Təhsil, zaman, reallıq və gələcək haqqında bəzi mülahizələr

 

Ötən ilin yazında Avropa ölkələrini təmsil edən təhsil mütəxəssisləri, bu sahənin təcrübəli ekspertləri gündəliyə çox maraqlı bir məsələ gətirmişdilər: “Təhsil sisteminin inkişafı üçün bu sahə zamanı qabaqlamalıdır, yoxsa zamanın diqtəsinə qulaq asmalıdır?” Bəzi ekspertlər israr edirdilər: “Biz bugünkü təhsilimizi elə qurmalıyıq ki, 25-30 il sonrakı cəmiyyətimizin tələblərinə cavab verən kadrlar yetişdirə bilək.” Digər qrupun təmsilçiləri tamamilə başqa qənaətdə qətiyyətli idilər: “Biz 5-10 ildən sonra cəmiyyət həyatında və xüsusən, təhsil sektorunda hansı proseslərin gedəcəyini bilmiriksə, 25-30 il sonrakı cəmiyyətin tələblərini indidən necə nəzərə ala bilərik? Üstəlik, həmin dövr üçün olan elmi proqnozları biz bu gün kimdən, haradan almalıyıq?”. Hər halda, tərəflər öz mövqeyində israrlı, mövqelər isə kəskin qütblü idi. Yeri gəlmişkən, həmin müzakirələrin getdiyi zaman məsələyə münasibət bildirən yapon mütəxəssisləri üçüncü mövqeni ortaya qoymuşdular: “Zaman onu qabaqlayanları da bağışlamır, zamanın yedəyində gedənləri də. Cəmiyyət, xüsusən, təhsil sektoru mövcud reallıqları nəzərə alaraq gələcək haqqında mülahizələr irəli sürməli, həmin mülahizələr əsasında perspektivi müəyyən etməlidir”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, respublikanın əməkdar müəllimi Nailə xanım RZAQULİYEVA ilə 2009-cu təqvim ilinin yekunları ilə bağlı müsahibəmizdə də bu məsələni — təhsil, zaman, reallıq və gələcək barədə mülahizələr mövzusunu gündəliyə gətirdik. İdarə müdirinin dediklərində Avropa və Yaponiya (Asiya) ekspertlərinin fikirlərinin tam təsdiqini görməsək də, Azərbaycan reallıqlarını gördük. Bu isə olduqca mükəmməl qənaət idi. Çünki biz ancaq və ancaq Azərbaycan təhsilini inkişaf etdirmək, onun sabahını daha möhkəm təməllər üzərində qurmaq kimi möhtəşəm bir vəzifəni yerinə yetiririk. Nailə xanıma ilk sualı paytaxtın məktəbəqədər, ibtidai və orta təhsil şəbəkəsindəki mövcud vəziyyətlə bağlı verməyi planlaşdırsaq da , yazını hazırlamaq ərəfəsində yadımıza düşən “təhsil, zaman, reallıq, gələcək”, sözləri daha öncə suala çevrildi. İdarə müdirinin cavabı qeyd etdiyimiz fikirləri konkretliyi və milli koloriti ilə tam şəkildə əhatə edirdi:

 

