Prezident İlham ƏLİYEV:
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır
BMT-nin Təhlükəsizlik
Şurası və ATƏT-in Minsk qrupunun həmsədrləri
bu məsələdə öz üzərlərinə
düşən vəzifəyə məsuliyyətlə
yanaşmalıdırlar
Son illər beynəlxalq ictimaiyyət Ermənistan
- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində səylərini artırıb. Ölkəmizin
həyata keçirdiyi çevik xarici siyasət nəticəsində
artıq bütün dünya işğal olunmuş Azərbaycan
ərazilərinin azad olunmasını, problemin yalnız beynəlxalq
hüququn norma və prinsipləri çərçivəsində
həllini tələb edir, bu məsələdə möhtərəm
Prezidentimiz İlham Əliyevin mövqeyini dəstəkləyirlər.
ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının, NATO-nun,
İslam Kofransı Təşkilatının qərar və qətnamələrində
münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinin
zəruriliyi öz əksini tapıb.
Keçən il Qazaxıstanın paytaxtı Astanada 56 üzv, 12 tərəfdaş dövlət və hökumət başçılarının, habelə beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş ATƏT-in VII sammitinin yekun bəyanatı da dediklərimizi təsdiq edir. Sənəddə bildirilir ki, münaqişənin nizamlanmasında Helsinki Yekun Aktına, eləcə də 2009-cu il iyulun 10-da Akvilldə və 2010-cu il iyunun 26-da Muskokda verilmiş bəyanatlara istinad olunmalıdır. Xatırladaq ki, ABŞ Prezidenti Barak Obama, Fransa Prezidenti Nikola Sarkozi, Rusiya Prezidenti Dmitri Medvedev, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan tərəfindən Muskokda imzalanmış bəyanatda Dağlıq Qarabağ ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal edilmiş ərazilər kimi göstərilib. Bu fakt Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha təsdiqləyir.
İşğalçı ölkəylə aparılan sülh danışıqlarına gəlincə, prosesin indiki mərhələsində Madrid prinsiplərinin yenilənmiş variantı ətrafında müzakirələr aparılır. Məlumdur ki, yenilənmiş Madrid prinsiplərində Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunmuş bütün Azərbaycan ərazilərinin işğaldan azad olunması, məcburi köçkünlərin Dağlıq Qarabağ da daxil olmaqla bu ərazilərə qaytarılması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, eləcə də təhlükəsizlik zəmanətinin verilməsi nəzərdə tutulur. Əlbəttə ki, orada digər nüansalar da var. Amma ümumilikdə söhbət bu prinsiplərdən gedir.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Mir" telekanalına müsahibəsində demişdir ki, "erməni tərəfi məsələyə konstruktiv yanaşarsa və Dağlıq Qarabağın müstəqilliyinin mümkünsüzlüyü barədə tezisi tamamilə başa düşər və qəbul edərsə, biz irəliləyişə nail olacağıq. Lakin əgər bizim qarşımıza məqbul olmayan şərtlər qoyularsa, sesessiya haqqında, separatizm haqqında, Dağlıq Qarabağın müstəqilliyinin hüquqi cəhətdən rəsmiləşdirilməsinə Azərbaycanın razılaşması haqqında məsələlər qoyularsa, onda, təbii ki, danışıqların perspektivi olmayacaqdır".
Dövlət başçısı bütün bəyanatlarında dəfələrlə Azərbaycanın sülh danışıqlarının tərəfdarı olduğunu bildirib və buna sübut kimi artıq 20 il ölkənin sülh prosesində iştirak etdiyini deyib. O, qətiyyətlə bildirib ki, qarşı tərəfdə başqa gözləntilər, ümidlər, arzular olsa da hər şey beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll olunmalıdır. Hazırda Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən qəbul olunub. Azərbaycan BMT-yə üzv olanda bizim sərhədlər mövcud olan çərçivələrdə qəbul olunub. Xəritədə də görünür ki, Dağlıq Qarabağ praktiki olaraq ölkənin daxilində yerləşir. Buradakı ermənilər isə müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına əsasən, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Ancaq bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə bir hüququ yoxdur. Ermənistan tərəfinin bu iddiası beynəlxalq hüququn norma və prinsiplərinə zidddir, bu prinsiplərin kobud şəkildə pozulmasıdır.
