Kəlbəcərlilər
doğma torpaqlarına tezliklə qayıdacaqlarına əmindirlər
Azərbaycan
tarixi şanlı qəhrəmanlıq səhifələri ilə
yanaşı, müxtəlif səbəblərdən baş
verən faciəvi hadisələr də
yazılmışdır. Bu diyarın əlverişli
coğrafi mövqeyi, zəngin yeraltı və yerüstü sərvətləri
ayrı-ayrı dövrlərdə müxtəlif dövlətlərin
marağını cəlb etdiyi üçün əksər
hallarda arzuedilməz hadisələrə də səbəb
olmuşdur. Eyni zamanda, xalqımızın qonaqpərvərlik,
tolerantlıq kimi yüksək insani keyfiyyətləri də
belə nəcib xüsusiyyətlərdən kənar olanlar tərəfindən
sui-istifadə vasitəsinə çevrilmişdir.
Tarixən dövləti və torpağı olmayan, xalqımızın məhz yuxarıda qeyd edilən keyfiyyətlərindən özünəməxsus iyrənc formada yararlanaraq Azərbaycan ərazisində özünə sığınacaq tapan ermənilər müxtəlif dövrlərdə ciddi başağrısına çevrilmişlər. "Ayağıma yer edim, gör sənə nə edirəm" prinsipi ilə yaşayan ermənilər müxtəlif dövrlərdə Azərbaycana qarşı gülünc və ağlasığmaz ərazi iddiaları ilə çıxış etmişlər. Hər dəfə xalqımıza qarşı terror və soyqırımı kimi qeyri-insani cinayətlər törədən ermənilər sonradan bizim torpağımızda özlərinə sığınacaq tapmağı da "bacarmışlar". Təbii ki, bütün bunların bir səbəbi ermənilərin çoxüzlüyü və yaltaqlığı ilə bağlıdırsa, digər əsas səbəbi isə bizlərin unutqanlığıdır. Bəlkə də, onların 1905-ci, 1918-ci illərdə torətdikləri ağlasığmaz hadisələri yetərincə yaddaşlara həkk etsəydik, 1988-ci ildə və ondan sonra cərəyan edən proseslərə daha hazırlıqlı olardıq. Bu baxımdan, hazırda aktual məsələlərdən biri də xalqımızın başına gələn və ya gətirilən hadisələrin, işğal və soyqırım hallarının öyrənilməsi, eləcə də gələcək nəsillərə ötürülməsidir. Əgər bu gün hansısa gənc işğal edilən əraziləri, işğal tarixlərini, soyqırımı hadisələrini sadalaya bilmirsə və ya sadalamqda çətinlik çəkirsə, bu, artıq gələcək faciələrin başlanğıcı kimi qəbul edilməlidir. Ona görə də işğal edilmiş əraziləri yadda saxlamaq, onların tarixi, təbiəti, təbii-iqtisadi resurs potensialı haqqında geniş informasiyaya malik olmaq hər bir azərbaycanlının, xüsusən gənclərin vətəndaşlıq borcudur.
Milli tariximizin ən böyük faciələrindən biri Kəlbəcərin işğalıdır. 18 il əvvəl - 1993-cü il aprelin 2-də Ermənistanın işğalçı qüvvələri havadarlarının köməyilə Kəlbəcər rayonunu zəbt etmişlər. Bu qanlı olay zamanı 1 şəhər, 1 şəhər tipli qəsəbə, 129 kənd erməni qəsbkarlarının işğalı altına düşmüşdür. Bir çox yaşayış məntəqələri vəhşiliklə dağıdılmış, 511 nəfər rayon sakini və 55 hərbçi öldürülmüş, 321 nəfər girov götürülmüşdür. Rayonun 13 min yaşayış evi, 500 ictimai bina, 96 orta məktəb, 76 səhiyyə müəssisəsi, 62 körpü, 37852 hektar meşə sahəsi, 4 tarixi abidə, 172 mədəniyyət ocağı, 100 minlərlə baş mal-qara, qoyun-quzu və s. düşmən işğalında qalmış, talan edilmiş, yandırılmış və erməni xislətinə uyğun vəhşiliklə dağıdılmışdır.