— Siz ötən ilin yazında müzakirə edilmiş məsələni yada salırsınız. Mən isə xatırladım ki, beynəlxalq aləmdə bu qəbildən olan sualların ortaya çıxması və həmin məsələlərin qızğın şəkildə, hətta, bəzən çılğınlıqla müzakirə edilməsi həmişə olub, indi də var, gələcəkdə də olacaqdır. Bu çox təbii haldır. Çünki hamı öz dövlətini qüdrətli, xalqını sivil, inkişaf etmiş səviyyədə görmək istəyir. Bu, tam təbiidir. Eyni zamanda o da həqiqətdir ki, cəmiyyətin və dövlətin istənilən inkişafı bilavasitə təhsildən, maarifdən keçir. O ki qaldı sizin xatırlatdığınız müzakirələrdəki kriteriyalara, mən qeyd edim ki, həmin kriteriyaların hamısı özündə müəyyən dərəcədə reallığı əks etdirir. Ancaq hər xalqın və dövlətin özünəməxsus tarixi, mədəniyyəti, incəsənəti olduğu kimi spesifik təhsil təcrübəsi və təhsil sistemi də var. Təsadüfi deyil ki, istənilən beynəlxalq konvensiyaya qoşulan dövlətlər həmişə “öz milli-mənəvi dəyərlərimiz nəzərə alınmaqla” — ifadəsini də əlavə edirlər. Yəni Avropa alimlərinin təhsilin bu günü, sabahı və zaman barədə söylədikləri onların özləri üçün həqiqətdir, Asiyanın həqiqətlərini isə danmaq olmaz. Bizim üçün isə əsrlərin sınağından çıxmış Azərbaycan təhsil tarixi və təcrübəsi vardır. Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə və 1993—2003-cü illərdə bu təcrübənin təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlar atmışdır. Cənab Prezident İlham Əliyev isə son 6 ildə Azərbaycan təhsilinin müasirləşdirilməsi — yəni bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəb tikintisinin sürətləndirilməsi, kadr hazırlığının keyfiyyətinin yaxşılaşdırılması, milli və bəşəri baxımdan yeni məzmunlu dərsliklərin hazırlanması, məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi və ümumiyyətlə, təhsillə bağlı bütün məsələlərin yüksək səviyyədə həll edilməsi üçün çoxsaylı tədbirlər həyata keçirmişdir. Ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Fondu, xüsusən fondun prezidenti Mehriban xanım Əliyeva da Azərbaycan təhsilinin inkişafına xüsusi töhvələr vermişdir. Bütün bu amillər Azərbaycan təhsilinin həm zamanla bağlı olan “məsələlərini” həll edir, həm də gələcəyə nikbinliklə baxmağa zəmin yaradır. Yəni biz zamanı qabaqlamağa cəhd etmədiyimiz kimi onun yedəyində getməklə də razılaşa bilmərik. Sadəcə Azərbaycanın özünəməxsus inkişaf axarı var. Bu axar milli təhsilimizin tərəqqisini tamamilə təmin edir.

— Mən ilk sualdan sonra 2009-cu təqvim ilinin yekunları ilə bağlı bəzi məqamları soruşmaq istəyirdim. Ancaq “Azərbaycanın özünəməxsus inkişaf axarı, milli təhsilimizin tərəqqisi” ifadəsini eşidəndə əlavə eləmək istədim ki, ötən ilin sentyabrında qüvvəyə minmiş “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” da bu inkişafa təkan verəcəkdir.

— Yaxşı yada saldınız. Məhz həmin sənəd — yeni Təhsil Qanunumuz bizim zamanı qabaqlamağımızı və ya ondan geri qalmamağımızı nizamlayan mükəmməl bir dövlət sənədidir. Bu qanundakı konkretlik, hər bir sahənin idarə mexanizminin olması sənədin əsas üstünlüklərindəndir. Çünki təhsilin formalaşması üçün ilk növbədə baza yaradılmalıdır. Mövcud baza üzərindəki təhsilin müasirləşdirilməsi üçün də ilk növbədə baza müasirləşdirilməlidir. Yeni Təhsil Qanunumuzda bu məsələlərin hər biri yetərincə öz yerini tutmuşdur. Yeni təhsil qanununun qarşıya qoyduğu mühüm vəzifələrdən biri də sistemin əsas məqsədi olan dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa, praktik hazırlığa, mütərəqqi dünyagörüşünə malik, demokratiya ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, vətənpərvər, müstəqil və yaradıcı düşünən, Azərbaycanı dünyanın inkişaf etmiş, demokratik dövlətlərindən birinə çevirməyə qadir olan şəxsiyyət tərbiyə etməkdən ibarətdir. Diqqət yetirin, biz xalqımıza və gələcəyimizə lazım olan şəxsiyyət tərbiyə etmək üçün onun, yəni həmin şəxsiyyətin nə qədər keyfiyyətlərini nəzərə almalıyıq? Bir cümlədə sadalamağa çalışdığımız bu qədər vəzifələri layiqincə yerinə yetirə bilsək, onda “zaman və reallıqlar”, “Avropa və ya Asiya ekspertlərinin mövqeyi” məsələsinin gündəliyə gəlməsinə qətiyyən ehtiyac qalmayacaq. Hazırda qüvvədə olan Təhsil Qanunumuz çox mükəmməl bir dövlət sənədidir. Bu sənəd dövlətin qarşıya qoyduğu nəticələrin əldə edilməsinə zəmin yaradacaqdır.

