Abşeronun muğam dünyası

 

3-cü Muğam Televiziya Müsabiqəsinin start götürdüyü vaxtdan 45 gün keçir. Zaman baxımından bu müddət çox olmasa da, sənət baxımından az deyil. Münsif və müəllimlərin dəyərli tövsiyələrindən bəhrələnən gənc xanəndələr bu müddət ərzində bir az da püxtələşmiş, muğam ifaçılığı sahəsində bir az da cilalanıb inkişaf etmişlər. Artıq bir çox ifaçıların adları tamaşaçılara tanışdır. Hər həftə müsabiqəni səbirsizliklə gözləyirlər. Müsabiqə təşkilatçıları final dinləmələrini respublikanın ayrı-ayrı bölgələrində keçirilməsini məqsədəuyğun saymışlar.

 

Müsabiqənin ötən həftələrdə Qarabağda - Ağcabədi və Horadizdə keçirilməsi ictimaiyyət tərəfindən razılıqla qarşılandı. Dünyanın bir çox ölkələrində soydaşlarımızın müsabiqəni izləmələrini onların göndərdikləri çoxsaylı məktub və telefon zənglərindən də aydın görmək olur. Ölkələr, ünvanlar müxtəlif olsa da, məzmun, demək olar ki, eynidir. Hamı bu unikal layihəyə muğam sənətinə, folklor nümunələrimizə göstərdiyi diqqətə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlığını bildirir.

Muğam televiziya müsabiqəsinin növbəti 7-ci həftəsi Abşeron torpağında keçirildi. Abşeron kəndlərində muğam sənətinə ta qədimdən böyük rəğbət olub. Təsadüfü deyil ki, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş xanəndələr Bakı kəndlərinin toy məclislərində muğam xiridarları qarşısında çıxış etməklə özlərini peşəkar xanəndə kimi təsdiq etməyə, muğam bilicilərinin xeyir-duasını almağa çalışmışlar. Bu torpağın yetişdirdiyi bir çox xanəndə və musiqiçilər zaman axarında yüksək sənət nümunələri nümayiş etdirməklə ifaçılıq mədəniyyətimizə öz töhfələrini vermişlər. Bəlkə, elə bu səbəbdən də muğam müsabiqəsini canlı olaraq izləmək istəyənlərin çoxu məhz muğam, qəzəl xiridarları idi.

3-cü muğam televiziya müsabiqəsinin ilk onluğa daxil olan iştirakçılarının dinləmələri öncə martın 29-da Xəzər rayonunda oldu. Əsaslı təmirdən sonra göz oxşayan Mərdəkan Mədəniyyət Sarayının 400 yerlik tamaşa zalı ağzınadək dolu idi. Tədbirə dəvətli qonaqlar sırasında respublikanın tanınmış elm, sənət adamları, Milli Məclisin deputatları, eləcə də Xəzər rayonunun muğamsevər tamaşaçıları vardı. Çıxışlar başlamazdan öncə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov müsabiqə iştirakçılarını, dəyərli münsiflər heyətini salamlayaraq bu gözəl tədbirin Xəzər rayonunda keçirilməsi və muğam sənətinə göstərdiyi diqqət və qayğıya görə Xəzər rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban xanım Əliyevaya rayon əhalisi adından dərin təşəkkürünü bildirdi. Mehriban xanım Əliyevanın rayon ictimaiyyəti ilə sıx görüşləri olduğunu, onu xalqa daha da yaxınlaşdırdığını açıqlayan Gülağa İslamov ötən qısa vaxt ərzində rayon sakinlərini narahat edən bir çox sosial məsələlərin öz müsbət həllini tapdığını dedi, rayonda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən bəhs edərək diqqəti foyedə quraşdırılmış foto-stendə cəlb etdi. Xəzər rayonunun sürətli inkişaf və yüksəliş yolunda olduğunu qəsəbəni gəzərkən bir daha şahidi oldum. Yeni asfalt döşənmiş küçələrdə, park və xiyabanlardakı səliqə-sahman, yol boyu əkilmiş ağac və bəzək kolları bir daha bunu təsdiq edirdi.

Münsif xalq artisti Mənsum İbrahimov bu həftə iştirak etmədiyindən ən yüksək bal 60 idi. Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın sözlərinə oxunan muğam və təsniflər Nigar Şabanovanın "Heybərbabaya salam" mahnısıyla başladı. Ötən həftələrdən fərqli olaraq Nigar Şabanovanın bu həftədəki çıxışı münsifləri bir o qədər də qane etmədi. Tamaşaçıların sürəkli alqışlarına baxmayaraq, Nigar Şabanova 55 bal toplaya bildi. Yaddaqalan çıxışlardan biri də Ariz Hüseynovun "Bayatı-Şiraz" muğamı üstündə oxuduğu Əlibaba Məmmədovun "Yaşa ürəyim" mahnısı oldu. Gənc xanəndənin Borçalı mahalından, aşıq sənəti ocağından olduğunu, lakin muğam ifaçılıq sənətində ilk uğurlu addımlarını atdığını açıqlayan münsif Ağaxan Abdullayev bu gözəl ifaya görə onun müəllimi Arif Babayevə təşəkkür edib yüksək bal verdi. Özünəməxsus ifa tərzi, qəzəlləri səlis oxumağına və yüksək səhnə mədəniyyətinə görə Ariz Hüseynov 59 bal toplaya bildi.

