Dissertasiyalar: mülahizələr,
müzakirələr, müdafiələr
Beynəlxalq Mühəndislik
Akademiyasının akademiki, texnika elmləri doktoru, professor Məmmədkərim
Quliyev görkəmli alim və fəal ziyalıdır. Onun
elmi məqalələri yeddi dildə - Azərbaycan, rus,
ingilis, fransız, macar, alman və ispan dillərində
dünyanın demək olar ki, bütün qitələrində
çap edilmişdir. Məmmədkərim müəllimin
monoqrafiyaları Bakı və Moskva şəhərlərində
nəşr olunmuşdur. M.Quliyevin əldə etdiyi elmi nəticələrə
Moskvanın “Nauka”, “Nedra” və digər nəşriyyatlarında
çap edilmiş kitablarda çoxlu istinadlar vardır. O, elm
və incəsənətlə əlaqədar dövri mətbuatda
çap edilmiş çoxlu məqalələrin müəllifidir.
Məmmədkərim müəllimin ziyalılığı
haqqında dünya şöhrətli rəssam Tahir Salahov,
dahi bəstəkar Tofiq Quliyev, akademik Ziya Bünyadov və
başqaları dövri mətbuatda məqalələrlə
çıxış etmişlər. Akademik Hacıbəy
Sultanov onun yaradıcılığından bəhs edən
“Görkəmli alim, fəal ziyalı” adlı monoqrafiya
yazmışdır. Məmmədkərim Quliyevin elmi, mühəndis
və zabit kadrlarının hazırlanmasında xidmətləri
böyükdür. O, uzun illərdir ki, texnika
elmləri doktoru və fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcələri
almaq üçün təşkil edilmiş müdafiə
şurasının üzvüdür və dəfələrlə
namizədlik dissertasiyalarının müdafiəsi zamanı
elmi şuranın iclaslarına sədrlik etmişdir.
Aşağıda M.Quliyevin dissertasiyalar ilə əlaqədar
bəzi mülahizələri təqdim edilir.
* * *
Elm insan fəaliyyətinin çox çətin sahələrindən biridir və xalqa, dövlətə nüfuz gətirən amillərdən sayılır. Əsl elm fədailəri
bütün ömürlərini elmə, onun inkişaf etdirilməsinə
sərf edirlər. Elmi yaradıcılıqla uzun müddət
məşğul olan insanlar elmi əsərlər yazır,
onları müvafiq mətbuat orqanlarında, kitablarda və
jurnallarda çap etdirirlər. Sonra isə
alimlik dərəcəsi almaq üçün çap
etdirdikləri elmi nəticələr əsasında dissertasiya
yazır və onu müdafiə edirlər. Dissertasiya müdafiəsi uğurla nəticələndikdən
sonra müvafiq sənədlər Ali Attestasiya Komissiyasına
göndərilir və orada iddiaçılara elmlər namizədi
və ya elmlər doktoru alimlik dərəcəsini təsdiq edən
diplom verilir.
Bütün bu
mürəkkəb prosesi aydın təsəvvür etmək
üçün dissertasiyanın mahiyyəti ilə əlaqədar
bəzi mülahizələrin açıqlanması məsələlərinin,
təqdim edilən elmi nəticələrin müzakirə
edilməsi qaydalarının, eləcə də müdafiə
prosesinin aparılmasının
ardıcıllığının şərh edilməsinə
ehtiyac vardır.
İlk növbədə
dissertasiyanın mahiyyəti ilə əlaqədar bəzi
mülahizələri nəzərdən keçirək.
Müvafiq sənədlərdə
dissertasiyanın tərifi verilməsə də, onun müəllifin
açıq, bəzi hallarda isə necə deyərlər,
qapalı müdafiə üçün irəli
sürdüyü elmi müddəaların və nəticələrin
məcmusunu əhatə edən elmi iş, eləcə də
dissertasiyanın müəllifin elmə şəxsən
verdiyi töhfə olduğu göstərilir. Qeyd
etmək lazımdır ki, müəllifin əldə etdiyi
elmi nəticələr mütləq çap etdirilməli,
elmi ictimaiyyət həmin nəticələrlə
tanış olmaq imkanına malik olmalıdır. Adətən, elmi nəticələrin həmmüəllifsiz,
yəni yalnız bir müəllif tərəfindən dərc
edildiyi əsərlərə daha çox üstünlük
verilir. Belə yanaşma heç də dərin
əsaslandırma tələb etmir, çünki vəzifə
səlahiyyətlərindən istifadə edən bəzi rəhbər
işçilər əsərin əsl müəllifinə
süni surətdə qoşulmaq yolu ilə öz əsərlərinin
sayını xeyli artırmaq imkanı əldə edirlər.
