Elə bil işığa düşüb bu şəhər...

 

və ya Balakən gecəsində gördüklərimiz

 

Dəqiq bilmirəm. Bəlkə də 30 il bundan əvvəl olub. Qəzetdə Lənkəran haqqında bir yazı oxumuşdum. Amma müəllifi dəqiq yadımdadır. Loğman Rəşidzadə yazmışdı. Ya sərlövhəsi beləydi, ya da yazının içərisində verilmiş hansısa şeirin bir misrası... Amma əsas odur ki, aradan neçə illər keçməsinə baxmayaraq, bu sərlövhə və ya misra yadımdan çıxmayıb və hər dəfə Lənkərandan söhbət düşəndə məhz onu xatırlamışam. Deyəsən mətləbi uzadıb sizi yordum axı... Elə isə yekunlaşdırıram. Deyim siz də bilin: “Elə bil yağışa düşüb bu şəhər...” Nə deyim başqalarını bilmirəm, amma mənim yaddaşımda ilişib qalan bu poetik fikir yadımdan çıxmır ki, çıxmır. Balakənə son səfərim zamanı Katex çayının üzərindəki körpüdən keçəndə də məhz bu fikri xatırladım və qərara gəldim ki, son illər başdan-başa dəyişən bu diyar haqqında yazıya da məhz belə bir sərlövhə qoyum “Elə bil işığa düşüb bu şəhər...”

Vallah, sözün həqiqi mənasında möcüzədir. İşıq, onun rəngi elə seçilib ki, körpünün sərhədinə çatmaqla elə bil həqiqətən işığın içinə girirsən. İnanın ki, təsvir etməyə acizəm. Nə bilim, bu gözəllik adamı əməlli-başlı çaşdırır. Hamıya demişəm, yaxınlarıma, dostlarıma, qohumlarıma, sizə də deyirəm, gəlin, baxın, öz gözlərinizlə görün. Görün ki, Bakıdan 471 kilometr aralıda yerləşən sərhəd rayonunda nə işlər görülüb?

Bu barədə çox yazmışıq, çox danışmışıq. Oxucu Balakənin hər ay, hər gün yox, hər saat dəyişməyini yaxşı bilir. Bilir ki, son üç ildə burada baş verən dəyişiklikləri bir qəzet yazısına sığışdırmaq sadəcə mümkün deyil. Bilir ki, Balakənə gələn qonaqlar burada təbiətlə həmahənglik yaradan gözəllikdən fəxrlə danışırlar. Bilir ki, burada açıq səma altında yaradılmış muzey Balakənin tarixindən xəbər verir, Azərbaycan torpağının belə bir müqəddəs guşəsi olmasından iftixarla söhbət açılır.

Bu hələ harasıdır. Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovun otağında yaxın zamanlarda reallaşacaq o qədər layihə var ki... Bu dəfə isə “işığa düşmüş Balakən”in gecəsini görəndə inanın ki, heyrətimi saxlaya bilmədim.

Hiss etdim. Deyəsən, təəccübləndiniz. Katex çayı üzərindəki körpüdən, giriş qapısından tutmuş bütün Katex, Qazbinə kəndləri boyunca hər yeri, hər yanı işıq olan bir torpağı görən hər hansı qonaq özünü necə hiss etməliydi?

Rayon mərkəzinin lap girəcəyində isə sağda ən uca zirvədə Azərbaycanın xəritəsi təsvir olunub. Diqqətlə baxsan bu işıq – xəritədə Bakını da rahat tapa bilərsən, Azərbaycanın qədim diyarı olan Naxçıvanı da...

Heç yüz metr getməmiş qarşında yenə başdan-başa işığın içində olan körpünü görəcəksən. Sağda isə mən deyərdim ki, Azərbaycanda ən böyük istirahət yeri olan Heydər parkı yerləşir. Yenə hər yer işıq, yenə möcüzə... “Möcüzə” sözünün tez-tez təkrarlanmasından təəccüblənməyin. Gedin, axtarın, baxın. Azərbaycanın hansı yerində, hansı məkanında kanat yolu var. Özünüzə əziyyət verməyin. Görməzsiniz. Bu da Balakənin bəxtinə düşüb. İstəyirsiniz ilk sərnişinləri də sizə təqdim edim: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva”.

