Dünya birliyinin
beynəlxalq aləmdəki haqsızlıqlara operativ
münasibəti alqışlanmalı haldır
Ancaq bu məsələdə ikili
standartların davam etməsi BMT-nin nüfuzuna xələl gətirə
bilər
İndiki
şəraitdə BMT baş katibinin öz səlahiyyətlərindən
səmərəli istifadə etməsinin, habelə beynəlxalq
sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində
baş katib ilə birlikdə məsuliyyət daşıyan
üzv dövlətlərin ona göstərməli
olduqları köməyin əhəmiyyəti də artır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Nyu-York, 29 sentyabr 1994-cü il
Sərlövhəyə
çıxarılan bu ifadələr Azərbaycan rəsmilərinin
və bütövlükdə xalqımızın dilindən
səsləndirilsə də, əslində bütün
dünya üçün xüsusi əhəmiyyət kəsb
edən tezislərdir. Çünki istənilən ölkədə
insanlara qarşı törədilən haqsızlıqlar
dünya ictimaiyyəti tərəfindən qınanmalı və
müvafiq tədbirlər həyata keçirilməlidir. Bunu
müasir dünyanın bayraq etdiyi demokratik dəyərlər,
insan hüquqlarının qorunması və bu istiqamətdə
qəbul olunmuş beynəlxalq konvensiyaların təməl
prinsipləri tələb edir.
Hətta,
son zamanlar beynəlxalq tribunalardan tez-tez səsləndirilir ki,
"demokratiya heç bir ölkənin daxili məsələsi
deyil". Yəni hansısa ölkədə demokratik prinsiplər
pozulursa, oraya beynəlxalq ictimaiyyətin müdaxiləsi zəruridir.
Çox gözəl səslənir və çox müsbət
qarşılanır. Amma, bu prinsiplərin həyatda tətbiqi
zamanı bütün dünyanın gözü
qarşısınıda ikili standartlara yol verilməsi məhz
həmin tezislərin müəlliflərinin - özünü
dünyanın ictimai fikrini formalaşdıran qüvvə kimi
tanıtmış ölkələrin və beynəlxalq təşkilatların
nüfuzuna sarsıdıcı zərbə vurur. Həmin
tendensiya son zamanlar daha kəskin şəkildə
özünü göstərdi.
2011-ci
ilin ilk rübündə Şimali Afrikanı silkələyən
ictimai-siyasi proseslər haqqında yayılan məlumatlar
dünyanın hər yerində böyük maraqla və diqqətlə
qarşılanırdı. Xüsusən, zorakılıq və
hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmiş
Liviya Cəmahiriyyəsinin prezidenti, diktator-polkovnik Müəmmər
Qəddafinin hakimiyyətinə son qoyulması
üçün başlanan ümumxalq hərəkatı
planetin hər yerində müsbət
qarşılanırdı. Çünki Qəddafi
dünyanın sivil ölkələrində olduğu kimi
hakimiyyətə seçkilər yolu ilə deyil, hərbi
çevrilişlə gəlmişdi və ölkəni əsl
diktator kimi idarə edirdi. Onun etiraz aksiyalarına göstərdiyi
münasibət də hakimiyyətə çevriliş yolu ilə
gələnlərin əxlaqının və ənənəsinin
göstəricisi idi. Məhz bu məqamları əsas
götürən dünya ictimaiyyəti Liviya xalqının
müdafiəsinə qalxdı. Həmin prosesin önündə
Birləşmiş Millətlər Təşkilatı kimi
mötəbər beynəlxalq təşkilatın getməsi
isə dünyanın hər yerində təqdir olundu. Ancaq bu
hadisələr dünyada gedən proseslərin müsbət məcrası
ilə yanaşı naqis cəhətlərini də
qabartmış oldu. Yüz milyonlarla türkdilli insan sanki bir səslə
danışırmış kimi dünya siyasətini istiqamətləndirənlərə
haqlı bir sual verdi: Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası öz qətnamələrinin
icrasını bu şəkildə operativliklə təmin edə
bilirsə, onda nə üçün Azərbaycanın Ermənistan
tərəfindən işğal olunmuş ərazilərinin dərhal
və qeyd-şərtsiz boşaldılması barədə qəbul
olunmuş qətnamələr 20 ildir ki, havadan asılı
qalır?
Maraqlı,
təəccübləndirici və hətta,
sarsıdıcı məqamdır. Ermənilər qədim Azərbaycan
torpaqlarında Ermənistan dövləti yaradır, sonra azərbaycanlılara
qarşı soyqırımı törədir, yüz minlərlə
insanı öz tarixi-etnik torpaqlarından deportasiya edir, daha sonra
BMT üzvü olan müstəqil Azərbaycan
Respublikasının ərazisinin 20 faizinin
işğalını reallaşdırır, BMT üzvü
olan ölkəni 1 milyon qaçqın və məcburi
köçkünün problemləri ilə üz-üzə
qoyurlar... Amma demokratik prinsipləri və insan
hüquqlarını "pozmurlar". Bu nə məntiqdir?
