Prezident İlham ƏLİYEV:
2010-cu ildə həyata keçiriləcək investisiya layihələri
ölkəmizin hərtərəfli inkişafına xidmət
göstərməlidir
Dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən
Azərbaycan Respublikası yeni əsrin daha bir ilini yüksək
nailiyyətlərlə başa vurdu. Yola
saldığımız 2009-cu il ölkəmiz
üçün çətin sınaq dövrü kimi
xarakterizə edilsə də, sosial-iqtisadi sahədə
növbəti uğurlarla əlamətdar oldu. Belə ki,
ötən il dünyanı bürümüş qlobal maliyyə
böhranı bir çox ölkələrdə dərin tənəzzülə
gətirib çıxarsa da, Azərbaycanda həyata
keçirilən düşünülmüş siyasət və
düzgün iqtisadi strategiya bu xoşagəlməz prosesin təsirlərini
minimuma endirməyə imkan yaratdı. Təsadüfi deyil ki,
2009-cu ildə Azərbaycanın iqtisadiyyatı 9,3 faiz, sənaye
istehsalı isə 8,6 faiz artmışdır. Bütün
bunlar isə ilin yekunlarına görə Azərbaycanı
dünya miqyasında ən sürətlə inkişaf edən
ölkələrlə bir sırada qoymuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında bütün bu məsələlər barəsində
ətraflı söhbət açıldı. Dövlət
başçısı dərin məzmunlu giriş nitqində
ötən il ölkənin sosial-iqtisadi həyatında əldə
edilmiş uğurlara nəzər saldı, qlobal maliyyə
böhranı şəraitində belə, Azərbaycanın
iqtisadi maraqlarının qorunduğunu, əhalinin sosial vəziyyətinin
daha da yaxşılaşdırılmasına nail olunduğunu
diqqətə çatdırdı. Ölkədə ümumi
daxili məhsulun 9,3 faiz artmasını 2009-cu ildə və
ondan əvvəlki illərdə görülən işlərin
nəticəsi kimi dəyərləndirən Prezident İlham Əliyev
son illər Azərbaycanda sürətlə aparılan sənayeləşmə
siyasətinin də öz bəhrəsini verdiyini bildirdi. Sənaye
istehsalının artmasında neft amili müəyyən yer
tutsa da, kənd təsərrüfatında 3,5 faizlik artım
isə onu göstərir ki, Azərbaycanın qeyri-neft
sektorundakı mövcud potensialın hərəkətə gətirilməsi
artıq müsbət nəticələr verməyə
başlamışdır.
2009-cu ildə adambaşına düşən
ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və
yaxud 4874 ABŞ dollarına bərabər olmuşdur. Son 3 ildə
Azərbaycan adambaşına düşən milli məhsulun həcminə
görə öz mövqeyini dünya üzrə 32 pillə
yaxşılaşdırmışdır.
Ölkənin
sosial-iqtisadi inkişafını sürətləndirən
başlıca amillərdən biri də investisiya
qoyuluşları ilə bağlıdır. Sevindirici haldır
ki, Azərbaycanın maliyyə imkanlarının artması
ümumi investisiya qoyuluşlarında daxili investisiyaların
xüsusi çəkisinin getdikcə çoxalmasına səbəb
olur. Təkcə onu demək kifayətdir ki, 2009-cu ildə
ölkəmizdə ayrı-ayrı sahələrin
inkişafına 9,2 milyard dollar investisiya yönəldilmişdir
ki, bunun da 7,3 milyard dollarını daxili sərmayələr təşkil
etmişdir. İl ərzində istər dövlət
investisiya vəsaitləri, istərsə də xarici və
yerli şirkətlərin maliyyəsi ilə Azərbaycanda iri
infrastruktur layihələri həyata keçirilmiş, yeni
yollar çəkilmiş, müasir körpü və yol
qovşaqları inşa olunmuşdur. Bundan əlavə,
dövlətimizin başçısı İlham Əliyevin
xeyir-duası ilə ölkədə bir sıra nəhəng
infrastruktur layihələrinin icrasına
başlanılmışdır. Paytaxtın Qaradağ rayonu ərazisində
400 milyon dollarlıq yeni sement zavodunu, bir o qədər də
maliyyə vəsaiti hesabına Balaxanı qəsəbəsi
yaxınlığında inşa ediləcək məişət
tullantıları müəssisəsini və “Sumqayıt
texnoparkı” layihəsi çərçivəsində
tikintisi nəzərdə tutulan nəhəng zavodları buna
misal göstərmək olar.