Elə buna görə də söhbət işıqdan düşəndə balakənlilər fəxrlə deyirlər ki, bizə işığı məhz onlar gətiriblər. Bax, budur, bu yerlərin insanlarının ölkə rəhbərinə münasibəti. Saf, təmizdən təmiz, isti və bir də işıqlı...

Ürəyimdən bir hiss keçir. İstəyirəm yatmayım. Səhərədək Balakəni gəzim. Qarşıma kim çıxsa görüşüb söhbət edim. Bir dəfə Mingəçevirin küçələrini belədən belə gəzib onun gecəsi haqqında bir yazı da yazmışam. Bəlkə elə Balakən gecəsi haqqında da nəsə hazırlayaq. Nə bilim. Elə bu barədə fikirləşə-fikirləşə məndən bir az aralıda dayanan polis nəfərlərinə yaxınlaşıram. Tanış oluruq: Mirzə Həşimov, Böyükağa Gülməmmədov, bir də Vidadi İbrahimov. Ən təcrübəlisi Mirzə Həşimovdur. 15 ildir ki, polis orqanlarında işləyir. Böyükağa isə cəmi 9 aydır ki, çiynində polis paqonu gəzdirir.

– Düzdür, gecə xidmət keçməyin öz problemləri olsa da son vaxtlar rayonumuzda elə bir ab-hava yaranıb ki, təsadüfi hərəkətlərə az-az rast gəlirik – deyə, – Mirzə Həşimov bildirir. – Amma bu o demək deyil ki, sayıqlığı itirməliyik. Hər şey nəzarətdədir. Başqa cür ola da bilməz. Amma bir fakt deyəcəm, bəlkə də inanmayacaqsınız. Ancaq bu bir həqiqətdir. Yəqin sözümüzü təsdiqləyəcəksiniz ki, Azərbaycanda ulu öndərin adını daşıyan parkın ən böyüyü məhz Balakəndədir. Yay vaxtları yəqin özünüz də şahidi olursunuz ki, səhərədək buradan əl-ayaq kəsilmir. Hətta qonşu rayonlardan da bizim parkımıza gəzməyə gəlirlər. Bax, həmin qaynar dövrdə bir dəfə də olsun cinayət hadisəsi qeydə alınmayıb. Maraqlıdır, deyilmi? Amma bu bir həqiqətdir.

Onlardan aralanıb bir az kənarda dayanan “Jiquli” markalı maşına yaxınlaşıram. Sürücü elə mürgüləyib ki, sizdən nə gizlədim, oyatmağa adamın heç ürəyi də gəlmir. Yanılmışammış, sən demə, gecə işləyən sürücülər bir az səksəkəli yatırlarmış. Bu gənc oğlan da belə. Elə bil məni gözləyirmiş. “Əyləşin, – deyir, – hara gedəcəyik?”

Deyəsən, mənim müştəri olmadığımı biləndə əhvalı pozuldu. Düz tapmışam. – Elə bildim harasa getmək istəyirsiniz – dedi, – on ikidən buradayam, indiyədək bir nəfər də yaxınlaşmayıb. Əvvəllər çox yaxşı idi. Səhərə qədər müştəri olurdu. İndi isə... Maşallah hərə bir maşın alıb. Son vaxtlar Balakən əməlli-başlı varlanıb. Hərə bir yerdə işləyir. Üç-dörd il əvvəl rayonumuzu tərk edib Rusiyaya üz tutan balakənlilər öz doğma yerlərinə qayıdıb yurd-yuva sahibi olurlar. Belə getsə mən də sürücülüyün daşını atıb, başqa işin qulpundan yapışacağam. Gedib işləməli o qədər yer var ki...

Deyəsən, ayağımız yüngüldü. Bir nəfər gənc yaxınlaşıb Zaqatalaya getmək istədiyini bildirir. Sürücünün də kefi açılır. Müştəriyə “Əyləşin, – deyir. – Müəllim sağ olun, görüşərik. Amma adımı soruşmadınız ha... Deyim yadda saxlayın: Ramin Əfəndiyev. Deyirlər: “Dağ-dağa rast gəlməz, insan-insana rast gələr”.

