Alimlər soyqırımı qurbanlarını yad etmişlər

 

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda 31 Mart Azərbaycanlıların Soyrıqımı Günü münasibətilə anım mərasimi keçirildi. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən institutun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə dedi ki, ulu öndərimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli 690 saylı fərmanı ilə ölkəmizdə hər ilin 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlanılmışdır.

 

Natiq tarixi faktlara və bu günümüzün reallıqlarına istinad edərək son iki yüz ildə azərbaycanlılara qarşı aparılan genosid siyasətinin tarixi kökləri, ictimai-siyasi və hüquqi tərəfləri barədə ətraflı məlumat verdi. O, həmçinin vurğuladı ki, Prezident cənab İlham Əliyevin bu tarixi hadisənin hər il dövlət səviyyəsində anılmasına xüsusi önəm verməsinin böyük siyasi və tərbiyəvi əhəmiyyəti vardır. Həmvətənlərimizin soyqırımı hər il yad etməsi, yalnız o hadisələri tarixi baxımdan xatırlamaq məqsədi daşımır, həm də biz təcavüz qurbanlarını, günahsız insanların ruhunu yad etməklə tarixi haqsızlığa və ədalətsizliyə qarşı bir daha etirazımızı bildirir, səylərimizi birləşdirir, vətənpərvərlik hissini gücləndirməyə çalışır, haqq və ədalətin, nəhayət ki, qalib gələcəyinə böyük ümidlər bəsləyirik. Bu gün biz ölkə Prezidenti, İlham Əliyevin ətrafında daha sıx birləşərək xalqımızın xoşbəxt gələcəyinə böyük ümidlər bəsləyirik. Dünyanın hər yerində insanlar bu ağrılı hadisələri bir daha xatırlayır və millətimizin haqq yolunda olduğuna əminlik ifadə edirlər.

İnstitutun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev çıxış edərək, hər il dünyanın müxtəlif ölkələrində soyqırımla bağlı anım mərasimlərinin keçirildiyini, tarixçilərin və fədakar insanların böyük xidmətləri nəticəsində soyqırımla bağlı yeni-yeni faktların üzə çıxarıldığını və bununla da erməni millətçilərinin törətdikləri qətl cinayətlərinin bəşəriyyətin diqqətinə çatdırıldığını bildirdi. O qeyd etdi ki, tarixi qaynaqlar birmənalı şəkildə sübut edir ki, Rusiya-İran müharibələrinin nəticəsi olaraq Azərbaycanın iki yerə bölünməsindən sonra, rus diplomatı Aleksandr Qriboyedovun birbaşa rəhbərliyi və himayəsi altında, əsasən İranda yaşayan ermənilər kütləvi halda İrəvana, Zəngəzura, Zəngibasara, Göyçəyə, Qarakilsəyə, Dağlıq Qarabağa, Gəncəyə və digər qədim Azərbaycan torpaqlarına köçürülmüşdür. Əsl fəlakət də elə bundan sonra başlamışdır. Həmin vaxtdan sonra yerli azərbaycanlılara qarşı təxribatlar, qətllər başlamış, keçən əsrin əvvəllərində, xüsusən 1918-1920-ci illərdə bu proses daha da genişlənmişdir. Azərbaycanlılar yaşayan müxtəlif ərazilərdə minlərlə insan türk millətinə, müsəlman dininə mənsub olduqlarına görə xüsusi amansızlıqla, ən qəddar formalarda kütləvi şəkildə qırılmışdır. Əgər Qafqaz islam ordusunun köməyi olmasaydı, əlbəttə, Azərbaycan xalqının və dövlətinin müqəddəratı sual altında idi. Təəssüflə qeyd edilməlidir ki, bu qətliam hadisələri uzun müddət gizlədilmişdir. Yalnız müstəqillik illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təkidi ilə tarixçilərimizin və siyasətçilərimizin böyük zəhməti bahasına dəhşətli faktlar üzə çıxarılmışdır. Burada Dağlıq Qarabağ münaqişəsinin 1988-ci ildən başlayaraq bu günə qədər davam etməsi də, müəyyən məsələlərə yenidən qayıdılmasına zərurət yaratmışdır. Çünki artıq 200 ildən çoxdur ki, ermənilər və onların himayədarları tərəfindən millətimizə qarşı bu siyasət ardıcıl olaraq davam etdirilir.

Tarix təkrarlanır və 1988-ci ildən başlayaraq bu günə qədər davam edən müharibə minlərlə insanın ölümünə səbəb olmuşdur. 1930-1940-cı illərdə məhz erməni siyasətçilərinin fəaliyyəti nəticəsində SSRİ rəhbərliyi Azərbaycanın müxtəlif ərazilərindən, o cümlədən İranla sərhəd zonalarında yaşayan çoxsaylı azərbaycanlıları Sibirə və digər regionlara sürgün etmişdir. Tarixən Azərbaycan torpaqları olan qədim Gümrü, İrəvan, Vedi, Zəngəzur, Göyçə regionlarından çoxsaylı azərbaycanlılar SSRİ rəhbərləyinin rəsmi göstərişi ilə adekvat iqlim şəraiti olmayan Ucar, Ağdaş, Sabirabad və digər isti rayonlara zorla köçürülməklə, onların əmlakları, evləri yağmalamaqla, faktiki olaraq bu insanları soyqırımına məruz qoymuşlar.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu cinayətlərin əksəriyyəti üzə çıxarılmış, bu gün Şamaxıda, Qubada, Neftçalada, Qobustanda, Salyanda çoxsaylı soyqırımı məzarlıqları aşkar edilmişdir. Keçirilən ekspertizalar bu insanların erməni soyqırımının qurbanları olmasını birmənalı şəkildə təsdiq etmişdir.

