Dəyişən zamanda dəyişməyən dəyərlər
2009-cu il L.Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi üçün uğurlu nailiyyətlər dövrü
oldu
Müasir dünyada müxtəlif xalqların mədəniyyətinin
fəal dialoqunda, cəmiyyətin maariflənməsində,
inkişafında muzeylərin rolu əvəzedilməzdir. Dünya
təcrübəsinə nəzər salsaq görərik ki,
dövlətlərin mədəni əlaqələrində
muzeylər mühüm yer tutur. Bu baxımdan insanların asudə
vaxtlarının maraqlı və səmərəli keçməsində,
milli mənəvi dəyərlərimizin qorunmasında Lətif
Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyi mühüm işlər
görür. Muzeyin əsas vəzifəsi əşyaların
və eksponatların sadəcə qorunub, öyrənilməsi
deyil, onu cəmiyyət arasında, dünya miqyasında təbliğ
etməkdən ibarətdir. Muzey yarandığı gündən
etibarən xalqımızın ulu kökə, qədim tarixə
söykəndiyini gənc nəslə aşılayır, sərgilərin,
mühazirələrin, kütləvi tədbirlərin, beynəlxalq
miqyaslı simpoziumların, konfransların keçirilməsində
fəal, əlaqəli iş aparır. Ötən il muzeyin həyata
keçirdiyi tədbirlər bunu bir daha təsdiq edir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə 2009-cu ildə muzeyin yeni binasının inşası
davam etdirilmişdir. Bu bina istifadəyə verildikdən sonra
muzeyin fəaliyyətinin müasir tələblərə
uyğun qurulması təmin olunacaq,
avtomatlaşdırılmış idarəetmə sisteminə
keçmək və interaktiv ekspozisiya yaratmaq imkanı qazana
biləcəyik. Azərbaycanda ilk dəfə olaraq
balalarımız üçün uşaq muzeyi və regionda
ilk dəfə xalçaların bərpası və
konservasiyası bölməsində boyaqçılıq
laboratoriyası yaradılacaq. Hazırda sözügedən sahələr
üzrə beynəlxalq təcrübə öyrənilir, əməkdaşlarımızın
peşəkarlığını artırmaq istiqamətində
seminar və treninqlər təşkil edilir.
Cəmiyyətdə, mədəniyyət
aləmində baş verən perspektivli proseslər xalça
muzeyinə də öz təsirini göstərib. Bu gün
muzeyin əməkdaşları artıq apardıqları
işlə kifayətlənməyib, daha geniş məzmunlu,
qlobal layihələrə imza atırlar. Muzeydə çox rəngarəng
proqramlar, turlar təşkil olunur.
2009-cu ildə muzeydə
şəhidlərin xatirəsinə həsr olunmuş
“Müstəqilliyimiz əbədidir”, Xocalı faiəsinin
17-ci ildönümü münasibətilə “Qələbədir,
amalımız” adlı tədbirlər keçirilmişdir. Fransanın
Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbbüsü
ilə hər il bahar fəslinin bir istirahət günündə
“Muzeylər gecəsi” adı altında aksiya keçirilir. Həmin
gün muzeylər səhərə qədər tam pulsuz fəaliyyət
göstərir və insanların rahat istirahət etməsi
üçün bütün işçilər səfərbər
olunur. Burada gənclər üçün rəqs
meydançaları, əyləncəli, musiqili proqramlar,
uşaqlar üçün nağıl gecələri, məktəblilər
üçün məzəli viktorinalar, yaşlı insanlar
üçün münasib proqramlar tərtib olunur.
