Azərbaycan iqtisadiyyatının davamlı inkişafında gənclərin rolu əvəzsizdir

 

Azərbaycan MEA-nın İqtisadiyyat İnstitutunda “Gənc alimlərin ictimai və humanitar tədqiqatları: mövcud vəziyyət və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir

 

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi müstəqil Azərbaycan dövlətinin dünyada mövqeyini durmadan möhkəmləndirir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş və çevik islahatlar nəticəsində bu gün respublikamız sürətli inkişaf mərhələsini yaşayır. Təsadüfi deyildir ki, dünya tarixinə qlobal iqtisadi böhran ili kimi daxil olmuş 2009-cu ili Azərbaycan dövləti yüksək iqtisadi göstəricilərlə başa vurmuşdur. Heç şübhəsiz, beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilən bu uğurların əldə edilməsində gənc alimlərin əməyi az olmamışdır. Azərbaycan MEA-nın İqtisadiyyat İnstitutunda keçirilən “Gənc alimlərin ictimai və humanitar tədqiqatları: mövcud vəziyyət və perspektivlər” mövzusunda “dəyirmi masa” ətrafında bütün bunlar barədə ətraflı söhbət açıldı, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsindən irəli gələn vəzifələr geniş müzakirə olundu.

“Dəyirmi masa” ətrafında söhbətdə institutun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev, elmi katib, iqtisad elmləri namizədi Rəsmiyyə Abdullayeva, institutun “Gənc alimlər” Şurasının sədri Pərviz Həsənov, aparıcı elmi işçi, iqtisad elmləri namizədi Aqil Əsədov, böyük elmi işçi, iqtisad elmləri namizədi Fərqanə Musayeva, aparıcı elmi işçi, iqtisad elmləri namizədi Asif Mustafayev, elmi işçi Ramil Əliyev və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi Elvin Talışınski iştirak edirdilər.

 

 

İsa ALIYEV, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor:

 

— Hörmətli tədbir iştirakçıları, hörmətli gənclər!

Mən ilk növbədə, gənc alimləri, institutumuzun gənc tədqiqatçılarını və ümumilikdə bütün gəncləri 2 fevral Gənclər Günü münasibətilə təbrik edirəm, onlara cansağlığı, şəxsi və yaradıcılıq həyatında uğurlar arzulayıram.

Gənclər xalqımızın gələcəyidir. İstər ümumilikdə xalqımızın inkişafı, istərsə də iqtisadiyyatımızın gələcək tərəqqisi bu günün gənclərindən asılıdır. Müasir Azərbaycan gəncləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Mən dövlət gənclər siyasətinin hamımıza məlum olan uğurlu nəticələrindən danışmaq istəmirəm. Ona görə ki, bütün bunlar hamımıza məlumdur. Bu gün gənclərin qarşısında duran vəzifələrdən danışmaq, hesab edirəm ki, daha məqsədəuyğundur. Bu da ondan irəli gəlir ki, bütün sahələrdə əldə ediləcək nailiyyətlər gənclərdən xüsusi fəallıq, mübarizlik tələb edir.

Qeyd etməliyəm ki, iqtisadi sferada ölkənin aparıcı elmi tədqiqat mərkəzi olan İqtisadiyyat İnstitutu tərəfindən aparılan tədqiqat işləri dövlət sifarişi əsasında yerinə yetirilir və bu baxımdan onun bütün fəaliyyəti məqsədyönlü hesab edilə bilər. Lakin dünyada baş verən qlobal iqtisadi dəyişikliklər kontekstində institut kollektivi, xüsusilə gənclər öz çevikliyini və sayıqlığını daim artırmalı, bir sözlə, günün nəbzini tutmağı bacarmalı, yalnız plan üzrə yerinə yetirilən tədqiqat istiqamətləri ilə kifayətlənməməli, daim axtarışda olmalıdırlar. Başqa sözlə desək, bütün gənclər novator olmalı, yenilikçi və yorulmaz tədqiqatçı kimi özlərini sübut etməlidirlər. Bunun üçün təbii ki, daim çalışmaq, gələcəyə nikbin baxmaq və öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək lazımdır.

Gənclərimizin qarşısında duran vəzifələrin müəyyən edilməsində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsini sanki uzun müddət gözlədiyimizi desək, yanılmarıq. Belə ki, məqalədə sosial-iqtisadi və ictimai həyatımızda baş verən köklü dəyişikliklər, Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra əldə etdiyi müvəffəqiyyətlər və onların əsas səbəbləri, dünyada analoqu olmayan yeni Azərbaycan modelinin formalaşması, ictimai və humanitar elmlər qarşısında, o cümlədən iqtisad elmi qarşısında mühüm tələblər qoymaqla yanaşı, bu elmləri, yüksəlişləri təhlil etməyi, sivil vətəndaş cəmiyyətınin formalaşması istiqamətləri kimi çox mürəkkəb vəzifələri də qarşıya qoyulmuşdur. Həqiqətdə etiraf etməliyik ki, ictimai və humanitar elmlər üzrə mühüm nailiyyətlər əldə edilsə də əslində bu yüksəlişi lazımi səviyyədə təbliğ edə bilməmişik. Çünki dövr dəyişilmiş, keyfiyyətli Azərbaycan iqtisadiyyatı formalaşmış, dinamik, sabit templi artıma malik olmaqla artıq öz məzmunu etibarilə tam bazar iqtisadiyyatı tələblərinə uyğunlaşmışdır. Belə halda ictimai və humanitar elmlər sahəsində çalışan gənc alimlərimiz, tədqiqatçılarımız bu keyfiyyət dəyişkənliklərini, baş verən müsbət halları xarakterizə etməli, bir sözlə, zamanla ayaqlaşmalı və Azərbaycan cəmiyyətinin dünyanın sivil cəmiyyətlər sırasına daha sürətlə qoşulmasına yardımçı olmalıdır. Əziz gənclər. Bu baxımdan, ictimai və humanitar elmlər, o cümlədən iqtisad elmi bundan sonra, keçid dövrünü, onun qanunauyğunluqlarını deyil, davamlı inkişafı təmin etmək üçün bütün nailiyyətlərimizi dərindən təhlil etməli və hörmətli akademikimizin qeyd etdiyi kimi, yeni ideyalar irəli sürməlidir. Eyni zamanda, sürətli sosial-iqtisadi inkişafın nəzəri əsasları da işlənib hazırlanmalıdır.

