Fərəc
Quliyev: "Biz Azərbaycanda xarici qüvvələrin
qurduğu oyunların oyunçusuna çevrilib milli maraqlara
zidd addımlar atan istənilən qüvvəni pisləyirik"
Son vaxtlar radikal müxalifət nümayəndələri
ölkədə qarşıdurma və
çaşqınlıq yaratmaq üçün icazəsiz aksiyalar
keçirməyə cəhd göstərir, əhalini,
xüsusilə də gəncləri dövlətçiliyə
qarşı qanunsuz hərəkətlərə təhrik edirlər.
Azərbaycanın sürətli inkişafına, beynəlxalq
aləmdə nüfuzunun getdikcə artmasına, əhalinin həyat
səviyyəsinin yüksəlməsinə əngəl
törətməyə çalışan xarici və daxili
düşmənlərimiz ciddi narahatlıq içindədirlər.
Belələri ölkəmizin inkişafına kölgə
salmaq üçün icazəsiz aksiyalar təşkil etməklə
qarşıdurma yaratmağa çalışırlar. Təbii
ki, belə antimilli qüvvələrin səsinə səs verən
yoxdur və onların xəyanətkar əməlləri
ziyalılar, ictimai-siyasi xadimlər və siyasi partiyalar tərəfindən
kəskin pislənilir. Milli Məclisin deputatı, Milli
Dirçəliş Hərəkatının sədri Fərəc
Quliyevlə söhbətimiz bu barədə oldu. O, bu məsələlərə
münasibət bildirərkən dedi:
- Bu gün radikal müxalifətin seçdiyi yol demokratiyadan çox-çox uzaqdır. Sərt mübarizə düşmənlə aparılmalıdır. Ancaq icazəsiz aksiya təşkilatçıları bu mübarizəni daxildə aparmağa çalışırlar. Hərçənd onların buna cəsarətləri yoxdur. Hər halda antimilli şüarlar səsləndirmək normal davranış deyil. Belələri unudurlar ki, hakimiyyətə müxalifət olmaqla, dövlətə müxalifət olmaq tamam fərqli şeylərdir. Məsələn, AXCP sədri və digərlərinin gedib Strasburqda və müxtəlif xarici dövlətlərdə Azərbaycanın əleyhinə təbliğat aparması, Almaniyada Erməni Ümummilli Hərəkatının nümayəndələri ilə ölkəmiz əleyhinə sövdələşmələri, gənclərin nümayəndəsi kimi Ruslan Bəşirlini ermənilərlə danışıqlara göndərmələri hakimiyyətə müxalifətçilik yox, dövlətə, xalqa qarşı düşmənçilikdir.
Mən Milli Məclisdə hökumətin hesabatına qiymət verərkən çox sərt şəkildə tənqid etdim. Bunu çox normal qəbul etdilər. Hətta dedim ki, Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin lazımi səviyyədə aparılmamasını irad tutub. Hökumətin fəaliyyətini dəyişmək, gücləndirmək tələb olunur. Ölkədə baş verən müsbət dəyişikliyi qiymətləndirmək lazımdır. Bunu kimliyindən, mövqeyindən asılı olmayaraq hər bir şəxs etməlidir. Yəni, yaxşını da, pisi də obyektiv qiymətləndirmək lazımdır. Müxalifətin normal düşüncəsi, konsepsiyası olmalı, düzə-düz, əyriyə-əyri deməlidir. Hər şeyə əyri baxmaq müxalifətçilik yox, anormallıqdır. Təəssüf ki, adını müxalifət qoyan bəziləri bu yolu seçiblər.
Özünü müxalifət hesab edən bu "qüvvələr"in siyasi mübarizə metodlarını normal qəbul etmirəm. Biz də müxalifət təşkilatıyıq. Hesab edirəm ki, sovet dönəmində aparılan siyasi mübarizə metodlarını müstəqil respublikamızda tətbiq etmək yersizdir. Həmin dövrdə SSRİ-dən ayrılmaq və müstəqillik uğrunda mübarizə aparırdıq. Bu gün isə müstəqil respublika olaraq ölkəmizi gücləndirmək və daha da inkişaf etdirmək istiqamətində çalışmalıyıq. Siyasi mübarizə, bir növ, yarış xarakteri daşımalıdır. Siyasi qüvvələr arasında intellekt mübarizəsi getməlidir. Söhbət müxalifətdə təmsil olunan qüvvələrin alternativ proqramlar ortaya qoymasından, potensial imkanlarına uyğun fəaliyyət göstərməsindən gedir. Siyasi qüvvələr arasında gedən mübarizə də sivil, demokratik prinsiplərə uyğun olmalı, ölkənin milli maraqlarına cavab verməlidir.
