Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsi ermənilərin saxta genosi iddialarının ifşası istiqamətində mühüm addım oldu

 

Bizim gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri də milli tariximizin dərindən öyrənilməsidir. Çünki öz tarixini, dünənini yaxşı bilməyən, xalqın həyatında baş vermiş faciələri lazımınca qiymətləndirməyi bacarmayan insanlar sabahımızı lazım olan səviyyədə qura bilməzlər.

 

Heydər ƏLİYEV, 

Ümummilli lider

 

Xalqımızın həyatında baş vermiş qanlı faciələrdən birinin - soydaşlarımıza qarşı törədilmiş soyqırımı aksiyasının növbəti ildönümünü dünya ictimaiyyəti ilə birlikdə qeyd etdik. Planetin azərbaycanlılar yaşayan bütün guşələrində ürək ağrısı ilə qeyd edilən, ölkəmizin hər yerində kütləvi tədbirlərlə anılan, Bakıdakı bütün diplomatik nümayəndəliklərin təmsilçilərinin də qatıldığı çoxsaylı xatırlama tədbirlərinin böyük mənəvi, siyasitarixi əhəmiyyəti var idi.

 

Bu tədbirlər bir tərəfdən ötən əsrin 20-90-cı illərini əhatə edən dövrdə bizdə zorən yaradılmış milli tarixə biganəlik hissinin aradan qaldırılması baxımından əhəmiyyətli idisə, digər tərəfdən də ermənilərin son 200 ildə özləri haqqında formalaşdırmağa çalışdıqları "zavallı xalq", "məzlum insanlar" imicinin darmadağın edilməsi üçün vacib və gərəkli idi. İndi artıq bütün dünya, hətta, on illərdən bəri ermənlərə himayədarlıq edənlərin özləri də yaxşı bilirlər ki, ermənilər heç də indiyədək təqdim olunduqları şəkildə məzlum deyillər. Fəqət iqtisadi maraq, siyasi mənafe və ideoloji dividendlər dünyanın bir çox siyasi qüvvələrinin ikili standartlardan əl çəkməsini əngəlləyir.

Əslində bu gün hamının riyakar və xəyanətkar ermənilərdən birdən-birə əl çəkməsi gözlənilən deyil. Çünki bu gün mövcud olan fitnə-fəsad torunu ermənilər və onların himayədarları iki yüz ildən artıqdır ki, birlikdə qurublar. İki əsrlik fitnəkarlıq, rəzalət, şərəfsizlik və xəyanətkarlıq şəbəkəsinin cəmi iyirmi ildə tamamilə sökülüb dağıdılması mümkün deyil. Ancaq ulu öndər Heydər Əliyevin dediyi kimi biz bu işi zamanın öhdəsinə buraxa bilmərik. Özümüz qətiyyət və təəssübkeşlik nümayiş etdirməli, tarixdə kimin kim olduğunu sübut etmək üçün kifayət qədər təşəbbüs göstərməliyik. Həmin qətiyyətli addımların və təşəbbüskarlığın önündə ulu öndərimizin özü gedirdi. Heydər Əliyev nəinki son 20-22 ildə baş vermiş ictimai-siyasi proseslərə, xalqımızın həyatındakı qanlı faciələrə siyasi-hüquqi qiymətin verilməsinə nail olmuşdu, hətta bütövlükdə XX əsr tariximizin bütün məqamlarının dəqiq qiymətləndirilməsini təmin etmişdi. Bu qəbildən olan addımların hər biri mükəmməl bir tarix dərsi kimi qiymətlidir.

Ulu öndər milli azadlıq hərəkatımızın boğulması üçün məhz ermənilərin fitvası və iştirakı ilə törədilmiş 20 Yanvar faciəsinin, həmin faciəyə zəmin yaratmaq üçün bilavasitə ermənilərin əliylə reallaşdırılmış Sumqayıt hadisələrinin, daha sonra Qaradağlı və Xocalı soyqırımlarının siyasi və hüquqi qiymətinin verilməsi üçün böyük təşəbbüs və qətiyyət göstərmişdir. Bu faciələrin hər birinin ayrılıqda müzakirə edilərək həqiqətin dünya ictimaiyyətinə çatdırılması bir çox qaranlıq məqamlara aydınlıq gətirilməsi baxımından misilsiz əhəmiyyət kəsb edirdi. Heydər Əliyevdən əvvəl siyasi hakimiyyətdə olan Ayaz Mütəllibov və AXC-Müsavat iqtidarı nəinki bu məsələlərin müzakirə olunaraq həqiqətin ortaya çıxmasına təşəbbüs göstərmədilər, əksinə, həmin faciələrin ört-basdır edilməsinə səy göstərirdilər. Məhz milli tariximizin həmin qanlı səhifələrinə biganəlik göstərdiyinə görə xalq onları sürüyüb arxivlərə atdı və bir daha heç zaman meydan sulaya bilməyəcək bir tənəzzüllə üzləşdilər. Daim xalqın yanında olan və onun ağrı-acılarını bölüşən Heydər Əliyev isə siyasi meydanda olduğu bütün dövrdə haqqın-ədalətin bərpa edilməsinə, hərəyə öz layiq olduğu yerin göstərilməsinə, ən başlıcası hamının öz mövqeyini ortaya qoymasına nail olmuşdu. Ulu öndərdən əvvəlki ölkə rəhbərləri ona görə kiminsə mövqeyini ortaya qoymasını tələb edə bilməzdilər ki, öz mövqeləri heç kəsə aydın deyildi. Onların aydın mövqeləri olsaydı xalqın başına gətirilmiş - yuxarıda sadaladığımız faciələrə münasibət bildirməyə cəhd edərdilər.

