Bayıl yamacında iməcilik keçirilmişdir

 

2010-cu ildə elan olunmuş "Ekologiya ili" çərçivəsində Bakı şəhərində görülən işlər bu il davam etdirilir. Bu tədbirlər çərçivəsində Bayıl yamacında böyük meşə zolağı yaradılmaqdaqdır.

Bakı şəhərinin mərkəzi rayonu olan Səbaildə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlər də davam etməkdədir.

Yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməcilik idarə və təşkilat, təsərrüfat xidmətləri, təhsil müəssisələri kollektivlərinin - ümumilikdə 1500 nəfərin iştirakı ilə rayon icra hakimiyyətinin xüsusi nəzarətdə saxladığı sürüşməyə meyilli Bayıl yamacında keçirilmişdir.

İməcilik ərəfəsində böyük hazırlıq işləri görülmüş, yamacda iştirakçıların yerləri müəyyənləşdirilmişdir. Lazımi miqdarda ləvazimat toplanılmış, ağacların suvarılması üçün yeni xətlər çəkilmiş və su maşınları cəlb olunmuşdur. Kəskin maili və küləkli bir yamacda əkilmək üçün eldar şamı, zeytun və digər ağaclar alınmışdır. İməclik zamanı iştirakçılar 5000 ədəd ağac əkmiş, 2500 ağaca qulluq göstərmişlər.

Bayrama çevrilmiş tədbirdə Dövlət İdarəçilik və Dənizçilik akademiyalarının, Azərbaycan Dövlət Pedaqoji, İqtisad və "Qərb" universitetlərinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, rayonun təsərrüfat xidmətlərinin və orta təhsil müəssisələrinin kollektivləri fərqlənmişlər.

Bayıl yamacı ilə yanaşı, paytaxtımızdan cənub-qərb istiqamətində əsas çıxışda olan Qurban Abbasov və Mikayıl Hüseynov küçələrindəki ərazidə isə təmizlik-abadlıq işləri aparılmışdır. Neftlə çirklənmiş torpaqların rekultivasiyasının aparıldığı Bibiheybət buxtasındakı "Bibiheybətneft" NQÇİ-nin ərazisində də ARDNŞ-in kollektivi ağacəkmə kompaniyası keçirmiş, ağaclara qulluq etmişdir.

Mövsüm ərzində Səbail rayonunda yaşıllaşdırma və abadlıq işləri davam etdiriləcək.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2011.- 3 aprel.- S. 3.