Bildiyiniz kimi, İqtisadiyyat İnstitutunun tədqiqat işlərində milli iqtisadiyyatın ən aktual problemləri və onların həllivacib məsələləri araşdırılmaqdadır. Belə ki, milli iqtisadiyyatda artımın təmin olunmasının nəzəri-metodoloji əsasları, iqtisadi fikir və tarix problemləri, ölkəmizdə sosial problemlərin həlli yolları, demoqrafiya və məşğulluq problemləri, xarici iqtisadi əlaqələrin qurulması prinsipləri, makroiqtisadi tənzimləmə və iqtisadi yüksəliş problemləri, aqrar sahə və ərzaq təhlükəsizliyinin təmin olunması məsələləri, sənaye və regional inkişaf problemləri, o cümlədən, xidmət sahələrinin inkişaf problemləri institutumuzun əsas tədqiqat obyektlərindəndir.

Mən bir daha “dəyirmi masa” iştirakçılarını təbrik edir, qeyd edilən istiqamətlərdə, ölkə başçısı cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn, eləcə də akademik Ramiz Mehdiyevin məqalələrində qeyd edilən problemlərin həllində, milli iqtisadiyyatın yuxarıda göstərilmiş aparıcı istiqamətlərinin ətraflı şəkildə araşdırılmasında, yüksək səmərəliliyə və nəzəri-praktiki əhəmiyyətə malik nəticələrin əldə edilməsində fəal olmağa çağırıram.

 

Rəsmiyyə ABDULLAYEVA, iqtisad elmləri namizədi:

 

— Son illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı dövlətin sosial siyasətinə də öz təsirini göstərmişdir. Maliyyə imkanlarının genişlənməsi sosial sahələrə yönəldilən resursların əhəmiyyətli dərəcədə artırılmasını, əhalinin rifah halının davamlı olaraq yaxşılaşdırılmasını, yeni iş yerləri yaratmaqla məşğulluq səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılmasını təmin etmiş, o cümlədən 2009-cu ildə 74 min yeni iş yeri açılmışdır.

Dövlət büdcəsinin gəlirləri artdıqca sosial müdafiə və sosial təminata ayrılan vəsaitlərin payı da artmışdır. 2009-cu ildə sosial yönümlü tədbirlər üzrə xərclərin maliyyələşdirilməsinə xüsusi diqqət ayrılmış və bu məqsəd üçün 2 milyard 903 milyon manat vəsait sərf edilmişdir. 2008-ci illə müqayisədə 2009-cu ildə dövlət büdcəsinin cari xərclərində sosial yönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial müdafiə və sosial təminat xərcləri 24,6 faiz artmışdır.

Sosial müdafiə və sosial təminata ayrılan vəsaitlərin artırılması əhalinin gəlirlərinin, büdcə təşkilatlarında çalışanların əmək haqlarının, təqaüdlərin, pensiya və müavinətlərin və s. artırılmasına səbəb olmuşdur. Belə ki, 2003-cü illə müqayisədə 2009-cu ildə əhalinin gəlirləri 3,5 dəfə, onun adambaşına düşən həcmi isə 3,3 dəfə artmışdır.

Sosial yönümlü bazar iqtisadiyyatı sistemi əhalinin, xüsusilə də onun aztəminatlı qruplarının sosial müdafiəsinin davamlı yaxşılaşdırılmasının təminatçısıdır. Dövlətin həyata keçirdiyi sosial siyasətdə aztəminatlı əhali qruplarının sosial müdafiəsinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, son illərdə aztəminatlı əhali qruplarının sosial müdafiəsinin yaxşılaşdırılması üçün bir sıra islahatlar aparılmışdır və yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2009-cu ildə 11 faizə enmişdir.

Aztəminatlı əhali qruplarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə 2006-cı ilin iyun ayının 1-dən respublikamızda ünvanlı sosial yardım (ÜSY) mexanizmi tətbiq edilmişdir. Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. 2008-ci il üçün ehtiyac meyarının həddi 55 manat, 2009-cu il yanvarın 1-dən 60 manat məbləğində müəyyənləşdirilmişdir. ÜSY göstərilməsi məqsədilə dövlət büdcəsindən 180 milyon manat vəsait istifadə olunmuş və bu, 700 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkə Prezidentinin hər zaman diqqət mərkəzindədir. Təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixə olan borclarının dövlət büdcəsinin vəsaitləri hesabına silinməsi üçün ölkə Prezidentinin verdiyi fərman buna bariz nümunədir.

Qeyd edildiyi kimi, son illər ölkəmiz hər bir sahədə ciddi nailiyyətlər əldə etmişdir. Gələcəkdə isə bu nailiyyətlərin davamlılığı təmin olunmalı və bu məqsədlə müvafiq araşdırmalar aparılmalı, qabaqcıl təcrübə öyrənilməli, bu təcrübənin ölkəmizdə tətbiq imkanları təklif edilməlidir. Bütün bunlar, təbii ki, hörmətli akademik Ramiz Mehdiyevin də qeyd etdiyi kimi, alimlərin, xüsusilə gənc tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyur. Bu baxımdan, biz gənc iqtisadçılar da öz tədqiqatlarımızda gələcək inkişafın daha da sürətlənməsi, davamlı xarakter alması və ən əsası, ölkə başçısının da qeyd etdiyi kimi, insanların sosial vəziyyətinin və yaşayış şəraitinin daha da yaxşılaşdırılması istiqamətlərində fundamental tədqiqatlar aparmalı və əsaslandırılmış elmi təkliflərlə çıxış etməliyik.

