Kəlbəcərlilər doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər

 

İki əsrdən çoxdur ki, ermənilər öz havdarlarının köməyi ilə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımlar törədir, torpaqlarımızı qəsb edir, etnik təmizləmələr aparırlar. 1993-cü il mart ayının sonu-aprel ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri təbiətin zümrüd qaşı hesab olunan Kəlbəcər rayonunu işğal etdilər. Bu qanlı cinayət Azərbaycan xalqına qarşı aparılan soyqırımının davamı idi.

 

Əslində, ermənilər 1905- 1907 və 1918-ci illərdə, həmçinin 1945-1948-ci illərdə olduğu kimi 1980-ci illərdə də öz məkrli planlarını həyata keçirmək məqsədi ilə əlverişli fürsət axtarırdılar. 1985-ci ildə ermənipərəst Mixail Qorbaçovun hakimiyyətə gəlişi ilə belə fürsət yarandı. İlk öncə 1987-ci ildə dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, xalqımızın böyük oğlu Heydər Əliyev siyasi hakimiyyətdən kənarlaşdırıldı. Bundan dərhal sonra xain Qorbaçovun fitvası ilə erməni akademik Aqambekyan Parisdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında bəyanat yaydı. Bununla da bugünkü faciələrin başlanğıcı qoyuldu.

1988-ci il fevral ayının əvvəlindən başlayaraq Sovet imperiyasının bədnam rəhbəri Mixail Qorbaçovun himayəsi və Ermənistan dövlətinin köməkliyi ilə Dağlıq Qarabağda yaşayan erməni separatçıları Azərbaycana qarşı qiyam qaldırdılar. Onlar torpaqlarımızı ələ keçirmək üçün hər cür çirkin vasitələrə, görünməmiş vəhşiliklərə əl atırdılar.

1991-ci ilin sentyabrında qondarma "Dağlıq Qarabağ Respublikası"nın elan edilməsi və bu məsələyə Kremlin soyuqqanlı münasibəti erməni separatçılarını daha da azğınlaşdırdı. 1991-ci ilin sonunda Rusiya və Ermənistan Dağlıq Qarabağın separatçı və terrorçu ermənilərini silahlandırmağa başladılar. Onlar açıq əməliyyata başlayaraq əlverişli strateji əhəmiyyətli məntəqələri ələ keçirdilər. 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli özünümüdafiə qüvvələri haqqında qanun qəbul etdi. Özünümüdafiə dəstələri könüllülük əsasında təşkil edilirdi. Bu dəsətələrdə kifayət qədər nizam-intizam yox idi.

1992-ci il fevralın 25-i və 26-da erməni separatçıları Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı motoatıcı alayın iştirakı ilə Xocalını tutdular. XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı törədildi. Respublika rəhbərliyi kifayət qədər məlumatı olduğu halda, bu faciənin qarşısını almaq üçün lazımi tədbirlər görmədi.

Rusiyanın hakim dairələri Ermənistana hərbi yardımı gücləndirirdi. Azərbaycanda isə hərbi texnika bərbad vəziyyətdə idi. Silahlı qüvvələrin başçıları Dövlət Müdafiə Şurasına, Ali Baş Komandana tabe olmurdular. Silah-sursatın hesabı aparılmır, anarxiya baş alıb gedirdi. Vaxtsız və hazırlanmamış əməliyyatlar keçirməklə Azərbaycan Silahlı Qüvvələri məğlub olur, ağır itkilər verir və geri çəkilirdilər.

Xocalı soyqırımından sonra, 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə erməni faşistləri azərbaycanlıları öz doğma torpaqlarından qovub çıxarmaq məqsədi ilə Kəlbəcər rayonunun 130 evdən ibarət olan Ağdaban və Çayqovuşan kəndlərini yandırdılar, 779 nəfər dinc əhaliyə qanlı divan tutdular, 32 nəfər mülki və hərbi şəxsi qətlə yetirdilər. Onların 8 nəfəri 90-100 yaşlı qocalar, 2 nəfəri azyaşlı uşaq, 7-si qadın idi. Kənddən 5 nəfər girov götürüldü, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. 7 nəfər qoca qadın və kişi diri-diri odda yandırıldi. Erməni qəsbkarları Ağdabana hücum zamanı 8 yaşlı Alıyeva Ülviyyə Camal qızının atasını gözləri qarşısında gülləliyib, özünü isə kartof quyusunda diri-diri basdırmışdılar.

