Azərbaycan dünya
iqtisadiyyatına uğurla inteqrasiya edir
Bir vaxtlar azərbaycanlı gənclər xaricdə
iş axtarırdısa, indi əcnəbilər Azərbaycana
işləməyə gəlirlər
2009-cu il artıq əsrin geridə qalan illərinə
qovuşdu. Ötən il bir sıra hadisələrlə
xalqımızın yaddaşında hələ uzun müddət
yaşayacaq. Ümumiyyətlə, 2009-cu il dünya tarixində
də bir neçə baxımdan özünə yer tutdu.
Çünki dünyanı bürüyən maliyyə və
iqtisadi böhran məhz bu ilə təsadüf etdi.
Dünyanın demək olar ki, bütün ölkələri
böhrandan bu və ya digər formada əziyyət çəkdi.
Azərbaycan isə dünya iqtisadiyyatının bir
parçası kimi bu böhrandan cüzi itkilərlə
çıxdı.
Azərbaycanda aparılan
uğurlu sosial-iqtisadi islahatlar,
düşünülmüş strategiya respublikamızın hərtərəfli
inkişafına, qabaqcıl ölkələr cərgəsinə
qoşulmasına imkan yaratmışdır. Hazırda müstəqil
dövlətimiz dünya iqtisadiyyatına çox uğurla
inteqrasiya edir. 2009-cu ildə – böhran ilində ölkəmizin
iqtisadi qüdrətinin artması bu inteqrasiyanı daha da
sürətləndirmişdir. Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin sədrliyi ilə bu il yanvarın 18-də
keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında bu barədə daha ətraflı məlumat verildi.
Nazirlər Kabinetinin
iclasında dövlət başçımızın
geniş və əhatəli nitqində ötən il ölkəmizin
bütün sahələr üzrə qazandığı
nailiyyətlərdən söhbət açıldı.
Dünyanı bürüyən böhran ilinin – 2009-cu ilin
yekunları bir daha təsdiqlədi ki, Azərbaycan dünya
miqyasında ən sürətlə inkişaf edən ölkələr
sırasındadır. Xatırlatmaq istərdim ki, 2008-ci ilin
yekunlarına görə də Azərbaycan dünyada ən
islahatçı dövlət kimi tanınmışdır.
Dünya Bankının araşdırmalarından sonra ölkəmiz
nəinki regionda, hətta dünyada bir nömrəli
islahatçı ölkə elan edildi. Azərbaycanın beynəlxalq
aləmdə sürətlə inkişaf etməsi təkcə
bu faktlara istinad etmir. Qeyd edim ki, MDB məkanında da Azərbaycan
ən sürətlə inkişaf edən ölkədir.
Dünyanın tanınmış nüfuzlu təşkilatlarından
hesab edilən Dünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə
görə ölkəmizi 51-ci yerə layiq gördü. Bu da
MDB məkanında liderlik deməkdir. Bu faktlar bir daha təsdiqlədi
ki, iqtisadiyyatımız çoxşaxəli və
güclüdür.
Azərbaycan
iqtisadiyyatının inkişafı
düşünülmüş siyasətin və məntiqli
idarəetmənin nəticəsidir. Diqqət yetirək,
bütün dünya ciddi maliyyə və iqtisadi
böhranın sıxıntılarında əzab çəkdiyi,
iri şirkətlər bir-birinin ardınca iflasa
uğradığı, fəaliyyətini
dayandırdığı və işsizliyin sayı getdikcə
çoxaldığı halda, Azərbaycanda hadisələr
başqa istiqamətdə cərəyan etmişdir. Bunu əyani
şəkildə görmək üçün iqtisadi və
sosial göstəriciləri nəzərdən keçirmək
kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul
9,3 faiz artmışdır. Bu, çox böyük nailiyyətdir.
Dünyanın inkişaf etmiş qüdrətli ölkələri
maliyyə və iqtisadi böhranın fəsadlarından sarsıntı
keçirdiyi halda, müstəqillik yolunda 19 illik təcrübəsi
olan Azərbaycanda ümumi daxili məhsul istehsalının
artımı qeydə alınıb. Üstəlik 74 min yeni
iş yeri açılıb. Bu uğurlar həm də
regionların sosial-iqtisadi inkişafı prosesinin uğurla
davam etdirilməsinin nəticəsidir. Onu da qeyd edim ki, ötən
il sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı
3,5 faiz artmışdır. Göründüyü kimi, Azərbaycanın
iqtisadi inkişafı təkcə neft amilindən asılı
olmamışdır. Çünki 2009-cu ildə dünya
bazarında neftin satış qiyməti o qədər də
yüksək olmamışdır. Qiymətlər gah
artmış, gah da azalmışdır.