Bu da həmin, necə deyərlər, elm xadimləri
üçün dissertasiya müdafiə etmək, fəxri
adlar almaq yolunda geniş imkanlar açır. Dissertasyia ilə əlaqədar prosesdə müəllifin
əsərlərinin sayının kifayətləndirici
olması məsələlərinə də xüsusi diqqət
yetirilməlidir. Burada müasir həyatımız
üçün səciyyəvi olan çox mühüm bir
amilə də toxunmaq yerinə düşərdi.
Qeyd etmək
lazımdır ki, müstəqillik əldə etdiyimizdən
sonra nəşriyyatların sayı xeyli artmış və
kitablar, elmi məqalələr çap etdirmək işi nisbətən
asanlaşmışdır. Əvvəllər,
tanınmış alimlər çox mühüm elmi nəticələr
əldə etdikdən sonra kitab, monoqrafiya yazmaq qərarına
gələrdilər. Elə hallar da olurdu ki,
tanınmış alimlərdən bəziləri hətta
böyük nəticələr əldə etdiklərinə
baxmayaraq, kitab yazmağa cəhd göstərmirdilər,
çünki buna həddindən artıq məsuliyyətli
iş kimi baxırdılar. Məsələn,
dünya şöhrətli alimlər vardır ki, onların
müəllifi olduğu kitablar çox azdır, demək olar
ki, yox dərəcəsindədir. Belə
alimlər kimi, Amerikada yaşayan bakılı alim Lütvi Zadəni,
kimya elminin inkişafında müstəsna xidmətləri
olan böyük alim Yusif Məmmədəliyevi və
başqalarını göstərmək olar. İndi isə kitab yazmaq işi xeyli sadələşmiş,
necə deyərlər, dəb şəklini
almışdır. Kitablarının
sayı elmi məqalələrinin sayından çox olan “elm
xadimlərinə” təsadüf edilir. Hətta
bəzi elmi idarələrdə vaxtaşırı kitab
yazmayan nüfuzlu alim üçün belə fəaliyyət
qüsurlu sayılır. Hazırda elmi dərəcəsi,
ümumiyyətlə, dərin savadı olmayanlar çoxlu
kitabların müəllifidirlər. Qeyri-dövlət
nəşriyyatlarında çap edilən həmin kitablar
üçün müvafiq tələblər irəli sürülmür,
formalizmə geniş yol açılır, adları rəyçi
kimi göstərilənlər çox vaxt öz rəylərindən,
necə deyərlər, xəbərsiz olurlar. Belə kitabların müəllifləri adətən,
həmin istiqamətdə çox mühüm elmi nəticələri
olan alimlərin kitablarına, məqalələrinə
heç istinad da etmirlər, özlərini birinci kimi qələmə
verməyə çalışırlar. Bu tip
kitabların dərs vəsaiti kimi təqdim edilməsi
halları daha acınacaqlı nəticələrə gətirib
çıxarır. Ona görə də tələbələrə
ilk növbədə müvafiq istiqamətdə
yazılmış və çap olunma tarixindən
asılı olmayaraq, klassik ədəbiyyat tövsiyə oluna
bilər.
Əlbəttə,
çoxlu elmi kitabların müəllifi olmaq heç də qəbahət
deyildir. Lakin bu nailiyyət yüksək səviyyəli
alimliyin, gərgin əməyin və əsl məhsuldarlığın
nəticəsində əldə edilməlidir. Azərbaycanda
belə alimlər az olmamışdır və
indi də vardır. Məsələn, görkəmli alim, professor Zəki Kazımzadənin elektrotexnika
sahəsində keçən əsrin ortalarında
yazdığı fundamental kitablar indi də mütəxəssislər
və tələbələr tərəfindən geniş
istifadə edilir.
