Prezident İlham Əliyev: Bizim bütün təşəbbüslərimiz Azərbaycanın uğurlu gələcəyinə yönəlib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa hərtərəfli dəstək verilməsi, əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində ölkənin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və ötən illərdə olduğu kimi, 2010-cu ildə də əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

 

Ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.Bütün bunlar barədə dövlət başçımız İlham Əliyev demişdir ki, son iki il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artmışdır.Bu artım qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olmuşdur.Əgər vaxtilə regionların ilkişafına böyük diqqət yetirilməsəydi,çox güman ki,iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərərdi...

Həyata keçirilən səmərəli, məqsədyönlü tədbirlərin nəticəsidir ki, ötən il ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 7,9 faiz, o cümlədən qeyri-neft sənayesi 6,6 faiz artmış, əhalinin gəlirlərinin çoxalması inflyasiya səviyyəsini 2 dəfədən artıq üstələmiş, bütün regionlarda məhsul istehsalının artımına nail olunmuşdur.Beləliklə,ötən iki ildə dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi iqtisadiyyatın möhkəm təməllər üzərində qurulduğunu və əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu bir daha əyani şəkildə sübut etmişdir.

Şübhəsiz ki,bu uğurların əldə olunmasında görülən işlərin sistemliliyini təmin edən dövlət proqramlarının, xüsusilə regionların sosial-iqtisadi inkişafına dair hər iki proqramın əhəmiyyətli rolu danılmazdır.

Yeri gəlmişkən,burada bir məqamı qeyd etmək istərdik.Dövlətimizin başçısı İlham Əliyev ikinci regional proqramın icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur,görülən işlərlə ciddi şəkildə maraqlanır,problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir.

Müntəzəm surətdə həyata keçirilən bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində mühüm rol oynamaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran özünəməxsus vəzifələrin müəyyənləşdirilərək yerinə yetirilməsini təmin edir. Xatırladaq ki, bu səfərlərdən sonra dövlətimizin başçısı bir sıra şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır. Beləliklə, dövlət dəstəyi tədbirləri regionlarda sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir.

Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, bir neçə tikinti materialları zavodu, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə qızıl zavodu, bölgələrdə heyvandarlıq və süd emalı kompleksləri və digər müəssisələr tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin, bir çox rayonda tikinti materiallarının istehsalı zavodlarının və digər müəssisələrin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumiyyətlə, il ərzində, demək olar ki, hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kreditlər verilmişdir.

Müasir texnologiyaların tətbiqi ilə aqrar sektorun inkişafında mühüm rolu olan, ildə 20 min ton quş əti, 60 mln damazlıq, 17 mln əmtəəlik yumurta istehsal edən 14 müasir quşçuluq, illik gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150 başlıq 5 südlük cins heyvandarlıq kompleksi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.Sahibkarlığa, xüsusilə də kiçik sahibkarlığa dövlət dəstəyi tədbirləri çərçivəsində il ərzində 1374 kiçik sahibkara 20 milyon manat güzəştli kredit verilmiş, 195-2 telefon məlumat mərkəzi və elektron ticarət portalı yaradılmış, vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi məqsədi ilə əlavə 10 vergi terminalı tikilmişdir. Eyni zamanda, Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə istixana komplekslərinin, toxumçuluq bazasının yaradılması, heyvandarlıq, süd məhsulları, duz və digər ərzaq məhsullarının istehsalının təşkili ilə bağlı bir sıra səmərəli layihələr həyata keçirilmişdir.

Kənd təsərrüfatı məhsullarının saxlanılması infrastrukturunun yaradılması məqsədi ilə, bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu və ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı komplekslərinin inşası fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmişdir. Bundan əlavə, Səngəçalda 100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl elevatorları istismara verilmişdir, Gəncədə 60 min tonluq elevatorun tikintisi davam etdirilir. Bununla da bu sahədə tələbat əsasən təmin edilmişdir.Fermer təsərrüfatlarında xidmətlərin müasir səviyyədə qurulması məqsədi ilə il ərzində 4 rayonda yeni aqroservis filialları yaradılmış, 5 rayonda isə belə filiallar təşkil olunmaqdadır.

Birinci Dövlət Proqramında olduğu kimi, yeni proqramda da sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir.Bununla əlaqədar bəzi göstəricilərə diqqət yetirək.Ötən il Bakı şəhərində 243 mənzilli 3, regionlarda isə 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi tikilmişdir.Bununla yanaşı,ölkə Prezidentinin iştirakı ilə qaçqın və məcburi köçkünlər üçün Qəbələdə 2 yaşayış binası və 188 şagird yerlik məktəb, Yevlaxda 612, Ağdamda isə 689 ailə üçün zəruri infrastruktura malik olan qəsəbələr istifadəyə verilmişdir.2010-cu ildə 25-i regionlarda olmaqla 45 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmiş, 43-ü regionlarda olmaqla 70 məktəb binası inşa və əsaslı təmir olunmuş, 4 olimpiya idman kompleksi, 4 idman mərkəzi istifadəyə verilmiş, 9 idman kompleksinin tikintisi davam etdirilir.

