31 mart soyqırımı ekranda

 

Azərbaycan kinematoqrafçıları 31 mart soyqırımı ilə bağlı bir neçə yeni sənədli filmin istehsalını başa çatdırmışlar. Soyqırım günü ərəfəsində həmin filmlərin təqdimatı keçirilmişdir. Martın 29-da Hökumət Evində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sifarişi ilə hazırlanmış "Soyqırımı" sənədli filmi təqdim olundu.

 

Film 1918-ci il martın 31-də erməni daşnaklarının Qubada törətdikləri soyqırımdan bəhs edir. Təqdimat mərasimində çıxış edən, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Günel Paşayeva deyib ki, Qubada 3 min dinc insan, 1918-1920-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 700 min nəfərə yaxın insan qətlə yetirilib. Onun sözlərinə görə, 2007-ci ildə Quba şəhərində aşkara çıxarılan kütləvi məzarlıq erməni daşnaqlarının dinc insanları hansı işgəncələrlə qətlə yetirdiyini, soyqırıma məruz qoyduğunu bütün dünyaya göstərib.

Bu filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, məsləhətçisi Milli Məclisin deputatı Qənirə Paşayevadır. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Dünən isə Beynəlxalq Muğam mərkəzində Mehriban Ələkbərzadənin "Salnamə" studiyasında dövlət sifarişi ilə çəkdiyi "Mart hadisələri və ya Qara oyunlar" sənədli filminin təqdimatı keçirilmişdir. Rejissor M.Ələkbərzadə filmin ssenarisini Nadir Bədəlovla birgə yazmışdır. Quruluşçu operator Adil Abbasov, quruluşçu rəssam Əziz Məmmədov, bəstəkar Azad Vəliyevdir.

Bu filmdə də tariximizin ağrılı səhifələrini təşkil edən 31 mart soyqırımı barədə ətraflı bəhs olunur.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 1 aprel.- S. 3.