Erməni faşistləri Hüseynov Saşa Saleh oğlunun üz və bədən dərisini soya- soya qətlə yetirmişdilər. Daşnaklar kənd sakinlərindən Məmmədov Musa Qara oğlunu, Məmmədova Həyat Həsən qızını, Hümbətova Fatma Qaraca qızını, Qocayev Bakir Qurban oğlunu, Qocayeva Zeynəb Məmməd qızını, Qurbanov Qulu Sabir oğlunu diri-diri yandırmışdılar. Erməni cəlladları Hümbətov Qorxmaz Qaraca oğlunun ürəyini çıxarmış, Məmmədov Ziyəddin Əlqəmə oğlunu, Məmmədov İsbəndiyar Lətif oğlunu tikə-tikə doğramış, Qasımov Rayət Behbud oğlunun üzərindən isə BTR-i keçirməklə onu torpağa qarışdırmışdır. Kərimova Qəmər İsa qızının sinəsinə güllələrlə xaç şəkili çəkmişdilər.

Nə qədər acı da olsa, bu müsibətlər tariximizin qanlı, faciəli səhifələridir və biz heç vaxt bu amansız erməni vəhşiliyini unutmamalıyıq. Deyirlər, keçmişini unudanı gələcək topa tutar.

Ağdaban faciəsi Xocalıdan sonra azərbaycanlılara qarşı törədilmiş ən qanlı soyqırım hadisəsi idi. Burada ən dəhşətlisi odur ki, özlərini demokratiyanın beşiyi adlandıran super dövlətlər nəinki bu qanlı aksiyaya qarşı etiraz etdilər, əksinə, ağızlarına su alıb özlərini görməzliyə, eşitməzliyə vurdular. Bu idi özünü ədalətli, demokratik, humanist adlandıran ölkələrin Azərbaycana münasibəti !

Məhz buna görə də cəzasız qalan mənfur ermənilər bu dəhşətli terrordan kifayətlənməyib daha da azğınlaşaraq 1993-cü il mart ayının sonu, aprel ayının əvvələrində ölkəmizdəki daxili çəkişmələrdən istifadə edərək Azərbaycanın qala qapısı Kəlbəcərə Ağdərə, Laçın və Ermənistan istiqamətlərindən genişmiqyaslı hərbi hücumlara başladılar. Martın 27-dən aprelin 2-dək, yəni qısa vaxt ərzində 50 min nəfərdən çox əhalisi və 1936 kvadratkilometr ərazisi olan Kəlbəcər rayonunu, o cümlədən 10 min nəfərə yaxın əhalisi olan Kəlbəcər şəhərini, dünya şöhrətli İstisu kurortunu, 130 kəndi işğal etdilər.

Ümummiyyətlə, erməni təcavücü nəticəsində ilkin hesabalamalara görə, rayona 2 milyard 280 milyon manat dəyərində maddi ziyan dəymişdir. Kəlbəcərin işğalı zamanı 220 mülki vətəndaş qətlə yetirilmiş, 125 nəfər itkin düşmüş və ya girov götürülmüş, rayon üzrə 511 nəfər vətəndaş şəhid olmuşdur. Bunların 265 nəfəri hərbçi, 246 nəfəri mülki vətəndaşlardır. İtkin düşmüş mülki vətəndaşlardan 6 nəfəri azyaşlı uşaqdır. Neçə - neçə qız-gəlinlərimiz düşmən əlinə keçməmək üçün özlərini qayadan atmış, suda boğularaq intihar etmişlər. Burada düşmənin əlinə keçməmək üçün özünü Qamışlı körpüsündən axar çaya atmış, Milli kənd sakini, namus, qeyrət mücəssəməsinə çevirilmiş Camalova Zərnişan Kazım qızının əziz xatirəsi yada düşür. Başlıbel kənd sakini Əmralıyev Çingiz Məhəmməd oğlu ermənilərin əlinə keçməməsi üçün bacısı Aygünü özü güllələmişdir. Kəlbəcər oğullarının və qızlarının mətinliyinə aid çox misallar çəkmək mümkündür və onların hamısı bizim üçün əzizdir.

