Dünya İqtisadi Forumunda Azərbaycanın
dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olduğu bildirilmişdir
İsveçrənin Davos şəhərində açılmış 40-cı Dünya İqtisadi Forumunun
illik toplantısında müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın
doğurduğu əsas çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə
yardım məsələləri müzakirə olunmuşdur. Xatırladaq ki, toplantıda 100-dək ölkədən
2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, tanınmış
şirkətlərin təmsilçiləri, iqtisadçılar, ekspertlər, beynəlxalq təşkilatların,
KİV-lərin rəhbərləri iştirak edirlər.
Builki toplantı “Dünyanın
vəziyyətini yaxşılaşdır: yenidən düşün, yenidən planlaşdır və yenidən qur”
devizi altında keçirilir. Dünyanın vəziyyətinin yaxşılaşdırılması, mövcud
problemlərin həlli qlobal əməkdaşlığın həyata keçirilməsini tələb edir. Bu isə
öz növbəsində hökumət, biznes, media, elm, din, incəsənət, vətəndaş cəmiyyəti
daxil olmaqla, bütün sahələrin təmsilçilərinin sıx əməkdaşlıq etmələri
zərurətini yaradır. Bu məqsədlə Dünya İqtisadi Forumunun illik toplantısı
qarşıdan gələn dörd on illik üçün qlobal gündəliyin formalaşdırılması məqsədi
ilə ictimai həyatın bütün sahələrindən olan rəhbərləri öz işinə cəlb
etmişdir.
Qeyd edək ki, yanvarın 28-də
forumun “Qlobal enerji mənzərəsi” mövzusunda keçirilən iclasında Azərbaycan
Prezidenti İlham Əliyev iştirak etmişdir. Həmin iclasda Azərbaycan Prezidenti
İlham Əliyev çıxış etmiş, ölkəmizdə energetika sahəsində görülən işlərdən
danışmışdır.
Dövlətimizin başçısı ölkəmizin qlobal enerji təhlükəsizliyində oynadığı roldan söhbət açaraq demişdir ki, Azərbaycan aparılmış düzgün siyasət nəticəsində və tərəfdaşların birgə səyi ilə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirmişdir. Hazırda Azərbaycanın enerji daşıyıcıları müxtəlif istiqamətlərə nəql olunur. Bunun üçün boru kəmərləri infrastrukturu yaradılmışdır.
Prezident İlham Əliyev Azərbaycanın dünya qaz bazarında rolunun artdığını vurğulayaraq demişdir ki, ölkəmizin ehtiyatları, təsdiq olunmuş qaz yataqları kifayət qədər çoxdur. Hazırda Azərbaycan qazı qonşu ölkələrə ixrac olunur. Halbuki bu ölkələrin bəzilərində Azərbaycandakından daha çox qaz hasil edilir. Biz qaz ixracını şaxələndirməyə davam edəcəyik.
Dövlətimizin iqtisadi inkişafı haqqında danışan Prezident İlham Əliyev demişdir ki, son 6 ildə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Həyata keçirilmiş islahatlar nəticəsində iqtisadiyyatın bazar prinsipləri əsasında inkişafı təmin edilmişdir. Hazırda ölkənin ümumi daxili məhsulunda özəl sektorun payı 85 faiz təşkil edir. Böhrana baxmayaraq, 2009-cu ildə də Azərbaycan inkişafını davam etdirmişdir. Ötən il Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı isə 8,6 faiz artmışdır. Bundan başqa, Azərbaycanın milli valyutası dəyərdən düşməmişdir.
Yeri gəlmişkən, burada bir məqamı da xatırladaq. Azərbaycanın son illərdəki uğurlarının əsas və başlıca səbəbi düzgün düşünülmüş islahatların aparılması ilə bağlıdır. Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda vurğuladığı kimi, reallaşdırılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının bazar prinsipləri əsasında dinamik inkişafı təmin edilib.
Onu da xatırladaq ki, bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti bu sahədə əhəmiyyətli dönüş yaratmağa nail olub. Keçid iqtisadiyyatının əsas istiqamətlərindən sayılan dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi, azad sahibkarlığın inkişaf etdirilməsi, bazarın infrastrukturunun bütün seqmentlərinin formalaşması, maliyyə sektoruna nəzarətin gücləndirilməsi, yeni vergi-gömrük rejiminin yaradılması və təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm islahatlar həyata keçirilib. Planlı təsərrüfat dövründə dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verilib ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində özəl bölmənin çəkisi iqtisadiyyatda əhəmiyyətli dərəcədə artıb.