Azərbaycanda hər hansı xarici dairələrin öz məqsədləri naminə oyun qurmasının tamamilə əleyhinəyəm. Ölkədə ən müxtəlif sferalarda islahatlar həyata keçirilir və bu islahatların daha da gücləndirilməsinin tərəfdarıyam. Müxalifət düşərgəsini təmsil edən şəxs kimi deyə bilərəm ki, Milli Məclisin tribunasından ölkədə həyata keçirilən islahatlarla əlaqədar fikirlərimi kifayət qədər bildirmişəm. Bir daha qeyd edirəm ki, hansısa ölkədə dağıdıcılıqla, bölücülüklə müşahidə olunan proseslərin ölkəmizə transferini düzgün saymıram.
Bu gün özünü "ana müxalifət" hesab edən dairələr ölkədə sivil, demokratik siyasi mübarizə aparmaq əvəzinə "dağıdıcı inqilab" tərəfdarı kimi çıxış edirlər. Hesab edirəm ki, ölkədə bütün proseslər yalnız sivil, demokratik qaydada həyata keçirilməlidir. Azərbaycanı istəməyən kifayət qədər xarici qüvvələr var. Onlar hər an qarşıdurma yaratmaqda maraqlıdırlar. Azərbaycanın milli maraqlarına zidd addım atan bu qüvvələrin əlinə əlavə imkanlar vermək olmaz. Antiazərbaycançı qüvvələr ölkəmizdə xaos, qarşıdurma yaratmaqda maraqlı olduqlarını heç gizlətmirlər də. Biz ölkəmizdə bütün sahələrdə davamlı inkişafın olmasında, insanların sosial rifah halının yüksəlməsi istiqamətində islahatlar aparılmasında maraqlıyıq. Ölkə başçısının bu istiqamətdə gördüyü işləri, xüsusilə də korrupsiya və rüşvətxorluq, neqativ halların aradan qaldırılması sahəsində həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirirəm. Hansısa xarici dövlətdən ruhlanaraq Azərbaycanda xaos yaradılmasının tamamilə əleyhinəyəm.
Bu gün özlərini radikal müxalifət hesab edənlər bu xalq, millət, Vətən üçün hansı işləri görüblər? Onlar ölkənin hansı taleyüklü problemlərinin aradan qaldırılması yolunda fəaliyyət göstəriblər? Biz müxalifət olaraq əsas fəaliyyətimizi xalqı daha çox narahat edən problemlərin həllinə, xüsusilə işğal altında olan torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qaytarılması uğrunda çalışırıq. Bəs özlərini "ana müxalifət" hesab edənlər nə işlə məşğuldurlar? Onları yalnız hansı yolla olursa-olsun hakimiyyətə gəlmək maraqlandırır. Belələrinin himayəsində olan qəzetlərə nəzər yetirməklə də bunu aydın görmək olar. Məsələn, onlardan soruşduqda ki, digər dövlətlərin Azərbaycanın daxili işinə qarışmasına niyə münasibət bildirmirsiniz. Deyirlər ki, birdən onlar haqqında dediyimiz sözlər xoşlarına gəlməz, sabah hakimiyyətə gələndə bizə mane olarlar. Demək, bunlar hakimiyyətə gəlməkdə xarici himayədarlarından bəhrələnmək niyyətlərini gizlətmirlər. Göründüyü kimi, radikal müxalifətin bütün fəaliyyəti hər şeydən istifadə edib hakimiyyəti ələ keçirməkdir. Bu çox yanlış bir yoldur. Hakimiyyətə demokratik yolla, seçki ilə, düşüncə ilə gəlmək lazımdır. İnqilab yolu səhv yoldur. Onların "inqilab" adlandırdıqları icazəsiz aksiyaya gələnlərin sayına da baxın. Təşkilatçılar haradasa gizlənir, cavanları aldadaraq qabağa verirlər. Mən belə təşkilatçılardan birinin müsahibəsində oxuyuram ki, o, mitinqə gəlməyəcək. Bəs onda cavanları niyə qabağa verirsən? Mitinq təşkil etmisən, zəhmət çək, düş qabağa, məsuliyyətdən də yayınma!