 

Pərviz HƏSƏNOV, AMEA İqtisadiyyat İnstitutu, “Gənc alimlər” Şurasının sədri:

 

— Hər bir ölkənin ictimai-iqtisadi-siyasi həyatında gənclərin rolu olduqca xüsusi əhəmiyyətə malikdir. Bu gün Azərbaycan Respublikasında da gənclər həm dövlət strukturlarında, həm ictimai sektorda, həm də elmi-pedaqoji sahələrdə fəal iştirak edirlər. Son dövrlər dövlətin gənclərlə bağlı məqsədli dövlət proqramlarının həyata keçirilməsi bu sahədə müsbət dəyişikliklərə təkan vermişdir. Bu baxımdan, ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Bu proqramın həyata keçirilməsi gənclərin dünyanın nüfuzlu ali təhsil məktəblərində təhsillərini başa vuraraq respublikamızın inkişafına xidmət etmələrinə imkan verəcəkdir.

AMEA İqtisadiyyat İnstitutunda da çalışan gənc alim, aspirant və dissertantların mütəşəkkilliyini, elmi tədqiqatların fasiləsizliyini təmin etmək məqsədilə institutda “Gənc alimlər” Şurası yaradılmışdır. Yaradıldığı müddət ərzində təşkilat bir sıra elmi tədbirlərdə yaxından iştirak etmiş, müsbət fəaliyyəti əlaqədar rəhbər orqanlar tərəfindən xüsusi qeyd edilmişdir. 7-11 dekabr 2009-cu il tarixdə AMEA Gənclərin İntellektual Elm Mərkəzi tərəfindən keçirilən “Elm və gənclik həftəliyi”ndə “Azərbaycan elmi və gənclik” mövzusunda elmi konfransda institut əməkdaşlarının yaxından iştirakı, “Elm sərgisində” onların tezis, məqalə, fərdi və kollektiv monoqrafiyalarının sərgi iştirakçılarının diqqətinə çatdırılması olduqca təqdirəlayiq haldır. İlk dəfə olaraq AMEA-nın gənc alimlərinin internet portalı açılmışdır ki, burada da maraqlı və informativ məlumatlar əldə etmək olar. Adı çəkilən həftəlik çərçivəsində elm sahəsində çalışan gənc alimlərin mütəşəkkil birliyinin formalaşdırılması, Azərbaycan elminin inkişafında gənc alimlərin qarşıya qoyduğu məqsəd və vəzifələr geniş müzakirə olunmuşdur. Bu baxımdan AMEA İqtisadiyyat İnstitutunun gənc alim, aspirant və dissertantlarının istər fərdi, istərsə də birgə elmi fəaliyyətinin təmin edilməsi, onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində əməli addımlar atılmaqdadır. “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2008-ci il tarixli sərəncamında qeyd edilmişdir ki, Azərbaycanda ümumən elmin maliyyələşmə mexanizmləri və elmi işçilərin sosial təminatı məsələləri hələlik günün tələbləri səviyyəsində deyildir. Ölkədə aparıcı alimlər nəslinin yaşlaşması və gənc nəslin elmə axınının zəifləməsi elmi kadr potensialının aşağı düşməsi təhlükəsini yaratmışdır. Bu sırada yeni yaradılmış Elmin İnkişafı Fondunun köməyindən də istifadə olunmalıdır. Belə ki, bu fond gənclər tərəfindən elmin bütün sahələri üzrə aparılacaq və ən əsası ölkəmizə xeyir verə biləcək elmi-tədqiqat işlərini maliyyələşdirə bilər. Bu baxımdan hörmətli akademik Ramiz Mehdiyevin məlum məqaləsində də vurğulandığı kimi, xüsusilə indiki dövrdə hər bir iqtisadçı alimin öz bilik və bacarığı daxilində elmi tədqiqatlarını müasir şəraitə uyğun aparmasına, müasir tələbatlara uyğunlaşdırmasına böyük ehtiyac vardır. Bu istiqamətdə gələcək tədqiqatlarda aşağıdakı amillərin nəzərə alınması məqsədəuyğun olardı:

- həyata keçirilən elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və tədqiqatçı gənclər arasında əlaqələrin gücləndirilməsi;

- artıq Azərbaycanda bazar münasibətlərinin sürətlə inkişaf etdiyini və müasir qloballaşma proseslərini nəzərə alaraq, xüsusən makroiqtisadi sahədə tədqiqatlara önəm verilməsi;

- dünyada və Azərbaycanda baş verən iqtisadi proseslərin nəticələrinin, müsbət və mənfi tərəflərinin maksimum dəqiqliklə qiymətləndirilməsi;

- aparılan elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi və praktiki əhəmiyyətinin artırılması məqsədilə hər bir tədqiqat işində qabaqcıl xarici təcrübənin öyrənilməsi.

 

Aqil ƏSƏDOV, iqtisad elmləri namizədi:

 

— Hörmətli tədqiqatçı həmkarlar, əvəzsiz sərvətimiz olan Azərbaycan dövlətçiliyi müstəqillik dövründə müxtəlif çətinliklərlə üzləşmiş və mürəkkəb yol keçmişdir. Yeni ictimai-siyasi sistemin təşəkkül prosesini yaşayan Azərbaycan dövləti məruz qaldığı hərbi təcavüzə və onun ağır nəticələrinə baxmayaraq bütün potensialını səfərbər edərək demokratik inkişaf yolunda böyük uğurlar əldə etməkdədir. Hazırda ölkəmiz liberallaşmanın, struktur dəyişikliklərinin və iqtisadi inkişafın tamamilə yeni bir mərhələsini yaşamaqdadır. Artıq həyata keçirilən islahatlar nəticəsində müstəqil Azərbaycan Respublikasında yeni iqtisadi münasibətlər formalaşmış, mülkiyyət müxtəlifliyi və azad rəqabət mühiti təmin edilmişdir. Qeyd olunan tədbirlər Azərbaycanda makroiqtisadi sabitliyin bərqərar olmasına, ümumi daxili məhsulun ardıcıl artımına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Sevindirici haldır ki, artıq ölkəmizin xarici kreditlərdən asılılığı aradan qaldırılmış və ölkəmiz nəinki daxili layihələri maliyyələşdirmək, həm də regional layihələrə də vəsait ayırmaq imkanı əldə etmişdir.

