Fəlsəfədən dərs vəsaiti: yeni üslub və keyfiyyət

 

Bu gün qloballaşma prosesləri fonunda respublikamızda baş verən sosial-iqtisadi dəyişikliklər, iqtisadiyyatın dinamik inkişafı, ölkəmizin dünyaya inteqrasiyası, cəmiyyətdə yeni dəyərlərin meydana çıxması Azərbaycan elminin qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrin öhdəsindən gəlinməsi, bütün bu proseslərin elmi-nəzəri cəhətdən təhlil olunması və əsaslandırılması yalnız alimlərimizin ardıcıl səyləri nəticəsində mümkün olacaqdır.

 

Akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 8 dekabr 2009-cu il sayında dərc olunmuş və bu məsələlərin həlli istiqamətlərini əks etdirən “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsi də məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Akademik yazır: “...dünyagörüşünün elmi əsası kimi fəlsəfə və digər ictimai elmlər öz vəzifələrini yalnız o halda tam yerinə yetirə bilər ki, burada aparılan ümumiləşdirmələr və gəlinən qənaətlər aydın bir dildə ifadə edilməklə yanaşı, məzmunca da dərin olsun. Bu qənaətlər isə yalnız insanları düşündürən və narahat edən elmi, sosial-mədəni və mənəvi-əxlaqi problemlərin real həllində rol oynayacağı təqdirdə maraq doğurar, onların diqqətini öz üzərinə çəkə bilər”. R.Mehdiyev bu gün fəlsəfə sahəsində mövcud olan böhranın əsas səbəbini bu sahədə aparılan tədqiqatların sosial praktikadan, ictimai həyatın aktual problemlərindən və tələblərindən uzaq olmasında görür. “Nəticədə praktiki və elmi fəaliyyətdə də nəzəriyyə və metodologiyaların ümumi müddəalarının dəyərləndirilmə səviyyəsi aşağı düşmüşdür”.

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bu problemlərin həlli istiqamətində aparılan dəyərli elmi tədqiqatlar xüsusilə vurğulanmalıdır. Məlum olduğu kimi, Akademiyada gələcəkdə dövlət idarəçiliyi sahəsində çalışacaq gənc kadrlar hazırlanır. Bununla yanaşı artıq bu sahədə müəyyən təcrübəyə malik olan dövlət məmurlarının ixtisasının artırılması da həyata keçirilir. Akademiya rəhbərliyi və professor-müəllim heyəti təhsil müəssisəsinin spesifik cəhətini nəzərə alaraq yeni-yeni dərsliklərin, dərs vəsaitlərinin, praktik göstərişlərin, fənn proqramlarının hazırlanması üçün səylə çalışırlar. Müasir tələblərə cavab verən tədris prosesi bu proqram və dərsliklərə uyğun şəkildə təşkil olunur.

“Fəlsəfə və sosial psixologiya” kafedrasının dosenti Zaur Siyavuş oğlu Bağırovun ərsəyə gətirdiyi “Fəlsəfə (sxemlərdə)” adlı dərs vəsaiti də məhz bu tələblərə uyğun hazırlanmışdır.

Məlumdur ki, tədris metodlarının formaları dəyişdiyi kimi dərsliklərin də forması və dili müəyyən dəyişikliklərə məruz qalmışdır. Haqqında zaman-zaman cildlərlə kitablar yazılmış dünya fəlsəfəsinin, demək olar ki, bütün tarixini, nəzəri əsaslarını və müasir inkişaf istiqamətlərini konkret sxemlər formasında ifadə etmək tədqiqatçıdan böyük zəhmət və dərin analitik təfəkkür tələb edir. Z.Bağırov bu çətin işin öhdəsindən layiqincə gəlmiş və Azərbaycanda fəlsəfənin tədrisi sahəsində yeni bir ənənənin əsasını qoymuşdur.

Müəllif kitabdakı mövzuları məntiqi olaraq “Fəlsəfəyə giriş”, “Əsas fəlsəfi doktrinalar”, “Müasir Qərb fəlsəfsi” və “Əsas fəlsəfi problemlər” adlı dörd bölmədə qruplaşdırır.