Biz torpaqlarımızın azadlığı uğrunda döyüşə gedəndə qabağa düşmüşük. Ətrafımıza topladığımız insanları arxamızca aparmışıq. Çətin günlərdə də bir yerdə olduq. Ancaq AXCP sədri açıq şəkildə deyir ki, mən mitinqə gəlməyəcəyəm. Nə vaxta qədər yoldaşlarınızı satacaqsınız? Nə vaxta qədər hər şeyi öz maraqlarınıza qurban verəcəksiniz? Xalq bu insanları çoxdan unudub. Hesab edirəm ki, onların keçirmək istədikləri aksiyalara əhəmiyyət vermək lazım deyil. Əslində bu yolla gündəmə gəlmək istəyirlər. Harada mitinq keçirsələrdə məlum olacaq ki, tərəfdaşları yoxdur. Meydanlarda tək qalacaqlar. Özlərinin deməsinə görə, İctimai Palata adlı qurumda guya 600 nəfər toplaşıb. Ancaq "Torqovı" deyilən yerdə "inqilab" etmək istəyərkən cəmi 30 nəfər oldular. Hanı onların birliyi, tərəfdarları? Son illər o qədər qurum yaradıblar ki, adlarını da unudublar. İctimai Palata da belə mənasız, əhəmiyyətsiz bir qurumdur. Onların xalqın adından danışmağa heç bir səlahiyyəti yoxdur. Axı kimdirlər ki, xalqın da adından danışsınlar? Seçkilərdə uduzanlar bir yerə toplaşıb adlarını da İctimai Palata qoyublar. Mübarizələrdə xalqını, millətini, Vətənini sevənlər qalib gəlirlər. Hakimiyyət hərisləri heç vaxt xalqın rəğbətini qazana bilməz. Kim ki, Azərbaycanın milli mənafeyinə zidd gedirsə, onlar həmişə məğlub olacaqlar.
Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərdən hər hansı biri milli maraqlardan çıxış edirsə, biz o fikri dəstəkləyirik. Eynilə müxalifətdə təmsil olunan şəxslərin də ölkəmizin inkişafı naminə pozitiv mövqedən çıxış etməsi tərəfimizdən müsbət dəyərləndirilir. Biz Azərbaycanda xarici qüvvələrin qurduğu oyunların oyunçusuna çevrilib milli maraqlara zidd addımlar atan istənilən qüvvəni pisləyirik. Milli azadlıq hərəkatı dövründə bir cərgədə olduğum, sonradan isə ayrılmış bəzi adamlar, ola bilsin ki, mənim mövqeyimlə razı deyillər. Vaxtilə bu şəxslər "narıncı köynəklər" geyinərək küçələrə çıxırdılar. "Narıncı inqilab" arzusunda olan bu şəxslər sonradan öz yaxın tərəfdarlarını da aldatdılar. Mən həmin vaxt bildirmişdim ki, ölkədə dəyişikliklər etmək üçün kiminsə köynəyini geyinməyə dəyməz. Bugünün özündə də ən müxtəlif fondlar Azərbaycana böyük qrantlar yönəldirlər. Bu qrantlar məqsədli şəkildə ayrılır. Ən müxtəlif fondlar Azərbaycanın maraqlarına zərbə vurmaq üçün lobbiçilik işindən belə çəkinmirlər, ikili standartlarla Azərbaycana baxırlar. Bu dairələr aldıqları qrantlar hesabına fəaliyyətlərini qurur və "ağa"larına vaxtaşırı hesabatlar verirlər. Belələrinin "gücü" də, əslində, ortalıqdadır. Həmin insanları Azərbaycan xalqı çox yaxşı tanıyır. Fakt üçün deyim ki, martın 12-də özünü müxalifətçi sayan dairələrin keçirdikləri mitinq-yürüş onların nəyə qadir olduqlarını bir daha ortaya qoydu. Mən Azərbaycanın maraqlarına uyğun olmayan istənilən davranışın əleyhinəyəm. Hesab edirəm ki, ölkədə mövcud problemləri göstərən və onların həllinə diqqəti yönəldə bilən sanballı qüvvələrin ortada olması vacibdir. Özlərinə "ana müxalifət" adı qoyan adamlar istənilən addımları ata bilərlər. Azərbaycanda hansısa