Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan–Rusiya Forumu regionda yeni ənənənin
təməlini qoydu
Gələn ildən etibarən Bakı Forumunda
müxtəlif ölkələrin nümayəndələri
iştirak edə biləcəklər
Xalqlar, ölkələr, siyasətlər, mədəniyyətlər
və hətta, adət-ənənələr arasında olan
mehriban münasibətləri, dostluq və əməkdaşlıq
tellərini qoruyub saxlayan, onları inkişaf etdirən
adamların ünvanına həmişə eyni ifadə
işlədilib – müdriklər. Müdriklik tarixin
bütün dönəmlərində yaranmış istənilən
vəziyyətdən çıxmaq üçün variant,
yol, istiqamət tapılmasına zəmin yaradıb. Məhz həmin
müdriklər heç bir problemi olmayan Azərbaycan—Rusiya
münasibətlərini daha da inkişaf etdirmək,
xalqlarımız və dövlətlərimiz
üçün maraqlı olan məsələləri birlikdə
həll etmək üçün mükəmməl bir əməkdaşlıq
forması yaradıblar.
Artıq iki əsrdən
çox yaşı olan həmin əməkdaşlıq ulu
öndər Heydər Əliyevin siyasi dühası nəticəsində
həm 1969-87-ci illərdə, həm də 1993-2003-cü illərdə
öz yüksək mərhələsinə
çatmışdır. Siyasi ekspertlərin və beynəlxalq
icmalçıların fikrincə, Heydər Əliyev siyasi
kursunu uğurla davam etdirən Prezident İlham Əliyev isə
Azərbaycan–Rusiya münasibətlərini tamamilə yeni bir
müstəvidə, tamamilə yeni standartlar çərçivəsində,
beynəlxalq aləmdə nümunə göstəriləcək
bir məzmunda formalaşdırmışdır.
Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan–Rusiya Forumunun keçirildiyi
günlərdə – bu tədbir Azərbaycan siyasətinin yeni
ildə əldə etdiyi uğurlar silsiləsinin
başlanğıcı kimi qiymətləndirilir –
çoxsaylı fikirlər, arqumentlər, müddəalar səsləndirildi.
Ancaq fikrimizcə həmin arqumentlərin arasından daha
yaxşılarını seçmək təklifi irəli
sürülsəydi, biz üç fikirin üstündə
dayanardıq. Birinci qeyd etmək istədiyimiz Prezident İlham Əliyevin
forum iştirakçılarını qəbul edərkən
söylədiyi fikirlər idi və onları sitat kimi təqdim
edirik. Sözün həqiqi mənasında yanvarın
üçüncü ongünlüyündə Bakıda
keçirilmiş, iki böyük xalqın ən qüdrətli
təfəkkür sahiblərinin səmimi müzakirələrinə
şərait yaradan foruma oxşar bir tədbiri heç kəs
xatırlamır. Qeyd etmək istədiyimiz ikinci fikrin müəllifi
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyev idi. Akademik qeyd etdi ki, ölkələr və xalqlar
arasındakı mehriban qonşuluq və dostluq münasibətlərinin
istənilən, arzu olunan səviyyəyə qalxmasında
dövlət başçılarının şəxsi
münasibətlərinin xüsusi rolu vardır. Bu baxımdan
prezidentlər Dmitri Medvedev və İlham Əliyevin şəxsi
dostluq nümunəsi Azərbaycan–Rusiya hərtərəfli əməkdaşlığının
gündən-günə inkişaf etməsinə, genişlənməsinə
zəmin yaradır.
Nəhayət, qeyd etmək istədiyimiz üçüncü, gündəlikdəki məsələnin əhəmiyyətini xarakterizə etmək baxımından heç də əvvəlkilərdən geri qalmayan növbəti ifadəni isə forumun qonağı, “TERRA” informasiya-poliqrafiya kompleksi idarə heyətinin sədri Sergey Kondratovdan eşitdik. Qonaq özündə böyük bir həqiqəti ifadə edən fikirləri əsl dost səmimiyyəti ilə söylədi: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Rusiya–Azərbaycan münasibətlərinin köklərinə yaxşı bələd idi. O, bu münasibətlərin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün çox işlər görmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev də bu siyasəti uğurla davam etdirir və bu, Rusiyada ona olan böyük rəğbətin gündən-günə artmasının əsas səbəblərindən biridir”. Sergey Kondratov tamamilə haqlıdır. Çünki Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşandan sonra həm Rusiyadakı, həm də bizim ölkədəki bəzi siyasətçilərin ya qərəzçilikdən, ya da qeyri-peşəkarlıqdan atdıqları diletant addımlar nəticəsində Bakı–Moskva münasibətləri xeyli soyumuşdu. Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra məhz onun siyasi iradəsiylə bu münasibətlər öz məcrasına salınmışdı. Rusiyada Vladimir Putinin dövlət başçısı seçilməsindən sonra isə Azərbaycan–Rusiya münasibətləri hərtərəfli şəkildə inkişaf etdirilərək region ölkələri üçün nümunə olan bir səviyyəyə çatdırıldı.