Üstəlik, Ermənistan rəhbərliyi Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün
aparılan danışıqlarda konstruktiv mövqe tutmaq istəyən
siyasətçiləri fiziki cəhətdən yox etmək
üçün bütövlükdə parlamenti gülləbaran
edir, amma ölkə öz "demokratik imicini qoruyur". Ermənistan
rəhbərliyi ölkənin sovet dönəmindən qalan
varidatını talan etdikdən, xalqı aclıq və məhrumiyyətlər
girdabına saldıqdan sonra ABŞ, Rusiya və Almaniyada
törədilən çoxsaylı maliyyə
fırıldaqlarının və iqtisadi təxribatların
bilavasitə iştirakçısı kimi
çıxış edirlər... Amma Ermənistan
"demokratik ölkə" olaraq qalır. BMT başda olmaqla
bütün beynəlxalq təşkilatların və
aparıcı dövlətlərin terrorçuluğa, qanunsuz
silah alverinə və narkoticarətə qarşı birgə
mübarizəni gündən-günə genişləndirdiyi
halda Ermənistan rəhbərliyi işğal olunmuş Azərbaycan
torpaqlarından sırf həmin məqsədlərlə
istifadə edir. Dünya ictimaiyyəti bu iyrənc hallara
göz yumur və Ermənistan öz "demokratik imicini
qoruyur". Dünya türklərini narahat edən və
milyonlarla insanın haqlı narazılığına səbəb
olan həmin məsələləri artıq hamı dilə gətirir.
Hamı ikili standartlara son qoyulmasını tələb edir. Bu
tələblər artıq ayrı-ayrı şəxslərin
dilindən deyil, həm də dövlət rəsmilərinin bəyanatlarında
səsləndirilir.
Qeyd olunan
tendensiyaya Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun münasibəti
ölkə ictimaiyyəti tərəfindən maraqla
qarşılanıb. Dövlət rəsmisi mətbuata verdiyi
müsahibədə qeyd edir ki, BMT Təhlükəsizlik
Şurasının çıxardığı bir qətnamə
dərhal və böyük iradə ilə icra olunduğu
halda, bu qurumun adıçəkilən şurasının Ermənistanla
bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi 4 qətnamə
20 ilə yaxındır ki, icra edilmir. Bu hal dünya siyasətində
ikili standartların mövcudluğundan, dünya siyasətinin
formalaşmasında, millətlər və dövlətlərarası
münasibətlərin inkişafında mühüm təsirə
malik olan ölkələrin ikili siyasətindən xəbər
verir.
Haqlı narazılıq və haqlı iraddır. Çünki Azərbaycan rəsmiləri BMT tribunasından işğalçı Ermənistan haqqında qəbul olunmuş qətnamələrin nə üçün icra olunmadığını soruşanda BMT rəsmiləri bu qətnamələrin icra mexanizmlərinin olmadığını bəhanə edirdilər. Bəs necə oldu, Liviya haqqında çıxarılan qətnamənin icrasını təmin edən mexanizm dərhal tapıldı və hətta, hərbi əməliyyatlara NATO-nun qoşulması da təmin edildi. Liviya rəhbərliyi dünya ictimaiyyətinin çağırışlarına qarşı hörmətsizlik edirdisə, Ermənistan dünya ictimaiyyətini ümumiyyətlə tanımaq istəmir, istənilən beynəlxalq konvensiyanı ayaq altına atır, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarlarını sadəcə gərəksiz bir kağız parçasına çevirir. Bu bir faktdır ki, rəsmi İrəvan dünya ictimaiyyəti üçün Tripolidən qat-qat təhlükəli bir mövqe nümayiş etdirir. Ona görə də Azərbaycan dövlətinin mövqeyini ifadə edən Əli Həsənov dünya ictimaiyyətinə çağırış ünvanlayır: "ATƏT-in Minsk qrupunun çoxillik fəaliyyətinin heç bir nəticə verməməsini və onun işğalçı Ermənistana təzyiq etmək istəməməsini nəzərə alaraq, beynəlxalq birlik Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də Liviyada olduğu kimi, çevik münasibət göstərməli və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını təmin etməlidir. Beynəlxalq birlik ikili standartlara son qoymalı, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır". Əlavə edək ki, BMT özü qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmır, etinasızlıq göstərirsə, kimdənsə bu hörmətin, diqqətin gözlənilməsi məntiqsizlikdir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxış və nitqlərində dönə-dönə qeyd etmişdir ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa böyük önəm veririk və bu əməkdaşlığın perspektivinə inanırıq.
Ulu öndərimiz Heydər Əliyev isə 1994-cü ilin sentyabrında Nyu-Yorkda, BMT Baş Məclisinin 49-cu sessiyasındakı tarixi çıxışını bu nikbin notlarla başa vurmuşdu: "BMT Baş Məclisinin bu yüksək tribunasını belə bir ümidlə tərk edirəm ki, siz xalqımın səsini eşidəcəksiniz, xalqımın səsi ürəklərinizə yol, tapacaqdır". Biz də bu inam və ümidlə yaşayırıq. Çünki dünya xali deyil. Həm də bu gün Azərbaycan Respublikası dünya üçün gərəkli və sivil bir dövlətə çevrilib, Ermənistan isə şər mənbəyinə və ya qara yaraya. İnanırıq ki, dünyanın ayıq başla düşünən siyasətçiləri Tripoli kimi İrəvana da öz yerini göstərəcəklər.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 2 aprel.- S. 3.