Onu da deyim ki, yeni qəbul edilmiş Təhsil Qanunu ümumilikdə təhsil sistemini əhatə edən çərçivə sənədidir. Yəni növbəti mərhələdə təhsilin bütün mərhələlərini əhatə edən sahə qanunları qəbul ediləcək. Bu isə fəaliyyətimizi bütövlükdə asan və səmərəli edəcəkdir.

— Yeri gəlmişkən, ötən ilin sonlarında Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanovun “Azərbaycan təhsili yeni inkişaf mərhələsində” adlı 530 səhifəlik mükəmməl bir kitabı işıq üzü görmüşdür. Maraqlıdır ki, çoxsaylı faktlara, rəqəmlərə istinadən, dünya ölkələrinin təhsil təcrübəsi ilə müqayisəli şəkildə hazırlanan həmin kitabın demək olar ki, yarısı ümumtəhsil məktəblərinə həsr edilmişdir. Bu fakt dövlətin həmin sahəyə — yəni məktəbəqədər təhsildən başlayaraq şagirdin orta təhsil haqqında attestat almasınadək odan dövrə daha böyük qayğı və maraq göstərməsinin təzahürü kimi qiymətləndirilə bilərmi?

— Siz hörmətli nazirimizin kitabı barədə söz açdınız və sual verəndə kitabdan aldığınız təəssüratı nazirin yox, dövlətin adı ilə bağladınız. Tamamilə haqlısınız. Həqiqətən də Azərbaycan dövləti təhsilin qalan bütün mərhələlərinə nisbətən ümumi təhsilə daha böyük qayğı və diqqətlə yanaşır. Bu da təbiidir. Çünki təhsil mərhələlərinin hamısı bilavasitə orta ümumtəhsil məktəblərinin verdiyi bilik və qabiliyyətlər üzərində formalaşır. Elə cənab nazirin həmin kitabında bizim sahəyə daha böyük önəm verilməsi də məhz bu arqumentdən qaynaqlanır. Kitabda son illərdə Azərbaycan təhsilinin keçdiyi inkişaf yolu, beynəlxalq qurumlarla birgə həyata keçirilən islahatlar, ayrı-ayrı təhsil pillələri üzrə reallaşdırılan dövlət proqramları əhatəli şəkildə təhlil edilir, oxucuya konkret faktlarla çatdırılır. Əhəmiyyətli cəhətlərdən biri də odur ki, bu kitabda Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq aparılan məzmun islahatları (kurikulum), yeni dərslik siyasəti, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müasir mexanizmlərin tətbiqi, təhsilin informasiyalaşdırılması, eləcə də təhsil sahəsindəki mövcud problemlər öz əksini tapmışdır. Xüsusilə qeyd edilməli məqamlardan biri də cənab nazirin kitabında “qara qızıldan, maddi dəyərlərdən əldə edilən kapital ölkədə insan kapitalının inkişafına yönəldilməlidir” — tezisi ilə çıxış edən Prezident İlham Əliyevin son illər təhsilə göstərdiyi qayğının nəticələrinin bütün incəliklərinə qədər göstərilməsidir. Biz çox şadıq ki, əldə edilmiş və həmin kitabda göstərilən nailiyyətlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi kollektivinin də xüsusi xidmətləri vardır.

— Siz dediniz ki, həmin kitabda mövcud problemlərdən də danışılır.

— Məgər problemlərdən danışmaq mümkün deyil?

— Onda sualı bir qədər də konkretləşdirək. Sizin rəhbərlik etdiyiniz sahədə problemlər varmı?