Ötən il Azərbaycanda Avropa İttifaqının, Almaniyanın Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutunun (dvv international), Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin və L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin “Azərbaycan Respublikasında yaşlıların təhsili” proqramı çərçivəsində “Sıxıntı, toz və köhnəlikdən uzaq muzeylər mədəniyyətlərarası dialoq üçün ömür boyu təhsil məkanı kimi (A-MUSE- ALL)” layihəsinin təqdimat mərasimi keçirildi. Layihənin əsas məqsədi yaşlıların təhsili sahəsində mövcud muzeyləri ömür boyu təhsilin fəal məkanlarına çevirmək üçün Qafqaz və Rusiyada mədəni və təhsil institutları heyətlərinin bacarıqlarının artırılmasına dəstək vermək idi. Tədbirdə Almaniyanın Azərbaycandakı səfirliyi, Almaniya Xalq Universitetləri Birliyi və Azərbaycan muzeylərindən nümayəndələr iştirak etdilər. Həmçinin ötən il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycan xalçasını YUNESKO-nun ”Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinə dair: imkanlar, perspektivlər" mövzusunda dəyirmi masa keçirilmişdir. Görkəmli xalçaçı rəssam, muzeyin yaradıcılarından biri olan Lətif Kərimovun anadan olmasının ildönümünə həsr edilmiş “Keçmişdən gələcəyə aparan sənət körpüsü” adlı ənənəvi sərgi təşkil edilmişdi. Sərginin keçirilməsində əsas məqsəd qədim tarixə malik Azərbaycan tətbiqi sənət ənənələrinin qorunması və yaşadılması olmuşdur.
Hər il olduğu kimi, 2009-cu ildə də muzeydə “Ayın xalçası” adlı ayda bir dəfə qeyd edilən tədbir zamanı “Vərni”, “Borçalı, Qazax”, “Namazlıq” (Gəncə), “Ovçuluq. Təbriz”, “Qoca. Qarabağ”, “Alpan. Quba”, “Leyli və Məcnun. Təbriz”, “Rüstəm və Zöhrab. Qarabağ”, “İthaf” (Eldar Mikayılzadə), “Xilə Əfşan. Bakı”, “Şəddə. Naxçıvan”, “Dörd fəsil” xalçalarının hər biri haqqında ətraflı məlumat verilmiş, mühazirələr, Azərbaycan folklor sənəti ilə bağlı əhvalatlar dinlənilmişdir.
“Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009" çərçivəsində muzeydə ”Azərbaycan sənət dünyasında İslam mənəviyyatı" adlı sərgi təşkil olundu. Sərgidə nümayiş olunan namazlıq xalçaları, üzərində dini elementlər və yazılar olan tikmələr, misdən hazırlanmış məişət əşyaları, Quran qabı, möhürqabı, rəhil nümayiş olunurdu. Sərgidə xalçaçı rəssam Hacı Eldar Mikayılzadə tərəfindən toxunulan, üzərində Qurani-Kərimin 114 surəsi həkk olunmuş xalça da qonaqların marağına səbəb olmuşdur.
Ötən il muzeyimizin beynəlxalq əlaqələri xeyli genişlənmişdir. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İsrailin ölkəmizdəki səfirliyi və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin dəstəyi ilə Rut Lenkin “Variasiya” tikiş və keramikadan ibarət əl işləri sərgisi keçirilmişdir. Azərbaycan xalçalarının naxışları çox rəngarəngdir. Bu rəngarənglikdən ilhamlanan xanım Rut çox gözəl sənət nümunələri yaratmışdır. Sərgidə nümayiş olunan tikmə və keramikadan ibarət əl işlərində biz müxtəlif xovsuz və xovlu xalça elementlərinə rast gəlirik. Bu elementlər Qarabağın, Şirvanın, Qazaxın və Bakının “Vərni”, “Zili”, “Kilim” xovsuz xalçalarına və “Talış”, “Sor-sor”, “Qobustan”, “Narlı” kimi xovlu xalçalarına xas elementlərdir.
Ankarada “Millətlərarası türk mədəniyyəti” mövzusunda keçirilən konqresdə İstanbulun tarixi, mədəniyyəti haqqında məlumat verilmiş, Azərbaycan xalçalarının Topqapı Sarayı Muzeyində, Türk və İslam Əsərləri Muzeyində, Vakıflar Xalı Muzeyində qorunması, eyni zamanda, Təbriz xalçaları, namazlıq xalçalar və Azərbaycanda toxunulan xalçalar haqqında, onların üzərində verilən simvollar haqqında məlumatlar böyük marağa səbəb oldu.