dövlətdə baş verən siyasi mübarizə metodlarını tətbiq etmək yanlışdır. Digər tərəfdən, bu insanlar dəyişiklik etmək iqtidarında deyillər. Radikal müxalifətçilər indiyə qədər cəmiyyətə heç bir platforma, fundamental ideya təqdim etməyiblər. Özlərini müxalifətçi sayan bu şəxslər bir-birlərinin qeybətini etmək, öz şəxsi maraqlarını reallaşdırmaq, köhnə dostlarının qarasına danışmaqdan o tərəfə keçməyiblər. Lazım gəldikdə şəxsi maraqları naminə hətta düşmənlə də ittifaqa gedirlər. Buna fakt kimi həmin radikal müxalifət dairələrinin xaricdəki ermənipərəst siyasi dairələrlə fəal əməkdaşlığını misal gətirmək olar. Məlum olduğu kimi, Müsavat Partiyasının rəhbəri İsa Qəmbər Ermənistan Ümummilli Hərəkatı ilə qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzalayıb. Ermənistan Ümummilli Hərəkatı erməni ideoloqlarını idarə edən mərkəzlərdən sayılır. Budur onların iç üzləri.
Özlərini "ana müxalifət" adlandıranların arxasınca xalqın getməməsinin bir neçə səbəbi var. Əvvəla, yalnız seçkidən-seçkiyə insanların yanına getmək düzgün taktika deyil. Bunu heç kim qəbul etmir. İnsanların problemləri ilə daim maraqlanmaq lazımdır. Digər tərəfdən, partiya rəhbərləri nə istədiklərini bilməlidirlər. Onlar deyirlər ki, hakimiyyət getməlidir. Ancaq bu şəxslərin hakimiyyətə gəlib xalqa nə verəcəkləri ilə bağlı alternativ proqramları yoxdur. Bu adamlar strateji məqamlarda tamamilə fərqli davranışlar nümayiş etdirirlər. Xalqın bu insanların arxasınca getməməsinin mühüm səbəblərindən biri də onların öz mövqelərini bir neçə dəfə dəyişməsidir. Dəfələrlə radikal partiya sədrləri ən müxtəlif məsələlərdə birgə mövqedən çıxış edəcəklərini bəyan etsələr də, son anda fərqli addımlar atıblar. Bir müddət əvvəl AXCP-Müsavat birliyindən söhbət gedirdi. Yenə də nəticəsiz qaldı. Bu partiyaların bir yerdə olması heç zaman mümkün olmayacaq. Qeyri-standart davranışlar, öz yaxınlarını aldatmalar onların siyasi iflasını sürətləndirib. Çünki hər biri ayrı-ayrılıqda hakimiyyət iddiasındadır. Fikir verin, 17 ildir ki, heç yerdə işləmirlər, ancaq hər bir rahat şəraitləri var. AXCP sədri deyir ki, bu günlərdə mənim mühafizə dəstəmin rəhbərini tutublar. 17 il heç bir yerdə işləməyən adamın mühafizə dəstəsi, bu dəstənin rəhbəri, xidməti maşını var. Görəsən bütün bunlar hansı vəsaitlə saxlanılır?
Bu faktın özü cəmiyyətə çox şey deyir. Bir daha şahidi olacağıq ki, heç kəs cəmiyyətdə bölücülük, qarşıdurma yaratmaq istəyənlərin arxasınca getməyəcək. Mən tamamilə əminəm ki, onlar istədikləri yerdə mitinq keçirsələr belə, ətraflarına heç kimi toplaya bilməyəcəklər. Çünki radikal müxalifətin sosial bazası yoxdur, tam tükənib. Hesab edirəm ki, onların mitinqöncəsi çağırışlarına da səs verən olmayacaq. Aprelin 2-si Kəlbəcərin işğalı günüdür. Biz bununla əlaqədar tədbir keçirməyi planlaşdırmışıq. Ancaq İctimai Palata hakimiyyət davası edir, əhalini dövlətçiliyə qarşı mübarizəyə səsləyir. Belələrinə cəmiyyətdə heç vaxt yer olmayıb və olmayacaq da.
Söhbəti qələmə
aldı: Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 2 aprel.- S. 5.