Radikal müxalifət
Azərbaycanın milli maraqlarına xəyanət edir
Dünya
sürətlə dəyişir. Bu dəyişiklik içərisində
Azərbaycan xüsusi yerə malikdir. Qlobal maliyyə
böhranının törətdiyi fəsadlara baxmayaraq
ölkəmizin sürətli iqtisadi inkişafını davam
etdirməsi, çevik xarici siyasəti sayəsində beynəlxalq
aləmdə ardıcıl olaraq uğurlu diplomatik nailiyyətlər
qazanması və bütün göstəricilərinə
görə Cənubi Qafqaz regionunun şəriksiz lider dövlətinə
çevrilməsi hər bir azərbaycanlıda qürur hissi
yaradır. Bütün bu müsbət irəliləyişlər
fonunda radikal müxalifətin hələ də
dağıdıcılıq "prinsiplərindən",
küçə təfəkküründən əl çəkməməsi
təəssüf doğurur, onları ictimaiyyətin qınaq
obyektinə çevirir.
Aprelin
2-də "İctimai Palata" adlı qondarma qurumun Bakı
sakinlərinin istirahət məkanı olan Fəvvarələr
meydanında mitinq keçirmək cəhdi vətəndaşların
və hətta konstruktiv mövqedən çıxış
edən müxalifət təmsilçilərinin də ciddi
etirazına səbəb oldu. 150-200 nəfərdən ibarət
aksiyaçı şəhərin mərkəzindəki bir
sıra obyektlərə hücum etdi, Nəsimi heykəli
yaxınlığındakı yeni tikilini, Bülbül
prospektindəki mağazaları, Lev Tolstoy küçəsi
ilə Səməd Vurğun küçəsinin kəsişməsində
"Bank Standard"ı və kompyuter satılan ticarət
obyektini daşa basdı, şüşələrini
sındırdı.
Radikalları mitinqlərə həvəsləndirən məsələ isə heç şübhəsiz, son vaxtlar ərəb dünyasında baş verən hadisələrdir. Ancaq son aksiya göstərdi ki, onlar boşuna həvəsləniblər. Çünki 2 aprel aksiyası da sübut etdi ki, ictimaiyyət nəinki onları dəstəkləmir, əksinə, belə dağıdıcı əməllərinə görə radikalları lənətləyir, hüquq-mühafizə orqanlarından şəhərin mərkəzində xuliqanlıq edənlərə, ictimai asayişi pozanlara qarşı ciddi və konkret tədbirlər görməyi tələb edirlər. Digər tərəfdən, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da qeyd etdiyi kimi, müxalifətin etiraz aksiyası taktikasız, məram və məqsədi aydın olmayan, lazımi sosial bazası müəyyənləşməmiş, kimdənsə geri qalmamaq xatirinə atılan addım, proses kimi dəyərləndirilməlidir: "Xarici ölkələrdə nəsə baş verəndə müxalifət hər dəfə onu Azərbaycanda tətbiq etmək istəyir, bunu təqlid etməyə çalışır. Bunlar bir vaxtlar gürcü olmaq istədilər, alınmadı, sonra ukraynalı, qırğız olmağa çalışdılar, o da alınmadı. İndi isə ərəb olmaq fikrinə düşüblər. Bütün bunlar Azərbaycan müxalifətinin nə qədər miskin vəziyyətdə olduğunu göstərir".
Həqiqətən də müxalifət o qədər miskin vəziyyətə düşüb ki, müasir demokratik proseslərdən çox geridə qalan bəzi ərəb ölkələrindən nümunə götürməyə çalışır. Hətta nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanan, Qərb ekspertləri tərəfindən daim alqışlanan bir sıra uğurlu inkişaf proqramlarını, islahatları, idarəçilik orqanlarındakı çatışmazlıqlara, bəzi korrupsiya hallarına qarşı aparılan mübarizəni də gülünc bir şəkildə ərəb ölkələrində gedən proseslərlə əlaqaləndirirlər. Halbuki, Azərbaycanda gedən heç bir prosesin ərəb ölkələrindəki hadisələrlə qətiyyən əlaqəsi yoxdur və olmayıb. 2004-cü ilin fevralında çox mühüm əhəmiyyətə malik bir sənəd -"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008) "qəbul olunduğu günlərdə adı çəkilən coğrafiyada hər şey əvvəlki axarla davam edirdi. Bu proqramın həyata keçirilməsi nəticəsində Azərbaycanın bütün rayonlarında infrastruktur müasir tələblər səviyyəsində yenidən quruldu, müxtəlif istehsalat sahələri yaradıldı, yeni iş yerləri açıldı və sahibkarlığın inkişafı istiqamətində əsaslı addımlar atıldı. İki il bundan əvvəl - 2009-cu il aprelin 14-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul olundu. Proqram regionların növbəti mərhələdə inkişafına təkan verdi, ölkəmizin dünyanın əməkdaşlıq sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin yaxşılaşdırılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verdi. Nəticədə 2004-cü ildən bu günədək ölkəmizdə 900 mindən çox yeni iş yeri açılmışdır. Son 10 ilin iqtisadi göstəricilərinə nəzər salanda isə görürük ki, bu dövrdə real iqtisadi artım 4 dəfə olmuş, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 31 dəfə artmışdır. 2003-2010-cu illərdə Azərbaycanda iqtisadi artım tempi 17 faiz olmuş, bu sahədə ölkəmiz dünyada lider dövlətə çevrilmişdir. Bu şəkildə dinamik inkişaf edən bir ölkədə hansı narazılıqdan, çaxnaşmadan söhbət gedə bilər?