Qlobal maliyyə
böhranına baxmayaraq, 2009-cu ildə Azərbaycanın
valyuta ehtiyatları bir qədər də artaraq 20 milyard
dolları ötüb keçmişdir. Hökumətin
iclasında bu barədə yüksək nikbinliklə
danışan dövlət başçımız 2010-cu ildə
görüləcək məqsədyönlü tədbirlər,
həyata keçiriləcək işlər nəticəsində
valyuta ehtiyatlarımızın daha da artacağına tam əmin
olduğunu bildirmişdir. Böhran ilində əldə
etdiyimiz ən böyük uğurlardan biri də ölkəmizdə
yeni müəssisələrin açılması, istehsal
prosesinin genişləndirilməsi hesabına əlavə
iş yerlərinin yaradılmasına nail olunmasından ibarətdir.
Belə ki, 2009-cu ildə Azərbaycanda 74 min yeni iş yeri
açılmışdır ki, bu da son nəticədə
ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi,
əhalinin güzəranının bir qədər də
yaxşılaşdırılmasına imkan
yaratmışdır.
Nazirlər Kabinetinin məlum
iclasında Prezident İlham Əliyev 2009-cu ilin sosial-iqtisadi
uğurları ilə yanaşı, cari ildə həyata
keçiriləcək vacib layihələrdən, görüləcək
mühüm işlərdən də geniş bəhs
etmişdir. Dövlət başçısı demişdir:
“2009-cu ildə biz qarşıya qoyduğumuz bütün məsələlərə
nail olduq. İndi 2010-cu il başlayır. Biz 2010-cu ili də
uğurla başa vurmalıyıq. Bu il də çox önəmli
il olacaqdır. Bütün proqramlar, layihələr, nəzərdə
tutulmuş bütün məsələlər öz həllini
tapmalıdır və əminəm ki, tapacaqdır”. Hökumətin
iclasındakı proqram xarakterli yekun nitqində Prezident
İlham Əliyev 2010-cu il üçün ölkənin
sosial-iqtisadi inkişafının əsas konturlarını
açıq-aydın göstərdi. Dövlət
başçısı, hər şeydən əvvəl, bəyan
etdi ki, Azərbaycan iqtisadiyyatı artıq keçid
dövrünü başa vurmuş və tam şəkildə
bazar iqtisadiyyatına keçmişdir. Dövlət
başçısının təbirincə desək, Azərbaycanda
formalaşmış liberal iqtisadiyyat, həm də müstəqil,
dayanıqlı, öz resurslarına güvənən,
dünya birliyinə sürətlə inteqrasiya edən
iqtisadiyyatdır. Beynəlxalq kredit agentliklərinin ötənilki
açıqlamaları, verdikləri qiymətlər ölkəmizin
kredit reytinqinin bir qədər də artdığını
sübut edir.
2009-cu il ərzində Azərbaycana
9,2 milyard dollar məbləğində investisiya qoyulmuşdur.
Bu vəsaitin 7,3 milyardı daxili sərmayələrdir.
