Sahibkarlıq fəaliyyəti
üçün əlverişli
şərait yaradılır
Bakı Şəhər Vergilər Departamentinin
Kommersiya hüquqi şəxslərin dövlət
qeydiyyatı İdarəsində sahibkarlıq fəaliyyəti
subyektlərinin “bir pəncərə” prinsipi ilə
qeydiyyatının tətbiqinin 2 illiyi ilə əlaqədar
brifinq keçirilmişdir.
Vergilər Nazirliyinin
Kommersiya hüquqi şəxslərin dövlət
qeydiyyatının təşkili və iqtisadi təhlil Baş
İdarəsinin rəisi Rauf Namazov ölkədə
sahibkarlığın sürətlə inkişaf etdirilməsi,
daha əlverişli biznes mühitinin formalaşdırılması
və biznesə başlama prosedurlarının sadələşdirilməsi
məqsədilə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata
keçirilən sahibkarlıq fəaliyyəti subyektlərinin
“bir pəncərə” prinsipi üzrə dövlət
qeydiyyatının mahiyyəti barədə məlumat
vermiş, bu prosesə dövlət
başçısının iştirakı ilə 29 dekabr
2007-ci il tarixdən başlanıldığını
xatırlatmışdır. Bildirmişdir ki, kommersiya
hüquqi şəxslərin qeydiyyat prosedurlarının
(biznesə başlama) sayı 13-dən 6-dək, sərf edilən
müddət 53 gündən 8 günədək, o cümlədən
sırf qeydiyyatın aparılmasına sərf edilən
müddət 3 günədək azaldılmışdır. Qeydiyyatın
aparılması üçün təqdim edilməli sənədlərin
sayı 5 dəfədən çox azalmışdır.
Baş idarə rəisinin sözlərinə görə, 2008-ci il ərzində Vergilər Nazirliyi tərəfindən 44.277, 2009-cu ildə 44.539 sahibkarlıq subyekti qeydiyyata alınmışdır. Ümumiyyətlə, bu 2 ildə “bir pəncərə” prinsipi ilə qeydiyyata alınan 88.397 sahibkarlıq subyektindən 11.403-ü kommersiya hüquqi şəxs olmuşdur.
R.Namazovun sözlərinə görə, qeydiyyat məlumatları mərkəzləşdirilmiş şəkildə Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə və Dövlət Gömrük Komitəsinə ötürülür ki, bu da vergi ödəyicilərinin vaxtına xeyli qənaət etməsi deməkdir. İqtisadi İnkişaf Nazirliyi ilə imzalanmış razılaşmaya görə isə, 2008-ci ilin sonlarından etibarən sahibkarlıq subyektlərinə, digər dövlət qurumuna müraciət etmədən, nəzarət kitabçalarını “bir pəncərə” vasitəsilə əldə etmək imkanı yaradılmışdır. Artıq “bir pəncərə” vasitəsilə 47.487 vergi ödəyicisinə nəzarət kitabçası təqdim olunmuşdur.
Baş idarə rəisi bildirmişdir ki, artıq vergi orqanları ilə 16 bank arasında elektron məlumat mübadiləsi təşkil edilmiş, daha 5-i ilə bu mübadilənin təşkili üçün test sınaqları keçirilir. Banklarla elektron sənəd mübadiləsinin təşkili hesabların açılması prosedurunun əhəmiyyətli dərəcədə sadələşməsinə və vergi ödəyicilərinin vaxta qənaət etməsinə şərait yaratmışdır.
Hazırda Vergilər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında elektron məlumat mübadiləsinin təşkili istiqamətində aparılan hazırlıq işləri də yekunlaşmaq üzrədir. Dövlət qurumları arasında inteqrasiyanın gücləndirilməsinə xidmət edən bu layihənin işə salınması ilə nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmış, KİV nümayəndələri “bir pəncərə” prinsipi ilə qeydiyyatın həyata keçirilməsi ilə əyani surətdə tanış olmuşlar.
B.VAQİF
Xalq qəzeti.- 2010.- 29 yanvar.- S. 3.