Paytaxtımızın və Bakıətrafı qəsəbələrin inkişafına da çox böyük diqqət yetirilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi istiqamətində təqdirəlayiq işlər görülür. Şəhərimizdə infrastruktur layihələri uğurla reallaşdırılır, abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Son bir neçə il ərzində şəhərimizdə 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilmişdir, yolların genişləndirilməsi layihələri icra edilmişdir, 32 piyada keçidi tikilmişdir. Şəhərin mərkəzində yerləşən bütün parklar böyük zövqlə yenidən qurulmuş, yeni parklar salınmışdır. Bakı bu gün sözün əsl mənasında dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Cənubi Qafqazın nəhəng layihələrindən biri olan və heç bir iqtisadi faydalılığı olmayan, yəni sırf insanların ehtiyacları nəzərə alınaraq reallaşdırılan Oğuz - Qəbələ - Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində yaxın zamanlarda paytaxtımız su ilə tam təmin olunacaqdır.
Yəni 2003-cü ildən başlayaraq möhtəşəm iqtisadi siyasəti yeni dövrün tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyev ötən 7 ildə yeni inkişafyönümlü proqramlar, fərmanlar imzalamış, bütövlükdə ölkə iqtisadiyyatının inkişafı, qeyri-neft sektorunun xüsusi əhəmiyyətə malik sahələrinin yaradılması və ölkə əhalisinin iş yerləri ilə təmin olunması istiqamətində məqsədyönlü tədbirlər uğurla həyata keçirilmişdir. Bütün bunların müqabilində müxalifət rəhbərləri ölkədə gedən müsbət proseslərin hamısını hansısa xarici təsirlə izah etməyə cəhd göstərirlər. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu məsələyə münasibət açıqlayarkən demişdir: "Azərbaycanda hansısa daxili və xarici proseslərin təsiri altında təcili, təxirəsalınmaz və digər tədbirlərə nə Heydər Əliyevin zamanında, nə də İlham Əliyevin prezidentliyi dövründə əl atılıb. Azərbaycanda hər şey planlaşdırılır, proqramlaşdırılır, problemlər əvvəldən araşdırılır, öyrənilir, buna uyğun icra sistemi qurulur. Azərbaycan müxalifətini demirəm, onlar özləri bilərlər. Amma inanın ki, İlham Əliyev hakimiyyətinin ərəb dünyasından götürə biləcəyi, istinad edib burada tətbiq edə biləcəyi heç nə, birmənalı şəkildə heç nə yoxdur. Biz Suriya, Liviya, Misir, Yəmən, Tunisdə baş verən proseslərdən nə götürə bilərik? Biz ərəblərdən öyrənib ölkəmizdə tətbiq edə biləcəyimiz müsbət bir şey görmürük. Azərbaycan Avropa Şurasının üzvüdür, demokratik, öz sistemini seçki yolu ilə formalaşdıran dövlətdir, cəmiyyətdə gedən proseslərin hamısı konstitusiyaya və qanunlara əsaslanır, xalq tərəfindən dəstəklənir, insanların etimadını qazanıb. Bəlkə müxalifət ərəblərdən nəsə götürə bilər".
Radikal müxalifətin, necə deyərlər, "qabında" heç nə olmadığına görə, həmişə gözü ölkədən kənarda qalır. Haradasa, nə isə baş verən kimi, onu özünə "model" qəbul edir və dağıdıcılıq fəaliyyətlərini genişləndirirlər. Yanıldıqlarını isə həmişə sonradan anlayırlar. Coşğuyla xalqı mitinqə səsləyir, aksiyanın keçirildiyi gün isə özlərindən başqa heç kəsin olmadığını gördükdə, pərt olurlar. Öz "liderlərinin" qaçıb gizləndiyini görən aldadılmış tərəfdarlar isə daha çox məyus olurlar.