Qeyd etmək lazımdır ki, bütün dövrlərdə sosial siyasət, insanların yaşayış şəraitinin və maddi rifah halının yaxşılaşdırılması istiqamətləri dövlətin iqtisadi sıiyasətinin prioritetini təşkil etmişdir. Bu istiqamətdə isə, gəncliyə dövlət qayğısı xüsusilə yaddaqalandır. Son illər ölkədə aparılan kadr islahatları zamanı müxtəlif sahələrdə, xüsusən də gənclərlə iş sahəsində kifayət qədər təcrübəyə malik olan bacarıqlı gənc kadrların mərkəzi dövlət idarəetmə orqanlarında, rayon (şəhər) icra hakimiyyəti sistemlərində rəhbər vəzifələrə təyin edilməsi, qeyri-hökumət təşkilatlarında çalışan, öz fəallığı, bacarığı və intellektual səviyyəsi ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə, o cümlədən gənclər siyasətinin həyata keçirilməsinə yaxından cəlb olunması deyilənləri bir daha təsdiq edir. Bütün bunlar isə Azərbaycan dövlətinin, ölkə Prezidentinin gəncliyə və gənclərə olan etimadından irəli gəlir.

Bildiyimiz kimi, XXI əsr YUNESKO tərəfindən təhsil (elm) əsri elan edilmişdir. Bu günün gəncləri informasiya cəmiyyətində yaşamağa, təhsillərini fasiləsiz davam etdirməyə, xüsusilə məqsədyönlü fəaliyyətə hazırlanmalıdır. Bu gün Azərbaycanda gənc alimlər iqtisadi, sosial və s. problemlərin həllinə, elmi nailiyyətlərin həyata keçirilməsinə fəal cəlb edilirlər. Artıq Azərbaycan gəncliyi dünya gənclər təşkilatlarının zəngin təcrübəsindən bəhrələnmək imkanındadır. Bu baxımdan ölkə başçısının gənclərin xaricdə təhsil almasına şərait yaradan məlum sərəncamı mühüm əhəmiyyət kəsb edir. Humanizmin, həmrəyliyin, əməkdaşlığın, bir sözlə, qloballaşmanın hökm sürdüyü bir dövrdə gənclərin və gənclər təşkilatlarının da əsas məqsədi ümumdövlət prinsiplərinə sadiq olmaqla cəmiyyətdə fəal iştirak etmək, beynəlxalq səviyyəli tədbirlərdə ölkəmizi layiqincə təmsil etmək və müasir dünyəvi səviyyəyə yiyələnməklə sağlam gələcəyə davamlı körpü salmaqdan ibarət olmalıdır. Konkret olaraq, bir iqtisadçı kimi biz gənclərin qarşısında duran əsas məsələ ölkə Prezidentinin sosial-iqtisadi siyasətini əldə rəhbər tutaraq ölkədə gedən iqtisadi inkişafın davamlı və dinamik olmasına xidmət etməkdir. Təbii ki, bu baxımdan gənc iqtisadçıların da üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrin düzgün müəyyənləşdirilməsi və gənclərin tədqiqat istiqamətlərinə uyğun uğurlar əldə etməsi baxımından hörmətli akademik Ramiz Mehdiyevin “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşdirmə xətti” və “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” əsərlərini, sözün əsl mənasında, zülmətdə doğan günəş adlandırmaq olar. Hörmətli Ramiz müəllimin əsərləri ilə tanış olduqda bütün istiqamətlər üzrə gələcək prioritetləri aydın şəkildə görmək mümkündür. Ona görə də gənc tədqiqatçıları qeyd edilən əsərlərlə tanış olmağa və öz tədqiqat istiqamətlərini düzgün müəyyənləşdirməyə dəvət edirəm. Təbii ki, istiqamətin düzgün seçilməsini isə uğurun yarısı hesab etmək olar.

Hörmətli akademikin də qeyd etdiyi kimi, artıq Azərbaycan Respublikası dinamik inkişaf edən, sosial-iqtisadi, siyasi və s. sahələrdə etibarlı sabitliyə nail olmuş bir müstəqil dövlət kimi keçid dövrünü arxada qoymuşdur. Hazırda isə ölkəmizdə səmərəli bazar münasibətlərinin formalaşdırılması daha aktual və zəruridir. Digər tərəfdən nəzərə alsaq ki, inteqrativ əlaqələrin geniş miqyası əhatə etdiyi XXI əsr həm də sürətli qloballaşma prosesi ilə xarakterizə edilir. Təbii ki, belə bir dövrdə ölkənin milli və iqtisadi təhlükəsizliyi daha ciddi yanaşma tələb edir. Bütün bunlar isə, öz növbəsində, milli iqtisadiyyatın tarazlı inkişafı zərurətini yaradır. Bu baxımdan, dünyada əhali hərəkətliliyinin sürətləndiyi müasir dövrdə həyata keçirilən tədqiqatların, konkret olaraq, nəqliyyat, turizm və s. kimi xidmət sahələrində elmi araşdırmaların prioritet istiqamətlərıni aşağıdakı kimi qəbul etmək olar:

- davamlı iqtisadi inkişaf tələblərinin müəyyənləşdirilməsi;

- Azərbaycanda milli iqtisadiyyatın davamlı inkişaf prinsiplərinə uyğunlaşdırılması;

- qloballaşma şəraitində səmərəli bazar münasibətlərinin formalaşdırılması;

- ayrı-ayrı regionlar üzrə təbii-resurs potensialının qiymətləndirilməsi və səmərəli istifadə yollarının araşdırılması;

- beynəlxalq nəqliyyat dəhlizlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi;

- müvafiq sahələrdə normativ-hüquqi bazanın və milli qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması;

- turizm xidmətlərinin təkmilləşdirilməsi və regionların sosial-iqtisadi inkişafında turizm sənayesinin rolunun artırılması.