— Çox qəribədir ki, bəzən idarə-müəssisə rəhbərləri mövcud problemləri nədənsə yada salmaq istəmirlər və ya problem sözünü ümumiyyətlə işlədə bilmirlər. Onda mən həmin adamlara bir sual verirəm: “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nə üçün imzalanmışdı? Çox sadə və hamının bildiyi bir cavab var — regionların problemlərinin həll edilməsi, kənd, qəsəbə, şəhər və rayonlarımızdakı sosial-iqtisadi geriliyin aradan qaldırılması üçün. Həmin proqramın birinci mərhələsi öz müsbət nəticələrini verəndən sonra dövlət başçısı proqramın ikinci mərhələsini də təsdiq etdi. İndi ikinci sual yaranır: Bəs Azərbaycan Respubblikasının Prezidenti İlham Əliyev 2004-cü ildən sonra bilavasitə təhsil sektoruna aid olan 16 inkişafyönümlü Dövlət Proqramı imzalayıbsa, bu proqramlar nəyə xidmət edir? Əlbəttə, təhsil sahəsində mövcud olan problemlərin həll edilməsinə. Bəlkə də müqayisə yerinə düşmür, yenə də müqayisə edək. Regionların sosial- iqtisadi inkişafını təmin etmək üçün 2, təhsil sektorunu inkişaf etdirmək üçün isə 16 Dövlət Proqramı imzalanır. Bunların heç biri təsadüfi deyil. Cənab Prezidentin özünün dediyi kimi dövlət proqramının hamısı elmi şəkildə əsaslandırılır, mövcud reallıqlar incəliklərinə qədər öyrənilir, əvvəlcə vəziyyətdən çıxış yolları müəyyən edilir, sonra isə ümumiyyətlə, problemin birdəfəlik həllini təmin edəcək proqram təsdiqlənir və icra olunur. Bütün bunları sadaladıqdan sonra mən Sizə — yəni jurnalistə sual verirəm: Təhsil sektorunda problemlər varmı?

— Əlbəttə, var və dövlət onları aradan qaldırmaq üçün mükəmməl addımlar atır. Bəs həmin problemlərin aradan qaldırılması üçün siz nə iş görürsünüz?

— Əvvəla, “dövlət problemləri aradan qaldırır” — ifadəsinə münasibət bildirək. Dövlət problemi necə aradan qaldırır? Proqram təsdiqlənir, vəzifələr müəyyən olunur, istiqamətlər göstərilir, maliyyə vəsaiti ayrılır və sairə. Bəs bütün bu işləri kim yerinə yetirir? Əlbəttə, icra orqanı. Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi. Yəni problemlərin aradan qaldırılması üçün biz məhz həmin dövlət proqramlarını icra edirik.

— Deyəsən söhbətimiz daha çox problem üstündə kökləndi. Ancaq sizin idarənin fəaliyyəti ilə bir qədər yaxından tanış olan mətbuat nümayəndəsi kimi bilirəm ki, uğurlarınız da çoxdur.

— Siz söhbətin əvvəlində “ümumi inkişafın fonunda” ifadəsini işlətdiniz. Bizim idarənin uğurları da məhz həmin inkişafın fonunda mümkün olmuşdur. Bu il iyun ayının 28-də bizim idarənin yaradılmasının dörd ili tamam olur. Bu idarənin hansı zərurətdən yaranması və ötən illərdə əldə etdiyimiz nailiyyətlər barədə qəzetinizin oxucularına əvvəlllər əhatəli şəkildə məlumat vermişik. 2009-cu ilin yekunları, daha doğrusu, 2008-2009-cu dərs ilinin nailiyyətləri barədə danışarkən ən əvvəl onu qeyd edim ki, biz həmin dövrdə də əvvəlki illərdə olduğu kimi paytaxt təhsilinin daha demokratik şəkildə idarə edilməsi məsələsini diqqət mərkəzində saxlamışıq. Bilirsinizmi, biz, yəni müəllimlər tarix boyu həmişə cəmiyyətdə nümunə göstərilmişik. Bu fakt əvvəllər formalaşmış müxtəlif cəmiyyətlərdə mövcud idisə, sivil, demokratik və dünyəvi dövlət quruculuğu kursu götürmüş müstəqil Azərbaycanda müəllimin nümunə göstərilməsi məsələsi daha yüksək səviyyədə gündəlikdə olmalıdır. Şadam ki, idarəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər şagird və müəllim kollektivləri, valideynlər, ictimaiyyətin nümayəndələri və dövlət tərəfindən yüksək qiymətləndirilir. Bununla belə çoxsaylı təhlillər nəticəsində məlum oldu ki, idarəetmədə əks-mərkəzləşdirmə ilə yanaşı ciddi nəzarət mexanizminin paralel həyata keçirilməsi müsbət nəticələr verir.