1993-cü ilin təxmini hesablamalarına görə, Kəlbəcərin işğalı ilə ümumilikdə Azərbaycana 1 milyard dollara yaxın maddi zərər vurulmuşdur. Kəlbəcərin işğalı zamanı 60698 nəfər yerli əhali öz yurdundan qovularaq çıxarılmışdır. Kəlbəcər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı (maldarlıq, tütünçülük və arıçılıq) təşkil edirdi. Rayonda 31 kolxoz, 2 sovxoz fəaliyyət göstərirdi, hər il min tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları (ət, süd, yun, tütün, bal) istehsal olunurdu. Respublikanın 21 rayonunun 3 milyon baş qoyun-quzusu və 100 min baş mal-qarası yay aylarında Kəlbəcər yaylaqlarında bəslənirdi. Bu göstəricilər rayonun işğalının yalnız maddi tərəfləri haqqında müəyyən məlumatları əks etdirir. Lakin, təbii ki, Kəlbəcərin təbiəti, coğrafi mövqeyi və tarixi haqqında az-çox məlumatı olanlara aydındır ki, bu rayonun ermənilərə "ərməğan" edilməsinin faciəvi və mənəvi nəticələri daha böyük oldu. Bütün bunlar Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə ümummilli lider Heydər Əliyevin səsləndirdiyi fikirlərdə də bir daha öz əksini tapır: "Bu faciəni heç bir vaxt unutmaq olmaz. Faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də onu daim yaşatmaq lazımdır ki, bu faciədən hərə özü üçün ibrət götürsün, yaşatmaq lazımdır ki, dünya xalqları bilsin. Erməni qəsbkarları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır, unutmaq olmaz, nəsillərdən-nəsillərə ötürmək lazımdır".
Kəlbəcər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə yeganə maneə idi. Laçın da, Qubadlı da, lap elə Ağdam da işğal olunsa belə, Kəlbəcəri işğal etmədən Dağlıq Qarabağı Ermənistana birləşdirmək qeyri-mümkün idi. Bunu başa düşən mənfur düşmən Kəlbəcəri almaq üçün əsl müharibə taktikası və strategiyası ilə hərəkət edirdi. Ölkəyə rəhbərlik etməyi və müharibə aparmağı uşaq oyuncağı sayan o zamankı Azərbaycan rəhbərləri isə bunu başa düşmür və ya düşmək istəmirdilər. Onlara görə Kəlbəcər bəlkə də geridə qalmış adicə bir dağlıq ərazi idi. Belə olmasaydı o vaxtkı Azərbaycan rəhbərləri Kəlbəcərə və Laçına xüsusi diqqət yetirər, bu təbii qalaları möhkəmləndirməklə ermənilərin işğalçılıq arzularını gözlərində qoyardılar.
1988-ci ildə hadisələr başlayanda Kəlbəcərdən bir nəfər də erməni qabağından qaçmağı ağlına belə gətirmirdi. Əhali özünün polad iradəsi ilə düşmənə lazımi cavab verir, hətta əks həmlələrlə ona ağır zərbələr endiridi. Azğın erməni qəsbkarları cavab həmlələrindən daha da quduzlaşaraq 1992-ci il aprelin 8-də qanlı Ağdaban faciəsini törətməklə kəlbəcərliləri sarsıtmağa çalışdılar. Ancaq onlar kəlbəcərlilərin və ağdabanlıların mərdliyi və döyüşkənliyi, eləcə də ağır itkiləri hesabına buna da nail ola bilmədilər. Hər tərəfdən blokadada olan Kəlbəcər tarixdə misli görünməmiş dəyanətlə düşmənin qabağını kəsmişdi.
Çox təəssüflər olsun ki, 1992-ci ilin sentyabrında Kəlbəcərin müdafiəsində böyük xidmətləri olmuş Zaur Rzayevin briqadasının Laçına göndərilməsi, Laçında isə hərbi əməliyyatların davam etdirilməsinə icazə verilməməsi, Kəlbəcər özünümüdafiə batalyonunun ləğv edilməsi və təcrübəli döyüşcülərin Kəlbəcərdən uzaqlaşdırılması rayonun mühafizəsini zəiflətdi. Bütün bunlar da işğalın mərhələ-mərhələ həyata keçirilməsi kimi dəyərləndirilməlidir. Kəlbəcərin işğalı təkcə Kəlbəcər əhalisi üçün deyil, bütöv Azərbaycan üçün faciə idi. Çünki Kəlbəcərin işğalı təkcə Dağlıq Qarabağın faktiki olaraq Ermənistana birləşdirilməsi demək deyildi, həm də Ağdamın, Qubadlının, Füzulinin, Cəbrayılın və Azərbaycanın digər torpaqlarının işğalına zəmin yaradılması demək idi.