SEBA (Azərbaycan-Koreya Mədəniyyətlərarası Mübadilə Assosiasiyası), Azərbaycan Mədəniyyət Fondu, GD-nin dəstəyi və təşkilatçılığı ilə “Milli geyimlər və müasir moda cəmiyyəti” mövzusunda beynəlxalq konfrans da ötən il keçirilib. Bu konfransda məruzələr tezislər, toplular halında dərc edilmişdir. Həmin topluda muzeyin əməkdaşları Heyran Quliyeva və Könül İskəndərovanın “Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin milli geyimlər kolleksiyası” adlı məqalələri də yer alıb. 2009-cu ildə Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş səfər xüsusi olaraq qeyd edilmişdir. Belə ki, səfirlik ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədilə “Fransa muzeylərində Azərbaycan xalçasının saxlanılması və mühafizəsi” ilə bağlı Gime Muzeyinə, Jan və Krişna Ribu Qalereyasına, Bronli Muzeyinə, Kluni Muzeyinə, Qobelenlər Manufakturası Muzeyinə, Ərəb Dünyası İnstitutuna səfərlər təşkil etmiş, beynəlxalq aləmdə tanınmış mütəxəssislərlə, ekspertlərlə maraqlı görüşlər keçirilməsini təmin etmişdir. Görüşlər zamanı həmin muzeylərdə Azərbaycan xalçalarının saxlanma şəraiti və gələcəkdə müştərək fəaliyyətin istiqamətləri nəzərdən keçirilmişdir.
Xalça muzeyinin əməkdaşları Filippinin Saqay şəhərində muzey direktorlarının beynəlxalq müşavirəsində SAMP Qitələrarası Muzeylər Şəbəkəsinin forumunda iştirak etmişlər. Xalça muzeyinin əməkdaşları Sanq Bata Sa Neqros Muzeyini ziyarət edib, maraqlı faktlarla qarşılaşıblar. Burada əl işləri və interaktiv uşaq muzeyi ilə tanış olublar. Fəaliyyəti əsasən uşaqların yaradıcılıq və intellektual bacarıqlarını inkişaf etdirib, onların imkan və potensialının, özünə inam hissinin gücləndirməyə yönəlmiş muzeyin bələdçiləri də uşaqlar özləridir. Hər zalın öz balaca bələdçisi var, muzey rəngarəng proqramları ilə fərqlənir. Nəzərə alsaq ki, Azərbaycanda ilk uşaq muzeyi məhz xalça muzeyinin tərkibində yaradılacaq, bu təcrübənin bizim üçün böyük əhəmiyyəti var.
Bizim muzey Mədəniyyət və Turizm Nazirliyi sistemində elmi status almış yeganə mədəniyyət ocağıdır. 2008-ci ilin yanvar ayında muzeydə elmi şöbə fəaliyyətə başlamışdır. Muzey Azərbaycan xalçası və xalq tətbiqi sənətinin milli spesifikasının, digər mədəniyyətlər arasında mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan incəsənətinin tədqiqi, Azərbaycan xalqının göstərilən sahələrdə tarixi-mədəni irsinin qorunması sahəsində elmi fəaliyyət göstərir. Muzey bu istiqamətdə Azərbaycan xalçasının və xalq tətbiqi sənətininn tarixi və milli spesifik cəhətlərini, naxış, kompozisiya elementlərinin kod açımını, mifik obrazları və s tədqiq edir. Bu da Azərbaycan mədəniyyətinin özünəməxsusluğunu sübut etməyə, ənənəvi incəsənətin mentallığını aşkarlamağa, texnoloji lüğəti tərtib etməyə kömək edir. 2008-ci ildə işıq üzü görmüş elmi toplunun birinci sayı şöbənin fəaliyyəti haqqında hesabat idi və bu proses 2009-cu ildə də davam etmişdir.
Milli mənəvi dəyərlərimizin, maddi və qeyri-maddi mədəni irsimizin saxlancı olan L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi mədəni-maarif ocağı kimi bu sahədə fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Röya TAĞIYEVA,
L.Kərimov adına Azərbaycan
Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin
direktoru, sənətşünaslıq
doktoru, professor
Xalq qəzeti.- 2010.- 28 yanvar.- S. 6.