Azərbaycan dövlət idarəçiliyinin
təkmilləşdirilməsinin elmi əsasları:
reallıqlar, problemlər, perspektivlər
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında 2009-cu ildə
yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
yekunlarına həsr olunmuş “Azərbaycanda dövlət
idarəçiliyinin təkmilləşdirilməsinin elmi əsasları:
reallıqlar, problemlər, perspektivlər” mövzusunda elmi
konfrans keçirilmişdir.
Konfransı
akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin
Qəndilov açaraq, mövzu ətrafında geniş məlumat
vermiş, ümummilli lider Heydər Əliyevin dövlət
idarəçilik təcrübəsinin ölkəmizin idarəetmə
sisteminin qurulması və inkişafında əhəmiyyəti,
ulu öndərin zəngin dövlətçilik təcrübəsinin
öyrənilməsinin zəruriliyini qeyd etmişdir. O,
Prezident İlham Əliyevin Azərbaycanın elmi
inkişafında daha çox meyilli olmasını daim diqqət
mərkəzində saxladığını qeyd etmişdir.
Qeyd olunmuşdur ki, yaxın vaxtlarda möhtərəm Prezidentimizin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Fondun əsas məqsədi elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təşkil olunmasını təmin etməkdir. Bundan öncə dövlətimizin başçısı elmin inkişaf strategiyasının əsas müddəalarını təsdiq edib. Bu vacib və böyük əhəmiyyət kəsb edən sənədlə elmə bağlı olan hər bir qurum qarşısında məsuliyyətli vəzifələr qoyur, onlardan müasir şəraitdə konkret proqramın tərtib edilməsi və gerçəkləşdirilməsi tələb olunur.
S.Qəndilov diqqətə çatdırmışdır ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev öz əsərlərində də bu sahənin inkişafı üçün dəyərli tövsiyələrini və məsləhətlərini vermişdir. Akademikin fikrincə, qlobal elm məkanına uğurlu inteqrasiya üçün alimlərimiz ölkədə elmin nüfuzunu və əhəmiyyətini yüksəldə bilərlər. Odur ki, tədqiqatlar yalnız şəxsi karyera üçün aparılmamalı, dövlətin, cəmiyyətin maraq və ehtiyaclarına xidmət etməlidir. Akademik qeyd edir ki, bu gün dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə olan bu diqqət və marağın əsasında Prezident İlham Əliyevin fədakar fəaliyyəti dayanır. Artıq politoloji tədqiqatlarda “Azərbaycan modeli” haqqında fikirlər səslənir. Azərbaycan cəmiyyətinin öyrənilməsi ilə bağlı tədqiqatlar, milli mentalitetin öyrənilməsi, ictimai fikri formalaşdıran əsas sosial-psixoloji kateqoriyalara həmvətənlərimizin münasibəti, demoqrafik vəziyyət və bir sıra digər amillərin elmi təhlili bu gün bizim üçün xüsusi məna kəsb edir.
2009-2015-ci illəri əhatə edən elmin inkişafına dair milli strategiyamızın əhəmiyyəti xüsusi vurğulanmışdır. Konfransın plenar iclasında və bölmədəki məruzələrin əhəmiyyətini ətraflı təhlil edən S.Qəndilov konfransın işinə uğurlar arzulamışdır.
Fəlsəfə və sosial psixologiya kafedrasının müdiri, professor Tofiq Rəsulov “Transformasiya şəraitində Azərbaycanda dövlət idarəçiliyinin və vətəndaş cəmiyyətinin tənzimlənməsinin informasiya təminatı”, tarix kafedrasının müəllimi, professor Sevda Süleymanova “Müstəqil Azərbaycan dövlətinin dövlət quruculuğu və idarəçiliyi sahəsində ilk addımları”, dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının dosenti Xatirə Hüseynova “Azərbaycanın indiki regional inkişafında sosial-iqtisadi aspektlər” mövzularında məruzə etmiş, bu mövzular ətrafında fikirlərini konfrans iştirakçıları ilə bölüşmüşlər.
Konfrans işini üç bölmədə davam etdirmişdir. Bölmə iclaslarında 60-dan artıq məruzə və çıxışlar dinlənilmişdir. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin xüsusiyyətləri siyasi proseslərin inkişafı konteksində”, “Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələ”, “Azərbaycan qadınlarının seçki hüququnun qazanması tarixi” və digər mövzularda maraqlı çıxışlar, geniş fikir mübadiləsi olmuşdur.
Yekun iclasında bölmə rəhbərlərinin məlumatları dinlənilmiş, konfransda səslənən məruzələr ətrafında gələcəkdə akademiyada aparılacaq elmi işlər barədə maraqlı tövsiyə və təkliflər irəli sürülmüşdür.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 29 yanvar.- S. 4.