İqtisadiyyatımız isə yüksəliş yolunda
olmuşdur. Elə bunun nəticəsidir ki, Azərbaycana
investisiya qoyuluşu davam etmişdir. Möhtərəm
Prezidentimiz öz nitqində bu məsələyə
münasibət bildirərkən demişdir: “2009-cu ildə Azərbaycana
investisiya qoyuluşu davam etmişdir. İl ərzində 9,2
milyard dollar investisiya qoyulmuşdur ki, bunların da 7,3
milyardı daxili sərmayələrdir. Bu da çox gözəl
göstəricidir. Çünki bilirik ki, dünyada həm
banklarda yaranmış ciddi vəziyyət, eyni zamanda, maliyyə
resurslarının azaldılması istər-istəməz
investisiya qoyuluşunun davamına müsbət təsir
göstərə bilməzdi. Ancaq biz bütün imkanları
səfərbər edib, həm dövlət, həm yerli
şirkətlər, özəl sektorun xətti ilə, eyni
zamanda, xarici şirkətlərin Azərbaycana
marağını nəzərə alaraq, biz Azərbaycanda
böyük həcmdə investisiya qoyuluşunu təşkil
edə bildik. Burada da ölkəmizdə aparılan ümumi
siyasət öz xüsusiyyətlərini göstərir. Həm
dövlət tərəfindən qoyulan əsaslı investisiyalar
eyni zamanda, yerli şirkətlərin böyüməsi və
onların imkanlarının artırılması, onlar
üçün gözəl şəraitin yaradılması,
dövlət tərəfindən sahibkarlığın
inkişafına ayrılan vəsait, kreditlər, subsidiyalar,
başqa güzəştlər, ölkəmizdə
güclü infrastruktur layihələrinin icrası, hər
yerdə yollar, elektrik stansiyaları, sosial obyektlərin
yaradılması, digər tərəfdən xarici investorlar
üçün də yaxşı şəraitin
yaradılması amilləri bax bu vəziyyətə gətirib
çıxarıbdır”.
Azərbaycanda aparılan
uğurlu islahatların, sahibkarlıq fəaliyyətinə əlverişli
şəraitin yaradılması və davamlı ictimai-siyasi
sabitliyin nəticəsi olaraq bir neçə iri layihələrin
təməli qoyuldu. Həmin layihələrin bəzi hissələri
artıq icra edilib. Xarici investorların maliyyələşdirdiyi
belə layihələrdən birinə qoyulacaq vəsaitin məbləği
400 milyon dollardır. Belə böyük məbləğdə
vəsaitin qoyulması həm də dövlət
başçımıza olan inamın nəticəsidir.
Dövlət başçısı xalqın inamını, rəğbətini
nə qədər çox qazanarsa, ölkədə
ictimai-siyasi sabitlik bir o qədər davamlı olar. Xarici
investorlar da belə ölkələrə sərmayə
qoymaqda daha çox maraqlı olurlar. Məlumdur ki, ölkəyə
sərmayə qoyulduqca yeni müəssisələr
açılır, iş yerləri yaradılır. Ölkə
iqtisadiyyatı daha qüdrətli olur və beynəlxalq aləmə
inteqrasiya sürətlənir. Bunlarla bərabər əhalinin
pul gəlirləri artır, sosial müdafiəsi güclənir.
2008-ci ilin yekunları ilə müqayisədə 2009-cu ildə
yoxsulluq səviyyəsi 13,2 faizdən 11 faizə
düşmüşdür. Göründüyü kimi,
böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycanda
yoxsulluğa qarşı mübarizə aparılmış, bu
da öz bəhrəsini vermişdir. Ümumilikdə qeyd etmək
istərdim ki, 2009-cu ildə də Azərbaycan iqtisadi
inkişaf yolundan dayanmamışdır. Bu, beynəlxalq aləmin
diqqətindən yayınmamışdır. Bir vaxtlar azərbaycanlı
gənclər MDB ölkələrində iş axtarırdılarsa,
indi xarici ölkə vətəndaşları işləmək
üçün Azərbaycana gəlirlər. Azərbaycanda
iri infrastruktur layihələrin reallaşdırılması,
dünya standartlarına uyğun tikinti-quraşdırma işlərinin
aparılması böyük marağa səbəb olub. Ona
görə də xarici ölkə vətəndaşları
Azərbaycana işləməyə üz tutublar. Bir vaxtlar isə
ölkəmizdə ən böyük narahatlıq doğuran məsələ
işsizlik problemi idi. Möhtərəm Prezidentimiz cənab
İlham Əliyev hələ 2003-cü ildə keçirilən
prezident seçkiləri ərəfəsində demişdir
ki, əgər ona etimad göstərilərsə və
prezident seçilərsə ilk növbədə işsizlik
probleminin aradan qaldırılmasına çalışacaq.
