"Xəcalət"
yenə səhnədə
Dünən
Akademik Milli Dram Teatrının səhnəsində
oynanılan, yazıçı-dramaturq Hüseynbala Mirələmovun
"Xəcalət" əsəri yenə də
tamaşaçılarına kəskin dramatik hisslər
yaşatdı. Tamaşanın 31 Mart - Azərbaycanlıların
Soyqırımı Günündə nümayişinin də
öz məramı var idi.Tamaşa başlamazdan əvvəl
çıxış edən yazıçı-dramaturq
Hüseynbala Mirələmov bunu belə açıqladı:
-
Tarix göstərir ki, unutqanlıq, həqiqətlərin, faciələrimizin
qan yaddaşımızdan silinməsi xalqımızın
soyqırım faciələrini təkrar-təkrar
yaşamasına, mədəniyyətimizin,
varlığımızın talanmasına, milli qürurumuzun
alçaldılmasına gətirib
çıxarmışdır. Xüsusilə vandal erməni
millətçilərinin xalqımıza qarşı 1905-ci
ildən başlayan soyqırımına qarşı
unutqanlığımız nəticədə əzəli Azərbaycan
torpaqlarında az qala ikinci erməni dövlətinin
yaradılmasına şərait yaratmışdır.
Şübhəsiz,
burada ən böyük bəla laqeydliyimiz, bu barbar
soyqırım siyasətinin son hədəfinin arxasında nələrin
dayandığını görməməyimiz
olmamışdır. Məncə, az qala 100 ildən artıq
bizə qarşı olan soyqırım faktları, genefondumuzu
məhv etmək üçün atılan namərd
addımlar, dünyanın haqqımıza ədalətsiz
yanaşması yetər ki, bir nəticə
çıxarıb qərar verək. Qərar verək ki,
bundan sonrakı günlər, illər üçün
heç bir Azərbaycan övladı xəcalət çəkməsin.
Sonda
yazıçı-dramaturq bu möhtəşəm mədəniyyət
ocağının ən müasir səviyyədə təmiri
və bərpasına görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
incəsənət işçiləri, ziyalılar və
teatrsevərlər adından minnətdarlıqlarını
bildirdi və qeyd etdi ki, bu artıq xalqımızın öz
taleyinin sahibi olduğundan və milli-mənəvi, mədəni
varlıqlarımıza verdiyi dəyərdən xəbər
verir.
Sonra
əməkdar incəsənət xadimi Bəhram Osmanovun
quruluşunda 2006-cı il iyunun 16-dan Akademik Milli Dram
Teatrının repertuarından çıxmayan "Xəcalət"
tamaşası başladı. Dəfələrlə
oynanılmasına baxmayaraq, yenə də teatr salonunda bir dənə
də olsun boş yer yox idi. Anşlaqla keçən
tamaşada hisslərini boğa bilməyib ağlayanlar isə
yenə az olmadı.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 2 aprel.- S. 5.