 

Fərqanə MUSAYEVA, iqtisad elmləri namizədi:

 

— Müstəqillik əldə edildikdən sonra respublikamız yeni iqtisadi sistem formalaşdırmaq istiqamətində səmərəli makroiqtisadi siyasət istiqamətlərini müəyyən etmişdir. Həmin istiqamətlərdən biri də ölkə iqtisadiyyatına investisiya qoyuluşlarının artırılması üçün əlverişli investisiya mühiti yaratmaqdır. Təcrübə göstərir ki, ölkədə yaradılan mühit iqtisadiyyata investisiyaların cəlb olunmasına, habelə uzunmüddətli perspektivdə iqtisadi sabitliyin təmin edilməsinə, struktur və sosial dəyişikliklərin həyata keçirilməsinə, əhalinin məşğulluğunu artırmaqla sosial rifahın yüksəldilməsinə şərait yaradır. İnvestisiya anlayışı məna etibarilə gəlir və sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. İnvestisiya kapital hərəkətinin bir forması olmaqla, makroiqtisadi tarazlığın hərəkətverici amillərindən biri hesab olunur. Səmərəli investisiya qoyuluşları tədricən rəqabət qabiliyyətli milli məhsulların istehsalının genişlənməsinə, ÜDM-in və milli gəlirin fiziki həcminin artımına imkan verir. Lakin nəzərdən qaçırmaq olmaz ki, ümumi iqtisadi inkişafda hər cür tətbiq olunan investisiya qoyuluşu mütərəqqi hal hesab edilə bilməz. Belə ki, investisiya qoyuluşları, yalnız əsaslandırılmış layihələr üzrə tətbiq edildiyi halda öz bəhrəsini vermiş olur. Əsaslandırılmamış həddindən artıq investisiya qoyuluşları ölkədə inflyasiya prosesinin sürətlənməsinə səbəb ola bilər. Bu mənada iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq investisiya problemi bütün dövlətlərdə, o cümlədən dünyaya sürətlə inteqrasiya edən Azərbaycanda daim diqqət mərkəzində olmalıdır.

Keçid dövrünün ilkin mərhələsində makroiqtisadi sabitliyin pozulması, ciddi maliyyə çatışmazlığının mövcud olması, müəssisələrin fəaliyyətinin bərpa edilməsi və restrukturizasiyası üçün tələb olunan daxili valyuta ehtiyatlarının olmaması xarici investisiyaların əhəmiyyətini kəskin şəkildə artırmışdır. Aydındır ki, xarici investisiya qoyuluşları milli iqtisadiyyatın dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin edir. Həmçinin ölkədə əmtəə və xidmətlər istehsalının genişlənməsini təmin edəcək yeni texnika və texnologiyaların, o cümlədən idarəetmənin qabaqcıl üsullarının iqtisadiyyata tətbiqinə, bazar infrastrukturunun formalaşmasına və inkişafına imkan verir. İnvestisıyalar yeni iş yerləri yaratmaqla daxili bazarda təsərrüfat subyektlərinin istehsal etdikləri mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsini stimullaşdıraraq onları beynəlxalq standartlara uyğun fəaliyyətə məcbur edir. Bu cür investisiya qoyuluşları milli gəlirin artımını təmin etməklə yanaşı yığıma, o cümlədən istehlaka yönəldilən vəsaitlərin həcmi artımına da səbəb olur. Bu proseslərin fasiləsizliyi və səmərəli təşkili isə, öz növbəsində, maliyyə vəsaitlərinin - daxili investisiya mənbələrinin formalaşması və tətbiqi imkanlarının genişlənməsinə şərait yaradır.

Respublikamızın geosrateji mövqeyinin əlverişliliyi, təbii sərvətlərlə zənginliyi nəticəsində 1995-ci illə müqayisədə 2008-ci ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 43,6 dəfə artaraq 9,9 milyard manata çatmışdır. Məlum olduğu kimi, investisiya qoyuluşları makroiqtisadi səviyyədə ÜDM artımının, tədiyyə balansında müsbət saldonun, səmərəli məşğulluğun təmin edilməsində əhəmiyyətli rol oynamışdır. Bununla belə, müşahidələr göstərir ki, Azərbaycan Respublikasının coğrafi mövqeyi və təbii-iqtisadi resurslarla zənginliyi investisiya qoyuluşlarından daha çox səmərə əldə etməyə imkan verir. Bu baxımdan, milli iqtisadiyyatın bütün sahələri və hər bir region üzrə investisiya cəlbediciliyinin təmin edilməsi, eləcə də investisiyaların optimal bölüşdürülməsi gələcəkdə də aktual olan bir problemdir. Ona görə hörmətli akademikimiz Ramiz Mehdiyevin də məqaləsində qeyd etdiyi kimi, həqiqətən də müasir gəncliyin, xüsusən gənc tədqiqatçıların qarşısında mühüm vəzifələr durur. Əgər investisiya qoyuluşlarından daha çox səmərə əldə etmək mümkündürsə, deməli, müvafiq istiqamətdə elmi araşdırmaların aparılması olduqca vacibdir. Bu baxımdan, bazar münasibətlərinin formalaşdığı, Azərbaycan Respublikasının dünya iqtisadiyyatına sürətlə inteqrasiya etdiyi bir dövrdə aşağıdakı istiqamətlərin tədqiqat obyekti kimi seçilməsi məqsədəuyğun olardı:

