əməkdar artist, vokalçı Gülnaz İsmayılova, xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov (tarzən), Elnur Əhmədov (kamançada), qarmonda Etibar Qasımbəyli, aşıq Samirə Əliyeva, əməkdar artist, ud ifaçısı Mircavad Cəfərov, nağaraçı Kamran Kərimov, kanon ifaçısı Çinarə Mütəllimova kimi məharətli ifaçılarımızın çıxışları da proqrama salınmışdır. Azərbaycan nümayəndə heyəti Qahirədən sonra , yanvarın 27-də İsgəndəriyyə şəhərində olacaqdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 27 yanvar.- S. 5.