Bütün
bunları nəzərə alaraq, dissertasiya işində təqdim
olunmuş ədəbiyyatın siyahısı lazımi səviyyədə
araşdırılmalıdır. Başqa sözlə
desək, kitabın dəyərlilik, müəllifin isə səlahiyyətlilik
dərəcəsini düzgün müəyyənləşdirmək
üçün istifadə olunmuş ədəbiyyatın
siyahısına, xüsusilə də kitabın müəllifinə
istinad edilən əsərlərə lazımi diqqət
yetirilməlidir. Həmin hissədə
müəllifin əsərlərinin sayının yox dərəcəsində
olması və ya nüfuzu olmayan nəşriyyatlarda çap
olunması bu məsələlərə aydınlıq gətirən
amillərdəndir. Yeri gəlmişkən qeyd edək
ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm
İlham Əliyevin 2008-ci il 5 iyun tarixli fərmanı
ilə dissertasiya müdafiə edən şəxsin əsərlərinin
sayı müəyyənləşdirilmişdir. Həmin fərmana
görə iddiaçıların namizədlik dissetrasiyalarının
nəticələrinə dair ən azı beş,
o cümlədən xarici ölkələrdə nəşr
olunan nüfuzlu jurnallarda bir, doktorluq dissertasiyasının nəticələrinə
dair isə ən azı iyirmi, o cümlədən xarici
ölkələrin nüfuzlu jurnallarında humanitar və
ictimai elmlər üzrə üç, təbiət elmləri
üzrə isə altı məqaləsi dərc edilməlidir.
Dissertasiya
işi hazır olduqdan sonra bəzi mərhələləri
keçərək cilidlənmiş şəkildə
müdafiə şurasının nəzdində fəaliyyət
göstərən elmi seminara müzakirə olunmaq
üçün təqdim edilir. Bu proses bəzən ilkin müdafiə
adlanır. Seminarda müzakirə zamanı adətən,
vaxt məhdudiyyəti qoyulmur. Belə
hallarda seminar sədrinin, iddiaçının, eləcə də
seminar iştirakçılarının mülahizələri
əsas götürülür. Müzakirə
zamanı dissertasiyanın avtoreferatında göstərilmiş
ədəbiyyatın siyahısına diqqət yetirilməsi də
çox vacib məsələdir. Ədəbiyyatın
siyahısını nəzərdən keçirəndə
heç də iddiaçının əsərlərinin
sayının çox olmasına aludə olmaq lazım
deyildir. Bu halda Ali Attestasiya
Komissiyasının qərarı rəhbər
tutulmalıdır. Əsas diqqət həmin
əsərlərin hansı nəşriyyatlarda çap edilməsinə,
onların hansı nüfuzlu alimlər tərəfindən nəşr
edilməyə tövsiyə olunmasına yönəldilməlidir.
Müzakirə zamanı iş üzrə qabaqcadan müəyyən
edilmiş mütəxəssislərin - kuratorların
yazılı şəkildə təqdim olunan rəyi dinlənilir,
iddiaçının əldə etdiyi elmi yeniliklər dərindən
araşdırılır, təhlil edilir, məsələnin
qoyuluşunun korrekt olmasına xüsusi diqqət yetirilir,
problemin reallığa yaxınlıq dərəcəsi müəyyənləşdirilir.
Müzakirə prosesindəki rəydə, dissertasiyada şərh olunan elmi nəticələrin alınmasında müəllifin konkret şəxsi iştirakı, tədqiqat nəticələrinin dürüstlük dərəcəsi, onların yeniliyi, elmi və praktiki əhəmiyyəti, müəllif tərəfindən dərc olunmuş işlərdə dissetasiya materiallarının əks etdirilmə səviyyəsi göstərilməlidir.
Dissertasiyanın nəzərdə tutulmuş ixtisasa uyğun gəlməsi, müəllifin dərc etdirdiyi işlərin dissertasiyanın materiallarında əks etdirilmə dərəcəsi də müzakirə prosesində açıqlanmalıdır. Lakin bütün bu amillərlə kifayətlənmək olmaz, yeniliyin təsdiqlənməsi məsələsi də aşkarlanmalıdır. Məsələn, fərz edək ki, neft yataqlarının işlənməsi ilə əlaqədar olan bir mürəkkəb prosesi tədqiq etmək lazımdır. Dəqiq analitik metodların tətbiqi ilə real şəraiti əks etdirən hallar üçün belə məsələlərin həlli hər zaman mümkün olmur. Bu məqsədlə yeni modelləşdirmə metodu təklif olunur və həmin metodun tətbiqi ilə konkret nəticələr hasil edilir. Bu hələ kifayətləndirici amil deyildir. Modelləşdirmənin tətbiqi ilə əldə edilmiş nəticələr digər bir metodun, məsələn, təqribi analitik metoddan istifadə etməklə alınmış nəticələrlə müqayisə edilməlidir. Başqa sözlə, modelləşdirmənin nəticələri təqribi metodun tətbiqi ilə hasil edilmiş nəticələrlə təsdiqlənməlidir. Yalnız bu halda dissertasiyada təqdim edilmiş elmi yeniliyin doğruluğu heç bir şübhə yaratmaz.