Nigar Rəhimova və Səfər İdrisovun "Dilkəş" təsnifi, Mustafa Mustafayevin "Şur" təsnifi, Günay İmamverdiyevanın "Qatar"ı tamaşaçılar tərəfindən çox razılıqla qarşılandı. Abşeron kəndlərinin musiqi xiridarı olduğunu da yaxşı bilən münsiflər hər bir ifaçıya diqqətlə qulaq asıb son dərəcə obyektiv olmağa çalışırdılar. Elə bu səbəbdən də münsiflərin qiymətləri də çox zaman tamaşaçı alqışı ilə üst-üstə düşürdü. O gün ən çox bal toplayan Məmməd Nəcəfov oldu. Onun Ağaxan Abdullayevin tələbəsi olduğunu dönə-dönə vurğulayan münsif Əlibaba Məmmədov gənc xanəndəni ilk dəfə olaraq qabil xanəndə kimi təqdim etdi. Məmməd o gecə ən yüksək 60 bal toplaya bildi.

 

* * *

 

Final yarışmasının 7-ci həftəsinin son çıxışları aprelin 1-də Abşeron rayonunun mərkəzi Xırdalan şəhərində oldu. Respublikamızın başqa şəhərlərində olduğu kimi, Xırdalanda da son illərdə aparılan abadlıq və quruculuq işlərinin geniş vüsət aldığının şahidi olduq. Şəhər günü-gündən gözəlləşir, öz simasını müasir tələblərə uyğun dəyişir. Paytaxtımıza məsafəcə ən yaxın şəhər olan Xırdalanın indi özünün yeni inkişaf mərhələsini yaşadığını desək, heç də yanılmarıq. Əldə olunan bütün nailiyyətlər, əlbəttə ki, dövlət başçısı İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük diqqət və qayğının sayəsində mümkün olmuşdur.

Bütövlükdə Azərbaycan qəzəl irsini Vahidsiz olduğu kimi, Şəhriyarsız da düşünmək mümkün deyil. Bu da taleyin bir insafsızlığıdır ki, bir-birinin müasiri olmuş söz ustadları həyatda ikən görüşə bilmədilər. Lakin hər ikisinin ruhu o gecə Əlağa Vahidin doğma yurdu Abşeronda muğam məclisində bir-birinə qovuşdu.

Muğam yarışması başlanmazdan öncə gözəl ifaları ilə xalqın dərin rəğbətini qazanmış xanəndə Ağababa Novruzovun televiziyanın qızıl fondunda saxlanan lent yazısı səsləndi. Bu ifanı sürəkli alqışlarla qarşılayan Xırdalan muğamsevərlərində bir daha ulu muğam sənətimizə olan sevgi və rəğbətin nişanələrini gördüm. Gənc xanəndələr Anar Abbasovun "Humayün"u, Səbinə Ərəblinin "Dilkəş"i, Zabitə Alıyevanın "Bəstə Nigar"ı, Mirələm Mirələmovun "Şüştər"i və Kamilə Nəbiyevanın "Heydərbabaya salam" mahnısı muğamsevər tamaşaçılar tərəfindən razılıqla qarşılandı. Hər birinin öz yolu, ifaçılıq məziyyətləri olsa da, səhnə mədəniyyəti, gözəl səs çalarları bir-birini tamamlayırdı. Bu səbəbdən də münsiflər hər birini ən yüksək balla dəyərləndirirdilər. O gecə hamının gözəl çıxış etdiyini bildirən Əlibaba Məmmədov gənc xanəndələrin təkcə Qarabağda deyil, Abşeron rayonunda da yaxşı muğam ifa etdiklərini diqqətə çatdırdı.

Demək, Azərbaycanın bütün bölgələrində istedadlar var. Onları daim arayıb tapmaq, qayğı göstərmək vacibdir. Yaddaqalan ifalardan biri də Zeynəb Quliyevanın "Vilayəti" təsnifi, Alış Həmzəyevin "Mahur" təsnifi və Elsevər Muradovun "Segah"ı oldu. Müsabiqənin şərtinə görə ən az bal toplamış Fizzə Mirzəyeva yarışmanı tərk etdi. Biz gənc xanəndəyə ruhdan düşməməyi tövsiyə edirik. Unutmaq olmaz ki, yarışma sınaq olmaqla bərabər, həm də təcrübə toplamaq, ustadların tələblərini eşidib öyrənmək deməkdir.

Beləliklə, bahar təravətli muğam dünyamızın Xəzər sahilində keçirilən daha bir həyəcanlı və sevincli anlarla dolu həftəsi başa çatdı. Lakin dünyanı özünə cəlb edən müğamatımız bitib tükənməzdir.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2011.- 3 aprel.- S. 6.