Qeyd edək ki, Azərbaycan 1996-cı ildə özəlləşdirməyə start verib və bu siyasətin həyata keçirilməsi nəticəsində dövlət müəssisələri sağlamlaşdırılıb, özəl sektor inkişaf edib, əhali xüsusi mülkiyyət sahibinə çevrilib. Eyni zamanda, xarici iş adamlarının respublikamıza cəlb olunması nəticəsində Azərbaycanda böyük əcnəbi sərmayədarlar ordusu formalaşıb. Ölkəmizdə özəlləşdirmə siyasəti həyata keçirilməyə başlanandan indiyədək 1 milyondan artıq vətəndaş bu prosesdə bilavasitə iştirak edib. Ötən illər ərzində dövlət müəssisələrinin xüsusi mülkiyyətə və səhmdar cəmiyyətlərə verilməsi nəticəsində özəl bölmədə 400 mindən çox vətəndaş yeni iş yerləri ilə təmin olunub. Dövlətsizləşdirmə siyasətinin davam etdirilməsi 45 mindən çox kiçik müəssisənin özəlləşdirilməsinə səbəb olub. 2000-ə yaxın səhmdar cəmiyyəti yaradılıb. Özəlləşdirmənin nəticəsi olaraq ölkədə 150 min nəfərlik səhmdar ordusu formalaşıb. 400 mindən artıq mülkiyyətçi isə əmlak sahibinə çevrilib. İqtisadiyyatda liberal islahatlar, demək olar ki, başa çatdırılıb. Bu gün ölkə iqtisadiyyatında istehsal olunan mal və xidmətlərin 85 faizi özəl sektorun payına düşür. Bu və digər amillər sosialist planlı iqtisadiyyatından bazar iqtisadiyyatına keçid dövrünün bitdiyini göstərən əsas amillərdir.
Dünya İqtisadi Forumunun iclasında iştirak edən dövlətimizin başçısı İlham Əliyev çıxışında bildirmişdir ki, dünya maliyyə böhranına baxmayaraq, Azərbaycanın milli valyutası dəyərdən düşməmişdir. Elə bu məqamda xatırlatmaq yerinə düşər ki, keçid iqtisadiyyatının xarakterik əlamətlərindən biri maliyyə-büdcə-fiskal sahəsində, eləcə də bank və investisiya bölmələrində vəsait qıtlığının və pul resursları ilə təminatda xarici kreditlərdən asılılığın olmasıdır. Bu sistemdən xilas ola bilməyən ölkələr həm büdcə tərtibatında, həm də investisiya layihələrində maliyyə çatışmazlığı ilə üzləşirlər. Büdcə tərtibatı zamanı yaranmış kəsirin xarici borc hesabına örtülməsi, xarici sərmayələr olmadan iqtisadiyyatı inkişaf etdirməyin çətinliyi həmin ölkələr üçün səciyyəvi əlamətlərdir. Azərbaycan isə qeyd olunan tendensiyalarla ötən əsrdə vidalaşıb. Respublikamız faktiki olaraq 1998-ci ildən başlayaraq büdcə vəsaitlərinin formalaşmasında xarici maliyyə resurslarının cəlb edilməsi amilindən imtina edib. Yəni, respublikamızın yerli maliyyə resurslarının həcmi tam imkan verib ki, büdcənin gəlirlər və xərclər strukturu tam kəsirsiz formalaşmasın və xaricdən vəsait cəlb olunmasın. 10 ilə yaxındır ki, büdcə kəsiri ÜDM-in 1 faizindən də az olub və defisit əlavə mənbələr hesabına örtülüb. Bu müddətdə ölkəmizin valyuta ehtiyatlarının 20 dəfəyə yaxın artması və hökumətin mükəmməl büdcə siyasəti həyata keçirməsi həm iqtisadi, həm sosial, həm də investisiya yönümlü olan ali maliyyə sənədinin tərtib olunmasına səbəb olub. Hətta 2007-2008-ci illərdə büdcədə profisit yaranıb ki, bu da maliyyə-fiskal siyasətinin ən mühüm uğurları kimi dəyərləndirilə bilər.
Keçid iqtisadiyyatının bir çox əlamətləri müşahidə olunan MDB dövlətlərinin əksəriyyətində isə büdcənin tərtibatında xarici borc faktoru hələ də əsas yer tutur. Bu ölkələrin büdcə gəlirlərində xaricdən alınmış kreditlərin məbləği ən azı 400-500 milyon dollar təşkil edir. Eyni zamanda, beynəlxalq maliyyə institutlarının verdiyi kreditlərin məbləği həmin ölkələrin milli məhsulunda 10 faizi ötüb. Yeri gəlmişkən, bədnam qonşumuz Ermənistanda büdcə vəsaitlərinin 40 faizə yaxını xarici kreditlər hesabına formalaşır ki, bu da işğalçı ölkənin keçid iqtisadiyyatını 2020-ci ildən tez başa vurmayacağını söyləməyə əsas verir.