- ayrı-ayrı regionlar üzrə coğrafi mövqedən və təbii-resurs potensialından asılı olaraq inkişaf prioritetlərinin müəyyənləşdirilməsi;

- müəyyənləşdirilmiş prioritetlər üzrə investisiya cəlbediciliyinin təmin edilməsi;

- investisiyaların optimal bölüşdürülməsi və bu zaman regionlara üstünlük verilməsi;

- həyata keçirilən bütün iqtisadi tədbirlərin elmi əsaslandırılması zəruridir. Ona görə də özəl sektor, iş adamları ilə elmi ictimaiyyət arasında etibarlı körpünün formalaşdırılması, bununla əlaqədar xüsusi normativ sənədlərin işlənib hazırlanması;

- yeni yaradılan müəssisələrin təbii-iqtisadi potensiala və coğrafi mövqeyə uyğun olaraq regionlarda yerləşdirilməsi.

 

Elvin TALIŞINSKİ, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun kiçik elmi işçisi:

 

— Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, heç şübhəsiz gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməsinin nəticəsi olaraq, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.

Respublikamızda gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Cənab Prezident gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı olmaqla biz gənclərə daim böyük diqqət və qayğı göstərir. Gənclər siyasətinin əsasını respublikamızın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər məsələlər qarşıda duran əsas vəzifələrdəndir. Ümummilli lider Heydər Əliyev 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirmişdir. 1996-cı il fevralın 2-dən etibarən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə Gənclər Gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxdı. Ulu öndərin 2 fevral 1997-ci il tarixdə imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edildi. Ümummilli lider, bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını da təmin etdi. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı bu sıraya aiddir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına təsir göstərdi.

Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir.

Qeyd etmək istərdim ki, gənclərə qayğı artıq elmi tədqiqat institutlarında da aydın hiss edilir, gənclərə xüsusi diqqət ayrılır, onlarla tez-tez görüşlər keçirilir. Bildiyiniz kimi, elmin hər hansı bir sahəsində inkişafa nail olunması üçün ən mühüm amillərdən biri də, hörmətli akademik Ramiz Mehdiyevin də qeyd etdiyi kimi, elmi müzakirələrin təşkili, fikir mübadiləsidir. Mənə elə gəlir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarının gənc tədqiqatçıları, elmi işçiləri arasında birgə elmi araşdırmaların aparılması, elmi konfransların, tədbirlərin həyata keçirilməsi sahəsində müvafiq layihələrin hazırlanması və reallaşdırılması məqsədəuyğun olardı. Bundan əlavə, müxtəlif ixtisasa malik olan gənc tədqiqatçıların hər hansı bir mövzu ətrafında birgə araşdırmalar, müzakirələr təşkil etməsi, sonda daha maraqlı nəticələrin əldə edilməsinə imkan yaradar.

 

Asif MUSTAFAYEV, iqtisad elmləri namizədi:

 

— Müasir dövrdə iqtisadiyyat elminin mümkün təkamül istiqamətləri qlobal təmayüllü rəqabət qabiliyyətli iqtisadi inkişafla şərtlənməli və təmin olunmalıdır. Bu qanunauyğunluqdan çıxış edərək deyə bilərik ki, iqtisadi artım müasir dövr ölkə iqtisadiyyatlarında əsas problem kimi təzahür edir. İqtisadi artım problem olaraq iqtisadiyyat elminin qarşısında əsasən üç istiqamətdə öyrənilməlidir: dünya iqtisadiyyatında baş verən qlobal proseslərlə milli iqtisadiyyatın qanunauyğunluq şəraitində xarakterizə olunması (elmi-nəzəri nəticələrin əldə olunması); ikincisi, Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti kontekstində yeni imkanlı inkişaf istiqamətlərinin nəzəri-metodoloji baza baxımından işlənməsi; üçüncüsü isə bu iqtisadi artımın keyfiyyət parametrlərinə söykənən və uzunmüddətli olması üçün yeni mexanizmlərlə təmin olunması.

Etiraf etmək lazımdır ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatı müxtəlif səviyyəli inkişaf xəttinə malik olmuşdur. 2000-ci ildən başlayaraq iqtisadiyyatda inkişafın davamlılığının şahidi oluruq. İstər ÜDM, sənaye məhsulunun ümumi həcmi, ixrac, adambaşına düşən gəlirlər, istərsə də büdcə parametrləri olsun, müsbət meyilli dinamika ilə xarakterizə olunur. Bu iqtisadi irəliləyişin təməli nə qədər dövlətin yürütdüyü siyasətlə bağlıdırsa, bir o qədər də ölkədə iqtisadiyyat elminin bazar sisteminə uyğun yeni keyfiyyət halında olması ilə də əlaqədardır.

Qloballaşma prosesi bazar iqtisadiyyatına keçən hər bir ölkə, o cümlədən də Azərbaycan iqtısadiyyatı üçün yeni imkanlar açmaqla yanaşı, mürəkkəb iqtisadi proseslərlə üzləşməyi də zəruri etmişdir. Şübhəsiz ki, mövcud sosial-iqtisadi problemlərin həlli nə qədər praktiki əhəmiyyət daşıyırsa bir o qədər də nəzəri əhəmiyyət kəsb edir.

