1918-ci ilin Quba qırğını əvvəlcədən planlaşdırılmış və düşünülmüş formada həyata keçirilən soyqırımı cinayətinin bir mərhələsidir

 

Quba rayonunda aşkar edilmiş kütləvi məzarlıqdakı skelet sümükləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri tərəfindən ekspertiza olunur.

Birliyin baş direktoru professor Şakir Musayev bildirmişdir ki, 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırımı qurbanlarına dair təyin edilmiş ekspertiza qarşıya qoyulmuş sualların mötəbərliliyinə, mürəkkəbliyinə, çoxsaylılığına, tədqiqatlar zamanı istifadə edilən metod, üsul, spesifik vasitələrin çoxpilləliyi və çoxşaxəliliyinə görə ən ağır və mürəkkəb ekspertiza növüdür. Soyqırımı qurbanlarının qalıqlarının həcminin həddən artıq çoxluğu, sümüklərin artıq çürüməyə, dağılmaya məruz qalması, onlarda çoxsaylı zorakılıq əlamətlərinin mövcudluğu, aksiyadan uzun dövr keçməsi bu ekspertizanın çətinliyini daha da artırmışdır. Belə ki, ekspert tədqiqatlarının 4 ilə yaxın davam etməsinə baxmayaraq, hələ də biz bəzi məsələlərin həllinə görə ekspertizanı başa çatmış hesab etmirik. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən ciddiliklə aparılan dərin araşdırmalar zamanı meydana çıxan bəzi zəruri istintaq hərəkətləri ilə bağlı yenidən qarşımıza qoyulmuş bəzi mötəbər suallar öz həllini tapmalıdır.

Buna baxmayaraq, ermənilər tərəfindən soyqırımı qurbanlarına qarşı vəhşicəsinə törədilmiş cinayət hadisəsinin məzmununu, mahiyyətini və şəraitini tam müəyyənləşdirmək üçün Baş Prokurorluq tərəfindən peşəkarlıqla məqsədəmüvafiq ardıcıllıqla qoyulmuş məntiqli arqumentləşdirilmiş suallar əsasında aşağıdakı məsələlər öz həllini tapmışdır: skelet sümüklərinin aid olduğu şəxslərin sayı, yaşı, cinsi, boylarının hündürlüyü, irqinin yerli antropoloji tipi digər fərdi, fiziki bioloji əlamətləri müəyyən edilmişdir. Məlum olmuşdur ki, bu skelet sümükləri əsasən yerli antropoloji kaspi tipinə uyğundur, başqa sözlə, azərbaycanlılara məxsusdur. Skelet sümüklərinin torpaqda qalma müddətləri onların aid olduğu şəxslərdə ölümün baş vermə müddəti 1918-ci ilə uyğun gəlir. Ekspertizaya təqdim edilmiş skelet sümükləri uşaq, qadın, qoca və ahıllara məxsusdur. Belə ki, bu sümüklərin aid olduğu şəxslərin yaş həddi 1-90 ildir. Sümüklərdə onların fraqmentində deşici, deşici-kəsici, çapıcı, geniş məhdud iz törədən səthlərə malik küt alətlərin (əşyaların) təsirindən əmələ gəlmiş çoxsaylı işgəncə xarakterli zorakılıq əlamətləri aşkar edilmişdir. Zorakılıq əlamətlərinin əksəriyyəti həyati vacib orqanların yerləşdiyi nahiyələrə uyğun olaraq, kəllə və döş qəfəsi sümüklərindədir. Cinayət alətlərinin növ qrupdaxili qiymətləndirilməsi də zədələrin müxtəlif və çoxsaylı küt, deşici, deşici-kəsici və çapıcı alətlərin təsirindən əmələ gəlməsini göstərir. Bu hal həmin şəxslərin, eyni zamanda, müxtəlif şəxslər tərəfindən qətlə yetirildiyinə dəlalət edir. Aşkar edilmiş xəsarətlərin əksəriyyəti həyatla bir araya sığmayan ağır dərəcəli xəsarətlər qrupuna aiddir. Aşkar edilmiş xəsarətlərin ağırlığı, həcmi və onların kütləviliyi, eyni bir şəxsdə çoxsaylılığı və əksəriyyətinin həyati vacib orqanların yerləşdiyi nahiyəyə təsadüf etməsi göstərir ki, sözügedən skelet sümüklərinin mənsub olduğu şəxslərin ölümünə bilavasitə bu xəsarətlər səbəb olmuşdur. Əksər skelet sümüklərində çoxsaylı və kombinə olunmuş müxtəlif ölçülü (o cümlədən xırda və səthi zədələr) zorakılıq əlamətlərinin olması, onların aid olduğu şəxslərə işgəncə verilməklə qətlə yetirildiyinə sübutdur. Skelet sümüklərinin aid olduğu şəxslərdə zəhərli və güclü təsiredici maddələr aşkar edilməmişdir. Bəzi sümüklərin aid olduğu şəxslərin ölümlərinə səbəb ola biləcək xəstəlik əlamətləri də aşkar edilməmişdir. Bu hal quyudan aşkar edilmiş həmin skelet sümüklərinin aid olduğu şəxslərin sağ ikən diri-diri basdırılması qənaətinə gəlməyə əsas verir. Skelet sümüklərinin mənsub olduğu şəxslər ümumbəşəri dəyərlərə (mənəviyyat və əxlaq normalarına), dəfn qaydalarına zidd olaraq (uşaq, qoca, qadın, kişi cinsinə mənsub olan şəxslərin qarışıq və səliqəsiz şəkildə bir yerdə basdırılması) quyulanmışlar.

1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırımı qurbanlarının ölümlərinə səbəb olmuş yuxarıda qeyd olunan zorakılıq əlamətlərinin yetirilmə üsul vasitələri, o cümlədən həmin insanlar qətlə yetirildikdən sonra onların cəsədlərinin quyulanması kimi mənəviyyatsızlıqlar, erməni faşistləri tərəfindən qətlə yetirilmiş insanların cəsədlərinə qarşı yönəldilmiş qeyri-insani hərəkətlərin, əvvəlcədən planlaşdırılmış və düşünülmüş formada həyata keçirilən soyqırımı cinayətinin bir mərhələsidir.

 

 

Xalq qəzeti.- 2011.- 1 aprel.- S. 3.