Nədənsə ürəyimdən keçir ki, mərkəzi xəstəxanaya baş çəkim. Doğum şöbəsi ilə əlaqə saxlamağı nəzərdə tuturam. Görəsən, orada nə yenilik var. Görəsən bu gün balakənli doğulubmu? Doğulubsa kimdir? Xəstəxanaya çatanda xeyir xəbər aldıq. Rayonun Qullar kənd sakini, 1964-cü ildə anadan olmuş Cəmilə Ədiqayevanın ikinci uşağı – oğlu dünyaya gəlib.

Həkim Gülbəniz Kantayeva ilə görüşürük. Yorğun görünür. Əməliyyatdan yenicə çıxıb. “Doğrusu əməliyyat olacağını gözləmirdim, – deyir. – Tibbdə əvvəlcədən heç bir fikir irəli sürmək olmaz. Bir də görürsən qadın sağlamdır. Amma son nəticədə elə bir patologiya çıxır ki, əməliyyatdan başqa ikinci yol qalmır. Cəmilə xanım da xəstəxanaya gətiriləndə xeyli qan itirmişdi. Şükür ki, hər şey xoş sonluqla bitdi, körpə sağlam, ananın vəziyyəti sabitdir”.

Sağollaşıb ayrılırıq. Amma bir azdan xəbər tutacağıq ki, Balakəndə daha bir uşaq doğulub. Kortala kəndinin 25 yaşlı sakini Rahilə Bəhrəmovanın da oğlu olub. Xoşbəxt olsunlar, atalı, analı böyüsünlər.

Şənhəyat Əlibəyova düz 24 ildir ki, səhər saat 6-da iş başında olur. Kommunal təsərrüfatı idarəsində süpürgəçi işləyir və hər dəfə söz düşəndə öz işi ilə fəxr etdiyini söyləyir. Yəqin fikirləşəcəksiniz ki, indi hansı vaxtdır, bu boğazdan yuxarı sözləri yazmağın nə mənası var? İnanın ki, belə deyil. Bu, Şənhəyat xalanın öz ağzından çıxan sözlərdir. Bizlə danışanda da bu sözləri elə beləcə də dedi və arxasınca onu da bildirdi ki, qazandığın pulu minnət götürmədən, öz zəhmətinlə əldə edirsənsə bu ikiqat halaldır. Hər halda mən Şənhəyat Əlibəyovanın fikirlərinə hörmətlə yanaşıram və bir onu bilirəm ki, bu insan öz işi ilə fəxr edirsə, bunun özü böyük xoşbəxtlikdir. “Xidmət etdiyim ərazidə uşaqdan böyüyə hamı məni yaxşı tanıyır, hörmətimi saxlayır, – deyir. Sizə qəribə gəlməsin. Kimin işığının nə yaxt yanmağını da əzbər bilirəm. Bəzən elə olub ki, işə gələndə görmüşəm ki, kiminsə işığı tez yanıb. Fikirləşmişəm ki, yəqin nəsə bir hadisə baş verib. Gedib ərklə qapısını da döymüşəm. Nə deyəcəkdilər. Hamı məni yaxşı tanıyır axı...

“Bəs səhər hava açılmamış yola çıxmaqdan qorxmursunuz ki?” – Bu da mənim sualımdır.

“Nə gizlədim, əvvəllər qorxurdum, oğul, indi heç vecimə də deyil. Balakənin gecəsi də gündüzü kimidir. Nədən qorxacağam ki...”.

...Gördüyünüz bu fotoşəkilləri balakənli Ramazan Abalov çəkib. Onu rayonda hamı tanıyır. Həm yaxşı fotorepartyor, həm də doğulub boya-başa çatdığı Balakəni sevən bir insan kimi. Bu fotoların hamısı gözəldir. Amma məni daha çox duyğulandıran xəyalımda canlandırdığım bir şəkildir ki, o səhnəni Balakəndə görsəm də fotoaparatın yaddaşına köçürməməyimə görə özümü neçə gündür ki, qınayıram. O səhnə ki, gənc ata-ana övladının əlindən tutub işığa doğru addımlayır. Bu da təbiidir. Çünki əslində bu gün Balakəndə hamının yolu məhz işığadır... O işığa ki, son vaxtlar hər bir balakənlinin gözünə, üzünə hopub, desək, mənə elə gəlir ki, yanılmarıq. Yolun həmişə bax belə işığa doğru olsun, mənim əziz Balakənim...

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 28 yanvar.- S. 5.