Bəzən ictimai-siyasi ədəbiyyatda belə bir ifadəyə rast gəlirik ki, Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən soyqırımı və deportasiya aksiyalarını iki mühüm dövlət sənədi ilə rəsmiləşdirmiş, bu faktların dünya ictimaiyyətinə çatdırılması və ölkə əhalisinin heç zaman unutmaması üçün konkret işlər görmüşdür. Həmin məqalələrin müəllifləri ulu öndərin 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi üçün 1998-ci il mart ayının 26-da imzaladığı və ondan təxminən üç ay əvvəl - 1997-ci il dekabrın 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanlarını nəzərdə tuturlar. Əlbəttə, bu iki rəsmi sənəd həmin istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi ən mühüm tədbirlərdəndir. Ancaq bizim yuxarıda qeyd etdiyimiz kimi ulu öndər təkcə 1988-ci ildən sonra baş vermiş ictimai siyasi hadisələrə deyil, bütövlükdə XX əsrdə xalqımızın tarixinə yazılmış proseslərə siyasi-hüquqi qiymət verilməsinə nail olmuşdu.

Ümummilli liderimizin həmin mükəmməl qiymətləndirməsini "Azərbaycan XXI əsrin və Üçüncü minilliyin ayrıcında" - adlı irihəcmli, tarixi Müraciətində görürük. Bütün tarix elmimiz üçün örnək ola biləcək dəyərli elmi əsər kimi qiymətləndirilən həmin müraciətdə xalqımızın yaranışından XXI əsrə qədər olan bütün dövr xarakterizə edilir. Təbii ki, bu zaman ən böyük önəm verilən məsələ XX əsrdə baş verən ictimai-siyasi proseslərdir. Çünki bu əsrdə Azərbaycan özünün milli mənəvi, elmi-mədəni və ictimai-siyasi baxımdan ən yüksək inkişaf səviyyəsinə nail olmaqla yanaşı, həm də bir əsrdə iki dəfə öz dövlət müstəqilliyinə nail olmuşdur. Ulu öndərin adı çəkilən müraciətində XX əsrin qiymətləndirilməsi zamanı xüsusi mərhələlər ayrılır ki, bu məqam da məhz indi qələmə aldığımız yazının məzmununu - azərbaycanlıların soyqırımını öyrənmək istəyən hər bir soydaşımız üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün tarixi zəmininin yetişməsi dövrü (birinci mərhələ), Azərbaycan Xalq Cümhuriyyəti dövrü (ikinci mərhələ), 1920-ci ilin aprel ayından başlanan sovet dövrü (üçüncü mərhələ) və 1991-ci ilin oktyabr ayından başlanan müstəqillik dövrü (dördüncü mərhələ). Diqqət yetirin, bu mərhələlərin hər birində ermənilərin azərbaycanlılara qarşı çoxsaylı məkrli addımları, terror aktları, düşmənçilik siyasəti mövcud olmuşdur. Bu dörd mərhələdən əvvəl - XIX əsrdə isə ermənilərin regionun başqa ölkələrindən Azərbaycana köçürülməsi, onların Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırılması prosesi başa çatdırılmışdı.

Yeri gəlmişkən, Heydər Əliyev ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə mövcud ideologiyanın imkanlarından istifadə edərək Dağlıq Qarabağda ermənilərin bu vilayətə köçürülməsinin 150 illiyinə həsr olunmuş xüsusi abidənin ucaldılmasına nail olmuşdu. O zaman həmin abidəni böyük şadyanalıqla qəbul edən ermənilər çox sonralar dərk etmişdilər ki, müdrik Azərbaycan siyasətçisi onların ürəyində olan məkrin qarşısını almaq üçün tarixi bir addım atmışdır. Ulu öndərin həyata keçirdiyi bütün addımlar əsrlərdən bəri Türk-Azərbaycan xalqına qarşı xəyanətkar mövqe tutan ermənilərin mərhələ-mərhələ ifşa olunmasını təmin edir.

Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, Prezident İlham Əliyev ulu öndərin həmin siyasi kursunu böyük uğurla davam etdirir və bu gün ermənilərin iç üzünün açılması, Ermənistanın beynəlxalq aləmdə təklənməsi və Azərbaycanın haqq işinin qalib gəlməsi üçün çox böyük addımlar atılır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 1 aprel.- S. 5.