İstər 1992-1993-cü illərdə, istərsə də 1993-cü ilin sonu 1994-cü ilin əvvəllərində Kəlbəcər uğrunda gedən döyüşlərdə vətənpərvər hərbçilərimiz son nəfəslərinə qədər mənfur düşmənlə döyüşərək şəhid oldular. Neçə - neçə həmyerlimiz, əsl Vətən fədailəri 1992-ci ildə Vəng, Narınclar, Yanşaq, Bağlıpəyə, Kəlbəcər döyüşlərində, 1994-cü ilin əvvəllərində isə Qanlıkənd, Çəpli, Murovdağ döyüşlərində qəhrəmanlıqla vuruşaraq Vətən və millət yolunda canlarını qurban verdilər.

Hərbçi şəhidlərdən 3 nəfərinə ölümündən sonra Prezidentin fərmanı ilə Milli Qəhrəman, 7 nəfərinə isə "İgidliyə görə" medalları verildi.

Kəlbəcər aprelin 2-də süqut etdi. Kəlbəcər əhalisi qarlı-çovğunlu hava şəraitində piyada Murovdağ yolu ilə aran rayonlarına axışdı. Murov yolu-xilas yolu kimi tarixə düşdü. Bu yolun çəklişində böyük zəhməti olmuş bütün insanlara, xüsusən Kəlbəcərdə uzun illər rayon XDS İcraiyyə Komitəsinin sədri işləmiş və Murov yolunun çəkilməsində xüsusi xidmətləri olan el ağsaqqalı Qəmbər Qurbanova, Təhməz Cəfərova, həmin vaxt yol idarələrinin rəhbərləri olmuş Vidadi Məhərrəmova, Nizami Çıraqova, Şəmsi Kərimova və bütün yol işçilərinə minnətdarıq.

Ümummilli liderimiz Heydər Əliyev Kəlbəcər faciəsi haqqında danışarkən demişdi: "Bu faciəni heç vaxt unutmaq olmaz, faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də, onu daim yaşatmaq lazımdır ki, bu faciələrdən hərə özü üçün ibrət götürsün. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin - Azərbaycanın başına nə kimi bəlalar gəlibdir və erməni qəsbkarları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır, unutmaq olmaz, nəsillərdən-nəsillərə ötürmək lazımdır".

Kəlbəcər təbiətin zümrüd tacı, söz-sənət diyarı, gözəlliklər məskəni idi. Hazırda düşmən əlində olan Yer üzündə analoqu olmayan şəfa qaynağı "İstisu", "Narzan" bulaqları, zəngin təbii sərvətlər, o cümlədən qızıl, civə, molibden, mərmər, travertin, uran, dəmir və digər mineral yataqlar; qalın meşələr, zəngin bitki örtüyü, regionun əvəzsiz flora və faunası düşmən tərəfindən talan olunur, xarici bazarlarda dəyər-dəyməzinə satılır.

Əgər o zaman xalqı bir yumruq kimi birləşdirib düşmən önünə çıxarmaq mümkün olsaydı, bu itkilərin heç biri olmayacaqdı. 136 kilometr Ermənistanla, 96 kilometr Dağlıq Qarabağla sərhəd olan Kəlbəcərin hərbi -strateji əhəmiyyəti nəzərə alınsaydı, bəlkə Qarabağ itkisi də olmazdı.

Heç şübhəsiz ki, ulu öndərimiz, dahi siyasətçi Heydər Əliyev hakimiyyət başında olsaydı, bu məhrumiyyətlərin heç biri olmayacaqdı.

