Yeni kitablar. Muğam aləminin əlvan rəngləri
Dünənə
qədər Ruzə İbişovanı məlahətli səsi
olan təvazökar bir xanəndə kimi tanıyırdım.
Haqqında yazdığım "Dağlar vüqarlanır sən
oxuyanda" adlı oçerkimdə də sənətçinin
özünəməxsus ifa məziyyətlərini göstərməyə
çalışmışdım. Yenicə çapdan
çıxmış "Əbədiyyət notları"
kitabını oxuyandan sonra isə mən Ruzə
xanımın həm də sənətşünas, pedaqoq və
qələm sahibi olduğuna inandım.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin muğam sənəti kafedrasının müəllimi,
xanəndə Ruzə İbişova bu kitabında oxucuya
muğamın ecazkar aləmi və ölməz sənətləri
ilə musiqi tariximizi zinətləndirmiş korifeylər barəsində
maraqlı yazılar təqdim edib. Məzmunundan müəllifin
təkcə nəzəri tədqiqat bacarığı deyil, həm
də həyatını həsr etdiyi qayım-qədim
ifaçılıq sənətinə peşəkar
münasibəti aydın görünən rəngarəng məqalələr
toplusu elə ilk tanışlıqdan adamı
muğamlarımızın sehirli dünyasına qovuşdurur.
Sonsuz
qürur hissi ilə qeyd etmək olar ki, musiqi mədəniyyətimizin
muğam qolu hazırda dövlət rəhbərliyinin əməli
qayğısı sayəsində günbəgün pərvəriş
tapmaqda və ətrafına çoxlu pərəstişkar
toplamaqdadır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın bu ulu sənətin təbliğində
rolu əvəzsizdir. Muğamın ən mötəbər
beynəlxalq mədəniyyət təsisatının
"xüsusi mühafizə edilən irs" siyahısına
salınması bu sahədə sistem halında gerçəkləşən
layihələrin, həyata keçirilən ardıcıl tədbirlərin
fərəhli nəticəsidir. Azərbaycanın birinci
xanımı haqlı olaraq muğamı bizi əhatə edən
təbiətə bənzətmişdir: "Təbiət hər
zaman təkrarsız canlandığı kimi, muğam sənəti
də heç bir sərhədlərə
sığışmayan, azad, özü-özündən bəhrələnən
bir sənətdir".
İndi
ölkəmizdə qeyri-adi bir muğam bumu yaşanır və
muğama kor-koranə məhəbbət aşılanmaması
baxımından çeşidli festival, müsabiqə və
simpoziumların keçirilməsi, konsertlərin təşkili
ilə bərabər, maarifləndirici ədəbiyyatın, o
cümlədən də "Əbədiyyət
notları" kimi kitabların nəşri mühüm önəm
daşıyır. Çünki muğam elə bir incidir ki,
öyrəndikcə, qavradıqca, sirrinə-sehrinə bələndikcə
onu daha çox sevirsən.
Respublikanın
xalq artisti, xanəndə-bəstəkar Əlibaba Məmmədovun
rəy verdiyi kitabın məsləhətçiləri xalq
artisti, dosent Ağasəlim Abdullayev, sənətşünaslıq
namizədi, professor Arif Əsədullayev və Milli
konservatoriyanın baş müəllimi, xanəndə Qəzənfər
Abbasovdur. İstedadlı şair dostumuz Arif Fərzəli
redaktor kimi əsərin üzərində az zəhmət
çəkməyib. Əlbəttə, əsas hünər
yenə də müəllifin özünə aiddir. Sənəti
dərindən bilməsi, sadə və səlis dildə
izahlar verməsi, adına muğam dediyimiz "Leylayi-vətən"lə
görüşlərimizə siqd-ürəkdən bələdçilik
etməsi onun uğurudur.
Öndə
dahi Üzeyir Hacıbəylinin, Mirzə İbrahimovun,
Bülbülün, Fikrət Əmirovun, Bəxtiyar Vahabzadənin
muğam haqqında dediklərini xatırladan müəllif
sonra özünün orijinal fəlsəfi düşüncələrini
irəli sürür. Onun buna mənəvi haqqı o mənada
çatır ki, Ruzə İbişova İslam Rzayev, Nəriman
Əliyev kimi böyük sənətkarlardan dərs alıb,
öyrənib.
Musiqimizin
təməl daşı olan muğam dünyasına bu zövq
dolu səfərdə "Rast"ın, "Şur"un,
"Segah"ın, "Çahargah"ın,
"Şüştər"in,
"Bayatı-Şiraz"ın özəllikləri ilə
bir daha yaxından tanış oluruq. Görürük ki, hər
muğamın varlığında hansı milli ovqat
dayanıb. Məsələn, bədii-ruhi təsir
baxımından "Rast"ın dinləyicidə mərdlik,
gümrahlıq hissi, "Şur"un şən, lirik əhval,
"Segah"ın məhəbbət, "Şüştər"in
kədər, "Çahargah"ın həyəcan və
ehtiras, "Bayatı-Şiraz"ın qəmginlik,
"Humayun"un daha dərin bəşəri kədər
hissi oyatmasına yəqinlik möhkəmlənir. Yox, bu,
heç də ehkam deyil. Şübhəsiz, hər kəs
muğamı dinlədikcə bir cür mənalandıra bilər.
Amma alınan bütün zövqlərin, təəssüratların
arasından mütləq bir ümumi işıq boylanır ki,
o da ömrümüzə, taleyimizə yazılmış
saysız-hesabsız kəşməkəşlərin
fövqündə dayanan ulu muğam sənətimizin həmişəyaşarlığıdır.
