Alim, mühəndis, təşkilatçı
Həyatını elmə, məhsuldar
əməyə, həsr etmiş soydaşlarımızdan
söz düşəndə tanınmış kibernetik,
çevik istehsalat rəhbəri, maliyyə nəzarəti təşkilatçısı
Namiq Nəsrullayevin də adı tez-tez xatırlanır. O, zəkası,
əqidəsi, tapşırılmış məsul işlərin
öhdəsindən bacarıqla gəlməsi ilə
tanıyanların geniş dairəisndə böyük
hörmət və nüfuz qazanmışdır.
Bu günlərdə 65 yaşı tamam olan Namiq Nəsrullayev 2 fevral 1945-ci ildə Bakı şəhərində doğulmuşdur. 1962-ci ildə orta məktəbi, 1967-ci ildə fərqlənmə diplomu ilə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini, 1970-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.
N.Nəsrullayev 1968-ci ildən Moskvada “İnterkosmos”un sədri akademik B.N.Petrovun rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspiranturasında elmi iş apararkən avtomatik idarəetmə və tənzimləmənin invariantlılıq nəzəriyyəsi, ekstremal tənzimləmə sistemləri üzərində işləmişdir. 1968–1978-ci illərdə bort qurğularının avtomatik idarəetmə sistemlərinin işlənməsi və tətbiqi məsələləri ilə məşğul olmuş və bort nüvə energetikası qurğuları üzrə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. Həmyerlimiz “Soyuz–Appolon” Sovet– Amerika birgə proqramında fəal iştirak etmişdir. O, ilk qanadlı sovet raketlərinin mərkəzi idarəetmə sistemlərini hazırlayanlardan biri olmuşdur.
1978–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktor müavini, “Kibernetika” XKB- nun direktoru işləyərkən Namiq müəllim bir çox elmi-tədqiqat və təcrübə- konstruktor işlərinin layihələndirilməsinə və müvəffəqiyyətlə tətbiqinə rəhbərlik etmişdir. Elmi fəaliyyəti dövründə 15 müəlliflik şəhadətnaməsi almış, 32 elmi işi nəşr edilmişdir.
1987-ci ildə Bakıda Sovet İttifaqı üzrə ən böyük rəqəmli informasiya ötürücüləri sistemi istehsalının yaradılması işinə rəhbərlik Namiq Nəsrullayevə tapşırılmışdı. 1987–1995-ci illərdə Azərbaycan “Ulduz” Elm İstehsalat Birliyinin və “Rabitə Sistemləri” Elmi-Tədqiqat İnstitutun direktoru vəzifələrini eyni vaxtda daşıyan alim-mühəndis elmi yaradıcılıq fəaliyyətini üzvi surətdə əlaqələndirmişdir. Onun rəhbərilk etdiyi “Ulduz” EİB nəinki Azərbaycanda, hətta keçmiş SSRİ-də ilk dəfə olaraq qabaqcıl xarici texnologiyanın cəlb edilməsi və mənimsənilməsində, yeni iqtisadi mexanizmlərin və bazar münasibətlərinin bir-biri ilə qarşılıqlı əlaqədə olan istehsal obyektlərinə tətbiq edilməsi sahəsində pioner müəssisələrdən biri idi.
Namiq Nəsrullayev 1995-ci ildən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini olmuş, 1996-cı ildən 2001-ci ilədək bu nazirliyə rəhbərlik etmişdir. Dövlət idarəetmə sistemində çalışarkən, ölkənin çoxsahəli sosial-iqtisadi inkişafının, iqtisadi proseslərin modernləşdirilməsi və proqnozlaşdırılması onun diqqət mərkəzində olmuşdur. 1997–2000-ci illərdə “EKSPO–2000” ümumdünya sərgisinin Azərbaycan bölməsinin baş komissarlığı bu təcrübəli mütəxəssisə həvalə edilmişdi.
2001-ci ilin iyun ayında Namiq Nəsrullayev ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan yeni təsisatın – Azərbaycan Respublikası Hesablama Palatasının ilk sədri təyin edilmişdir. 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişilə vəzifəsindən azad edilənədək o, bu məsul vəzifədə uğurla çalışmışdır. Dövlət maliyyə nəzarəti orqanı kimi Hesablama Palatasının təşkilatı-struktur baxımınıdan formalaşması, kadrların seçilməsi, metodoloji bazanın yaradılması və palatanın tam fəaliyyət göstərən ali maliyyə nəzarəti orqanına çevrilməsi Namiq müəllimin rəhbərliyi və iştirakı ilə olmuşdur. Ali audit qurumlarının beynəlxalq və regional təşkilatlarında – İNTOSAİ, EUROSAİ, ASOSAİ, ECOSAİ və MDB ölkələrinin ali dövlət maliyyə orqanlarının rəhbərlərinin Şurasında Hesablama Palatasının tanınmasında və yüksək nüfuz qazanmasında da bu insanın xidmətləri böyükdür. Həmyerlimiz 2007-ci ilin sentyabrından Rusiya Federasiyası Hesablama Palatasının Ekspert-Məsləhət Şurasının üzvüdür.