Məlumdur ki, ABŞ-da ÜDM-in artımının 70 faizi intellektual informasiya sferasının payına düşür. Bu, əsasən, rəqabətin keyfiyyət baxımından dəyişilməsinin göstəricisi kimi çıxış edir. Buna görə də respublikamızda iqtisadiyyatın perspektiv inkişaf istiqamətlərinin elimi-texniki və informasiya amilləri üzərində qurulması baş verməlidir. Bütün bunlar, hörmətli akademikimiz Ramiz Mehdiyevin məlum əsərlərində də dəfələrlə qeyd edilmişdir. Bu əsərlərlə tanışlıqdan və milli iqtisadiyyatımızın mövcud durumundan qaynaqlanaraq iqtisadiyyat elminin qarşısında mövcud problemlərin həlli üzrə vəzifələri sistemləşdirsək aşağıdakı nəticəyə gəlmək olar:

- bazar iqtisadiyyatının müasir tələblərə cavab verən mexanizm ünsürləri işlənməli və elmi cəhətdən əsaslandırılmalıdır;

- təsərrüfatçılığın bütün sferalarında davamlı inkişafı təmin və resurslardan səmərəli istıfadəni özündə ehtiva edən elmi-metodoloji əsasların işlənməsi;

- davamlı inkişafın təmin olunmasında insan potensialının ön plana çəkilməsi və elmi-texnıki tərəqqinin vəhdətilə əks olunması;

- diqqət mərkəzində olan sosial-iqtisadi problemlərin tənzimlənən bazar iqtisadiyyatı prinsipindən çıxış edərək həllinə yanaşılması;

- bazar sisteminin üstünlük təşkil etdiyi və qarışıq xarakter aldığı iqtisadiyyatın yeni təməl prinsipləri əsasında (institusional və s.) öyrənilməsi;

- sənaye və kənd təsərrüfatının qarşılıqlı əlaqələrini təmin edən və gücləndirən beynəlxalq təcrübi potensialın öyrənilməsi;

- xarici effektləri və ekoloji amilləri özündə bilavasitə ehtiva edən iqtisadi münasibətlərin xarakterinə yenidən baxilması;

- iqtisadi və ərzaq təhlükəsizliyi konsepsiyasına yeni elmi-nəzəri baxışı formalaşdırmaq, onun təməl özəlliklərini üzə çıxarmaqla dövlətin bu istiqamətdəki siyasətinə töhfənin verilməsi;

- mövcud iqtisadi sabitliyin qorunması və onun daha da gücləndirilməsi məqsədi ilə dövlət-cəmiyyət-iqtisadiyyat prizmasındakı maraqların maksimum təmin olunması və gəlirlərin ədalətli bölgüsündəki yeni ünsürlərin üzə çıxarılması və s.

 

Ramil ƏLİYEV, elmi işçi:

 

— Mən çıxışıma ümummilli liderimiz Heydər Əliyevin gənclər haqqında söylədiyi “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” fikirləri ilə başlamaq istəytirəm. Hamımıza məlumdur ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra gənclər ölkəmizin siyasi və iqtisadi həyatında fəal rol oynamağa başladılar. 1988-cı ildən başlayaraq erməni təcavüzkarları ilə mübarizədə, 1990-cı ildə Sovet imperiyasının 20 yanvarda törətdiyi soyqırımda, 1991-1994-cü illərdə Qarabağ müharibəsində Azərbaycan gəncliyi xüsusilə fərqləndi. Bununla da, Azərbaycan gəncliyinin hər zaman öz dövlətinin keşiyində durduğu sübuta yetdi. Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi partiya və qurumların deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini meydana çıxardı.

Aydındır ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu uğurlu siyasətin davamını isə Azərbaycan Respublikasının Prezıdenti cənab İlham Əliyev həyata keçirir. Məhz ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Bir sıra beynəlxalq layihələri uğurla həyata keçirən ölkəmiz regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir.

1994-cü il iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ötən müddətdə dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilmiş, nazirliyin yerli strukturları formalaşmış, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görülmüş, bir sıra dövlət proqramları hazırlanmış və həyata keçirilmişdir.

Bu gün Azərbaycan Respublikası sürətli sosial-iqtisadi inkişaf tempinə nail olmuşdur. Bunun nəticəsidir ki, hazırda Bakı şəhəri nəhəng tikinti meydançasını xatırladır. Bu da tikinti sektorunun müasir vəziyyətindən, ölkədə tikinti-quruculuq işlərinin geniş miqyas almasından xəbər verir. Tikinti sektorunun bu cür inkişafı yeni iş yerlərinin açılmasına, tikinti materialları sənayesinin inkişafına, əhalinin mənzil tələbatının həll edilməsinə təkan verən vacib məsələlərdəndir.

Təbii ki, qeyd edilən istiqamətlərdə arzu olunan inkişaf səviyyəsinə nail olmaq geniş elmi araşdırmaların aparılmasını, müvafiq elmi təklif və tövsiyələrin işlənib hazırlanmasını tələb edir. Eyni zamanda, müasir dövrdə elmi araşdırmaların aparılması, hörmətli akademikimiz Ramiz Mehdiyevin ictimai elmlərin qarşısında duran vəzifələrə dair fikirlərində də qeyd olunduğu kimi, qlobal həyatın, qloballaşma proseslərinin tələblərinin, o cümlədən ən əsası Azərbaycan Respublikasının müasir inkişaf səviyyəsinin nəzərə alınmasını tələb edir. Bu mənada gələcək fəaliyyətdə və tədqiqatlarda aşağıdakı istiqamətlərin nəzərə alınması xüsusilə vacibdir:

- özəl sektorla elmi tədqiqat institutları arasında səmərəli əlaqələrin formalaşdırılması;

- tikinti proseslərində yeni texnika və texnologiyalardan istifadənin elmi cəhətdən əsaslandırılması;

- müstəqil Azərbaycan Respublikasının təbii-coğrafi şəraitinə uyğun tikinti norma və normativlərinin işlənib hazırlanması;

- müasir dövrdə tikinti işlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətlərinin ətraflı şəkildə tədqiq edilməsi;

- ayrı-ayrı regionlarda mövcud potensialdan səmərəli istifadə olunması və tikinti materiallarına tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətlərinin araşdırılması;

- xüsusi regionlarda insanların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti sektorunda sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətləri və s.