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan–Rusiya Forumunun region və dünya siyasətçiləri tərəfindən yüksək qiymətləndirilməsi tamamilə təbiidir. Çünki bu gün beynəlxalq aləmdə sülh və dostluqdan, sivilizasiyaların və mədəniyyətlərin daha sıx inteqrasiyasından, xalqların və dövlətlərin bir-birini daha yaxından tanıyıb daha dərindən əməkdaşlıq etməsindən başqa istənilən variant mənfi qarşılanır. Bu baxımdan adı çəkilən forum beynəlxalq əməkdaşlıq prinsiplərinə, sülh və dostluq dəyərlərinə öz töhfəsini vermiş olur. Daha doğrusu, əvvəlki illərdən də mövcud olan bu töhfələr daha da zənginləşdirilir. İkinci, bu forum Azərbaycan həqiqətlərinin bütün dünya çərçivəsində yenidən və əhatəli şəkildə səsləndirilməsi baxımından çox mühüm əhəmiyyətə malik idi. Çünki tədbiri geniş şəkildə işıqlandıran Azərbaycan televiziyaları dünyanın təxminən yarısında, Rusiya televiziyaları isə çoxsaylı peyk kanalları vasitəsiylə bütün dünyada yayımlanır. Deməli, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin forum iştirakçıları qarşısında söylədiyi fikirləri dünyanın hər yerində eşitdilər: “Bəzən elə təəssürat yaranır ki, bu mövzuda yazanlar (Dağlıq Qarabağ münaqişəsinin kökləri barədə – red.) Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedovun XIX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə məşhur məktubunu oxumamış, XIX əsrin əvvəllərində Qafqazın real etnik xəritəsi barədə heç bir məlumata malik deyillər... Təsadüfi deyildir ki, Aleksandr Qriboyedov yazırdı ki, azərbaycanlılar köçkün ermənilərin həmişəlik Qarabağda qalacağından qorxurlar”. Doğrudur, Azərbaycan ziyalıları, xüsusən, xarici ölkələrdəki səfirliklərimiz ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi tapşırıqları ilə Dağlıq Qarabağ münaqişəsinin kökləri barədə dünya ictimaiyyətinə geniş məlumat veriblər. Üstəlik bu proses gündən-günə daha da intensivləşir. Ancaq akademik Ramiz Mehdiyevin 150 nəfərə yaxın Rusiya ziyalısı və siyasətçisi önündə söylədiyi bu fikirlər auditoriyanın genişliyi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan yazıçıları Anar və Çingiz Abdullayevin Rusiya siyasətçilərinə və həmin ölkədəki həmkarlarına açıq və səmimi, eyni zamanda həqiqəti ifadə etmək baxımından çox qətiyyətli müraciətləri də dünya ictimaiyyətinə çatdırılmış oldu.
Başqa bir məqama diqqət
yetirək. Azərbaycan ziyalıları, tarixçi alimlər,
xüsusən, ensiklopediya mütəxəssisləri indiyədək
hər ildə ən azı 8-10 dəfə müəyyən
iradlarla, etirazlarla Rusiyanın elmi mərkəzlərinə
müraciət edirdilər. Müraciətlərin
hamısı müəyyən atlas və ya ensiklopediyalarda Azərbaycanın
xəritəsinin qərəzli şəkildə təhrif
edilməsi və ya tariximiz haqqında erməni tarixçilərinə
istinadən “fakt”lar verilməsi ilə bağlı idi. Bakı
forumunda isə tərəflər razılığa gəldilər
ki, iki dildə “Azərbaycan” Ensiklopediyası müştərək
hazırlansın. Yəni belə bir ensiklopediya rəsmi şəkildə
ərsəyə gələndən sonra erməni lobbisinin
sifarişi ilə Rusiyanın hansısa ucqar şəhərindəki
“elm mərkəzi”nin yazdığı ensiklopediyadakı təhrif
edilmiş faktlar tamamilə əhəmiyyətsiz bir
kağıza çevriləcəkdir.
Forumun növbəti əhəmiyyəti
isə müzakirələr çərçivəsində
belə tədbirlərin yuxarıda qeyd etdiyimiz kimi bundan sonra ənənəvi
olaraq hər il keçirilməsi, üstəlik, formatın dəyişdirilərək
Rusiya–Azərbaycan forumu kimi deyil, Beynəlxalq Bakı Forumu kimi
təşkil edilməsi barədə qərarın qəbul
edilməsi oldu. Yəni gələn il bu foruma Gürcüstan,
Türkiyə, İran və ya istənilən bir ölkə
də qatıla bilər. Deməli, Bakı ilə Moskva regionda
dostluq, tərəfdaşlıq və mehriban qonşuluq
nümunəsi yaradan beynəlxalq bir ənənənin təməlini
qoymuş oldular. Prezident İlham Əliyevin dediyi kimi, bu tədbirin
təşəbbüs qrupunun üzvləri Azərbaycanın
böyük dostları, ölkəmizi sevən insanlar oldular.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 27 yanvar.- S. 1.