N.Nəsrullayevin səmərəli işi və fəaliyyəti müxtəlif mükafatlara layiq görülmüşdür. O, 1973-cü ildə SSRİ Nazirlər Sovetinin xüsusi mükafatı, 1986-cı ildə “Əmək rəşadəti” medalı, 2005-ci ildə Rusiya Federasiyasının Prezidentinin fərmanı ilə “Dostluq” ordeni, 2007-ci ilə Rusiya Federasiyasının Hesablama Palatasının “Fərqlənmə nişanı” ilə təltif edilmişdir.
Namiq müəllimi AMEA Kibernetika İnstitutunda çalışdığı illərdən tanıyıram. Az danışan, iş görməyi sevən adamdır. Müsahib olanda özü barədə deyil, fəaliyyətinin məramından, ümumi işlə bağlı tərəflərindən söz açır. Tərifi sevmir, başqaları barədə də xoş sözü xəsisliklə işlədir. Onun üçün ən əsası ictimai faydalı iş, həyata yenilik gətirən əməldir. Namiq müəllim mükəmməl təhsil, yüksək tərbiyə ilə həyata qədəm basandan karyerasının ən yüksək nöqtəsinədək həmişə çalışqanlığı, iti zəkası, prinsipiallığı ilə seçilmişdir.
Ötən əsrin 80-ci illərinin əvvələrində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda yeni elektronika müəssisələri yaradılanda “Ulduz” Elm-İstehsalat Birliyi kimi müasir istehsalatı qurub, idarə etmək Namiq Nəsrullayevə həvalə olunmuşdu. SSRİ dağılandan sonra bu gərəkli müəssisəni qoruyub saxlamağa, yeni əlaqələrlə ayağa qaldırmağa da Namiq müəllimin bacarığı, iradəsi çatmışdı. Elə buna görə də ulu öndər Heydər Əliyev onu daha məsul işə irəli çəkmişdi. Yeni təfəkkürlü rəhbər kadr kimi Namiq Nəsrullayev müstəqil dövlətimizin yeni idarəetmə strukturu olan İqtisadiyyat Nazirliyinin formalaşmasında və uğurlu fəaliyyətində biliyini və səyini əsirgəməmişdir.
Təşəbbüskar işi, yüksək icra intizamı ilə fərqlənən Namiq Nəsrullayev milli dövlətimizin daha bir yeni strukturunu – Hesablama Palatasını da qısa müddətdə normal fəaliyyət məcrasına çıxarmışdır. Namiq müəllim öz işi, bacarığı ilə ölkəmizdə yüksək məqama yüksəlsə də, karyera əsiri olmadığını da böyük mədəniyyətlə nümayiş etdirmişdir. Son illərdə o, səhhəti ilə bağlı məsul işdən könüllü olaraq uzaqlaşsa da, respublikamızın yüksəlişi prosesindən kənarda qalmamışdır.
Namiq Nəsrullayev həm alim, həm istehsalatçı, həm də məsul rəhbər işçi kimi həmişə özünə və başqalarına qarşı son dərəcə tələbkar olmuşdur. Bu gün onun yetirmələri müxtəlif sahələrdə məhz bu meyarlarla çalışırlar. Namiq Nəsrullayev özü isə bütün uğurlarını ulu öndər Heydər Əliyevin 1969-cu ildən sonra respublikamıza gətirdiyi yüksək quruculuq ab-havası, təşəbbüskarlıq və intizam amilləri ilə bağlayır.
Müsahibimiz bu dəfə də özü barədə danışmaqdan yan keçib, Azərbaycanımızın uğurlarından, sabahın xoş günlərindən söz açdı. Sonda isə dedi: “Azərbaycanın müstəqilliyini sonadək reallaşdırmaq üçün indiki gənclik qabaqcıl dünya dəyərlərinə yiyələnməlidir. İnanıram ki, yeni nəsil bizim görə bilmədiyimiz işləri yüksək səviyyədə həyata keçirəcək”.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2010.- 2 fevral.- S. 2.