 

İsa ALIYEV, iqtisad elmləri doktoru:

 

— Bu gün müzakirələrdə yaxşı fikirlər səsləndi, xüsusilə müzakirələrin interaktiv şəkil alması, artıq gənc alimlərin və tədqiqatçıların fəallığı kimi qiymətləndirilməlidir. Gənc alimlərin də qeyd etdikləri kimi, milli iqtisadiyyatın sürətli inkişafı, dünyanı bürüyən maliyyə böhranından müvəffəqiyyətlə çıxaraq yüksək sürətlə artıma nail olması ölkə rəhbərliyinin düşünülmüş addımlarının, cəsarətli idarəçilik qabiliyyətinin nəticəsidir. Məhz bu səbəbdəndir ki, Dünya Bankı, BVF və digər aparıcı beynəlxalq təşkilatlar, eləcə də məşhur beynəlxalq nəşrlər də təsdiq edirlər ki, Azərbaycan öz iqtisadi göstəriciləri üzrə son illər MDB və region ölkələri arasında liderdir.

Bütün bunlarla yanaşı, iqtisadiyyatımızda keçid dövrünün başa çatması ilə əlaqədar iqtisadi inkişaf, onun modernləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılmalıdır. Bu problemlərin gələcək həlli istiqamətləri Prezident Administrasiyasının rəhbəri hörmətli akademıkımiz Ramiz Mehdiyevin 17 yanvar 2008-ci ildə yazdığı “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşdirmə xətti” adlı əsərində, eləcə də 8 dekabr 2009-cu il tarixli “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqalələrində göstərilmişdir.

Milli iqtisadi inkişafın modenrləşməsinin strateji xətti islənmiş olsa da, taktiki baxımdan dünyada gedən qloballaşma prosesi ilə bağlı daim təkmilləşdirilməli və inkişaf etdirilməlidir. Ölkədə iqtisadi inkişaf nəticə etibarı ilə ölkə vətəndaşlarına, şəxsiyyətin hüquq və azadlıqlarının təmin olunmasına, demokratiya xəttinin inkişaf etdirilməsinə, liberallaşmanın sürətlənməsinə, bir sözlə, iqtisadi modernləşmənin mərhələli demokratikləşməsinə gətirib çıxarmalıdır. Başqa sözlə desək, iqtisad elmi qarşısında duran vəzifələr də bu kontekstlərdən çıxış edilərək həll edilməlidir. Bu baxımdan Azərbaycan iqtisadiyyatının real inkişaf istiqamətlərini müəyyənləşdirmək, ölkədə gedən quruculuq işlərini dərindən təhlil etmək, qloballaşan dünyada Azərbaycanın özünəməxsusluğunu təmin edəcək səviyyədə elmi tədqiqat işlərini yerinə yetirmək gənclərimizin qarşısında duran başlıca vəzifələrdəndir.

Təbii ki, bu vəzifələrin layiqincə yerinə yetirilməsində cənab Prezidentimiz İlham Əliyevin elmin inkisafina dair göstərişləri və qəbul etdiyi qərarlar müstəsna əhəmiyyət kəsb edir. Hesab edirəm ki, vaxtında qəbul edilmiş qərarlar gənclərin, xüsusilə, gənc alimlərin sosial vəziyyətinin də yaxşılaşmasına öz müsbət təsirlərini göstərəcəkdir ki, bu da daha fundamental tədqiqatların aparılmasını stimullaşdıracaqdır. Ümumiyyətlə, 2009-cu il yaddaşlarda Azərbaycan dövlətinin elm, innovasiya və XXI əsrin milli intellektual potensialını səfərbər etmək baxımından tarixi əhəmiyyətli dövlət qərarlarının qəbul edildiyi il kimi qalacaqdır. Ona görə ki, elmin inkişafına və bu sahədə problemlərin kompleks həllinə xidmət etməyə yönəlmiş bir sıra mühüm sənədlər məhz 2009-cu ildə imzalanmışdır. Bunlardan 4 may 2009-cu il tarixli “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nı və “Azərbaycan Respublikasında 2009-2015- ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nı, 22 may 2009-cu il tarixli “2009- 2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nı, 21 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Prezidenti yanında “Elmin İnkişafı Fondu”nun yaradılması haqqında sərəncamı qeyd etmək olar.

Bir sözlə, elmin o cümlədən iqtisad elminin inkişafı üçün geniş fürsət verilmişdir. Artıq cənab Prezidentimizin dediyi kimi, respublika iqtisadiyyatında keçid dövrü bitmiş, sosial-iqtisadi inkişafın yeni dövrü başlanmışdır. Rəsmi səviyyədə elan olunmuş bu müddəa hər birimizin uzərinə böyük vəzifələr qoyur.

İqtisad elmləri qarşısında duran vəzifələrin dəqiq müəyyənləşdirilməsi zamanın tələbindəndir. İqtisad İnstitutu olaraq çalışmalıyıq ki, öz işimizi bu tələblər baxımından yeniləşdirək. Konkret olaraq deyə bilərəm ki, artıq institutumuzda bu söylənilən kontekstdə struktur dəyişiklikləri aparılmış, modernləşmə xətti adlı aylıq bülletenin çapı qaydaya salınmışdır. Hansı ki, bu bülletenlər əlaqədar nazirliklərə və dövlət təşkilatlarına çatdırılacaqdır. Eyni zamanda, ölkə başçısının tapşırıqlarından irəli gələn, eləcə də hörmətli akademikimizin məqalələrində qeyd etdiyi problemlərin həlli ilə əlaqədar İqtisadiyyat İnstitutunda bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bütün gənc alimləri və tədqiqatçıları bu tədbirlərdə fəal iştirak etməyə, o cümlədən bülletenin işində öz məqalələri və araşdırmaları ilə çıxışlar etməyə çağırıram.

 

 

Hazırladılar: Əlipənah BAYRAMOV,

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 2 fevral.- S. 4-5.