Ümumiyyətlə, dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il ərzində 4300-ə yaxın yeni müəssisə yaradılmış, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri açılmışdır. Ötən il xüsusilə regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər nəticəsində yoxsulluğun səviyyəsi 9 faizə enmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev regionlarla yanaşı, Bakı şəhərinin də inkişafına xüsusi diqqət və qayğı göstərir.Bununla əlaqədar son illər bir sıra tədbirlər həyata keçirilmişdir.Xatırlatmaq yerinə düşər ki, hələ 2005-ci il noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətində xüsusi toplantı keçirən Prezident İlham Əliyev ayrı-ayrı dövlət məmurlarını, qəsəbə ağsaqqallarını dinlədikdən sonra paytaxt və ətraf qəsəbələrin problemlərinin kompleks həllinə xidmət edən xüsusi dövlət proqramının hazırlanması təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüs əsasında hazırlanaraq 27 fevral 2006-cı il tarixdə imzalanmış "Bakı şəhərinin qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın həyata keçirilməsi paytaxt və ətraf qəsəbələrin də sürətli inkişafına böyük təkan vermişdir.

Proqram çərçivəsində paxtaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür. Nəticədə Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür.

Son illər ərzində Bakı qəsəbələrində yol infrastrukturu yeniləşdirilmiş, yeni məktəb və tibb müəssisələri tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir. Paytaxtı içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.

Prezident İlham Əliyev Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair mart ayının 9-da keçirilən müşavirədə demişdir: "Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün, sözün əsl mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu, mənim qəti fikrimdir".

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev paytaxtda müxtəlif obyektlərin, yolların, körpülərin təməlqoyma və açılış mərasimlərində daim iştirak etmiş, eyni zamanda, qarşıya çıxan problemlərin ən qısa zamanda həlli üçün müvafiq göstərişlər vermişdir. Bütün bunların nəticəsidir ki, son bir neçə ildə şəhərimizdə 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilmiş, yolların genişləndirilməsi layihələri icra olunmuş, 32 piyada keçidi tikilmişdir. Ölkə başçısının diqqət və qayğısı paytaxt və paytaxtətrafı qəsəbələrin dinamik inkişafına, uzun illərdən yığılıb qalan bir çox problemlərin həllinə də əsaslı təkan vermişdir.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirməklə bərabər, dövrün tələblərinə uyğun olaraq Bakı şəhərinin və paytaxt qəsəbələrinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün qarşıya yeni vəzifələr qoyaraq müşavirədə demişdir: "Bu gün verilən tapşırıqlar növbəti illərdə icra olunmalıdır. Şəhərimizdə bütün işlər yüksək səviyyədə görülməlidir, sakinlərin rahatlığı üçün bütün şərait yaradılır, yaradılacaqdır. Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək, güclü təkan veriləcəkdir. Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir. Elə etməliyik ki, Bakı şəhərində bütün işlər yüksək səviyyədə getsin".

Son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar Bakıya gətirilmişdir. Yeni texnika və texnologiyanın tətbiqi ilə məişət tullantılarının mütəmadi olaraq yığılması və emal edilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncamı isə bu sahədə köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb etmişdir. Sərəncamda qeyd olunan məqsədlərə nail olmaq üçün "Təmiz Şəhər" ASC-nin yaradılması, Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşası və Dünya Bankının "Bərk məişət tullantılarının kompleks idarəçiliyi" layihələrinin həyata keçirilməsi istiqamətlərində görülən işlər bu qəbildəndir.

Azərbaycan Prezidenti İlham Əliyev paytaxtətrafı qəsəbələrin inkişafına bundan sonra da diqqət göstəriləcəyini vurğulamış,yol-nəqliyyat sistemində görülən işləri yüksək dəyərləndirmişdir: "Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün, sözün əsl mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu mənim qəti fikrimdir.

Əlbəttə ki, şəhər böyüyür, Azərbaycan əhalisi artır. Vaxtilə Bakıda infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdır. Bu gün əhali artıb və biz elə etməliyik ki, bütün infrastruktur, bütün kommunal xidmətlər, bütün nəqliyyat imkanlarımız böyüyən şəhərə uyğun olsun. Son illər ərzində şəhərimizdə bu məqsədlə genişmiqyaslı işlər aparılmışdır. Xüsusilə, yol-nəqliyyat sektorunda çox ciddi tədbirlər görülmüşdür. O tədbirlər vaxtlı-vaxtında görülmüşdür. Çünki əgər o tədbirlər görülməsəydi, bu gün Bakıda şəhər nəqliyyatı iflic vəziyyətinə düşə bilərdi."

Ölkəmizin sosial-iqtisadi inkişafında, əhalinin yaşayış səviyyəsinin yüksəlməsində elmin, təhsilin, səhiyyənin, idman və mədəni istirahət ocaqlarının olması çox vacibdir. Azərbaycan Prezidentinin qayğı və köməyi nəticəsində şəhərətrafı yaşayış məntəqələrində bu sahədə son vaxtlar xeyli iş görülmüşdür. Qəsəbələrdə müasir tələblərə cavab verən yeni təhsil və səhiyyə,idman obyektlərinin istifadəyə verilməsi bunun daha bir parlaq nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin sistemli,düşünülmüş və qətiyyətli sosial-iqtisadi siyasəti, regionların və Bakıətrafı qəsəbələrin tərəqqisinə göstərdiyi qayğı ötən illərdə olduğu kimi, bundan sonra da davam etdiriləcək, ölkənin tarazlı inkişafını reallaşdıracaqdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.-7 aprel.- S.6.