Məcburi köçkünlərin sosial müdafiəsi prioritet məsələdir

 

Sabunçu rayonunun Pirşağı qəsəbəsində məskunlaşmış zəngilanlı məcburi köçkünlərin dövlət başçısına ünvanladıqları müraciətdə bu barədə danışılır

 

Gərgin iş qrafikinə və dövlət idarəçiliyi sahəsində nəhəng fəaliyyət sferasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyonadək soydaşımızın qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli məsələsi müasir Azərbaycan dövlətinin qurucusu və xalqımızın ümummilli lideri Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi.

 

Ulu öndərimiz dünyanın müxtəlif dövlət başçıları ilə keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində mütləq şəkildə məhz bu problemə toxunaraq onu ölkəmizin bir nömrəli problemi adlandırırdı.

Təsadüfi deyil ki, bu problem ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzində olmuş, son 6 ildə qarşıda duran prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Ümumiyyətlə, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı son illər bu məqsədlə dövlət başçımız tərəfindən çoxsaylı fərman və sərəncamlar imzalanmışdır. Prezident İlham Əliyev mütəmadi olaraq məcburi köçkünlərlə görüşmüş, onların qayğı və problemlərini diqqətlə dinləmiş, bununla əlaqədar müvafiq qurumlara konkret tapşırıqlar vermiş və həmin tapşırıqların icrasını nəzarətdə saxlamışdır. Hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev “Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq” — deyə bəyan etmişdi. Dövlət başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirilmiş və çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyularaq, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürülmüşdür.

Sabunçu rayonunun Pirşağı qəsəbəsində salınmış yeni yaşayış məntəqəsində məskunlaşmış zəngilanlı məcburi köçkünlərin bir qrupu tərəfindən ölkə Prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə bu barədə ətraflı bəhs edilir. Müraciətdə deyilir:

 

“Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının bütün vətəndaşları kimi biz zəngilanlı məcburi köçkünlər də Sizin son altı ildə qəbul etdiyiniz qərarların, həyata keçirdiyiniz tədbirlərin əhalinin mənafeyinə xidmət etdiyinin, həmçinin xalqa verdiyiniz vədlərin sırf əməli işə söykəndiyinin şahidi olduq.

Azərbaycanımızın həyatı əhəmiyyətli sahələrindəki yüksəlişi biz köçkünlərin gündəlik həyatında özünü daha qabarıq göstərdi. Sizin himayənizlə şəraitimiz yaxşılaşdırıldı, bir çox problemlərimiz həll edildi. Bu illərdə Siz bizim dayaq, ümid və təsəlli yerimiz oldunuz.

Məcburi köçkünlərin həyatının ən çətin anlarında mənən sarsılmış, ürəklərində yurd niskilini daşıyan kövrək insanlara münasibətdə göstərdiyiniz diqqət və qayğını biz heç zaman unutmayacağıq".

Müraciətdə daha sonra vurğulanır ki, köçkün düşdüyümüz o illəri yaxşı xatırlayırıq. Həmin vaxt biz Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əvvəllər zəhərli dərman maddələri saxlanılan anbarlarında olduqca dözülməz bir şəraitdə yaşayırdıq. Belə bir vəziyyətdə yeganə çıxış yolunu, yalnız Sizdə gördük. Müraciətimiz tərəfinizdən həssaslıqla qarşılandı, məhz Sizin tapşırığınız və şəxsi nəzarətinizlə müasir, abad və rahat evlər inşa edilərək biz zəngilanlıların istifadəsinə verildi.

Dövlət başçısı kimi göstərdiyiniz diqqət və qayğılara görə burada məskunlaşan köçkünlər adından Sizə – hörmətli Prezidentimizə öz minnətdarlığımızı və razılıq hisslərimizi çatdırır, bütün varlığımızla ətrafınızda sıx birləşdiyimizi bəyan edirik.

Müraciətdə həmçinin göstərilir ki, Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı 2003-cü ildən Azərbaycan təbiətinin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi üçün müstəsna işlər görmüş, cəmiyyətin ekoloji durumunun yüksəldilməsi, insanların ətraf mühitə doğma münasibətinin təmin edilməsi sahəsində olduqca əhəmiyyətli qərarlar qəbul etmişdir.

Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri də təqdirəlayiqdir.

2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə bağlı ölkə Prezidentinin təşəbbüsünə cavab olaraq başlanmış geniş kampaniya yerlərdə rəğbətlə qarşılanmış və ölkəmizin bütün bölgələrini əhatə etmişdir.

Zəngilanlı məcburi köçkünlərin belə bir qeydi də diqqəti çəkir. Onlar göstərirlər ki, doğma təbiətimizin mühafizəsi, qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən görülən məqsədyönlü işlər məcburi köçkünləri də ölkəmizdə həyata keçirilən ekoloji tədbirlərdə daha fəal iştirak etməyə istiqamətləndirmişdir.

Onlar ağacəkmə kampaniyası ilə əlaqədar dövlət başçısının müraciətinə hələ ötən ildən qoşulduqlarını bildirir, yaşadıqları ərazidə bu nəcib və xeyirxah tədbirləri 2010-cu ildə də davam etdirəcəklərini yazırlar. Qeyd edirlər ki, məskunlaşdıqları yaşayış məntəqəsinə gedən yolların kənarlarında, həyətyanı sahələrdə, habelə mümkün olan digər yerlərdə yüzlərlə dekorativ gül kolları və müxtəlif növ yaşıl ağaclar əkərək, onlara lazımi aqrotexniki xidmətlər göstərəcəklər.

Prezident İlham Əliyevə ünvanlanan müraciət bu cümlələrlə yekunlaşır: “...Düzdür, uzun illərdən bəri öz yurd yerlərimizdən uzaq düşsək də vətənimizin hər bir yeri bizim üçün əzizdir. Lakin füsunkar gözəlliyə, zəngin təbiətə malik olan doğma Zəngilanımızda yaşamağı daha üstün tuturuq. Ona görə də biz məcburi köçkünlər, məhz Sizin qətiyyətli və müdrik siyasətiniz sayəsində ata-baba yurdlarımıza dönməyi, doğma ocaqlarımızda əvvəlki həyatımızı bərpa etməyi, əsrarəngiz təbiətimizi göz bəbəyimiz kimi qorumağı arzulayırıq.

Cənab Prezident! Biz zəngilanlılar həmişə olduğu kimi bu gün də Sizin siyasətinizi ürəkdən dəstəkləyir və inanırıq ki, 2010-cu il həm də əbədi və əzəli torpaqlarımıza qayıdış ili olacaqdır...”.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 29 yanvar.- S. 3.