Ötən il Azərbaycanda turizmin inkişafı diqqət mərkəzində olub

 

Azərbaycan öz təbiəti, tarixi abidələri ilə turizmin inkişafı üçün olduqca perspektivli məkandır və buna görə də ölkəmiz müstəqillik yoluna qədəm qoyduqdan sonra bu sahəyə dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir. Bu gün Azərbaycanda xüsusi mühafizə olunan ərazilərin sahəsi genişlənir, yeni təbiət qoruqları, yasaqlıqlar, milli parklar yaradılmaqla onların mühafizəsinə böyük diqqət yetirilir. Digər tərəfdən tarixi abidələrimiz bərpa olunur, onların turizm üçün açıq olmasına şərait yaradılır.

 

Əsrarəngiz təbiətimiz, gözəl iqlim şəraiti bu ölkəyə gələn turistləri əsl mənada heyran edir. Ölkədə turizmin inkişafı həm də əhalinin məşğulluğunun təmin olunmasında başlıca rol oynayır.

Söz yox ki, ilk növbədə, turizmin hüquqi bazasının yaradılması vacib məsələlərdəndir və “Turizm haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin yeni variantının hazırlanması bu mənada ötən ilin əhəmiyyətli hadisələrindən olmuşdur. Belə ki, qanun layihəsi ilə bağlı müvafiq dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmış, son variantı hazırlamaq üçün işçi qrup yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin 2008-ci il 20 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin 3.1 bəndinə uyğun olaraq turizm və rekreasiya zonalarının yaradılması məqsədilə respublikanın Quba, Qusar, Xaçmaz, Siyəzən, Dəvəçi və Xızı rayonlarında müəyyən olunmuş ərazilərə aid olan torpaqların rəsmi eksplikasiyasına uyğun olaraq mülkiyyət formaları haqqında məlumatlar əldə olunmuş və təkliflər müvafiq distansiyalara göndərilmişdir.

Bu gün ölkədə 220-dən artıq turizm şirkəti fəaliyyət göstərir ki, onların da imkanları getdikcə genişlənir. Ötən il bu şirkətlərin fəaliyyəti nəticəsində turizm sahəsi xeyli inkişaf etmiş, həm yerli, həm də xarici ölkə turistləri üçün əlverişli şərait yaradılmışdır.

2009-cu ildə Bakı şəhərində BMUTT-nin Avropa Komissiyasının 49-cu iclası və “İqtisadi böhranın turizm sektoruna təsiri: İddialar və cavablar” mövzusunda texniki seminar keçirilmişdir. Bu seminar beynəlxalq turizmin qlobal maliyyə böhranı şəraitində inkişaf istiqamətlərini müəyyən etmək baxımından olduqca əhəmiyyətli xarakter daşımışdır.

Ötən ilin oktyabr ayında Fransanın 10 turizm şirkətinin rəhbəri üçün infotur təşkil olunmuşdur ki, bu tədbirin iştirakçıları Bakı və Abşeron yarımadası ilə yanaşı, Şamaxı, İsmayıllı, Qəbələ və Şəkinin turizm potensialı ilə tanış olmuşlar. Belə tədbirlər beynəlxalq turizmin inkişafına geniş imkanlar yaradır və ölkələrarası turizmin genişlənməsində əhəmiyyətli rol oynayır.

Bu gün Azərbaycanda turizmin maddi-texniki bazasının inkişafı da diqqət mərkəzindədir. Hal-hazırda 272 mehmanxana və mehmanxana tipli obyektə lisenziya verilmişdir.

Bununla bərabər, 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi qanunsuz fəaliyyət göstərən mehmanxanalar barədə də bir sıra tədbirlər görüb.Belə ki, nazirliyin mütəxəssisləri lisenziya alan bəzi mehmanxanalarda apardıqları monitorinq nəticəsində bir çox neqativ hallarla qarşılaşıblar. Quba, Nabran, Xaçmaz, cənub bölgəsində və daha bir neçə regionda 40-a yaxın hotel lisenziyasız fəaliyyət göstərdiyi üçün fəaliyyəti dayandırılıb. Qərara alınıb ki, 2010-cu ildən etibarən Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların lisenziya məsələsinə daha çox diqqət yetirilsin və bu iş təkmilləşdirilsin. Bundan əlavə, mehmanxanalarda əsas problem olan kadr çatışmazlığını aradan qaldırmaq üçün 2010-cu ildən etibarən lisenziyaların mehmanxanada işləyən ixtisaslı kadrların sayına görə verilməsi müəyyənləşdirilib.