Kəlbəcər barədə yuxarıda qeyd olunanlar qətiyyən digər işğal olunmuş ərazilərin əhəmiyyətinin azaldılması kimi qəbul edilməməlidir. Vətənin hər qarış torpağı bütün azərbaycanlılar üçün əziz və əvəzedilməzdir. Amma yəqin ki, Kəlbəcər haqqında müəyyən məlumatlara malik olanlar da təsdiq edərlər ki, Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunun ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Otuz mindən artıq bulağı, ilin bütün dövrlərində hər çeşmə başında qonağı olan Kəlbəcər rayonu əsl təbiət muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki var ki, bunlardan da 200-ü müalicəvi əhəmiyyətlidir.
Dünyada bənzəri olmayan, özünün saf havası, buz bulaqları, əsrarəngiz təbiəti və könül oxşayan mənzərəsi ilə unudulmaz olan Kəlbəcər rayonunun işğalından 18 il ötür. Düz on səkkiz ildir ki, Kəlbəcərin 60 minə yaxın əhalisi Azərbaycanın 45 rayonunda 466 məntəqəyə səpələnərək, həsrətlə geri qayıdacaqları günü gözləyirlər. Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də Azərbaycanı dünyaya tanıdan və neçə-neçə əlacsız xəstəliyin loğmanı kimi milyonlarla insana sağlamlıq və gümrahlıq bəxş edən dirilik suyu İstisudur. Göyçə gölündən 300 verstlik məsafədə yerləşən Istisu dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Bu qəsəbədə ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 minə yaxın insan müalicə olunur və istirahət edirdi. Kəlbəcər şəhərində müasir standartlara cavab verən 5000 yerlik stadion və Şahmat məktəbi fəaliyyət göstərirdi.
O dövrün ən görkəmli kimyaçı alimi E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları analiz etdikdən sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və mülicə ocağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, bütün dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir. Belə bir xəzinəyə sahib olmaq üçün dəridən-qabıqdan çıxan erməni qəsbkarları zaman-zaman bütün vasitələrdən istifadə etmişlər.
Görkəmli seleksiyaçı alim, ictimai və dövlət xadimi, Azərbaycan KP MK-nın birinci katibi olmuş İ. Mustafayev 50-ci illərdə Kəlbəcər əhalisinin köçürülməsi, buradan ancaq yaylaq kimi istifadə edilməsi barədə ermənilərin hiylə və məkrini anlayaraq Kəlbəcərə xüsusi diqqət yetirmişdir. Həmin dövrdə İstisu qəsəbəsində 3000 kvadratmetrlik yaşayış evləri, 192 yerlik orta məktəb, 140 yerlik uşaq bağçası, 70 yerlik ambulatoriya (xəstəxana ilə birlikdə), 400 yerlik qış kinoteatrı, 25000 nüsxə kitab fondu olan kitabxana, 250 kvadratmetrlik ticarət obyektləri, sutkada 900 kubmetrlik sutəmizləyici qurğu və digər vacib obyektlər tikilib istifadəyə verilmişdir. Beləliklə, zəngin təbii sərvətlərə malik olan Kəlbəcər rayonu öz mövqeyini möhkəmlədərək, hətta 3 tərəfdən erməni işğalçıları ilə mühasirədə olduğu müddətdə belə mərdliklə çətinliklərə sinə gərərək, öz mövqeyini qoruyub saxladı. Kəlbəcər uzun müddət yolsuz, işıqsız yaşadı, mərkəzdə kreslo davası aparan səriştəsiz rəhbərlərin yalan vədlərinə inandı, nəticədə isə daxili düşmənlərin "xidməti" ilə yüz illər boyu qazandığı-qurduğu var-dövlətini erməni işğalçılarına "ərməğan" edərək Azərbaycanın müxtəlif rayonlarına səpələndi. Bu gün isə bütün məcburi köçkünlər kimi kəlbəcərliləri də ciddi narahat edən məsələlərdən biri ATƏT-in Faktaxtarısı Missiyasının aşkara çıxardığı faktlardır. Məlum olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycan dövlətinin müraciəti əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ bölgəsində işğal edilmiş ərazilərdə ümumi vəziyyətin qiymətləndirilməsi məqsədilə 2010-cu il oktyabrın 7-dən 12-dək Faktaxtarıcı Missiyanı (FM) həyata keçirmişlər. Onu da qeyd edək ki, belə bir tədbir, 2005-ci ildə də həyata keçirilmişdir. Missiya bir daha Azərbaycanın işğal olunmuş ərazılərində ermənilərin məskunlaşdırılma sıyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlamışdır. Təbii ki, hər zaman olduğu kimi, bu missiyada da aşkar edilənlər beynəlxalq hüquq və normalara əməl etməyən Ermənistanın 1993-cü ildə qoşulduğu 1949-cu il 12 avqust tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsınə aid Dördüncü Cenevrə Konvensiyasına və ona əlavə protokollara ziddir.