Yalnız 1993-cü ildə ulu öndərin hakimiyyətə qaydışından sonra onun polad iradəsi nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu. Ölkədə dövlətçilik, əmin-amanlıq bərqərar edildi.

İndi Dağlıq Qarabağın, o cümlədən işğal olunmuş Kəlbəcərin geri qaytarılması Azərbaycan dövlətinin siyasətində prioritet məsələdir.

Hazırda kəlbəcərli məcburi köçkünlər respublikanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində müvəqqəti məskulaşmışlar. Onların yeganə arzusu doğma torpaqlarına, el-obalarına qayıtmaqdır. Mənfur erməni təcavüzü nəticəsində övladlarını, yaxınlarını və hətta adi insani haqlarını itirmiş rayonun 68 min məcburi köçkün əhalisi bir nəfər kimi BMT-nin Təhlükəsizlik Şurasından, BMT-nin İnsan Hüquqlarının Müdafiəsi Təşkilatından və Avropa Şurasının Hüquq və İnsan Haqları Komitəsindən xahiş və tələb edirlər ki, Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 30 aprel 2003-cü il 822 saylı, Azərbaycanın digər bölgələrinin işğalı ilə əlaqədar 853, 874 və 884 saylı qətnamələrinin təcavüzkar və işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsi, işğal etdiyi torpaqlardan geri çəkilməsi təmin edilsin, silah gücünə didərgin salınmış bütün məcburi köçkünlərin öz el-obasına qaytarılmasına kömək göstərilsin.

Biz ümid edirik ki, haqq səsimiz beynəlxalq təşkilatlarda eşidiləcək, təcavüzkar, qəsbkar və terrorçu Ermənistan geri oturdulacaq, azərbaycanlılara qarşı hərbi cinayət törətmiş cinayətkarlar öz layiqli cəzalarına çatdırılacaqlar. Nə işğaldan əvvəlki 5 illik müharibə şəraiti, nə də ki 18 illik ağır məcburi köçkünlük həyatı rayonumuzun əhalisini sarsıda, əyə bilməmişdir. Biz bütün məhrumiyyətlərə, çətinliklərə dözərək, tab gətirərək öz el-obamıza qayıtmaq ümidi ilə yaşayıb, işləyirik.

Prezident İlham Əliyev 1 iyun 2004-cü il tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqrmanı"nın və sonrakı illərdə vaxt-aşırı olaraq həmin Dövlət Proqramına əlavələrin edilməsi barədə sərəncamlarının icrası ilə əlaqədar görülən çoxsaylı tədbirlər, çadır şəhərciklərinin, fin qəsəbələrinin ləğvi ilə bağlı aparılan işlər, məcburi köçkünlərə göstərilən hərtərəfli dövlət qayğısı bizim qurub - yaratmaq əzmimizi daha da gücləndirir, gələcəyə olan inamımızı artırır.

Xalqımızın və dövlətimizin səbri tükənməkdədir. Sülh danışıqları davam edir, Ermənistanın qeyri - konstruktiv hərəkətləri ilə sülh danışıqları nəticəsiz qalmışdır. Biz sülh tərəfdarıyıq, qanlı müharibə istəmirik. Danışıqların nəticəsi olmasa, onda Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı ilə hamımız silaha sarılıb öz torpaqlarımızı Ermənistanın işğalçı qüvvələrindən silah gücünə təmizləməli olacağıq.

Əminik ki, doğma torpaqlarımızın işğaldan azad olunacağı gün heç də uzaq deyildir. Bu yerdə ulu öndərimiz Heydər Əliyevin bir kəlamını yada salmaq istərdim : "Kəlbəcər öz gözəl keçmiş dövrünə qayıdacaq, gələcəkdə ondan da gözəl olacaqdır".

 

 

Novruz ÇIRAQOV,

Kəlbəcər RİH başçısının müavini

 

Xalq qəzeti.- 2011.- 2 aprel.- S. 4.