İnstitut direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov çıxışında bildirdi ki, İkinci Dünya müharibəsindən sonra insanların milli və dini mənsubiyyətinə görə çoxsaylı qırılması faktları bəşəriyyəti ciddi surətdə narahat etməyə başladı. Buna görə də dünya birliyinin üzvü olan dövlətlər "Soyqırımının qarşısının alınması və cəzalandırılması haqqında" 9 aprel 1948-ci ildə məşhur Genosid Konvensiyasını qəbul etdilər. Azərbaycan Respublikasının Milli Məclisi bu konvesiyanı 31 may 1996-cı ildə ratifikasiya etdi. Buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 104-cü maddəsində "soyqırımı" və "soyqırımının törədilməsinə təhrik etməyə görə" cinayət məsuliyyəti artıq cinayət qanunvericiliyimizdə tətbiq edilməyə başlanılmışdır.

Burada qeyd edilməsi zəruridir ki, beynəlxalq birliyin üzvü kimi Azərbaycan Respublikasında 12 may 2006-cı ildə "Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun geriyə qüvvəsinin şamil olunması haqqında" Konstitusiya Qanununun qəbul edilməsi də bu soyqırımı cinayətlərini törədənlərin cəzalandırılmasına hüquqi baxımdan əsas verir. Azərbaycan Respublikası Baş Prokurorluğunun və Tarix İnstitutunun bu istiqamətdə gördüyü birgə tədbirləri biz dəstəkləyirik və hüquqşünas alimlərimizin də bu istintaq tədbirlərinin sona çatdırılmasına kömək göstərməyə hazır olduğumuzu bildiririk.

Şöbə müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edərək, uzun illər sistemli şəkildə soyqırımı cinayətlərinin qurbanı olan bir xalq kimi ölkəmizin hüquq-mühafizə orqanlarının Qarabağ münaqişəsi ilə bağlı Xocalıda, Malıbəylidə, Kərkicahanda və digər ərazilərimizdə dinc əhalini yalnız milli mənsubiyyətinə görə soyqırımına məruz qoyan erməni cinayətkarları haqqında cinayət hüququ vasitəsilə tədbirlər görülməsinin vaxtının çatdığını vurğuladı. Ölkəmizin hüquq-mühafizə orqanları, beynəlxalq hüquq üzrə mütəxəssislərimiz, diplomatlarımız, səlahiyyətli qurumlarımız bütün səylərini birləşdirərək Xocalıda və digər ərazilərdə törədilən soyqırımı cinayətlərinin günahkarlarının işinə Beynəlxalq Məhkəmədə baxılmasına nail olmalıdırlar. Çünki cinayətkarlar vaxtında cəzalandırılmadıqda onlar daha da qəddarlaşır və öz çirkin niyyətlərindən əl çəkmirlər.

Fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə çıxışında azərbaycanlılara qarşı uzun illər ərzində həyata keçirilən soyqırımının tarixi, hüquqi, sosioloji və digər aspektlərinin kompleks elmi tədqiqinə diqqətin daha da artırılmasını vacib hesab etdi və alimləri bu təklifə qoşulmağa çağırdı.

İnstitutun direktor müavini Qabil Camalov xidməti fəaliyyəti ilə əlaqədar olaraq bir sıra Şərq ölkələrində, eləcə də Rusiyanın, Fransanın, İngiltərənin, Hindistanın və başqa ölkələrin arxivlərində olarkən türklərə və azərbaycanlılara qarşı uzun illər ərzində davam edən erməni soyqırımını təsdiqləyən tarixi sənədlərin olduğunu dəqiq bildiyini dedi. Əlavə etdi ki, həmin sənədlərin əldə olunub ölkəmizə gətirilməsinin müstəsna əhəmiyyət var.

Şöbə müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova çıxışında soyqırımı təzahürlərinin sosioloji aspektdə tədqiqini vacib hesab etdi. O, hər hansı bir millətə, etnosa qarşı istər keçmiş, istərsə də müasir günlərimizdə faktiki olaraq aparılan soyqırımı siyasətinin insanlığa sığışmayan bir təzahür olduğunu bildirdi, gənc alimləri soyqırımına qarşı mübarizədə öz səslərini ucaltmağa çağırdı.

Sektor müdiri, fəlsəfə elmləri namizədi Yaşar Əliyev ermənilərin türk soyuna qarşı apardıqları genosid siyasəti ilə bağlı olaraq xarici müəlliflərin hazırladıqları əsəri Azərbaycan dilinə tərcümə edərək nəşrə hazırladığı barədə məlumat verdi. O, Qarabağ Komitəsinin sədr müavini kimi 1990-cı illərdə gedən döyüşlərdə erməni faşizminin dinc əhaliyə qarşı apardığı soyqırımı cinayətlərinin canlı şahidi olduğunu və belə əməllərin insanlığa yaraşmayan qəddar siyasətin tərkib hissəsi olduğunu vurğuladı. Həmin soyqırımını törədən cinayətkarlar bu gün Ermənistan dövlətinin rəhbərliyində təmsil olunurlar və hələ ki, cəzasız qalmışlar.

Anım mərasimində çıxış edən institutun əməkdaşlarından fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, fəlsəfə elmləri doktoru Qorxmaz Vəliyev, iqtisad elmləri namizədi Əhməd Məmmədov, gənclər adından Hüseyn İbrahimov və başqaları öz çıxışlarında azərbaycanlılara qarşı soyqırımı cinayətlərınin elmi-nəzəri tədqiqinə diqqətin artırılmasını və bu istiqamətdə yazılan tədqiqat əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq çap edilməsini vacib saydılar.

 

 

Q.PİRİYEV

 

Xalq qəzeti.- 2011.- 3 aprel.- S. 4.