Dünya İqtisadi Forumunun “Qlobal enerji mənzərəsi” mövzusunda keçirilən iclasında Prezident İlham Əliyev qlobal enerji təhlükəsizliyində ölkəmizin oynadığı roldan ətraflı bəhs etmişdir. Dövlət başçısı demişdir ki, bu gün Azərbaycanda aparılan enerji siyasəti nəticəsində ölkə yeni tarixi mərhələyə qədəm qoymuşdur. Hazırda qloballaşan dünyada artan neft gəlirləri ölkələrin iqtisadi siyasətinin müəyyənləşdirilməsində həlledici rol oynayır. Neftlə zəngin Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədi ilə bu gəlirlərdən səmərəli istifadə edir. Azərbaycan mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulmuş ilk ölkələrdən biridir, neft gəlirlərinin xərclənməsi baxımından uğurlu siyasət yürüdülür.
Azərbaycan Prezidenti ölkənin daxili enerji tələbatının təmin edilməsinə xüsusi əhəmiyyət verir. “Azərbaycanın çox güclü energetika potensialı olacaqdır. Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir” – deyən ölkə başçısı bəyanatlarını bu məqsədə xidmət edən müəssisələrin açılışı ilə sübuta yetirir.
Prezident İlham Əliyevin bu sahədə ən böyük uğurlarından biri müasir tipli modul elektrik stansiyalarının tikilib istifadəyə verilməsidir. Ölkənin elektrik stansiyalarında ildə orta hesabla 20,2 milyard kilovatt/saat artıq elektrik enerjisi istehsal olunur. Bu da respublikada elektrik enerjisinə olan tələbatı tam təmin edir.
Azərbaycan Prezidentinin tapşırığına əsasən respublikanın qaz almayan rayonlarının təchizatının bərpası istiqamətində də işlər davam etdirilir. Hazırda ölkənin qazlaşdırılması 85 faizə çatdırılmış, bütün rayon mərkəzlərinin qazla təchizatı təmin olunmuşdur.13 illik fasilədən sonra Naxçıvana təbii qazın verilməsi bərpa olunmuş, hələ keçmiş Sovet İttifaqı zamanında da mavi yanacaqla təmin edilməyən, ölkənin ən ucqar bölgələri sayılan Lerik və Yardımlı rayonlarının qazlaşdırılması başa çatdırılmış, həmin rayon mərkəzlərinə təbii qaz verilmişdir. Həyata keçirilən tədbirlər sayəsində qazla təmin olunan əhali abunəçilərinin sayı 1 milyon 143 mini keçmiş, rayonların sayı isə 54-ə çatdırılmışdır...
Hazırda Azərbaycan özünü elektrik enerjisi, neft və qazla tam təmin edir. İqtisadiyyatın məhz bu real sektoru vasitəsilə ölkə təkcə öz regionuna deyil, həm də daha uzaq qonşularına, məsələn, Avropa İttifaqı ölkələrinə sabitləşdirici təsir göstərir...
Neft sənayesinin, ümumiyyətlə, energetika sahəsinin uğurla inkişaf etdirilməsi ölkəmizin qarşısında duran problemləri həll etməyə, iqtisadi və sosial layihələri həyata keçirməyə, qeyri-neft sektorunu inkişaf etdirməyə geniş imkanlar açır. Prezident İlham Əliyevin vurğuladığı kimi, indi qarşıda duran ən mühüm vəzifə neft gəlirlərinin səmərəli istifadəsini təmin etməklə qeyri-neft sektorunun inkişafını sürətləndirmək və sosial problemləri həll etməkdir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması bunun bariz nümunəsidir. Artıq “Şahdəniz” yatağından qazın hasilatına başlanılmışdır və hazırda yataqdan gün ərzində 23 milyon kubmetr qaz, 6 min ton kondensat hasil olunur. Ölkəmiz hər il Rusiyadan alınan 5 milyard kubmetrə qədər idxal qazından azad olmuş, əhalinin və iqtisadiyyatın bütün sahələrinin ehtiyacını tam ödəməklə bərabər xeyli qaz ixrac potensialı yaratmışdır. Belə ki, 2012-ci ilədək “Şahdəniz” yatağından ildə təxminən 9 milyard kubmetr qaz və gündə 40 min barrel kondensat çıxarılması gözlənilir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması da məhz bu yatağın işə salınması nəticəsində mümkün olmuşdur. “Şahdəniz” yatağından hasil olunan təbii qaz hesabına Azərbaycan nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını Gürcüstan, Türkiyə, Rusiya, İran və Avropa bazarlarına çıxarmaq imkanı qazanmışdır. Son beş ildə neft hasilatı 2,9 dəfə, qaz hasilatı isə 3 dəfədən çox artmışdır.
Yeri gəlmişkən, İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən bir sıra ölkələrin dövlət başçıları da respublikamızda son illər sosial-iqtisadi inkişafın dinamik xarakter aldığını, enerji təhlükəsizliyinin təmin edildiyini vurğulamışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 31 yanvar.- S.
1.