Paytaxt təhsil sisteminin idarə edilməsində növbəti uğurumuz geniş məlumat bazasının, dəqiq və sürətli informasiyanın ötürülməsinə nail olmağımızdır. Elə hesabat ili kimi qeyd etdiyim dərs ilinin əvvəlindən — 2008-ci ilin sentyabrından etibarən Təhsil Nazirliyində həyata keçirilən “Məktəb TİMS” proqramı təhsilin keyfiyyətli idarə edilməsi üçün geniş imkan yaradır. Həmin tarixdən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “TİMS” sektoru proqramın dörd bölməsi — məktəb, kadr, şagird və ÜM-1 hesabatı üzrə məlumatların toplanmasını başa çatdırmışdır. İndi biz idarəmizə aid bütün kateqoriyalardan olan məlumatları keyfiyyətli şəkildə qəbul edə və ya ötürə bilirik.

Dövlət və cəmiyyət bizdən keyfiyyətli təhsil gözləyir. Tamamilə haqlı gözləmədir. Çünki bizə yaradılmış şəraitin müqabilində məhz dövlətin qarşıya qoyduğu məqsədləri reallaşdırmalıyıq. Keyfiyyətli təhsilə nail olmaq üçün biz təhsil sahəsində yeni qiymətləndirmə mexanizminin tətbiqinə və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə başladıq. Nəticədə nəyə nail olduq? İlk növbədə şagird biliyinin qiymətləndirilməsindəki subyektiv halların qarşısı alındı, şagirdlərin dərsə davamiyyəti sahəsində mövcud olan nöqsanlar aradan qaldırıldı, uşaqların təhsildən yayınması halları minimuma endirildi və sairə. Ən başlıcası məzunlarımızın bilik səviyyəsi kifayət qədər yüksəldi.

— Yeri gəlmişkən, ötən il Bakı məktəblərinin məzunlarının ali məktəblərə qəbul göstəricisi 2,7 faiz artıb. Bu artım qənaətbəxşdirmi?

— Bəli, ötən ilki məzunlarımızın ali məktəblərə qəbul imtahanı zamanı nail olduğu 41,99 faiz göstəricisi əvvəlki ildəki göstəricidən qeyd etdiyiniz qədər çoxdur. Ancaq bu bizi qane etməsə də, başqa bir qaneedici məqamı yada salım ki, son 3 ildə bu parametr üzrə artım 8 faizdir. Eyni zamanda Bakı məktəblərinin məzunlarının qəbul imtahanlarında əldə etdiyi orta bal respublika üzrə orta göstəricidən 30 bal yuxarıdır. Bu isə bizim çoxsaylı müəllimlər ordumuzun il ərzində çəkdiyi zəhmətin nəticəsidir. Qabaqcıl təcrübənin təşviq edilməsi, dünya təhsil sisteminin yaxşı nümunələrinin tətbiqinə, öyrənilməsinə və təbliğinə münbit şəraitin yaradılması müəllimlər tərəfindən rəğbətlə qarşılanmış və bu sahədə ciddi inkişaf meyilləri özünü qabarıq şəkildə göstərmişdir. İndi bu cür yeni təlim texnologiyalarını, inteqrativ təlimi öz işində tətbiq edən müəllimlərimiz minlərlədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsində ötən il Bakı şəhəri məktəblərinin və müəllimlərinin nəticələri ürəkaçan olmuşdur. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Bakı şəhərinin 24 məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi”, 41 nəfər müəllim isə “Ən yaxşı müəllim” adına layiq görülmüşdür. Sevindirici nailiyyətdir ki, 50 qalib məktəbin 24-ü Bakı şəhərinin məktəbləridir. 2008-ci ildə isə bu rəqəmlər müvafiq olaran 42 və 14 olmuşdur. Bu nəticələr göstərir ki, Bakı təhsilində ciddi inkişaf var. Əlbəttə ki, yalnız yaxşı müəllim olan yerdə keyfiyyətli təhsildən danışmaq olar.