Artıq bu vəddən 6 il
keçir. Bu illər ərzində dövlət
başçımızın prioritet məsələ kimi diqqət
mərkəzində saxladığı sahələrdən
biri də məhz işsizlik məsələsi olmuşdur. Belə
xüsusi qayğının nəticəsi olaraq son 6 ildə
Azərbaycanda 840 min iş yeri yaradılmışdır. Yeni
yaradılan müəssisələr beynəlxalq standartlar səviyyəsindədir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının qarşıya qoyduğu vəzifələrin
uğurla icrası nəticəsində əyalətlərdə
MDB məkanında analoqu olmayan istehsal və sənaye müəssisələri
yaradılıb. Bütün bunlar Azərbaycan
iqtisadiyyatının yüksələn xətt üzrə
inkişafından xəbər verir.
2009-cu ilin maliyyə və iqtisadi böhranı qeyd etdiyim kimi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin sosial obyektlərin tikintisi istiqamətində həyata keçirilən tədbirlərə də ciddi təsir göstərməyib. Nəzərdə tutulan proqram uğurla icra olunub. İmkansız ailələrə verilən ünvanlı sosial yardım ötən il də davam etdirilib. Bununla yanaşı 64 məktəb, 59 səhiyyə müəssisəsi tikilmiş, beş rayonda ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, sosial məsələlərin həlli istiqamətində ciddi problem yaranmamışdır. Bir faktı da qeyd etmək vacibdir. Əhalinin təbii qazdan istifadəyə görə yaranmış bütün borcları dövlət hesabına ödənildi. Bu sahədə yaranmış vəziyyət narahatlıq doğururdu. Çünki təbii qazdan istifadəyə görə yığılmış borclar uzun illər idi ki, davam edirdi. İmkansız ailələr bu borcu ödəyə bilmirdi. İnsanlara yüksək səviyyəli qayğı göstərilməsini həmişə diqqətdə saxlayan möhtərəm Prezidentimiz bu dəfə öz ənənəsinə sadiq qalaraq əhalinin qaz pulu borclarının bağışlanması barədə fərman imzaladı. Dövlətimizin başçısı Nazirlər Kabinetinin yığıncağında bu məsələyə bir daha toxunaraq dedi: “... Bilirsiniz ki, bu yaxınlarda əhalinin qazdan istifadəyə görə yaranan bütün borcları silindi, bağışlandı və beləliklə, biz insanları böyük əziyyətdən xilas etdik. Çünki o borcların yığılması prosesi artıq uzun illər idi ki, davam edirdi. Bəzi hallarda bu, təbii narazılığa səbəb olurdu. Bəzi hallarda insanların maliyyə imkanları o borcu ödəməyə imkan vermirdi. Biz bütün bunları başa düşməliyik. Azərbaycan xalqı ildən-ilə yaxşı yaşayır. Ancaq hələ ki, çətin vəziyyətdə yaşayanlar da var. Biz onlara daim qayğı göstərməliyik, onların problemlərini həll etməliyik. Bu məqsədlə ünvanlı sosial yardım proqramı icra edilir. Bu məqsədlə digər başqa yardımlar edilir. Qazdan istifadəyə görə olan borclar silindi. Halbuki, Azərbaycan büdcəsi üçün o qədər də asan məsələ deyildi. Təxminən 400 milyon dollar həcmində – 330 milyon manat məbləğində vəsait silindi”.
Göründüyü kimi, 2009-cu ildə nəzərdə tutulmuş infrastruktur layihələrin reallaşdırılması, tikinti-quraşdırma işlərinin davam etdirilməsi və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Azərbaycan xalqının ən ağrılı yeri olan Dağlıq Qarabağ probleminin nizamlanmasında da yadda qalan işlər görülüb. Möhtərəm Prezidentimizin məntiqli xarici siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması barədə Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən iclasda qəbul edilmiş sənəd də məhz 2009-cu ilə təsadüf edir. Bu sənəddə münaqişənin həlli yolları açıq-aydın göstərilib. Əsas prinsip münaqişənin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasından ibarətdir. Azərbaycan hökumətinin apardığı düşünülmüş xarici siyasət qarşısında tab gətirə bilməyən Ermənistan bu sənədə qoşulmaq məcburiyyətində qaldı.
Ötən ilin yekunlarına nəzər saldıqda bütün sahələr üzrə irəliləyişlərin olduğu açıq-aydın görünür. Ümid edirik ki, qədəm qoyduğumuz 2010-cu ildə də yadda qalan uğurlar qazanılacaq. Çünki ulu öndər tərəfindən əsası qoyulmuş qüdrətli Azərbaycanın daxili və xarici siyasəti çox etibarlı əllərdədir. Xalq ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimizə güvənir və inanır.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2010.- 27 yanvar.- S. 4.