Əyani qiymətləndirmə və yerli əhali tərəfindən verilmiş məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş yeddi rayonunda qeyri-qanuni məskunlaşmış ermənilərin sayı təqribən 14 min nəfər təşkil edir. Onların bir hissəsi bərpa edilmiş və ya yenidən inşa olunmuş evlərdə yaşayır. Faktaxtarıcı missiyanın baş çəkdiyi bir sıra inzibati, təhsil və tibbi binalar erməni diasporunun maddi yardımı ilə inşa olunmuş və avadanlıqla təchiz edilmişdir.
2005-ci ildən fərqli olaraq, missiyanın baş çəkdiyi əksər məntəqələrdə mobil rabitə imkanları da mövcuddur. FM həmçinin işğal olunmuş ərazilərin inzibati sərhədlərinin dəyişdirildiyini müşahidə etmişdir. Bütün bunlar əbəs cəhdlərdir. Bu torpaqlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi "...Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Məsələnin başqa həll variantı yoxdur və mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir...
Azərbaycan xalqı və Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcəkdir".
FM-in hesabatı işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin aparılması ilə bağlı Azərbaycanın narahatlığının əsaslı olduğunu təsdiqləmişdir. Bu müşahidələr Ermənistanın beynəlxalq hüququn normaları və prinsipləri, xüsusilə güc tətbiq etməmək prinsipini pozduğunu, işğalla bağlı "status-kvo"nu möhkəmlətmək cəhdlərini bir daha təsdiqləmişdir. Hesabatdan da aydın olur ki, Ermənistan son altı il ərzində həmsədrlərin çağırışlarına əməl etməyib və münaqişənin həlli prinsipinə hörmətsizlik göstərməkdə davam edir.
Təbii ki, Vətən hər şeydən üstündür və onu heç nə əvəz edə bilməz. Amma bir reallıq da var ki, insan qayğı hiss etdikcə, qismən də olsa, problemlərini unudur və o insanda xöş gələcəyə ümid yaradır. Kəlbəcərli məcburu köçkünlərin Azərbaycanın əksər bölgələrinə səpələnməsinə baxmayaraq, dövlət tərəfindən onlara göstərilən qayğı bu insanlarda Kəlbəcərə qayıtmaq inamı və xoşbəxt gələcək ümidi yaradır. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun əsasını xalqa xidmət, dövlətçilik və milli prinsiplərin qorunması təşkil edir. Məhz həyata keçirilən uğurlu daxili siyasətin nəticəsidir ki, hər bir vətəndaş, xüsusilə də köməyə daha çox ehtiyacı olan məcburi köçkünlər çətinliklə qarşılaşdıqları zaman dərhal dövləti öz yanlarında görür, onun qayğısını hiss edir. Xüsusilə ölkə başçısının sərəncamı ilə, hələ 1985-1991-ci illərdə Kəlbəcər rayonundakı fəaliyyəti ilə əhalinin dərin hörmətini qazanmış şəxslərin rayon rəhbərliyinə gətirilməsi kəlbəcərlilərin gələcəyə inamını və ümidini artırır, eləcə də onları daha mübariz edir. Bu da təbiidir, çünki komandir qayğısını hiss edən əsgər daha ürəklə döyüşər və daha mübariz olar. Bu baxımdan, kəlbəcərlilər ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ən mübariz və sadiq əsgərləridir.
Aqil ƏSƏDOV,
iqtisad elmləri
namizədi
Xalq qəzeti.- 2011.- 3 aprel.- S. 4.