Sonuncu
aksiya da belə oldu. Öz tərəfdarlarını qanunsuz
mitinqə səsləyən İctimai Palatada təmsil olunan
radikal müxalifətin liderləri özləri
canlarının qeydinə qalaraq tərəfdarlarının
yanına gəlmədilər. Müsavat Partiyasından verilən
açıqlamada bildirildi ki, guya "İsa bəyə
qarşı təxribat törədilməsi ehtimalı olub. Bu
səbədən də o, aksiyaya qatılmayıb". AXCP sədri
Əli Kərimlinin mitinqdə nəyə görə
iştirak etmədiyinə hələ də tam aydınlıq
gətirilməyib. Budur bunların siması. İsa Qəmbər
və Əli Kərimli həmişə tərəfdarlarını
qanunsuz hərəkətlərə səsləyir, özləri
isə vəziyyətin nə yerdə olduğunu, ictimaiyyətin
onları dəstəkləmədiyini, polisin qanunsuz hərəkətlərin
qarşısını qətiyyətlə
alacağını bildikləri üçün aradan
çıxırlar. Bunların güdazına isə həmişə
aldadılmış gənclər gedir. 1990-cı ildə eyni
hadisələr baş vermədimi? Xalqı Sovet ordusuna
qarşı çıxmağa səsləyən
bugünkü radikal müxalifət liderləri qoşun
Bakıda insanları öldürərkən qaçıb
gizlənmədilərmi? 1990-cı ildən artıq 21 il
keçməsinə baxmayaraq bunların xislətində
heç bir dəyişiklik olmayıb. Əli Kərimli,
İsa Qəmbər 1990-cı ildə hansı təfəkkürə
malik idilərsə, indi də elədirlər. Belələrində
Vətən, millət, xalq, dövlət sevgisi olmur. Onlarda
yalnız hakimiyyət ehtirası var. İnsanların
qarşı-qarşıya gəlməsi, toqquşmaların
olması, hətta qan axması da radikal müxalifət
düşərgəsi üçün hakimiyyətə gəlmək
naminə məqbul hesab olunur.
Bu da maraqldır ki, radikal düşərgənin liderləri müxalifət partiyalarının funksiyalarını "unudaraq" hakimiyyətdə olan partiyaya qarşı deyil, birbaşa Azərbaycan dövlətinə qarşı çıxırlar. Bu istiqamətdə onlar xaricdəki anti-Azərbaycan qüvvələrilə də sıx əməkdaşlıqdan çəkinmirlər. Təsadüfi deyil ki, bu gün Ermənistan mətbuatının və xaricdəki erməni lobbisinin Azərbaycana qarşı apardığı təbliğatla, radikal müxalifətin ölkə daxilində ruporu olan qəzetləri vasitəsi ilə həyata keçirdikləri təbliğat arasında ciddi oxşarlıq elementləri vardır. Bu bənzərliyin haradan qaynaqlandığını anlamaq isə çətin deyil. Belə ki, hər halda radikal düşərgənin xaricdən maliyyələşdirildiyi barədə məlumatları çoxlarımız eşitmişik. Onu da eşitmişik ki, xaricdəki anti-Azərbaycan dairələri ölkədə radikal müxalifəti hərəkətə gətirmək, sabitliyi pozmaq, süni gərginlik yaratmaq, vətəndaşları qarşıdurmaya sövq etmək üçün 40 milyon dollar vəsait ayırıb. Yaxşı, deyək ki, bu səhv məlumatdır. 1993-cü il aprelin 2-də AXC-Müsavat hakimiyyətinin xəyanətkar məsuliyyətsizliyi səbəbindən Azərbaycanın strateji əhəmiyyətə malik Kəlbəcər rayonu işğal edildi. Bəs rayonun işğal tarixində siyasi ambisiyalardan çıxış edərək Kəlbəcəri, Dağlıq Qarabağ kimi ağrılı münaqişəni yada belə salmadan qanunsuz aksiya keçirməyə nə ad vermək olar? Bu gün radikal müxalifətin azsaylı tərəfdarları hansı üzlə xalqına xəyanət etmiş İsa Qəmbərin, Əli Kərimlinin çağırışlarına səs verərək küçələrə çıxmışdılar? Məgər onların "hansı yuvanın quşu" olduqlarını bilmirlərmi?
Radikal müxalifət liderləri 5-10 adamı aldada bilsələr də, ümumilikdə Azərbaycan xalqını, ictimaiyyəti bir daha aldada bilməyəcəklər. Çünki Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı bilir. Heç kəs AXC-Müsavatın hakimiyyətdə olduğu illəri unutmayıb. 1992-ci ildə hakimiyyətə gələn cütlük bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Qanunsuz silahlı birləşmələr, quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Həmin günlərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. Ona görə də AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini tamamilə itirdiklərinə görə də hakimiyyətdən getməli oldular. Çünki xalq yaxşı bilirdi ki, bu iqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldurlar.
Bəli, 1993-cü ildən bugünədək Azərbaycan tamamilə dəyişib və inkişaf edib. Ölkədə dəyişməyən təkcə radikal müxalifət düşərgəsidir. Onlar 1992-ci, 1993-cü ildə necə olublarsa, bu gün də o vəziyyətdə qalıblar. Bu gün də həmin düşərgənin liderləri siyasi mübarizəni intellektual səviyyədə deyil, hələ də küçə təfəkkürü səviyyəsində aparırlar.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.-6 aprel.- S. 5.