Qaz təsərrüfatının
infrastruktur imkanları genişləndirilir
Son illər Azərbaycanda qaz
istehsalının artırılması istiqamətində
mühüm tədbirlər həyata keçirilir.
Aparılmış məqsədyönlü işlərin nəticəsidir
ki, hazırda “mavi yanacağa” olan tələbatını
tamamilə ödəyən Azərbaycan Respublikası
artıq dünyanın potensial qaz ixrac edən ölkəsinə
çevrilmişdir. Bununla belə, ölkəmizin zəngin
qaz potensialı bu sahədə bir sıra əlavə işlərin
görülməsini, qaz təsərrüfatının
infrastruktur imkanlarının daha da genişləndirilməsi zərurətini
yaradır. Təsadüfi deyil ki, son illər bu məsələni
ölkənin əsas prioritetlərindən biri kimi daimi diqqət
mərkəzində saxlayan Prezident İlham Əliyev bununla
bağlı lazımi göstəriş və tövsiyələr
verir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin yanvarın
18-də keçirilmiş illik hesabat
yığıncağında dövlət
başçısı ölkə ərazisində
qazlaşdırmanın səviyyəsinin
artırılması, ucqar kənd və qəsəbələrin
“mavi yanacaq”la təmin edilməsini Dövlət Neft Şirkətinin
qarşısında vacib və təxirəsalınmaz bir vəzifə
kimi qoymuşdur.
Hazırda Dövlət
Neft Şirkəti tərəfindən bu vəzifənin
icrası ilə əlaqədar mühüm işlər
görülür. Artıq ölkə ərazisinin tamamilə
qazlaşdırılması, əhalinin və iqtisadiyyatın
“mavi yanacağa” olan tələbatının daha dolğun
ödənilməsi məqsədilə yeni, nisbətən
böyük nəqletmə gücünə malik qaz kəmərlərinin
inşası istiqamətində işlər getdikcə sürətləndirilir.
Belə ki, ötən il oktyabr ayının 1-dən şirkətin
“Neftqaztikinti” Tresti tərəfindən ümumi uzunluğu 47
kilometr olan Səngəçal—Qazıməmməd qaz kəmərinin
inşasına başlanılmışdır. Sutkalıq
ötürücülük gücü 5-6 milyon kubmetr təşkil
edəcək həmin kəmər 1020 millimetrlik borularla
çəkilir. Xatırladaq ki, “Neftqaztikinti” Tresti iki il
öncə də eyni marşrutla qaz kəməri çəkmişdi.
Lakin həmin kəmər mövcud tələbatı ödəmədiyi
üçün sürətləndirilmiş iş qrafiki ilə
ikinci magistral xəttin çəkilməsi zərurəti
meydana çıxmışdır.
“Səngəçal
baş qurğuları — Qazıməmməd kompressor
stansiyası magistral qaz kəmərinin tikinti layihəsi”nin iki
mərhələdə həyata keçirilməsi nəzərdə
tutulur. Altı ay müddətində tamamlanması
planlaşdırılan ilkin mərhələdə kəmərin
23 kilometrlik hissəsi inşa olunacaq. Məlumat
üçün bildiririk ki, “Səngəçal baş
qurğuları — Qazıməmməd kompressor stansiyası
magistral qaz kəməri layihəsi”nin ikinci mərhələsi
Qalmaz yeraltı qazsaxlama anbarınadək olan məsafəni əhatə
edir. Diametri 1020 millimetr olan borularla çəkilən 23
kilometrlik qaz xəttinin inşası “Neftqaztikinti” Trestinin 2
saylı tikinti-quraşdırma idarəsi tərəfindən
həyata keçirilir. İdarənin rəisi Elxan Salmanovdan
aldığımız məlumata görə, artıq kəmərin
19 kilometrlik hissəsi qaynaq edilərək
quraşdırılmışdır. Bunun da 8 min metri izolyasiya
edilərək əvvəlcədən qazılmış xəndəyə
endirilmiş, üstü torpaqla örtülmüşdür. Hazırda
layihənin tərkib hissəsi kimi nəzərdə tutulmuş
şaxələndirilmiş boru xətlərinin çəkilişi
də uğurla davam etdirilir. Qalmaz qaz — kompressor stansiyasına
700 millimetrlik 2 min metr uzunluğunda olan giriş xəttinin
artıq 1350 metri çəkilmişdir. Bundan əlavə,
stansiyadan 1000 millimetrlik borularla çəkilən 2168 metr
uzunluğunda çıxış xəttinin də
inşasına start verilmişdir. Qazıməmməd kompressor
stansiyasını Qalmaz yeraltı qaz saxlama anbarı ilə
birləşdirən 23 kilometrlik kəmərin daha bir qolu isə
Mozdok — Qazıməmməd magistralı ilə birləşən
1562 metrlik xəttdir. İnşaatçılar 700 millimetrlik
borularla çəkilən bu xəttin tikintisini də nəzərdə
tutulmuş vaxtda başa çatdırmışlar.
Hazırda layihənin tərkib
hissəsi kimi bu kəmərin 23-cü kilometrindən — Qalmaz
yeraltı qaz anbarından Qazıməmməd kompressor stansiyası
istiqamətində 21 kilometrlik xəttin çəkilişi də
sürətlə davam etdirilir. Artıq kəmərdə
sınaq işləri aparılır. Bundan əlavə,
inşaatçılar obyektin pikburaxma, pikqəbuletmə və
ölçü qovşağında tikinti işləri
aparırlar. Bütövlükdə isə obyektin cari ilin fevral
ayının ortalarında təhvil verilməsi nəzərdə
tutulur.