Cari ildə ölkənin dinamik inkişafının qorunub saxlanmasını təmin etmək üçün qarşıda duran vəzifələrə toxunan Prezident İlham Əliyev dedi ki, bütün diqqət, ilk növbədə, makroiqtisadi sabitliyə yönəldilməlidir. Bunun üçün isə Azərbaycanda hər cür imkan var. Belə ki, ölkəmizin böyük valyuta ehtiyatları, güclü bank sektoru və istehlak qiymətlərinə xüsusi nəzarət mexanizmi makroiqtisadi sabitliyin qorunub saxlanmasında mühüm amillərdəndir. Azərbaycandakı mövcud əlverişli biznes mühiti şəraitində 2010-cu ildə investisiya qoyuluşlarının sürətlə davam etdiriləcəyinə əmin olduğunu bildirən dövlət başçısı yekun nitqində qarşıda duran bir sıra həlli vacib məsələlərin üzərində geniş dayandı. Azərbaycan dövlətinin, xalqımızın mənafeyini daim düşünən Prezident İlham Əliyev daxili bazarın daha ciddi şəkildə qorunmasının vacibliyini önə çəkdi. Bunun müxtəlif yollarını göstərən dövlət başçısı, ilk növbədə, ölkədə idxalı əvəzləyən məhsulların istehsalının artırılmasının vacibliyini bildirdi. Dövlət İnvestisiya Şirkətinin cəlb etdiyi vəsaitlərin, eləcə də İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlərin bu məsələdə mühüm rol oynadığını bildirən ölkə Prezidenti hətta yerli istehsal malları ilə rəqabət aparmaq gücündə olan məhsulların idxalına da yenidən baxılacağını diqqətə çatdırdı. Bundan isə əsas məqsəd yerli istehsalın genişləndirilməsinə imkan yaratmaqla bərabər, daxili bazarın idxaldan asılılığını azaltmaq və istehlak qiymətlərinin arzuolunan həddə saxlanmasından ibarətdir. Eyni zamanda, dövlət başçısının daxili bazarın qorunması kimi vacib məsələyə toxunması yerli iş adamlarının sabaha inamını artırmaqla yanaşı, həm də onları idxalı əvəzləyən malların istehsalını genişləndirməyə sövq edəcəkdir.
Son illər Azərbaycanın maliyyə imkanlarının xeyli artması iri infrastruktur layihələrinin icrasını sürətləndirmişdir. Ötən illər ərzində ölkəmizdə dünya standartlarına cavab verən yol-nəqliyyat infrastrukturu yaradılmışdır. Prezident İlham Əliyev hökumətin məlum iclasındakı yekun nitqində 2010-cu ildə həyata keçiriləcək infrastruktur layihələrindən söhbət açarkən ölkədə avtomobil yollarının tikintisinin davam etdirilməsini, ölkəmizin beynəlxalq çıxışını təmin edən Bakı–Gürcüstan sərhədi İpək yolunun, Bakı-Rusiya və Bakı–İran sərhədlərinədək uzanan magistral yolların əsaslı şəkildə yenidən təmir olunaraq istifadəyə verilməsini mühüm bir vəzifə kimi qarşıya qoymuşdur. Bununla yanaşı, Prezident ölkədəki bütün şəhərlərarası, şəhərdaxili və kənd yollarının təmir və bərpa olunmasının, yeni yolların salınmasının vacibliyini bildirmiş, bu məqsədlə 2010-cu ilin investisiya proqramında kifayət qədər vəsaitin ayrılacağını bəyan etmişdir. Ölkənin dəniz nəqliyyatının işinin dünya standartlarına uyğunlaşdırılması da bu il diqqət mərkəzində saxlanılacaqdır. Məlum olduğu kimi, ötən il Bakıda yeni limanın tikintisinə başlanılmışdır. Dövlət başçısı Ələt qəsəbəsi yaxınlığında bölgədə ən böyük yeni dəniz limanının da təməl daşının bu il qoyulacağını bildirmiş və bunu gələcəyə yönəldilən bir addım kimi dəyərləndirmişdir. Bununla yanaşı, Prezident 2010-cu ildə Bakıda yeni, müasir gəmiqayırma zavodunun tikintisinə başlanılacağını da diqqətə çatdırmışdır. Artıq bu məqsədlə aparılan danışıqlar sona çatmaq üzrədir. Zavodun inşasına başlanılmasına nail olunacağı təqdirdə Azərbaycanda təqribən iki il ərzində Xəzər hövzəsində nadir bir infrastruktur müəssisəsi yaradılacaq ki, bu da həm Dövlət Neft Şirkətinin, həm Xəzər Dəniz Gəmiçiliyinin, həm də Hərbi Dəniz Qüvvələrinin donanmasını müasirləşdirməyə imkan verəcək.