Bütün bu mülahizələrdən sonra dissertasiyaya tərif vermək olar. Həmin tərif aşağıdakı kimi ola bilər: bir müəllif tərəfindən təqdim edilən, elmdə yeniliyi, onun təsdiqlənməsini əks etdirən daxili vəhdətə malik müəyyən həcmli əsər dissertasiya adlanır.
Müdafiə prosesi iclasda yetərsayın yoxlanması ilə başlayır. Yetərsayın olması müəyyənləşdirildikdən sonra iddiaçı haqqında müvafiq məlumatlar şura üzvlərinin nəzərinə çatdırılır və dissertasiya işinin əsas müddəaları haqqında məruzə etmək üçün müdafiə edən şəxsə söz verilir. İddiaçı məruzə ilə əlaqədar verilən sualları cavablandırdıqdan sonra onun elmi rəhbəri çıxış edərək, məruzədə qaranlıq qalan məqamlara aydınlıq gətirir və onun müəllifini müxtəlif aspektlərdən səciyyələndirir. İddiaçının daxil olan rəylərdə göstərilən iradlara cavabından sonra dissertasiya işi üzrə rəsmi opponentlərin çıxışları başlayır.
Qeyd etmək lazımdır ki, opponetlərin mülahizələri müdafiə prosesinin ən məsuliyyətli məqamlarından sayılır. Doktorluq dissertasiyası üzrə ixtisaslaşdırılmış şura tərəfindən müxtəlif təşkilatların əməkdaşlarından ibarət olan üç nəfər elmlər doktoru rəsmi opponent təyin edilir. Namizədlik dissertasiyasının müdafiəsi zamanı iki nəfər rəsmi opponent iştirak edir ki, bunlardan biri mütləq elmlər doktoru olmalıdır, digəri isə elmlər namizədi də ola bilər. İddiaçıya alimlik dərəcəsi verilməsi barədə ixtisaslaşdırılmış şura tərəfindən vəsatət qaldırmaq üçün ədalətli qərar qəbul edilməsi məhz opponentlərin dissertasiyanı araşdırma dərəcəsindən və onların təqdim etdiyi rəyin yüksək səviyyədə hazırlanmasından asılıdır. Heç şübhəsiz ki, opponentin rəyində mövzunun aktuallığı, dissertasiya işində irəli sürülən əsas müddəaların, nəticələrin, yeniliyin dürüstlüyü və avtoreferatın məzmununun dissertasiyada təqdim olunan müddəalara uyğun olması faktı da öz əksini tapmalıdır. Opponent dissertasiyanın təqdim olunan ixtisasa uyğunluğu ilə əlaqədar olan məsələlərə isə xüsusi diqqət yetirməlidir.
Bəzi hallarda opponent dissertasiyada yeniliyin olmamasını, təqdim edilən nəticələrin lazımi səviyyədə təsdiqlənmədiyini, onun tərtibi ilə əlaqədar səhvlər və pozuntular olduğunu aşkar edərsə, rəydə alimlik dərəcəsi verməyin qeyri-mümkünlüyü tutarlı faktlarla əsaslandırılmalıdır.
Dissertasiyanın müdafiəsi üzrə müzakirələr qurtardıqdan sonra elmi şura gizli səsvermə keçirir. Bu məqsədlə təşkil edilmiş hesablama komissiyasının protokolu şura üzvlərinin sadə səs çoxluğu ilə təsdiq edilir.
Dissertasiyanın müdafiəsi haqqında müsbət qərar qəbul edildikdən sonra elmi şura müdafiə ilə əlaqədar materialları Ali Attestasiya Komissiyasına göndərir. Həmin komissiyada göndərilmiş materiallar yüksək səviyyədə araşdırıldıqdan sonra müdafiə etmiş şəxsə müvafiq alimlik dərəcəsini təsdiq edən diplom verilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdində AMEA-nın müxbir üzvü, millət vəkili Asəf Hacıyevin sədrliyi ilə fəaliyyət göstərən və bu sətirlərin müəllifinin üzvü olduğu doktorluq və namizədlik dissertasiyaları üzrə birləşmiş müdafiə şurası yuxarıda qeyd etdiyimiz bütün mülahizə və meyarları əldə rəhbər tutaraq, müzakirə və müdafiələr prosesində mövcud olan müvafiq qaydalara ciddi riayət edir.
Məmmədkərim QULİYEV,
Beynəlxalq Mühəndislik Akademiyasının
akademiki, texnika elmləri
doktoru, professor,
akademik Yusif MƏMMƏDƏLİYEV
mükafatı laureatı
Xalq qəzeti.- 2010.- 28 yanvar.- S. 6.