Obyektlərin tikintisi sahəsində
200 nəfərdən artıq işçi
çalışır. Onu da qeyd edək ki, landşaft və
iqlim şəraitinin çətin olmasına baxmayaraq, işlər
nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilir. İnşaatçılar
“Səngəçal baş qurğuları — Qazıməmməd
kompressor stansiyası magistral qaz kəməri layihəsi”nin
ikinci növbəsini, eləcə də Qalmaz yeraltı
qazsaxlama anbarınadək çəkilən hissənin nəzərdə
tutulan vaxtda istifadəyə verilməsi üçün
bütün imkanlarını səfərbər etmişlər.
Bu da yeraltı anbarlara qazın vurulması
mövsümünün başlanmasına təsadüf edir. Layihənin
uğurla başa çatdırılması ilə Qalmaz
yeraltı qazsaxlama anbarına vurulan “mavi yanacağ”ın həcmi,
demək olar ki, iki dəfə artacaq.
Ölkənin qaz təsərrüfatında
həyata keçirilən mühüm infrastruktur layihələrindən
biri də Qaradağ yeraltı qazsaxlama anbarının
kompressor stansiyasında aparılan yenidənqurma və
genişləndirmə işləri ilə bağlıdır.
“Neftqaztikinti” Trestinin 2 saylı tikinti-quraşdırma idarəsinin
kollektivi layihənin icrasına başladığı ötən
müddətdə stansiyada üç yeni kompressor
maşınının quraşdırılmasını
müvəffəqiyyətlə başa çatdırıb. Yaxın
vaxtlarda burada daha iki maşının
quraşdırılması nəzərdə tutulur.
Yola saldığımız 2009-cu ildə 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi tərəfindən ölkənin qaz təsərrüfatının təkmilləşdirilməsi, bir sıra obyektlərdə yenidənqurma və tikinti işlərinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Bu baxımdan Qaradağ qazsaxlama anbarının yenidən qurulması layihəsi çərçivəsində görülən işlər diqqəti cəlb edir. Belə ki, inşaatçılar il ərzində qazpaylama məntəqəsinin, quyuların ətrafının abadlaşdırılması və quyulara gedən yolların, eləcə də kompressor stansiyasının tikintisinə dair nəzərdə tutulmuş bütün işləri ən müasir maşın və mexanizmlərin köməyi ilə vaxtında və keyfiyyətlə yerinə yetirmişlər. Səngəçal baş qurğularında qazın təzyiqinin endirilməsi üçün təmizləyici qovşağın tikintisi, 1220 millimetrlik yüksək təzyiqli qaz kəmərinin çəkilişi, Qaradağ qaz separasiya məntəqəsində tutum və separatorların quraşdırılması, Səngəçal baş qurğuları — Daşgil—Astara qaz kəməri arası əlaqələndirici xəttin inşası layihələri də 2 saylı tikinti-quraşdırma idarəsi kollektivinin uğurlu işlərindən sayılır. Bundan əlavə, ötən il inşaatçılar müxtəlif obyektlərdə bir sıra əlavə təmir işlərini də yüksək keyfiyyətlə yerinə yetirmişlər ki, bunlar da ölkənin qaz təsərrüfatının işinin əsaslı şəkildə yaxşılaşdırılmasına imkan yaratmışdır. 2010-cu ildə qaz təsərrüfatına infrastruktur layihələrinin reallaşdırılması davam etdiriləcək. Bu il “Səngəçal baş qurğuları — Qazıməmməd kompressor stansiyası magistral qaz kəmərinin tikinti layihəsi”nin növbəti mərhələsinə start veriləcək. Bu mərhələdə Səngəçaldan Qazıməmmədə qədər olan 24 kilometrlik hissənin inşası nəzərdə tutulur. Xatırladaq ki, Qazıməmməd “Azəriqaz” İstehsalat Birliyinin qəbul və paylama sistemlərinin yerləşdiyi iri qovşaq mərkəzidir. Ölkəmizin əsas qaz “arteriyaları” da məhz buradan şaxələnmiş kəmərlər vasitəsi ilə müxtəlif istiqamətlərə “mavi yanacaq” nəql edir. Yeri gəlmişkən, 2010-cu il yanvarın ilk günündən etibarən Azərbaycan Rusiyaya qaz ixracına başlayıb. Bu il şimal qonşumuza 1 milyard kubmetr qaz satılması nəzərdə tutulur. Azərbaycanda artmaqda olan qaz hasilatı qarşıdakı illərdə bu həcmin bir qədər də çoxalması ilə nəticələnə bilər ki, bunun üçün də, ilk növbədə, nəql sisteminin yenidən qurulması və genişləndirilməsi tələb olunur. Bundan əlavə, ölkənin bütün regionlarının “mavi yanacaq”la təchizatını yaxşılaşdırmaq məqsədilə mövcud yeraltı qazsaxlama anbarlarında bir sıra əlavə yenidənqurma işləri aparılır, yeni qaz xətləri çəkilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, 3-4 il bundan əvvəl Prezident İlham Əliyevin göstərişi ilə Dövlət Neft Şirkəti tərəfindən hazırlanmış yeni qaz proqramı uğurla reallaşdırılır.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 2 fevral.- S. 3.