Azərbaycan – Rusiya hərtərəfli
əməkdaşlığının inkişafına mükəmməl
töhfə
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan
– Rusiya Forumu hər iki ölkədə belə qiymətləndirilir
Görkəmli dövlət xadimlərinin
hamısı xarici siyasətin müəyyənləşdirilməsi
zamanı daha çox qonşu ölkələrlə əməkdaşlığın
dərinləşdirilməsini vacib sayıblar. Bu prinsip ulu
öndər Heydər Əliyevin xarici siyasət kursunda
bütün incəliklərinə qədər nəzərə
alınmışdır. “Biz sivil, dünyəvi və
demokratik dövlət quruculuğu kursu
götürmüşük və bu yolda dünyanın
bütün ölkələri ilə, ən
başlıcası isə yaxın qonşumuz olan ölkələrlə
hərtərəfli əməkdaşlığın
genişləndirilməsinə daim önəm verəcəyik”.
Göründüyü
kimi, ümummilli liderimiz “ən başlıcası” ifadəsini
işlətməklə respublikamıza qonşu olan ölkələrlə
əməkdaşlığa, üstəlik, hərtərəfli
əməkdaşlığa daha böyük önəm
verdiyini söyləyirdi. Beynəlxalq ekspertlərin fikrincə,
Azərbaycanın xoşbəxtliyi ondadır ki, Prezident
İlham Əliyev həm xarici siyasətdə, həm də
daxili siyasətdə məhz bu dövləti qoruyub
yaratmış insanın siyasətini davam etdirir.
Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ən böyük uğurlarından biri məhz Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasının intensivləşdirilməsi, bu prosesdə region ölkələrinə daha çox diqqət ayrılmasıdır. Azərbaycanın Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistanla hərtərəfli əməkdaşlığının gündən-günə genişləndirilməsi bunun əyani sübutudur. Son iki əsrdə cəmiyyət həyatının bütün sahələrində, özü də kifayət qədər intensiv şəkildə əməkdaşlıq etdiyimiz Rusiya Federasiyası ilə münasibətlərimiz isə hətta nümunə ola biləcək bir səviyyədədir. Siyasi-diplomatik, ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq sahəsində mehriban qonşuluq prinsipləri çərçivəsində mümkün olan bütün addımlar atılmışdır. Ekspertlər 2010-cu il yanvarın 22-23-də Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan – Rusiya Forumunu bu addımların ən mükəmməli kimi qəbul edirlər. Tanınmış siyasətçilərin, görkəmli mədəniyyət, elm və təhsil xadimlərinin, Azərbaycan və Rusiyanın aparıcı mətbuat rəhbərlərinin iştirak etdiyi tədbirin əhəmiyyəti forumun yekunlarına əsasən qəbul edilmiş birgə bəyanatda daha aydın şəkildə göstərilirdi.
Forumun bağlanış mərasimində çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tədbir iştirakçılarının Bakıda olduğu günləri özünəməxsus şəkildə qiymətləndirərək demişdir: “Bu iki-üç gün bizim hamımız üçün dostluq, qarşılıqlı anlaşma və əməkdaşlığın sınağa çəkildiyi dövr oldu. Biz bu sınaqdan uğurla çıxdıq, bütün ümidləri doğrultduq”. Təbii ki, dünyada və regionda gedən iti sürətli ictimai-siyasi proseslər siyasi-diplomatik münasibətlərin yeni müstəvidə qurulmasını tələb edir. Bu baxımdan iki əsrdən də çox tarixi olan, 1993-cü ilin payızından sonra isə tamamilə yeni təməllər üzərində qurulan Azərbaycan — Rusiya münasibətlərinin də məhz zamanın səsi ilə uzlaşdırılması zərurəti yaranırdı. Bəzi ekspertlər və beynəlxalq icmalçılar öz səviyyələrində olan arqumentlərə istinad edərək yazırdılar ki, regiondakı ictimai-siyasi proseslər Azərbaycan — Rusiya münasibətlərinə xələl gətirə bilər. Ancaq unudurdular ki, hazırda Azərbaycan və Rusiya siyasətinə diletantlar deyil, sırf peşəkarlar rəhbərlik edirlər və ona görə də bu münasibətlərə nəinki xələl gələ bilməz, əksinə iti sürətli inkişaf gözlənilir.