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə də qiymət vermişdir: "Bir tərəfdən yeddi ildə bu prosesdə iştirak edən bir insan kimi, mən vasitəçi ölkələrin yaranmış gərgin vəziyyətdən çıxış yolu tapmaq arzusunda olduqlarını görürəm və biz bunu alqışlayırıq. Digər tərəfdən, son 19 ildə vasitəçilərin fəaliyyəti heç bir nəticə verməyib. Danışıqların müxtəlif formatları olmuşdur, müəyyən mərhələlərdə müəyyən irəliləyişlər olmuşdur, lakin hər dəfə ya Ermənistanda baş verən müəyyən faciəli hadisələrlə, yaxud da əvvəllər artıq razılaşdırılmış məsələlər barədə Ermənistanın mövqeyinin dəyişməsi ilə əlaqədar bu danışıqlar ya düyünə düşmüş, ya da pozulmuşdur. Ona görə nəticə olmadığı halda vasitəçilərin rolunu müsbət qiymətləndirmək təbii ki, düzgün olmazdı. Digər tərəfdən, mən onların mümkün olan hər şeyi etmədiklərini də deyə bilərəm. Buna görə də biz ümid edirik ki, həmsədr ölkələr - onlar isə dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üzvüdür - hər halda, işğalçı ölkəni zəbt olunmuş əraziləri azad etməyin zəruriliyinə inandırmaq üçün özlərinin nüfuzundan və siyasi resurlarından daha çox istifadə edəcəklər". Bu, Cənubi Qafqaz regionunda sülh olmasını, bölgənin inkişafını, millətindən, dinindən asılı olmayaraq hər bir insanın təhlükəsiz şəraitdə yaşamasını arzulayan, ona çalışan Azərbaycan Prezidentinin mövqeyidir.
Rəsmi Bakı münaqişənin məhz sülh yolu ilə tənzimlənməsinə üstünlük verdiyi üçün danışıqlar prosesində iştirak edir. Növbəti belə görüşlərdən biri martın 5-də Soçidə baş tutmuşdur. Soçidəki "Grand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olmuşdur. Görüşün yekunlarına dair qəbul edilən birgə bəyanatda qeyd edilmişdir ki, liderlər onların bundan əvvəl, 2010-cu il oktyabrın 27-də Həştərxanda keçirilmiş görüşü zamanı qəbul edilmiş üçtərəfli bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakirə etmiş və həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə razılığa gəlmişlər. Bəyanatda qeyd edilir ki, dövlət başçıları, o cümlədən "hərbi əsirlərin dəyişdirilməsini ən qısa müddətdə başa çatdırmaq" barədə razılığa gəlmişlər. Sənəddə deyilir: "Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə dair özlərinin müntəzəm əlaqələrinin böyük əhəmiyyət kəsb etməsini qeyd etmiş və ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə əlavə olaraq bu formatda əlaqələri davam etdirmək barədə razılığa gəlmişlər". Bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti boyunca yarana biləcək insidentləri tərəflərin iştirakı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında, təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə təhqiq etmək istəyi də bəyanatda xüsusi vurğulanmışdır.
Maraqlıdır ki, prezidentlərin Soçidə keçirdikləri görüşdən cəmi üç gün sonra - martın 8-də Emənistan silahlı qüvvələrinin təmas xəttində yerləşən bölmələrindən açılan atəş nəticəsində Ağdam rayon sakini 10 yaşlı Fariz Bədəlov qətlə yetirildi. Erməni hərbçilər bu gün də atəşkəsi tez-tez pozur, dinc sakinləri gülləboran edirlər. Bu, bir daha göstərir ki, qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan sülh danışıqlarında səmimi deyil.