2009-cu ildə həmçinin yeni mehmanxana komplekslərinin tikilməsinə də start verilib. Xızı və Dəvəçi rayonlarında inşa olunması nəzərdə tutulan turizm komplekslərinin tikintisinə başlanması ilə bağlı Küveyt və Çexiya sərmayəçiləri ilə danışıqlar aparılır. Qusardakı Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin inşası da davam edir. 5000 insanın yerləşə biləcəyi istirahət mərkəzinin tikintisinə 2 milyard avro vəsait xərclənəcək. Bu məbləğin 25 faizi dövlət, 75 faizi özəl şirkətlərin öhdəsinə düşəcək.

Turizm üçün əsas məqamlardan biri də odur ki, 2008-ci illə müqayisədə 2009-cu ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunub. Dünyadakı maliyyə böhranı ilə əlaqədar turistlərin sayı 15-18 faiz azalıb, lakin buna baxmayaraq, Azərbaycanda turistlərin sayında artım olub. 2008-ci ildə isə Azərbaycana 1 milyon 898 min 939 nəfər qonaq gəlib və onlardan 1 milyon 408 min 988 nəfəri turist hesab olunur. 2009-cu ilin nəticələrinə görə demək olar ki, ölkəmizə gələn insanların sayı xeyli artıb. Belə ki, ilk altı ayda Azərbaycana 783 min 208 nəfər insan gəlib ki, bu da əvvəlki ilin altı ayı ilə müqayisədə 309 nəfər, yəni 0,3 faiz çoxdur. Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycandan xarici ölkələrə gedən turistlər 70 faiz təşkil edirdi. Ötən il isə bu rəqəm 55 faiz olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci il ərzində Azərbaycanın dövlət büdcəsinə 190 milyon ABŞ dolları vəsait daxil olub. Mədəniyyət və Turizm Nazirliyinin apardığı hesablamalara görə isə nəqliyyatdan, yeməkdən, suvenirlərin alınmasından, ekskursiyalardan gələn gəlirlər də nəzərə alınmaqla, Azərbaycanda xarici vətəndaşın bir həftəlik istirahəti 700-800 dollara başa gəlir. Bu məbləği il ərzində gələn turistlərin sayına vurduqda təxminən 4 milyard 640 milyon ABŞ dolları təşkil edir.

Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının birgə layihəsi əsasında yaradılan Bakı Turizm İnformasiya Mərkəzi də ötən il ərzində bir çox önəmli layihələrə imza atıb. Mərkəzin www. bakutourism. az. adlı internet portalı fəaliyyətə başlayıb. Bu, Azərbaycanda qurulmuş yeganə onlayn sistemidir. Azərbaycanın turizm məhsulları bu sistem və bütün dünyada reklam olunur. Bakı Turizm İnformasiya Mərkəzində, həmçinin əməkdaşların təcrübəsinin, bilik və bacarığının artırılması məqsədilə vaxtaşırı olaraq müxtəlif mövzularda treninq-kurslar keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 aprel tarixli fərmanı ilə və Azərbaycan Respulikası Nazirlər Kabinetinin həmin ilin 16 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşmasının keçirilməsi” qaydalarına əsasən, Azərbaycan Respublikası dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 72-yə çatmışdır.

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın tarizm imkanlarını təbliğ etmək məqsədi ilə 2009-cu ildə dünyanın bir sıra məşhur şəhərlərində sərgilərdə iştirak etmişdir. Belə ki, Mərakeş, Vyana, Madrid, İstanbul, Riqa, Berlin, Dubay, Honq-Konq, Pekin, Tokio, Paris, Daşkənd və London şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərində Azərbaycana geniş yer verilmiş, turizm imkanlarımızın təbliği üçün əlverişli şərait yaradılmışdır.

Azərbaycanın turizm imkanlarının təbliği üçün digər vasitələrdən də istifadə olunur. Məsələn, 2008-ci ildən başlayaraq “Euro News” telekanalında respublika və onun turizm imkanları haqqında reklam çarxı mütəmadi olaraq nümayiş etdirilir.

2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı xüsusi reklam çarxı yaradılmışdır. Həmçinin “CNN” telekanalında ötən ilin yanvar ayından başlayaraq ölkəmiz haqqında reklam çarxı yayımlanır. Həmin reklam çarxının yeniləşməsi üçün işlər aparılır.

Cico.tv veb-saytında respublikanı təbliğ edən 6 dəqiqəlik film və 2009-cu il Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına dair 30 saniyəlik reklam çarxı yerləşdirilmişdir.

Məhz bunun nəticəsidir ki, son illər Azərbaycanda xüsusi olaraq nəzərəçarpacaq dərəcədə inkişaf etmiş yeni turizm obyektləri tikilmişdir. Ümid edirik ki, Azərbaycanın turizm potensialı növbəti illərdə daha da inkişaf edəcək və ölkəmizə gələn turistlərin sayı artacaq.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 28 yanvar.- S. 8.