2009-cu ildə Azərbaycanın
strateji valyuta ehtiyatları təqribən 3 milyard dollar artaraq
20 milyard dolları ötüb keçmişdir.
Bu il Cənubi Qafqaz regionu üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də xeyli sürətləndiriləcək. Ölkə başçısı hökumətin məlum iclasında bir daha bildirdi ki, layihənin icrasını vaxtında başa çatdırmaq üçün bütün zəruri tədbirlər görüləcək, hətta əlavə vəsaitə ehtiyac yaranacağı təqdirdə lazımi məbləğin ayrılması təmin olunacaqdır.
Son illər Azərbaycanda dayanıqlı elektroenergetika sisteminin yaradılmasına, ölkənin elektrik enerjisi ilə fasiləsiz olaraq təmin edilməsinə baxmayaraq, bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək. Dövlət başçısı bu məqsədlə hazırda tikintisi davam etdirilən Füzuli və “Taxtakörpü”, eləcə də Naxçıvanda Viləvçay üzərindəki su elektrik stansiyalarının bu il istifadəyə verilməsini, həmçinin gücü təqribən 800 meqavata yaxın olan “Cənub” Elektrik Stansiyasında işlərin sürətləndirilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. Bundan əlavə, il ərzində alternativ enerji mənbələrindən istifadəni təmin edəcək stansiyaların yaradılması üçün yubanmadan işlərə başlamağın vacibliyini önə çəkən Prezident İlham Əliyev bu məsələnin investisiya proqramına daxil edilməsini tövsiyə etmişdir.
Beynəlxalq Telekommunikasiya
İttifaqının hesabatında İKT-nin inkişaf səviyyəsinə
görə Azərbaycan son 5 ildə inkişaf dinamikasına
görə dünyanın ilk 10 ölkəsi sırasında
yer tutmuşdur.
Dövlət başçısının qarşıya qoyduğu mühüm məsələlərdən biri də ölkədə qazlaşdırma prosesinin sürətlə və müasir standartlara uyğun davam etdirilməsi ilə bağlı olmuşdur. Bu məqsədlə qaz infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi, qaz almayan kənd və qəsəbələrin “mavi yanacaq”la təmin edilməsi Dövlət Neft Şirkəti qarşısında vacib və təxirəsalınmaz bir vəzifə kimi qoymuşdur. Nazirlər Kabinetinin geniş iclasında Prezident 2010-cu ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsini 90 faizə çatdırmağı tapşırmışdır.
Ölkəmiz üçün son dərəcə vacib olan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi də bu il başa çatdırılacaq layihələr sırasındadır. Məlum olduğu kimi, Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən bu iri infrastruktur layihəsi çərçivəsində tikinti işlərinin böyük hissəsi artıq görülüb.
2009-cu ildə ölkənin kənd təsərrüfatında baş vermiş inkişaf meyillərinin cari ildə də davam etdirilməsi qarşıda duran prioritet məsələlərdəndir. Prezident İlham Əliyev 2010-cu ildə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün aqrar bölmə ilə əlaqəsi olan başqa sahələrə də diqqətin xeyli artırılmasının zəruriliyini bildirdi. Bu məqsədlə ölkədə emal müəssisələrinin sayını artırmaqla kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, ölkədə soyuducu anbarların tikintisi bu il bir qədər də vüsət alacaq ki, bunun da hesabına ilin istənilən fəslində daxili bazarı kənd təsərrüfatı məhsulları ilə təmin etmək mümkün olacaqdır. Dövlət başçısı Azərbaycanda rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirməklə Avropa İttifaqı və dünya bazarlarına çıxmağı da tövsiyə etdi ki, bu da ölkəmizin ixrac potensialının genişlənməsinə böyük töhfə verəcəkdir.
Göründüyü kimi, 2010-cu ildə Azərbaycanda son dərəcə mühüm infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlar da öz növbəsində ölkəmizin iqtisadi qüdrətinin bir qədər də artmasına gətirib çıxaracaq, sosial məsələlərin həllini xeyli sürətləndirəcəkdir...
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 29 yanvar.- S. 3.