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin qiymətləndirilməsi məqsədilə 2010-cu il oktyabrın 7-dən 12-dək həyata keçirdiyi Sahə Qiymətləndirmə Missiyasının (SQM) açıqladığı yekun rəyi də rəsmi İrəvanın sülh prosesində səmimi olmadığını sübuta yetirir. Onu da deyək ki, bu missiyanın həyata keçirilməsində ATƏT sədrinin xüsusi nümayəndəsi və onun komandası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından iki mütəxəssis və ATƏT-in 2005-ci ildəki faktaraşdırıcı missiyasının bir üzvü həmsədrlərə qoşulmuşlar. SQM bir daha Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlamışdır. Bu da Ermənistanın 1993-cü ildə qoşulduğu 1949-cu il 12 avqust tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyasına və ona əlavə Protokollara ziddir.
Əyani qiymətləndirmə və yerli əhali tərəfindən verilmiş məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş yeddi rayonunda qeyri-qanuni məskunlaşmış ermənilərin sayı təqribən 14 min nəfər təşkil edir. Onların bir hissəsi bərpa edilmiş və ya yenidən inşa olunmuş evlərdə yaşayır. SQM-nin müşahidələrinə əsasən, missiyanın baş çəkdiyi bir sıra inzibati, təhsil və tibbi binalar erməni diasporunun maddi yardımı ilə inşa olunmuş və avadanlıqla təchiz edilmişdir. SQM, həmçinin işğal olunmuş ərazilərin inzibati sərhədlərinin dəyişdirildiyini müşahidə etmişdir. Sərhədlərin yenidən çəkilməsi, bəzi rayonların adlarının dəyişdirilməsi, həm də işğal altında olan ərazilərin inzibati aidiyyətinin dəyişdirilməsi də müşayiət edilmişdir. Ermənilər Azərbaycan ərazilərinin və yaşayış məntəqələrinin adlarını dəyişdirir və öz adlarını qoyurlar.
Azərbaycanın Xarici İşlər Nazirliyindən yayılan açıqlamada deyilir ki, hazırda Azərbaycanın digər ərazilərində yaşayan məcburi köçkünlərin gələcəkdə öz torpaqlarına qaytarılmasının yalnız davam edən işğal deyil, həmçinin bu bölgələrin dağıdılmış vəziyyəti ucbatından çətin olması ilə bağlı SQM-nin yekun rəyi xüsusi narahatlıq doğurur. Demək olar ki, keçmiş sakinlərin bütün şəxsi və ticarət əmlakları dağıdılmışdır. Onların geri qaytarılması üçün regionlarda münasib şərait yoxdur. Açıqlamada o da qeyd olunur ki, missiyanın müşahidələri Ermənistanın beynəlxalq hüququn normaları və prinsipləri, xüsusilə güc tətbiq etməmək prinsipini pozduğunu, işğalla bağlı "status-kvo"nu möhkəmlətmək cəhdlərini bir daha təsdiqləmişdir. Bu faktlar və müşahidələr həmsədrlər tərəfindən hələ 2005-ci ildə qeydə alınmış və o zaman öz tövsiyələrində onlar "bundan sonra işğal olunmuş ərazilərdə hər hansı məskunlaşmaya yol verilməməlidir" və "bu, vəziyyətin davam etməsinin uzadılmasına "fait accompli" (baş vermiş fakt) gətirib çıxara bilər. Bu da sülh prosesinə ciddi əngəllər törədə bilər" kimi çağırışlar etmişlər. Həmsədrlər indiki tövsiyələrində də eyni narahatlıqları və çağırışları etmişlər. Təəssüf ki, Ermənistan son altı il ərzində həmsədrlərin çağırışlarına əməl etməyib və münaqişənin həlli prinsipinə hörmətsizlik nümayiş etdirməkdədir. Azərbaycan SQM-nin "status-kvo"nun saxlanılmasının qəbul olunmazlığı ilə bağlı əsas bəyanata diqqəti yönəldərək, Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətinə son qoymağı tələb edir. Azərbaycan aydın şəkildə bəyan edir ki, Ermənistanın bu istiqamətdə davamlı siyasətinə dözüm göstərilməyəcəkdir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Sahə Qiymətləndirmə Missiyası və vasitəçilərin tövsiyələri isə bu problemin gələcəkdə baxılması və tənzimlənməsi üçün əsas yaradır.