— Biz bayaq dünya ölkələrində təhsilin müasirləşdirilməsi məsələsi barədə də söz açmışdıq. Müasirləşdirmənin əsas sahələrindən biri də ictimai qurum olan Valideyn-Müəllim Assosiasiyalarının yaradılmasıdır. Siz qəzetlərdən birinə verdiyiniz müsahibədə qeyd etmişdiniz ki, həmin assosiasiyalar təhsilin inkişafına dəstək verir.

— Bəli, 2009-cu ildə təhsildə demokratik islahatların dərinləşdirilməsi, məktəblərin müstəqilliyinin artırılması ilə yanaşı, tədrisə nəzarət prosesinin təkmilləşdirilməsi sahəsində də yeni forma və metodların tətbiqi ilə kifayət qədər uğurlu nəticələrə nail olundu. Görülmüş tədbirlərin nəticəsi olaraq indi hər bir müəllim məktəbin idarə olunmasında iştirak edir. Valideyn—Müəllim Assosiasiyaları məktəbdə təhsilin inkişafına, mənəvi-psixoloji iqlimin sağlamlaşdırılmasına əməli töhfələrini verir. Təhsilə ictimai nəzarətin səviyyəsi də yüksəkdir. İctimai nəzarətin tətbiqi ilə daha bir müsbət nəticəyə — icma-məktəb münasibətlərinin sağlam əsaslarla formalaşdırılmasına nail ola bildik. Valideyn — Müəllim Assosiasiyasının köməyi və bilavasitə iştirakı ilə məktəblərin həm maddi-texniki təchizatının yaxşılaşdırılması baxımından müsbət işlər görüldü, həm təhsilin keyfiyyətinə nəzarət artdı, həm də əsassız söz-söhbətlərə son qoyuldu. İndi məktəblərin əksəriyyətində VMA fəaliyyət göstərir.

— Nailə xanım, sizin məktəbəqədər və məktəbdənkənar təhsilə verdiyiniz önəm barədə oxucularımıza qəzetimizin ötən saylarında bəzi məlumatları vermişdik. Ona görə də həmin sahə ilə bağlı sualımızı bir qədər konkretləşdirmək istəyirik. Son zamanlar ictimaiyyətin gündəliyində olan özəl məktəbəqədər təhsil müəssisəsi məsələsinə münasibətiniz necədir?

— Əvvəla, həmin məsələ bizim üçün bir qədər yeni olsa da, beynəlxalq təcrübədə yeni deyil. Yəni sınaqdan çıxmış bir təhsil variantıdır. Belə ki, inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil müəssisələrinin cəmi 20-25 faizi dövlətin nəzarətindədir. Qalan müəssisələri iş adamları, sahibkarlar, şirkətlər — bir sözlə özəl bölmənin təmsilçiləri yaradıblar. Özü də yüksək səviyyədə. İkinci, biz yuxarıda yeni qəbul edilmiş Təhsil Qanunumuz barədə söz açdıq. Odur ki, Azərbaycanda mərhələsindən asılı olmayaraq təhsillə bağlı bütün məsələlər məhz yeni qanunun tələbləri çərçivəsində həll olunur.Amma, onu da deyim ki, uşaq bağçasının özəlləşdirilməsindən sonra binanın fəaliyyət istiqamətinin dəyişdirilməsi tamamilə yolverilməzdir.

Ümumiyyətlə isə bir əminliyimi söyləyim. Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin qayğı və diqqəti nəticəsində nəinki təkcə Bakıda, eləcə də bütövlükdə ölkəmizdə təhsillə bağlı bütün məsələlər yüksək səvaiyyədə həll olunur və bu tendensiya gələcəkdə də davam etdiriləcəkdir.

 

 

Qələmə aldı: İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 28 yanvar.- S. 3.