Fəsillərin
birində muğamatımızı "Şur" dəstgahı
fonunda incələyən Ruzə İbişova yazır ki, bu,
xanəndələr arasında geniş yayılmış
muğamdır. Bəxtiyar Vahabzadə "Şur"u
"heyrətdən ağıl mülkünə bir pəncərə"
adlandırıb. Ötənlərdə ifa olunan "Şur"un
təqribən 30 şöbə və guşəsi olduğu
halda, hazırda onun haradasa 12 şöbə və guşəsinə
müraciət edilir. Müəllif bunu onunla izah edir ki,
müasir Azərbaycan muğamlarında həcmin
yığcamlaşması lakonizmlə, musiqi prosesinin daha da fəallaşması
ilə əlaqədardır. Dəyişikliyə
uğramasına baxmayaraq, muğam yenə də Azərbaycan
musiqisinin ən iri və əsas janrı olaraq qalır.
Muğamın
formaları içərisində dəstgah başlıca yer
tutur. Dəstgah dəraməd və bərdaştdan, mayə,
şöbə, guşə, eləcə də şöbələrarası
ifa olunan təsnif və rənglərdən ibarətdir.
Dinamikası, qabarma və çəkilmələri, sevinc və
kədəri ilə "Şur" dəstgahı bitkin bir
insan ömrünə bənzəyir. "Bərdaşt"
onun ön sözü, girişidir. "Mayeyi-Şur"
açarı, bünövrəsi, məğzi, iliyidir. Dəstgahın
aramla oxunan, zərif, lirik çalarlı cövhəri
sayıılır. "Şur-Şahnaz" dəstgahın mərkəzinə
doğru geniş addımdır. Müəllif yazır ki, zil
səsi olan xanəndələr onun bir-iki cümləsindən
sonra "Zil-Şahnaz", hətta "Şəddi-Şahnaz"
da oxuyurlar. Bundan sonra dinamika artır. "Şur"un mərkəzi
şöbələrindən olan "Bayatı-Türk"
ab-havanı bir qədər dəyişir. Bu zaman xanəndənin
imkanlarından asılı olaraq "Bayatı-Qacar" və
"Digah"dan bir hissə, əsasən də "Zəminxarə"
oxunur. Əlaqələndirici şöbə adlanan
"Şikəsteyi-Fars"məzmunca bütün dəstgahlarda
eyni olur.
Ondan sonra gələn "Əşiran" kulminasiyaya aparan "Səmayi-Şəms"ə keçid üçündür. Növbəti zil guşələr "Hicaz" və "Sarənc"dir. Dəstgahın zirvəsi sayılan "Hicaz"ı hər xanəndə oxuya bilmir, çünki məhz bu guşədə muğamın gərginliyi son həddə çatır. Yalnız Seyid və Xan Şuşinskilər, Arif Babayev kimi ustad sənətkarlar bunun öhdəsindən məharətlə gəliblər. Dəstgahın eniş-yoxuşları, körpüləri, ayaqvermələri barədə izahlar muğamın fəlsəfəsinə aydınlıq gətirir.
Beləcə, əsrarəngiz mədəniyyət abidəmizin mahiyyətinə vardıqca daxilən zənginləşirsən, bütövləşirsən. Zamanın gərdişini daha dərindən anlayıb insan ömrünün mənasını duyur, durulur, saflaşırsan. Muğam insanı kamilləşdirən məktəbdir. Ruzə İbişova kitabında öz imkanı daxilində bu mətləbləri açmağa çalışıb.
"Əbədiyyət notları" kitabında muğamın tarixi köklərini araşdırma cəhdi, onun müxtəlif mərhələlərinin təsviri, 19-cu əsrin ortalarından yaranan Şuşa, Şirvan, Bakı musiqi məıclisləri, muğamatın tərəqqisinə ömrünü-gününü sərf etmiş, sənətdə öz möhürünü vurmuş ustad xanəndələrin həyatı barədə hekayətlər maraq doğurur.
Kitabın "Unudulmaz sələflər" bölümü yaddaşlardan gələn səslərə- Segah İslam, Pəsxan Cəlil, Məşədi Məmməd Fərzəliyev, Məşədi Cəmil Əmirov, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Hüseynqulu Sarabski, Xan Şuşinski kimi dahilərə həsr olunub. Bütün bunlar barədə yazılanları oxuduqca qürur keçirir və yadıma salıram ki, Sergey Yesenin Cabbar Qaryağdıoğlunun ifasında muğam dinləyərək onun səsinə necə heyran qalıb. Azərbaycan xanəndəsinə şeir həsr edən rus şairi onu Şərq musiqisinin peyğəmbəri adlandırıb. Biz isə tariximizə şərəf gətirən belə böyük şəxsiyyətlərimizi hələ də yetərincə tanıya bilməmişik.
...Paytaxtımızda "Muğam aləmi" 2-ci Beynəlxalq muğam festivalının və elmi simpoziumun keçirildiyi, 3-cü Televiziya Muğam Müsabiqəsinin davam etdiyi günlərdə "Əbədiyyət notları" kitabının mənə bağışlanması lap yerinə düşdü. O mənada ki, hər gün kitabdan oxuduqlarımın bir növ əyani şəkildə mavi ekranda təcəssümünü gördüm. Əldə elədiyim əlavə bilgi yükümlə ifaların dərin qatlarına vardım və müsabiqə iştirakçılarının qabiliyyətlərini özümə görə qiymətləndirə bildim. Bir daha əmin oldum ki, dünyagörüşümüzün artması, biliyimizin zənginləşməsi üçün inteqrasiya, qloballaşma gərəklidir. Amma böyük cazmen Vaqif Mustafazadənin təbirincə desək, hər öyrənmənin mayasında hökmən iç dünyamız, o cümlədən muğamatımız dayanmalıdır.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 3 aprel.- S. 7.