Azərbaycan işğal faktının ortadan qaldırılması məsələsində beynəlxalq birliyin daha fəal müdaxiləsi üçün ciddi əsaslar olduğuna inanır. Bunlar arasında təbii ki, həm də BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarının işğala son qoymasına dair 4 qətnaməsi xüsusilə qeyd olunmalıdır. BMT TŞ-nin Liviyada cərəyan edən hadisələrlə bağlı haqlı olaraq qətnamə qəbul etməsi və məlum qərarının operativ icrası, beynəlxalq birliyin Qəddafinin nəzarətində olan silahlı qüvvələrə qarşı dərhal hərbi əməliyyatlara başlaması, bu prosesə NATO-nun qoşulması bir sıra məntiqi sualların ortaya çıxmasına da səbəb olur. Məhz bu məqama diqqət çəkən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Trend" agentliyinə açıqlamasında BMT TŞ-nin Qəddafi hakimiyyətinin öz xalqına qarşı qəddar davranışını, dinc əhalinin tələfatına səbəb olan hərbi əməliyyatları dayandırmaq haqqında qərarını təqdirəlayiq hesab edərək deyib: "Liviyada diktatora qarşı BMT TŞ-nin çıxardığı bir qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, BMT TŞ-nin Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi 4 qətnamə 20 ilə yaxındır ki, icra edilmir. Bu hal dünya siyasətində ikili standartların mövcudluğundan, dünya siyasətinin formalaşmasında, millətlər və dövlətlərarası münasibətlərin inkişafında mühüm təsirə malik ölkələrin ikili siyasətindən xəbər verir. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 4 qətnaməsi də Liviyaya dair qətnamə kimi qətiyyətlə və operativ icra edilməlidir. Təcrübə göstərir ki, BMT-nin qətnamə qəbul edərək kənarda durması, qərarın yerinə yetirilməsi ilə bağlı məcburetmə tədbirləri görməməsi son nəticədə qətnamənin icrasız qalmasına şərait yaradır. Ermənistandan BMT qətnamələrinin tələblərini özxoşuna yerinə yetirməsini gözləmək və ona qarşı məcburetmə tədbirləri görməmək BMT-nin nüfuzuna ciddi zərbə vurur. Əlbəttə, Liviyada mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi vacib məsələdir. Lakin belə tədbirlər qətlə yetirilmiş minlərlə azərbaycanlıya, milyondan artıq qaçqın və məcburi köçkünə də şamil olunmalıdır. Liviya diktatorunun əməlləri Xocalı, Qaradağlı, Quşçular, Bağanıs Ayrım və Azərbaycanın digər yaşayış məntəqələrində ermənilərin törətdikləri soyqırım və vəhşiliklərdən daha qəddar və faciəli deyil. Ermənilər Azərbaycan torpaqlarını işğal edərkən həlak olan azərbaycanlıların sayı Liviyada üsyançılarla Qəddafi qoşunları arasındakı toqquşmalar zamanı ölənlərin sayından on dəfələrlə çoxdur. Azərbaycanda Ermənistanın işğalından ziyan çəkən insanların ümumi sayı Liviyada hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanların sayından qat-qat artıqdır. Serbiyada bosniyalı müsəlmanların soyqırımından sonra BMT TŞ keçmiş Yuqoslaviyaya dair Beynəlxalq Tribunal yaratdı. Nəyə görə Xocalı və Qaradağlı hadisələrini törədənlər Beynəlxalq Tribunala cəlb olunmamalıdır?! ATƏT MQ-nin çoxillik fəaliyyətinin heç bir nəticə verməməsi və onun işğalçı Ermənistana təzyiq etmək istəməməsini nəzərə alaraq, beynəlxalq birlik Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də Liviyada olduğu kimi, çevik münasibət göstərməli və BMT TŞ-nin 4 qətnaməsinin icrasını təmin etməlidir. Beynəlxalq birlik ikili standartlara son qoymalı, BMT TŞ qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır".