Kitabda dünyagörüşünün bir forması kimi fəlsəfi biliyin əsas xüsusiyyətləri, onun digər dünyagörüşü formalarından fərqi nəzərə çatdırılır. Qeyd olunur ki, fəlsəfə rasionallıqla, sistemliliklə, məntiqlə və nəzəri tərtibatı ilə fərqlənən dünyagörüşünün ən ali səviyyəsini və xüsusi, elmi-nəzəri növünü təşkil edir. Fəlsəfənin predmeti,onun əsas bölmələri (ontologiya, qnoseologiya, insan, cəmiyyət), bu bölmələr çərçivəsində fəlsəfənin öyrəndiyi əsas məsələlər, fəlsəfi metodların ümumi anlayışı və məzmunu açıqlanır. Fəlsəfənin yerinə yetirdiyi funksiyaların—dünyagörüşü, metodoloji, təfəkkür—nəzəri, qnoseoloji, tənqidi, aksioloji, sosial, tərbiyəvi-humanitar, proqnostik və digər funksiyaların qısa və məzmunlu izahı verilir. İkinci bölmədə qədim Hind fəlsəfəsindən müasir dövrün fəlsəfi cərəyanlarına qədər böyük bir dövrün sxematik mənzərəsi verilir. Bu bölmədə qədim Hind fəlsəfəsinin mərhələləri, qədim Çində fəlsəfi təlimlər (daosizm, konfutsizm, legizm), Ellinizm fəlsəfəsinin məktəbləri və görkəmli nümayəndələrinin təlimləri, orta əsrlərin teoloji fəlsəfəsi, ərəb -islam fəlsəfəsi, intibah və maarifçilik dövrlərinin fəlsəfi cərəyanları, klassik alman fəlsəfəsi yeni dövrün fəlsəfəsi və digər müasir fəlsəfi cərəyanların, o cümlədən Azərbaycanda fəlsəfi fikrin inkişaf tarixinin əsas mərhələlərinin geniş izahı verilmişdir.

Məlum olduğu kimi, 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərindən başlayaraq fəlsəfədə yeni cərəyanlar meydana gəlməyə başlayır. Bu proseslər fəlsəfənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxarır. Məhz bu dövrdə psixoanaliz (Z.Freyd), eksiztensialzm fəlsəfəsi (S.Kyerkeqor, K.Yaspers, M.Haydeqqer, J.–P.Sartr, A. Kamyu), hermenevtika (F.Şleyermaher, H.Hadamer), müasir ilahiyyat fəlsəfəsi (E.Jilson, J.Mariten, Y.Bohenski, Y.Koret, K. Raner, K.Voytıla) ,amerikan praqmatizmi (C.Düi) yaranır və inkişaf edir. Müəllif bu cərəyanların əsas müddəalarını, oxşar və fərqli cəhətlərini göstərməklə sistemləşdirir və oxucu üçün daha asan anlaşılan edir. Sonuncu, yəni dördüncü fəsildə bəşəriyyətin yarandığı vaxtdan bu günədək insanı düşündürən əsas suallara cavablar sxemlərlə təsvir olunmuşdur. Varlıq, materiya, şüur, dialektika, idrak, təbiət və cəmiyyət, tarixin fəlsəfəsi kimi problemlər bu bölmədə işıqlandırılır. Z. Bağırov bütün bu problemlərlə bağlı mövcud yanaşma və baxışları ümumiləşdirərək sxem halında oxucunun diqqətinə çatdırır.

Bəşəriyyət qarşısında duran və həmişə insanları düşündürən fəlsəfi problemləri sxemlərlə ifadə etmək, heç şübhəsiz, böyük bir zəhmətin nəticəsidir. Bəhs olunan dərs vəsaitinin xarakteri və quruluşu əslində onu fəlsəfə elmi sahəsində yazılan kitablar içərisində novatorçu tədqiqat işinə çevirir. Dərs vəsaitinin məhz bu üslubda hazırlanması əslində çox mürəkkəb elm sahəsi olan fəlsəfənin daha sadə təqdimatına və asan qavranılmasına kömək edir.

Tədqiqatçı həmçinin bu sxemlər vasitəsi ilə bir-birinə yaxın olan fəlsəfi nəzəriyyə və məktəblərin, problemlərin oxşar və fərqli cəhətlərini ümumiləşdirmiş və aydın təhlilini vermişdir. Əsərin yazılması zamanı dünyada mövcud olan fəlsəfi tədqiqat əsərlərindən, eləcə də Azərbaycan tədqiqatçılarının əsərlərindən geniş istifadə olunmuşdur. Bu dərs vəsaitinin fəlsəfə tədqiqatçıları, fəlsəfə ixtisası üzrə təhsil alan bakalavr və magistrantlar, aspirant və dissertantlar, həmçinin fəlsəfə ilə yaxından maraqlananlar üçün lazımlı bir mənbə olacağı şübhəsizdir.

 

 

Bəhruz QƏNDİLOV,

fəlsəfə elmləri doktoru

 

Xalq qəzeti.- 2010.- 29 yanvar.- S. 7.