Həm Rusiyada, həm də Azərbaycanda xalq öz dövlətinin qüdrətli olmasını arzulamaqla yanaşı, qonşu ölkələrlə dostluq münasibətlərinin genişləndirilməsini də arzu edir. Bu istiqamətdə atılacaq addımları isə sadə xalq deyil, öndə gedən ziyalılar və dövlət reallaşdıra bilər. Xalq bu iki ünvana ümidlə baxır. Akademik Ramiz Mehdiyev məhz həmin məqamı nəzərə alaraq deyir ki, biz bütün ümidləri doğrultduq.
Bütün bunlarla yanaşı, Azərbaycan siyasətçisi gələcəkdə daha böyük tədbirlərin həyata keçirilməsinin vacibliyini, xüsusən, əldə olunan nailiyyətlərin qorunub saxlanılmasının zəruriliyini dilə gətirərək forum iştirakçılarına müraciət edir: “Əlbəttə, bizim irəliyə doğru hərəkətimizə heç nəyin mane olmaması və Azərbaycan ilə Rusiya arasında bərqərar olmuş etimada əsaslanan səmimi münasibətlərə heç kəsin kölgə salmaması üçün hamımız daha səmərəli işləməliyik”. Təbii ki, söhbət forumların keçirilməsi, ziyalıların və siyasətçilərin görüşərək müxtəlif müzakirələr aparılması üçün səmərəli işləməkdən getmir. Söhbət xalqların və dövlətlərin mənafeyinə uyğun olan siyasət yeridilməsindən, qarşıya çıxan problemlərin birgə həlli yollarının axtarılmasından gedir. Biz o halda “hamımız daha səmərəli işləmişik” – deyə bilərik.
Azərbaycan – Rusiya münasibətlərinin bu gününə və keçmişinə qısa da olsa nəzər salan Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin iştirak etdiyi forumun çox böyük əhəmiyyətə malik olduğunu böyük səmimiyyətlə qeyd etdi: “Bizim ikitərəfli əməkdaşlığımızın çoxəsrlik tarixi vardır. Burada – gözəl Azərbaycan torpağında Rusiyaya çox yaxın olan bir xalq yaşayır. Bu yaxınlıq əsrlərin sınağından çıxmışdır, biz birlikdə böyük zəfərlər qazanmışıq və onu gələcək nəsillər üçün qoruyub saxlamışıq... Məhz insani münasibətlər Rusiya – Azərbaycan əlaqələrinin inkişafında həmişə mühüm rol oynamışdır. Humanitar sahə bizim əməkdaşlıq etməyimiz üçün çox geniş və münasib sahədir. İndiki forum da bu fikri təsdiq edir”. Sergey Narışkinin bir əminliyi isə forum iştirakçılarının hamısı tərəfindən böyük məmnuniyyətlə qarşılandı: “Bu, birinci forumdur. İnanıram ki, bu forum böyük bir layihənin yalnız başlanğıcıdır”.
Biz hamımız inanırıq ki, gələcəkdə Azərbaycan – Rusiya münasibətləri daha geniş miqyasda inkişaf edəcək, daha böyük layihələr reallaşdırmaqla, yeni-yeni nailiyyətlər əldə ediləcəkdir. Ancaq sadə azərbaycanlı öz-özünə sual verir ki, regionun ən güclü ölkələrindən biri, Azərbaycanın böyük inam və etimadla dostluq etdiyi Rusiya Federasiyası nə üçün Ermənistanın səhv yolda olduğunu rəsmi İrəvana başa salmır? Əlbəttə, bu sadə sual sadə azərbaycanlıların özlərinə ünvanladığı sorğudur. Ancaq məsələyə başqa müstəvidən baxanda Rusiya dövlətinin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün öz addımlarını intensivləşdirdiyinin şahidi oluruq. Prezident Dmitri Medvedevin təşəbbüsü ilə Moskvada Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşərək problemin həlli yollarını axtarmaları da bunun sübutudur. Ən başlıcası odur ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsi həll edilmədən regionda inkişafın olmayacağını daha yaxşı bilir. Fikrimizcə, Kremlin bu prosesdə getdikcə daha da fəallaşması məhz bu məqsədə xidmət edir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 29 yanvar.- S. 4.