Təqdirəlayiq haldır ki, Qərb ölkələrinin müxtəlif mətbuat orqanlarında dərc olunan məqalələrdə də bu məsələyə konkret münasibət bildirilir. Bu yaxınlarda Böyük Britaniyanın nüfuzlu "The Economist" jurnalında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yayımlanan şərhdə vurğulanır ki, Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması üçün beynəlxalq təşkilatların konkret münasibət göstərmələrinin vaxtı çatıbdır. "Dondurulmuş" adlandırılan Dağlıq Qarabağ münaqişəsi artıq buzunu əritməyə başlayır. Buna misal olaraq atəşkəs rejiminin pozulması hallarının artmasını göstərmək olar. İndiki halda "status-kvo" qəbuledilməzdir. Müəllif yazır ki, münaqişənin bərpasının yaradacağı insan iztirablarından başqa, Azərbaycan həm də mühüm tranzit marşrutlara malik ölkədir. Cənubi Qafqaz, həmçinin Qərb ölkələri üçün Əfqanıstana yük daşımalarında əsas marşrutdur. Buna görə də beynəlxalq güclərin bu məsələyə diqqətlə yanaşması üçün çox böyük səbəblər vardır.
Təbii ki, "The Economist" jurnalında dərc olunan məqalədə söhbət həm də ABŞ-ın maraqlarından gedir. Məlumdur ki, Vaşinqtonun strateji müttəfiqi olan Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizənin fəal iştirakçısıdır və Əfqanıstandakı sülhməramlı qüvvələrə yüklərin daşınmasında əsas tranzit ölkədir. Hər iki ölkə arasında bir sıra sahələrədə, o cümlədən enerji sahəsində sıx əməkdaşlıq mövcuddur. Təəssüflər olsun ki, bütün bunların müqabilində həm də ATƏT-in Minsk qrupunun üzvü olan ABŞ-ın separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı göstərməsi təəccüb doğurur. Bu, bütün dünyada yaşayan azərbaycanlıların narazılığına səbəb olur. Ötən günlərdə ABŞ-dakı Azərbaycan və Türkiyə diaspor təşkilatları Senat və Nümayəndələr Palatasına minlərlə məktub göndərərək Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçılara yardım göstərməsinə öz etirazlarını bildiriblər.
ABŞ qondarma quruma 1998-ci ildən maliyyə
yardımı göstərməyə başlayıb. Hər
il göndəriləcək məbləğ əvvəlki ilə
görə az və ya çox artırılıb. 2006-cı ildə bu rəqəm
3 milyon dollar idi. 2007-2008-ci ildə 5 milyon, 2009-cu ildə 8
milyon, 2010-cu ildə isə 10 milyon dollar olmuşdur. 2011-ci ilin
hesabatı açıqlanmasa da ABŞ Konqresinin öz "ənənəsinə"
sadiq qalaraq məbləği artırdığı
şübhə doğurmur.
Bu
yardımlar ABŞ-dakı bəzi ermənipərəst dairələr
tərəfindən humanitar aksiya kimi təqdim olunur. Azərbaycan
diasporunun Amerikadakı nümayəndələrinin arqumentləri
isə bu fikrin tamamilə əksini deyir: "1992-ci ildən
başlayaraq ABŞ Konqresi Ermənistan və Azərbaycan
arasında Dağlıq Qarabağ münaqişəsinin
qurbanlarına humanitar ehtiyaclarını ödəmək
üçün yardım ayırır. Xarici yardımlar haqqında
qanunda edilmiş dəyişikliklərə əsasən
2005-ci ildən etibarən yalnız Dağlıq
Qarabağın erməni icmasına yardım edilir. Bu bölgədən
və ətrafından qovulmuş yarım milyondan çox azərbaycanlı
isə yardımdan məhrum olub. Münaqişə siyasi yolla
həll olunmadıqca ABŞ-ın bu cür birtərəfli
yardımları Konqresin məqsədlərinin humanistliyini və
obyektivliyini şübhə altına qoyur".
Azərbaycan
və Türkiyə icmaları hesab edir ki, ABŞ-da iqtisadi
inkişafın aşağı səviyyədə olduğu
bir dövrdə (2011-ci il yanvar ayına olan hesabatlara görə
ABŞ-ın dövlət borcu 14,13 trilyon dollar olub)
ABŞ-ın Ermənistana və Dağlıq Qarabağın
erməni icmasına birbaşa yardımı artırması əsassızdır:
"ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən
biridir, amma onun birtərəfli yardımları enerji təhlükəsizliyi
və terrorizmlə mübarizədə ABŞ-ın əsas tərəfdaşlarından,
İraq və Əfqanıstandakı hərbi əməliyyatlarda
müttəfiqlərindən biri olan Azərbaycan ilə
münasibətləri korlayır. Etnik münaqişənin tərəflərinə
qeyri-bərabər münasibət Cənubi Qafqazda sülh və
demokratiyaya nail olmaq üçün ABŞ-ın
yürütdüyü xarici siyasəti zəiflədir".
Azərbaycan
diasporunun nümayəndələrinin fikirlərinə
qoşulmamaq mümkün deyil. Konqresin separatçı rejimə
maliyyə dəstəyi verməsi birbaşa ikili standartlardan xəbər
verir və bu, ABŞ-ın imicinə ciddi zərbə vurur.
Çünki əgər bu aksiya humanitar məqsədlər
üçün edilirsə, onda sual olunur: nəyə görə
ABŞ Konqresi keçmiş sovet ölkələrinin ərazisindəki
bir neçə digər separatçı rejimlərə də
maliyyə yardımı göstərmir? Qondarma Dağlıq
Qarabağ "respublikasına" bu "məhəbbət,
qayğı"nın səbəbi nədir? Bu, sülh
çağırışları edən ABŞ-ın
yüksək imicinə zərbədir.
Amerikanın
Azərbaycandakı səfiri Metyu Brayza Vaşinqtonun ölkəmizə
münasibətini bir daha açıqlayıb. O, ABŞ-ın
Azərbaycana xüsusi önəm verdiyini vurğulayaraq deyib:
"Mən Azərbaycana gələndə Prezident Barak Obama və
dövlət katibi Hillari Klinton mənə dedilər ki, Azərbaycan
ilə əlaqələr bizim üçün çox
böyük əhəmiyyətə malikdir və biz bu əlaqələri
mühüm hesab edirik. Onlar Azərbaycanın Birləşmiş
Ştatlar üçün önəmini bir daha
vurğuladılar".
Azərbaycan
da Birləşmiş Ştatları özünün strateji tərəfdaşı
hesab edir. Lakin "gizli bazar, dostluğu pozar" - deyib
atalarımız. ABŞ tərəfinin bir tərəfdən
Azərbaycana dost, müttəfiq dediyi halda, digər tərəfdən
torpaqlarımızı işğal etmiş Ermənistana və
Dağlıq Qarabağdakı separatçı və qanunsuz
rejimə maliyyə yardımı göstərməsi sadəcə
başadüşülən deyil.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 1 aprel.- S.- 4.